Milli ideologiyamızın və müstəqilliyimizin baş memarı

 

Bu gün bütün dünyanın hər yerindən sorağı gələn azərbaycanlılar bir bayraq altında birləşir, yaşadıqları ölkələrdə Azərbaycan gerçəkliyini, azərbaycançılıq ideyalannı təbliğ edir. Sovetlər dövründə güclü təzyiqlərə baxmayaraq, azərbaycançılıq ideyalarının təbliği, Azərbaycanı tanıtmaq yolunda atılan bu addımlar, əslində müstəqil Azərbaycan Respublikasının əsas meyarı olan azərbaycançılıq ideologiyasının ilk cücərtiləri idi.

Bu gün müstəqil dövlətimizin simvolu olan üçrəngli bayrağımız BMT–nin və Avropa Şurasının iqamətgahları qarşısmda əzəmətlə dalğalanır.

Dünyanın 70 ölkəsində altmış milyondan artıq azərbaycanlı yaşayır. Harada yaşadıqlarından asılı olmayaraq onların Azərbaycan deyilən bir vətəni, bir millət atası – Heydər Əliyev kimi ümummilli lideri var.

XX əsrin son qərinəsində XXI əsrin başlanğıcında Azərbaycan xalqının keçmiş olduğu tarixi inkişaf yolu ölkəmizdə 35 il başçılıq etmiş ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Mürəkkəb tarixi şəraitə təsadüf edən bir dövrdə xalqın tale yükünü çiyinlərində gəzdirən dərin zəka, vətəni, xalqını sevən, dünya siyasətində səriştəsi olan yalnız Heydər Əliyev kimi dövlət başçısı olmalı idi. Elə ona görə də cəmiyyətin tərəqqisinə təkan vermiş, zamanın sınağından mərdliklə çıxan “Heydər Əliyev fenomeni” yaranmışdır.

Heydər Əliyev XX və XXI əsrin övladı, görkəmli siyasi lideri kimi, təkcə Azərbaycanda, Qafqazda, keçmiş Sovet məkanında deyil, həmçinin dünyada böyük nüfuza malik bir şəxsiyyətdir.

Azərbaycan xalqının tərəqqisi üçün Heydər Əliyev qədər çalışan hələ belə bir sima olmamışdır.

Heydər Əliyev sözün əsl mənasında görkəmli siyasət adamı idi.

Heydər Əliyev dünya miqyasında siyasi xadim kimi çox böyük və qüdrətli idi. Belə bir müdrik kəlam var: ” Dövlətlərin qüvvəsi, onun düzgün, ağıllı siyasətindədir…”

1969–cu il ölkənin, xalqın tarixində önəmli bir il sayıldı. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etmək üçün Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçildi. Elə bununla da ölkənin tarixində, xalqın taleyində iqtisadi və siyasi həyatında, elmin, təhsilin, mədəniyyətin, incəsənətin, ağır sənayenin, kənd təsərrüfatının inkişafında irəliləyişlər yarandı.

1969–cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda milli–mənəvi intibah prosesinin əsasını qoydu. Respublika rəhbəri Heydər Əliyev həqiqi azərbaycanlı vətəndaş, böyük şəxsiyyət kimi rəsmi tədbirlərdə, məhz Azərbaycan dilində çıxış edirdi. Bu, xalqın öz tarixi köklərinə qayıdışını və milli mənəvi dəyərlərinə bağlılığını rəsmi səviyyədə nümayiş etdirən ciddi hadisə idi.

Təhsil hər bir millətin gələcəyidir. Təhsil müasir dünya görüşünün gələcək inkişaf yollarını müəyyən edən əsas aparıcı faktordur. Ümummilli liderimiz Heydər Əliyev uzaqgörən siyasətçi kimi Respublikada təhsilin inkişafına hər zaman xüsusi əhəmiyyət vermişdir.

