Ulu öndərin ideyaları həyata keçirilir

 

Son aylar İmişli rayonunun sosialiqtisadi və mədəni həyatında mühüm hadisələrlə zəngin olmuşdur. Bunlardan ən mühümü ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdir. Rayonun hər yerində əlamətdar hadisəyə geniş hazırlıq işləri aparılmışdır.

Bununla əlaqədar olaraq rayonun təhsil ocaqlarına baş çəkdik, müəllimlərlə və şagird kollektivləri ilə görüşdük. Müsahiblərimiz həyata keçirilən tədbirlər haqqında həvəslə söhbət açdılar. Daha sonra rayon təhsil şöbəsinin yubiley münasibətilə gördüyü işlərlə tanış olduq. Olduğumuz bütün kollektivlərdə böyük hazırlıq işləri gedir. Pedaqoji işçilər bir ağızdan söylədilər ki, nadir şəxsiyyət olmuş Heydər Əliyev haqlı olaraq müəllimlərin müəllimi hesab olunur. O, milyonlarla insanın ürəyində milli–mənəvi dəyərlərimizi qoruyan, xalqımızı bəlalardan hifz edən, son dərəcə müdrik, fenomenal şəxsiyyət kimi əbədiyyət qazanmışdır. Rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov dedi:

Milli təhsilimiz və mədəniyyətimiz yeni insan tərbiyəsinin, hər cəhətdən kamil insan yetişdirilməsinin mərkəzidir. İnsanın mənəviyyatca dolğun varlıq kimi təşəkkül tapması hələ uşaq bağçasından başlanır, məktəbdə formalaşır, bu proseslərdə qazanılmış nə varsa, həyat təcrübəsində özünü taparaq kamala yetir, daha sonra, yəni müdriklik dövründə zirvəyə çatır.

Bu sahədə söhbət açılarkən, birinci növbədə, təhsil sahəsi yada düşür. Heydər Əliyevin irsinin öyrənilməsi, onun işıqlı həyat yoluna sadiqliyin bütün yolları təhsil müəssisələrindən keçir.

Bu gün təhsildə nə qazanmışıqsa, hansı uğurları əldə etmişiksə, bunların hamısı ulu öndərimiz, ən böyük müəllimimiz Heydər Əliyevin başladığı təhsil islahatlarının nəticəsidir. Heydər Əliyev, sözün əsl mənasında, Azərbaycanın ürəyi olmuşdur, o, vətənimizin həm keçmişi, həm indisi, həm də gələcəyidir. Əsrlər keçəcək, nəsillər birbirini əvəz edəcək, ancaq dahi rəhbərimizin nurlu xatirəsi heç vaxt unudulmayacaq. Ulu öndər həmişə mənən insanların arasındadır, biz daim onun zəngin həyat təcrübəsindən bəhrələnəcəyik.

Rayonumuzda da bunu yaxşı başa düşürlər. Heydər Əliyevin öyrətdiyi kimi, təhsili müasir tələblər səviyyəsində qurmaqonun keyfiyyətini yaxşılaşdırmaq məqsədilə məqsədyönlü tədbirlər görülür. Bu işlər son illərdə daha da güclənmişdir.

Hazırda rayonda 63 ümumtəhsil məktəbi fəaliyyət göstərir, bu tədris ocaqlarında 15 min şagird oxuyur. Məktəblərdə təhsil sahəsində aparılan islahatlar çərçivəsində şagird nailiyyətlərinin qiymətləndirilməsi, bu işdə yeni mexanizmlərin tətbiqi yaxşılaşmışdır. Həmişə olduğu kimi, bu il də tədrisin müasir tələblər səviyyəsində qurulmasını və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə tədbirlər həyata keçirilir, təlim–tərbiyə işlərinin vəziyyətini öyrənmək üçün monitorinq, treninq və reydlər təşkil olunur, aşkar edilmiş nöqsanları aradan qaldırmaqdan ötrü təsirli tədbirlər görülür. Rayonda istedadlı şagirdlərin aşkara çıxarılması sahəsində Dövlət Proqramının irəli sürdüyü vəzifələri yerinə yetirmək üçün ardıcıl aparılır. Məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir ki, bu sahələr də rayon rəhbərliyinin və təhsil şöbəsinin gündəlik qayğısı ilə əhatə olunmuşlar.

Məktəblilər arasında müxtəlif nominasiyalar üzrə bilik yarışlarının, müsabiqələrin keçirilməsi sistematik xarakter almışdır. İndi bu yarışların mühüm mərhələsindəyik. Söhbət ulu öndər Heydər Əliyevin anadan olmasının 90–cı ildönümünə həsr olunmuş tədbirlərdən gedir. Bu münasibətlə rayon təhsil şöbəsində xüsusi tədbirlər planı hazırlanmışdır.

Bu yaxınlarda Azərbaycan Respublikasının təhsil naziri M.Mərdanovun əmrinə müvafiq olaraq rayonun ümumtəhsil məktəbləri arasında 576 nəfər səkkizinci–on birinci sinif şagirdinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqəyə təqdim olunmuş işlər rayon təhsil şöbəsində yaradılmış komissiya tərəfindən yoxlanılmış, bu mərhələnin qalibləri haqqında məlumat nazirliyə göndərilmişdir. Müsabiqədə birinci yerə İmişli şəhər 1 saylı məktəb–liseyin onuncu sinif şagirdi Əfsanə Abbasova çıxmışdır. İkinci yeri şəhər 2 saylı orta məktəbin onuncu sinif şagirdi Fatimə Qasımova və Bəhramtəpə qəsəbə orta məktəbinin səkkizinci sinif şagirdi Fəridə Məmmədova qazanmışlar. Üçüncü yeri şəhər 7 saylı orta məktəbin on birinci sinif şagirdi Şahnaz Məmmədova və Qaraqaşlı kənd orta məktəbinin onuncu sinif şagirdi Pakizə Əzizli tutmuşlar.

Rayon məktəbliləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilmiş rəsm müsabiqəsində şagirdlər ən yaxşı işlərini nümayiş etdirmişlər. Bundan başqa, tədbirlər planına əsasən idmanın şahmat, futbolvoleybol növləri üzrə yarışların keçirilməsinə start verilmişdir. Ümummilli liderin yubileyi ərəfəsində genişmiqyaslı “Gül bayramı”ının keçirilməsi də nəzərdə tutulmuşdur. Bu günlərdə həmçinin gənc ifaçıların ikinci respublika müsabiqəsinin rayon mərhələsinə yekun vurulmuşdur. Vokal, xalq çalğı alətləri və xanəndəlik üzrə keçirilən yarışma çox maraqlı olmuşdur. Hazırda məktəblərdə əlamətdar yubileyə həsr olunmuş ədəbi–bədii gecələr, disputlar keçirilir, sərgilər təşkil olunur, divar qəzetlərinin xüsusi nömrələri buraxılır, məktəblilərin Heydər Əliyev Mərkəzinə, ulu öndərin adı ilə bağlı olan xatirə yerlərinə ekskursiyaları keçirilir.

İmişlinin təhsil müəssisələrində Heydər Əliyevin 90 illiyi münasibətilə tədbirlər silsiləsi davam etməkdədir. May ayında bu tədbirlərin final mərhələsi daha dolğun, maraqlı və cəzbedici olacaqdır.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2013.- 6 aprel.- S. 3.