Mənalı həyat yolu

 

İbrahimov İbrahimxəlil Adil oğlu 1938–ci il aprel ayının 13–də Qazax rayonunun dilbər guşələrindən biri olan Aşağı Əksipara kəndində sadə kəndli ailəsində anadan olub. Aşağı Əksipara kəndi dəfələrlə–1905, 1918 və 1988–ci illərdə ermənilərin təcavüzünə məruz qalmış, əhalisi məcburi köçkün həyatı yaşamış və hazırda da yaşamaqdadır.

İbrahimxəlil hələ körpə ikən 42 yaşlı atasını itirir. Ailə başçısını itirmiş ana kolxozda sağıcı işləyərək beş uşaq —üç oğul və iki qız böyüdür. Ailənin son uşağı olan İbrahimxəlil hələ orta məktəbdə oxuyarkən şagird yoldaşlarından biliyinə və davranışına görə fərqlənir. Əlaçı olduğuna görə o, pioner dəstə rəhbəri seçilir. Ailənin vəziyyətini nəzərə alaraq dərsləri ilə yanaşı, fermada anasına kömək edir. 6–cı sinifdə oxuyarkən kolxozun rəhbərliyi onun bacarığını nəzərə alaraq fermada hesabdar vəzifəsinə işə qəbul edir. İbrahimxəlil orta məktəbi əla qiymətlərlə bitirmiş və həmin ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə qəbul olmuşdur.

İ.İbrahimov institutun birinci kursundan əlaçı və ictimaiyyətçi tələbə kimi institut rəhbərliyinin diqqətini cəlb edir və etimadı doğruldur. Həmkarlar təşkilatının və tələbə elmi cəmiyyətinin sədri vəzifələrində işləməklə həm də elmi işlə məşğul olur. İnstitutun III kursundan başlayaraq akademik C.M.Hüseynovun yeni hazırladığı bitkilərin məhsuldarlığına təsir edən maddəsini sınaqdan keçirmək məqsədilə bu maddənin torpaqda bitkilər üçün ən qiymətli qida maddəsi olan azotun formalarına və qarğıdalı bitkisinin məhsuldarlığına təsirini öyrənir. Maraqlı təcrübələr aparır. Apardığı elmi tədqiqatları diplom işi kimi müdafiə edir.

İ.İbrahimov 1963–cü ildə institutu fərqlənmə diplomu ilə bitirir. Dövlət imtahan komissiyasının sədri, Azərbaycan EA Torpaqşunaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, professor R.Hüseynov İ.İbrahimovun ictimaiyyətçi və təşkilatçılıq qabiliyyətini və elmə olan həvəsini nəzərə alaraq onun təyinatını işlədiyi instituta dəyişdirir. İ.İbrahimov Torpaqşünaslıq və Aqrokimya İnstitutunda R.Hüseynovun rəhbərlik etdiyi mineral gübrələr laboratoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul edilir və sonradan həmin institutun aspiranturasına daxil olur.

Aspiranturada oxuduğu illərdə respublikanın “Mil–Muğan zonasında müxtəlif qida şəraitinin pambıq bitkisində azot mübadiləsinə və məhsuldarlığa təsiri mövzusunda elmi–tədqiqat işi aparmış və 1972–ci ildə dissertasiya işi müdafiə etmişdi. O, həmin il Moskvada Timiryazev Akademiyasında professor B.P.Pleşkovun dekan olduğu aqronomluq fakültəsinin elmi şurasında və Lomonosov adına Moskva Dövlət Universitetində akademik A.N.Makarovun rəhbərlik etdiyi əkinçilik kafedrasında məruzə ilə çıxış etmiş və hər ikisində müsbət rəy almışdır.

O, elmi–tədqiqat işləri ilə yanaşı, institutun və akademiyanın ictimai həyatında fəal iştirak etmiş, institut partiya bürosunun üzvü, həmkarlar təşkilatının sədri, Elmlər Akademiyasının birləşmiş həmkarlar komitəsi sədrinin müavini, institut elmi şurasının üzvü olmuşdur.