Heydər Əliyev azərbaycanlı gənclərin ölkənin ictimai siysi həyatında və dövlət idarəetmə strukturlarında fəal iştirakının təmin olunması istiqamətində də tədbirlər gördü. Heydər Əliyevin təşəbbüsü ilə respublikamızdan yüzlərlə gənc keçmiş Sovetlər ittifaqının ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq imkanını əldə etmişdir. Bu proses 1969–cu ildən başlayaraq 80–ci illərin sonlarına qədər davam etdi. O dövrdə müdrik dövlət başçısının uzaqgörən siyasəti nəticəsində bu gün yaşadığımız müstəqil Azərbaycan Respublikasının iqtisadi və siyasi inkişafının təmin edilməsi üçün müstəsna rol oynayan mükəmməl milli kadr potensialı formalaşdırıldı. Azərbaycanlı gənclərin yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi respublikamızın iqtisadi potensialının artırılmasına, xalqımızın dünya arenasında, o cümlədən İttifaq miqyasında böyük nailiyyətlər əldə etməsinə stimul yaratmaq məqsədi daşıyırdı. O illərdə ölkə rəhbərinin göstərişi ilə ali məktəbləri bitirən çox saylı istedadlı gənc vətənə qayıdıb, hazır kadr kimi işlə təmin olunurdu. Bunun nəticəsi idi ki, həmin dövrdə respublikada yüksək ixtisaslı kadr hazırlanmasında böyük dönüş yarandı. Tarixi bir faktdır ki, Azərbaycanın 1969–cu ildən bəri yaşanan dövrü Heydər Əliyev dövrü kimi həkk olunub.

Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın ümumi tərəqqisində, sosial–iqtisadi inkişafında görünməmiş köklü bir dönüş baş verdi.

1969–cu ildən Azərbaycanın qüdrətli rəhbəri kimi fəaliyyət göstərmiş, Azərbaycan xalqının xoşbəxt gələcəyinin təminatçısı, dünyada sülhün carçısı, vətənimizin yenilməz oğlu ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının qəlbində dərin bir qürur hissi oyatdı.

Ümummilli lider Heydər Əliyevin incəsənət sahəsində dərin biliyə malik olması, mədəniyyətin mürəkkəb problemlərindən xəbərdar olması heç də təsadüfi deyil.

Heydər Əliyev 1939–cu ildə memarlıq fakültəsinə daxil olmuşdu. Lakin İkinci Dünya müharibəsinin başlanması onun memar olmaq arzusunu yarımçıq qoydu.

Memarlıq istedadı onun siyası fəaliyyətində, bir tarixçi kimi Azərbaycanın dövlət quruculuğunda öz əksini tapdı. Ölkəmizdə bütün sahələr üzrə qlobal islahatlar apararaq iqtisadiyyatımızı dirçəldən dövlət başçısı fəlakətdən qurtardığı Azərbaycanın dövlətçilik təməllərini möhkəm əsaslar üzərində quraraq Müstəqil Azərbaycan dövlətinin memarı kimi tarixə yazıldı.

Heydər Əliyevin təşəbbüsü sayəsində 1970–ci illərdən başlayaraq Bakı şəhəri paytaxt tipli iri şəhərə çevrildi. Ölkənin bütün şəhərlərində tikinti və abadlıq işləri görüldü, yaşayış kompleksləri, iri sənaye obyektləri, inzibati binalar tikildi. Şəhərin ən baxımlı yerlərində gözəl memarlıq ansamblları yaradıldı.

1970–80–ci illərdə görülmüş nəhəng miqyaslı işlər bu gün də müstəqil Azərbaycan dövlətinin yaşamasına və inkişaf edib möhkəmlənməsinə xidmət edir.

Heydər Əliyev həmin dövrdə Bakı şəhərinin mühüm nəqliyyat problemlərini həll etməli oldu. Bakı dəmir yolu vağzalının yenidən bərpa olunması, dəniz vağzalının tikintisi, Bakı metropolitenin stansiyalarının tikilib istifadəyə verilməsi üçün çox böyük işlər gördü. Ölkədə Dərin Dəniz Özülləri zavodu, məişət kondisionerləri zavodu və başqa iri sənaye müəssisələri Azərbaycanın indiki iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratdı.

