MƏNALI ÖMÜR YOLU

 

Tanınmış ədəbiyyatşünas, şair, pedaqoq və musiqişünas Vüqar Əhmədin fəaliyyəti geniş və çoxşaxəlidir. O, alim kimi, nəğməkar şair kimi qəlblərə yol tapıb, pedaqoq kimi də tələbələrin sevimlisinə çevrilib. İSTEDAD və ZƏHMƏT. Əgər bunlar olmasa yaradıcı insan məqsədinə çata bilməz. Vüqar Əhməd istedadı zəhmətdən güc alır.

Bir ədəbiyyatşünas kimi prof. Vüqar Əhmədin elmimiz qarşısında xidmətləri ürəkaçandır. Klassik və müasir Azərbaycan ədəbiyyatı tarixi (o cümlədən Cənubi Azərbaycan ədəbiyyatı), Azərbaycan uşaq ədəbiyyatı, Azərbaycan–rus ədəbi əlaqələri və ədəbiyyat nəzəriyyəsi ilə ardıcıl məşğul olmuşdur. S.C.Pişəvərinin həyat və yaradıcılığı əsasında Cənubi Azərbaycan ədəbi–ictimai, ədəbi–bədii və ədəbi–tənqidinin mahiyyəti ilə əlaqədar nəzəri–estetik mühakimələri maraqlıdır. Onun “M.C.Pişvəri: həyatı, mühiti və yaradıcılığı” adlı monoqrafiyası (1998) Cənubi Azərbaycanda gedən milli azadlıq və milli demokratik hərakatın ictimai–siyasi zəmində inkişaf prosesi ilə yanaşı, həm də milli demokratik mətbuatın və ədəbiyyatın inkişaf problemləri haqqında müfəssəl tədqiqat əsəri hesab edilə bilər. Prof.V.Əhməd sanbalı monoqrafiya, dərslik, dərs vəsaiti, yüzlərlə məqalə, tezis, müsahibə, çoxsaylı bədii əsər müəllifi kimi tanınır. Bütün yazdıqlarına şəxsi məsuliyyət möhürünü vura bilib. Azərbaycan xalqının Qarabağ həsrəti, Qarabağ dərdinin bu və ya digər formada əksi Vüqar Əhmədin elmi–publisistik və bədii yaradıcılığında xüsusi bir xətt təşkil edir. Moskvada, Tehranda, İstanbulda və s. yerlərdə şairlə keçirilən görüşlərdə Qarabağ problemləri çıxışlarının baş mövzusuna çevrilmişdir.

Əslində mən prof. V.Əhmədin yubileyi ilə əlaqədar təqdim etdiyim bu yazıda yuxarıda qeyd etdiyim kimi onun olduqca böyük elmi və bədii yaradıcılığı haqqında təhlil aparmaq fikrindən uzağam. Çünki yubiley yazısının öz prinsipləri var. Amma nə edəsən ki, prof.V.Əhməddən söz düşəndə onun alim və şairliyi ön sırada dayanır və adamı istər–istəməz münasibətə cəlb edir. Bu da onun bir müəllif xoşbəxtliyidir. Amma Vüqar Əhmədin başqa bir keyfiyyəti (xoşbəxtliyi deyilsə daha yaxşı ifadə olar) heç kimdə şübhə doğura bilməz: son dərəcə əməksevər, nəcibdir. Ömrünü insan kimi ömrünü yaradıcılığa həsr etmişdir.

Onun dostluğu əqidəyə, mənəviyyata söykənir. 2005–ci ilin yanvar ayında taleyin ağır qisməti – böyük qardaşım Arazın vaxtsız vəfatı ilə üzləşəndə V.Əhməd mənə daha çox mənəvi dayaq oldu.

Məni dostum Vüqarla bağlayan mənəvi tellər olduqca möhkəmdir. Bir detalı da burada oxuculara çatdırmağı lazım bilirəm. Vüqar Əhmədin ana sevgisi insanlıq üçün nümunə ola bilər. O, rəhmətlik anasının sağlığında da ana şərəfini uca tutdu, onun vəfatından sonra da… Görünür elə bu səbəbdən də mən öz rəhmətlik anamın bir vəsiyyətini məhz Vüqar Əhmədin iştirakı ilə həyata keçirməyi vacib bildim. Rəhmətlik anamın oğluma bir hədiyyəsi var idi. Əhd etmişdi ki, onu məhz oğlumun toyunda ona təqdim etsin. Lakin əcəl bu əhdi anamın ürəyində qoydu… Mən anamın həmin hədiyyəsini sonralar oğlumun toyunda hansısa hissin hökmü ilə gözəl dostum Vüqarla təqdim etməyə qərar verdim və elə o şəkildə də icra etdim.

Bu gün prof. Vüqar Əhməd ömrünün ən məhsuldar, müdrik çağlarını yaşayır.

Onun haqqında fikirlərimi yazmağa ürəyimdə bir dünya söz var. Güman edirəm ki, bu kiçik “Vüqarnamə”də bəzi mətləblərə toxuna bildim. Mən sənin ad gününü təbrik edir, sənə can sağlığı arzulayıram. Səni kökü dərin, budaqları göyə doğru şaxələnən, dibi kölgəli nəhəng palıd ağacına bənzədirəm.

Arzu edirəm ki, bundan sonra yeni–yeni əsərlərlə milli–mənəvi xəzinəmizi zənginləşdirəsən.

 

 

ELMAN QULİYEV,

Azərbaycan Dövlət Pedaqoji

Universiteti “Türk araşdırmaları”

elmi–tədqiqat mərkəzinin müdiri,

filologiya elmləri doktoru, professor

 

Respublika.- 2013.- 4 aprel.- S. 7.