İ.İbrahimov 1976–1984–cü illərdə Azərbaycan Meyvə–Tərəvəz Sənaye Birliyində və bu birliyin bazasında yaradılmış Azərbaycan Meyvə–Tərəvəz Təsərrüfatı Nazirliyində şöbə müdiri, idarə rəisi, baş idarə rəisi və nazirliyin kollegiya üzvü olmuşdur. Nazirlikdə işlədiyi müddətdə SSRİ Meyvə və Tərəvəz Təsərrüfatı Nazirliyinin Moskvada və müttəfiq respublikalarda keçirdiyi müxtəlif tədbirlərdə, müşavirə və seminarlarda, nazirliyin kollegiya iclaslarında onun çıxışı və təklifləri, Azərbaycanda tərəvəz və bostan bitkilərinin istehsalının artırılmasında və bir sıra yeni mütərəqqi üsulların tətbiq edilməsində müsbət rolu, bir mütəxəssis kimi bilik və təşkilatçılığı nazirlik rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Bunun nəticəsi olaraq 1984–cü ildə SSRİ meyvə–tərəvəz təsərrüfatı naziri İ.İbrahimovu nazirliyin Azərbaycancins Tərəvəz Toxumçuluq Birliyinə (Azərbaycan KP MK–nın təqdimatı olmadan) rəis vəzifəsinə təyin etmişdir.

İ.İbrahimov bu vəzifəyə respublika rəhbərliyinin razılığı olmadan təyin olunmasının məsuliyətini dərk edərək, həm respublikanın, həm də Moskvanın etimadını doğrultmağa çalışmış və qısa müddət ərzində toxumçuluq sahəsində müsbət nəticələr almaq üçün birinci növbədə toxumçuluq təsərrüfatlarının maddi–texniki bazasını möhkəmləndirməyi, müasir texnika əldə etməklə toxumçuluqda yeni mütərəqqi üsullardan istifadə etməyi bir vəzifə olaraq qarşısında qoymuşdur.

SSRİ–nin bütün respublikalarında, o cümlədən Azərbaycanda da tərəvəz, bostan və kartof toxumunun istehsalı, xüsusilə toxumun yığılması çox aşağı səviyyədə olmuşdur.

SSRİ miqyasında kələm toxumu əsasən Azərbaycanda Masallı rayonunun Çapayev adına, Lənkəran rayonunun Oktyabr toxumçuluq sovxozlarında istehsal olunurdu. Hər iki sovxozda bitkinin şitillə əkilməsi, becərilməsi, toxum yetişdikdən sonra bitkilərin yığılması, daşınması, qurudulması və döyülməsi işləri yalnız əl əməyi ilə aparılırdı. Bu da 30–40% toxum itkisinə, artıq xərclərə, maya dəyərin 2–3 dəfə yüksəlməsinə və nəhayət, əmək məhsuldarlığının çox aşağı olmasına səbəb olurdu.

İ.İbrahimov bu prosesi tam mexanikləşdirmək üçün yeni texnologiya işləyib, təklif hazırlayır. Belə ki, əkin sxemini dəyişdirərək kələm şitillərinin şitil əkən maşınla əkilməsini, cərgəarası becərmə işlərini, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparılmasını becərmə və çiləyici maşınlardan istifadə edilməsini təmin edir. Nəhayət, ən vacib məsələ olan toxumun yığılması üçün də yeni bir təklifi sınaqdan keçirir.

İ.İbrahimov rayonun bütün sahələri üzrə mövcud problemləri və onun həlli yolları haqqında tədbirlər planı işləyib hazırlayır və 20 mart 1990–cı il tarixli 93 saylı məktub ilə Azərbaycan KP Mərkəzi Komitəsinə göndərilir.

İbrahimxəlil İbrahimov “Abşeron rayonunda kəndli–fermer təsərrüfatlarının və istehsal kooperativlərinin yaradılması və inkişaf perspektivləri” mövzusunda qabaqcıl təcrübə adlı material hazırlamış və 1991–ci ildə Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin poliqrafiya müəssisəsində kitabça formasında çap edilmişdir. Həmin kitabçada göstərilən sahənin səmərəli fəaliyyəti üçün 7 maddədən ibarət təklif verilmiş və respublika Ali Sovetinin müvafiq komissiyalarında baxılıb müzakirə edilməsi tövsiyə olunmuşdur.

1995–ci il aprelin 14–də Azərbaycan Respublikası Prezidentinin aparatında keçirilən müşavirədə ümummilli lider Heydər Əliyev Xızı və Zaqatala rayonlarına tapşırıq vermişdir ki, həmin rayonlar müvafiq qanunları gözləmədən müstəqil olaraq islahatlar aparsınlar. Prezidentin İcra Aparatının rəhbəri akademik R.Mehdiyev tərəfindən imzalanmış 21 aprel 1995–ci il tarixli 8/7–1–956 nömrəli məktubla Xızı Rayon İcra Hakmiyətinin başçısına göndərilmiş və bu işlərin görülməsi İ.İbrahimova həvalə edilmişdir.