Azərbaycan dövlətinin əldə etdiyi ən mühüm nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərlik etdiyi 1969–1982–ci illərdə respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişafında, xalqın həyat səviyyəsinin yüksəldilməsində böyük müvəffəqiyyətlər əldə olunmuşdur. Heydər Əliyev respublikaya rəhbərlik etdiyi müddətdə kənd təsərrüfatının–pambıqçılıq, üzümçülük, taxılçılığın və eləcə də sənayenin kompleks inkişafına xüsusi diqqət yetirmişdir. Keçmiş İttifaqda ən iri məişət kondisionerləri zavodu, ÜBNZ neft emalı üzrə Elou–Avt qurğusu, Salyanda plastik kütlə emalı zavodunda o zaman mən bir televiziya jurnalisti kimi xalq təsərrüfatı əhəmiyyəti olan işlərdən, fəhlələrin əməyindən, onların həyatından televiziya verilişləri hazırlamışam.

Heydər Əliyevin Azərbaycan üçün milli zabit kadrların hazırlanması sahəsində çox böyük xidmətləri olmuşdur. Heydər Əliyev hələ 70–ci illərdə Azərbaycanın hərbi zabit kadrına ehtiyacı olacağını böyük həsasslıqla öncədən duymuşdur. Buna görə də C.Naxcıvanski adına hərbi liseyin açılması barədə qərar qəbul etmişdir. Bu da o dövr üçün çox böyük bir hadisə idi. Hərbi liseyin yaradılması ümummilli liderimiz Heydər Əliyevin xalqın sabahı naminə uzaqgörənliklə həyata keçirdiyi siyasətin real bəhrəsi idi. Bu gün Azərbaycanın yüksək hərbi ixtisaslı mütəxəssislər sarıdan hazırlıqlı olması 1969–1982–ci illərdə məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Azərbaycanın torpaqları olan Dağlıq Qarabağ artıq 20 ildən çoxdur ki, təcavüzkar erməni daşnakları tərəfindən amansızcasına işğal edilmişdir.

Böyük Ermənistan yaratmaq xülyası erməni təcavüzkarlarına irsən keçən bir xəstəlikdir. İkiyüzillik tarixi əhatə edən bu faciəvi plan erməni qəsbkarlarının əli ilə həyata keçirildikcə yüz minlərlə azərbaycanlılar kütləvi soyqırımlara, etnik təmizləmə və işgəncələrə məruz qalmaqla ata–baba yurdlarından didərgin düşmüşdür.

İyirminci əsrin sonlarında isə ermənilərin ərazi və torpaq iddiası özünü daha qabarıq şəkildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə büruzə verdi. Bu dəfə ermənilərin köməyinə açıq–aşkar M.Qorbaçovun “Yenidənqurma” siyasəti çatdı. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan əraziləri zəbt olunmaqla soydaşlarımız öz dədə–baba yurdlarından qovuldular.

1921–ci illərdə Azərbaycanın tarixi ərazisi olan Zəngəzur heç bir əsası olmadan ədalətsizcəsinə Ermənistana verilmişdir. Qarabağın işğalı Azərbaycanın böyük itkilərindən biridir. Bu gün bütün dünya xalqları tarixi həqiqətləri, Dağlıq Qarabağın Azərbaycanın olduğunu bilirlər.

1988–ci illərdən başlayan Ermənistanın Azərbaycana getdikcə azğınlaşan silahlı təcavüzünün qarşısını almaq üçün səriştəli, xalqına canı yanan dövlət başçısı lazım idi. Azərbaycan sanki hərc–mərcilik poliqonuna çevrilmişdir. Bir tərəfdən bədnam qonşuların təcavüzü, digər tərəfdən dövlət çevrilişinə, silahlı təcavüzlərə cəhdlər, daxili qruplaşmalar, xarici qüvvələrin təxribatları, ictimai–siyasi sabitliyin pozulması ölkəni iflic vəziyyətinə salmışdı. Dövləti yalnız bilikli, zəkalı, siyasi səriştəli şəxsiyyət–Heydər Əliyev idarə edə bilərdi. Xalqın təkidi, çağırışı ilə qədim Odlar Diyarının böyük, müdrik oğlu Heydər Əliyev siyasi hakimiyyətə qayıtmalı oldu. Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra müasir müstəqil Azərbaycan Respublikasının yaradıcısı oldu. Heydər Əliyev müdrikliyinin, onun atdığı taktiki və strateji addımların sayəsində Azərbaycan üçün mənfi təzahürlər qısa müddət ərzində aradan qaldırıldı.

1993–cü il 15 iyun Azərbaycanın xilası və dirçəlişinin yeni bir tarixi günü oldu. Azərbaycan xalqı fəlakətlər girdabından, zəngin bilik və təcrübə, qətiyyət, nadir uzaqgörənlik, mürəkkəb vəziyyətdən yeganə düzgün çıxış yolu tapmağa qadir olan ümummilli liderimiz Heydər Əliyevin sayəsində xilas olmaqla, böyük mübarizə və quruculuq yolu keçdi. Heydər Əliyevin müdrikliyi və polad iradəsi sayəsində Azərbaycan dövləti başının üstünü almış bütün təhlükələri sovuşdurdu. Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə ölkədə sabitlik bərpa olundu. Onun qarşıya qoyduğu ilk məqsəd isə münaqişənin həllində sülhə nail olmaq, hər iki tərəfdən insan təlafatının və qırğınların qarşısını almaq idi. Buna 1994–cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanması ilə nail olundu. Lakin o vaxtdan bu günə kimi Ermənistan tərəfi demək olar ki, hər gün atəşkəsi pozmaqla sərhədlərdə qeyri sabitliyin hökm sürməsinə şərait yaradır.

Müstəqilliyimizin tarixində Heydər Əliyev qədər Azərbaycanın neft sənayesini dərindən bilən ikinci bir rəhbər tapmaq çətindir. 1994–cü ildə Respublikamız yeni bir eraya–neftimizin dünya bazarına, nəqli erasına qədəm qoydu. Heydər Əliyev xarici iş adamları, xarici şirkətlərlə iş qurmaqla milli neft strategiyasının əsasını qoydu. Azərbaycanın tarixində xüsusi əhəmiyyət kəsb edən Xəzərin neft–qazla zəngin strukturlarının işlənməsinə dair möhtəşəm bir müqavilə imzalandı.

Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” və “İpək yolu” kimi nəhəng layihələrinin reallaşması bütün dünyada maraqla izləndi. Azərbaycan xarici investisiya qoyuluşuna görə MDB məkanmda birinci yeri tutdu. Bakı–Tbilisi–Ceyhan neft Tbilisi–Ərzurum–qaz kəmərlərinin çəkilişi dünya miqyasında mühüm hadisə kimi qiymətləndirildi.

Xarici neft şirkətləri ilə imzalanan ilk irimiqyaslı beynəlxalq müqavilə Heydər Əliyevin düşündüyü kimi iqtisadiyyatımıza milyardlarla dollar xarici sərmayə qoyulmasına, ölkəmizin qərblə sivil iqtisadi inteqrasiyasına yol açdı. Heydər Əliyev inanırdı ki, belə layihələrin reallaşması ilə Azərbaycan qısa zaman içində lider dövlətə çevirləcək. Bu isə Qarabağ münaqişəsinin ədalətli həllinə yardımdır. Bununla ümummilli liderimiz Heydər Əliyev özünün neft strategiyası ilə Azərbaycanm güclü və qüdrətli demokratik bir dövlətin əsasını qoydu.

Elm müstəqil dövlətin davamlı sosial–iqtisadi və mədəni inkişafını təmin edən mühüm bir amildir.