İ.İbrahimov rayonda aqrar və torpaq islahatlarının aparılması haqqında 41 maddədən ibarət proqram hazırlamış, kolxoz və sovxozların əmlaklarını, əmlak payçılarını, torpaq almaq hüququ olanları, təsərrüfatların debitor və kreditor borclarının müəyyənləşdirilməsini, onların ödənilmə yollarının müəyyən edilməsini və başqa problemləri həll etmək üçün mütəxəssis komissiyaları yaradır. Hazırlanmış proqram əsasında respublikada birinci olaraq 15 təsərrüfatda aqrar, 28 kənd və qəsəbələrdə torpaq istahatı aparılmış və nəticələri haqqında ulu öndər Heydər Əliyevə məlumat verilmişdir.

Xızı rayonunda aparılmış aqrar və torpaq islahatlarının yekunları barədə ulu öndər Heydər Əliyevin iştirakı ilə Dövlət Aqrar İslahat Komissiyasının iclasında İ.İbrahimovun məruzəsi dinlənilmiş, müzakirə edilmiş və bəyənilmişdir. Ulu öndər Heydər Əliyev respublikanın bütün rayonlarına Xızı rayonunun təcrübəsini öyrənmək üçün tapşırıq vermişdir.

İbrahimxəlil İbrahimov 2003–cü ilə qədər Xızı rayonunda işləmiş və həmin ildən təqaüdə çıxmışdır.

Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının rektoru S.T.Qəndilov İ.İbrahimovu 30 ildən çox vaxtda şəxsən yaxından tanıdığı üçün onu DİA–ya dəvət etmişdir. İbrahim müəllim kollektivin hörmətini qazanmış, akademiyanın ictimai həyatında fəal iştirak edir. İbrahim müəllim respublikada yeni qurum olan və akademiyada tədris olunan “Bələdiyyə idarəçiliyi”, “Bələdiyyə idarçiliyinin beynəlxalq təcrübəsi”, “İdarəçilikdə kargüzarlıq” və “Sənədlərlə iş” fənləri üzrə fənn proqramları, “Azərbaycan Respublikasının neft strategiyası” mövzusunda metodik vəsait hazırlayıb çap etdirmişdir.

Müxtəlif beynəlxalq konfranslarda çıxış etmiş, 6 elmi məqaləsi dərc edilmişdir.

Respublikanın ali təhsil müəssisələrində və DİA–da tədris olunan “Bələdiyyə idarəçiliyinin beynəlxalq təcrübəsi” fənni üzrə dərsliklərin olmadığını nəzərə alaraq, həmin fənn üzrə dərslik hazırlayıb Təhsil Nazirliyinin Birləşmiş Metod Şurasının müzakirəsinə vermişdir.

İ.İbrahimovun həyat yolu enişli–yoxuşlu olmasına baxmayaraq, işlədiyi bütün sahələrdə yeniliklər yaratmış, əhəmiyyətli və qiymətli təkliflər vermiş, mövcud problemlərin həlli yollarını axtarmışdır.

Əmək fəaliyyəti dövründə 6 səmərələşdirici təklif vermiş, 5 ədəd tərəvəz bitkiləri üzrə dövlət standartı—texniki şərtlər (RST–537–83; 545–84; 546–84; 546–82 və 537–82) hazırlamış, 100–ə yaxın elmi məqalələri, tərcümələri, elmi redaktor olduğu dərslik və monoqrafiyalar, metodik vəsaitləri, 4 ədəd fənn proqramları vardır.

İ.İbrahimov işlədiyi dövrdə onun əmək fəaliyyəti qiymətləndirilmiş və SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl, gümüş və bürünc medallarını, “Sosializm yarışının qalibi” və “XI beşilliyin qalibi” döş nişanları və “Əməkdə fərqlənmə” medalı ilə təltif edilmişdir.

Respublikada kənd təsərrüfatı elminin fəal təbliğatçısı kimi Azərbaycan SSR Bilik Cəmiyyətinin dəfələrlə fəxri fərmanlarını və diplomlarını almışdır.

 

 

Akif BAYRAM,

filologiya elmləri doktoru,

professor

 

Respublika.- 2013.- 5 aprel.- S. 7.