Keçən əsrin 88–ci illərin məlum qarmaqarışıq siyasi hadisələri nəticəsində ictimai və mədəni həyatımızın başqa sahələri kimi elm ocaqları da nəinki durğunluq, həm də tənəzzülə uğramışdı.

Ümummilli liderimiz Heydər Əliyevin azərbaycanlı alimlərlə elm sahəsində çalışanlarla görüşündə söylədiyi fikirlər onlara sanki ikinci bir həyat verdi. Uzun müddət təsirlərə məruz qalmış Azərbaycan intellekti yenidən dirçəliş yoluna qədəm qoydu. Heydər Əliyev alimlərlə görüşü zamanı elmimizin qarşısında duran problemlərin dərindən analizini verərək dünya səviyyəli elmi işlərlə bərabər həm də dövlətimizə, xalqımıza lazım olan elmi tutumlu strateji problemlərlə məşğul olmağı tövsiyə etmişdir.

Bu dəyərli sözlər ölkəmizin inkişafının qlobal istiqamətlərinin intellektual təminatını həyata keçirmək kimi məsuliyyətli bir tapşırıq idi. Ümummilli liderimiz Heydər Əliyevin elm xadimlərinə olan xüsusi diqqəti onların yaşayış tərzinin yaxşılaşdırılması üçün məvaciblərinin artırılması elmə dövlət tərəfindən göstərilən çox böyük bir qayğı idi.

Heydər Əliyev Azərbaycan ədəbi dil tarixində də diplomatiya üslubunun əsasını qoymuşdur. Azərbaycan ədəbi dili məhz onun nitqində dünyanın ən yüksək kürsülərində səslənirdi. Ümummilli liderimiz Heydər Əliyevin gərgin əməyi və xidmətləri sayəsində bu gün Azərbaycan dili özünün inkişaf ömrünü yaşayır. Dil yaşayırsa, inkişaf edirsə, deməli, millət də yaşayır və inkişaf edir.

Ümummilli liderimiz müstəqil dövlətin ordu quruculuğu sayəsində də böyük işlər görmüşdür. Onun xarici siyasəti sülhsevər siyasət olmaqla Azərbaycanın geniş tanınmasına xidmət etmişdir. 1993–cü ildən hərc–mərclik, vahid ordunun olmaması üzündən Azərbaycan cəbhədə məğlubiyyətlərə məruz qalıb, torpaqlarının bir hissəsini itirdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orduda vahid komandanlıq yarandı, qeyri–qanuni silahlı dəstələr ləğv olundu. Ordu quruculuğu Azərbaycanın sülh danışıqlarında mövqelərini daha da möhkəmləndirdi. 1993–cü ilin sonlarından başlayaraq həyata keçirdiyi xüsusi tədbirlər nəticəsində Azərbaycan da Milli Ordu quruculuğunun yeni mərhələsinə qədəm qoyuldu. Qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdı.

Heydər Əliyev Azərbaycan torpaqlarının bütövlüyünü qorumaqda, ölkənin daxilində parçalanmanın qarşısını almaqda yüksək dövlətçilik məharətindən biri də ölkənin ən təhlükəli vaxtında şərq müdrükliyindən özünün qanına işləmiş, canına hopmuş uzaqgörənliyi ilə xalqın xilaskarı oldu. Müasir dünyada Azərbaycanın layiqli yer tutmasında çox böyük rolu olan ulu öndərimiz müstəqil Azərbaycanın baş memarı Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev ölkənin ictimai–siyasi, mədəni həyatında böyük yüksəliş estafetinin bir daha layiqli əllərdə olduğunu sübut etdi. Xalqın böyük istəyi və seçimi ilə möhtərəm İlham Əliyev azad, ədalətli, şəffaf və demokratik şəraitdə Azərbaycan Respublikasının prezidenti seçildi.

Cənab İlham Əliyev Azərbaycana, xalqa səadət andı içdiyi vaxtdan onun gərgin iş günü tükənməz enerjisi ilə, çoxcəhətli ictimai–siyasi fəaliyyətlə səciyyələnir. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu, şərəfli yolunu ləyaqətlə davam etdirən İlham Əliyev hər bir azərbaycanlının Prezidenti oldu.

Cənab İlham Əliyevin gərgin əməli fəaliyyəti sayəsində ölkəmizin ictimai–iqtisadi və sosial həyatının yüksəlişi dünya ictimaiyyətinin diqqətinə, marağına səbəb oldu.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı dünyanın ən nüfuzlu dinamik inkişafda olan ölkələri sırasına yüksəltdi. Bu gün Heydər Əliyevin siyasət yolunu möhtərəm Prezidentimiz İlham Əliyev xalqın maraqlarına, dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir.

Cənab İlham Əliyevin istedadı, səyi nəticəsində ölkə iqtisadiyyatının və regionların davamlı inkişafi, yeni istehsal müəssisələrinin açılması, yeniləşməsi, yeni iş yerlərinin yaradılması, idman komplekslərinin tikilməsi, yolların, nəhəng körpülərin salınması, ölkəmizin abadlaşdırılması, bir sözlə – Azərbaycanın çiçəkləndirilməsi kimi vacib məqamlar diqqəti cəlb edir. Həqiqətən də Azərbaycanın sosial–iqtisadi, mədəni nailiyyətləri faktlarla təsdiqlənən tarixi reallıqdır.

Azərbaycan sənətkarlar diyarıdır, desək yanılmarıq. Azərbaycanımıza məhz, sənəti duyan, qiymətləndirməyi bacaran möhtərəm İlham Əliyevin başçılıq etməsi, ölkənin hər bir sahədə inkişafının, eləcə də mədəniyyətimizin həm uğuru, həm də xoşbəxtliyidir. Mədəniyyətin, incəsənətin inkişafında sənətə, sənətkara layiqli qiymət verilməsi də vacib şərtlərdəndir. Ulu öndərimiz Heydər Əliyev bütün həyatı, fəaliyyəti dövründə sənətə və sənətkara həmişə layiqli qiymət vermişdir. Heydər Əliyevin davamçısı olaraq cənab İlham Əliyev də mədəniyyətimizin incənətimizin inkişafına böyük diqqət və qayğısını əsirgəmir. Mədəniyyət dövlət siyasətin əsas prioritetlərindən biri kimi daim diqqətdə saxlanılır.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 20 faizi işğal olunmuş, bir milyondan çox həmvətənimiz öz doğma yurd–yuvalarından didərgin salınmışdır. Xalqımız o illər ərzində on mindən çox şəhid vermişdir, yüzlərlə igid döyüşçümüz vətən uğrunda gedən döyüşlərdə öz sağlamlığını itirmişdir. İşğal olunmuş torpaqların alınması üçün ölkə başçısı İlham Əliyev çox böyük işlər görməkdədir. Yurd–yuvasından didərgin düşmüş qaçqın və köçkünlər gec–tez dədə–baba torpaqlarına dönəcəklər. Azərbaycan xalqı buna varlığı qədər inanır. İşğalda olan torpaqlarımızın ulu öndərimizin siyasi kursunun davamçısı olan Prezident, Ali Baş Komandan, cənab İlham Əliyevin müdrik siyasəti ilə hansı yolla olursa–olsun, istər sülh yolu, istərsə də müharibə yolu ilə tezliklə azad olunacağına inanırıq.

Musiqi insanlar arasında mənəvi bir körpüdür. Azərbaycan xalqı dünya sivilizasiyasına böyük töhvələr vermişdir. Onların içərisində ən görkəmlisi dünyanın hər yerində yayılmış musiqi əsərlərini yaradan və Azərbaycanın çoxəsrlik musiqisini sistemləşdirib, dünyaya təqdim edən dahi bəstəkar Üzeyir Hacıbəyov olmuşdur. Ü.Hacıbəyov, M.Maqomayev, Q.Qarayev kimi görkəmli bəstəkarlar ömürlərinin son günlərinə qədər həyatlarını Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına həsr etmişdir. Ümummilli liderimiz musiqinin hər bir incəliklərini dərindən duyan bir şəxsiyyət kimi, Azərbaycan musiqi mədəniyyətinin, muğam, estrada, simfonik janrlarının inkişafına çox böyük əhəmiyyət vermişdir. Heydər Əliyev Azərbaycan professional bəstəkarlıq məktəbinin rolunu həmişə xüsusilə vurğulamışdır. Azərbaycanda bitkin özünəməxsus professional məktəbin yaranmasına daima qayğı göstərmişdir. Heydər Əliyev ömrünü, həyatını musiqi, kino, teatr və ədəbiyyata həsr etmiş yaradıcı şəxslərin qayğısına qalmış və həmişə onlara himayədarlıq etmişdir.

Müasir meyarlara görə demək olar ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi davamçısı cənab prezident İlham Əliyev, xanımı YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycan və türk dünyası tarixinin yaddaşına həkk olunmuş şəxsiyyətlərdəndir.

Bu gün Azərbaycan mədəniyyəti mübaliğəsiz, dünya xalqları içində öz parlaq, yüksək və zəngin mədəniyyəti ilə seçilməkdədir. Dünyanın bütün qitələrində Azərbaycan mədəniyyətinə böyük diqqət və çox maraq göstərirlər. Əlbəttə, bu da səbəbsiz deyil.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti Mehriban xanım Əliyeva düşdüyü ocağın ab–havasına, ənənəsinə sədaqətini göstərməklə Heydər Əliyev yolunun davamçısı oldu. Mehriban xanımın təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsinə, muğam irsimizin dünyada tanınmasına və yeni–yeni muğam mərkəzlərinin açılmasına göstərdiyi xidmətlər hər bir azərbaycanlının ürəyincədir. İnşa edilən müasir məktəb binaları, səhiyyə, uşaq evləri, mədəniyyət mərkəzləri bu dediklərimizin bariz nümunəsidir.

Bu gün Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanınmasında, milli musiqimizin dünya arenasına çıxarılaraq nümayiş etdirilməsində Mehriban xanım Əliyevanın çox böyük xidmətləri var.

Mehriban xanım Əliyeva istedadı, biliyi, zəkası, uzaqgörənliyi sahəsində bu gün həyata keçirdiyi missiyanın öhdəsindən layiqincə gəlir. Onun həyata keçirdiyi mədəni–ictimai tədbirlər xalqımızın, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində nüfuzunun yüksəlməsinə xidmət edir.

Qüdrətli dövlət başçısı olmuş ümummilli liderimiz Heydər Əliyev ocağında dünyaya göz açmış övladlar bu möhtəşəm ocaqdan bəhrələnmişlər.

El arasında belə bir misal var – deyirlər dövlətdə dəvə, övladda nəvə. Doğrudan da nəvə ailəyə öz gəlişi ilə bir dünya sevinc gətirir. Ailədə gözəl ab–hava yaradır. Əbəs yerə deməyiblər – nəvələr nəslin davamçılarıdır.

–Haşiyə– Kainatın fəxri sevgili peyğəmbərimiz Həzrəti Mühəmməd (Səlləlləhu əleyhi və alihi vəsəlləm)in qızı, dünyanın ən gözəl ailəsinə sahib Peyğəmbər çiçəyi Həzrət Fatimə bütün hərəkətləri, əqli, zəkası ilə atasına bənzəyən mükəmməl övlad, həyat və davranışları ilə bütün qadınlara örnək, kamil bir qadın olmaqla, Allah Rəsulunun Reyhan ətirlərinin dediyi Həzrəti Həsən və Həzrəti Hüseynə gözəl ana olmuşdur.

Dünyanın ən gözəl ailəsinə sahib qüdrətli dövlət başçısı, siyasi xadim olmuş ümummilli liderimiz Heydər Əliyev ocağında dünyaya göz açmış Leyla xanım bütün hərəkətləri, əqli, zəkası ilə valideynlərinə bənzəyən mükəmməl övlad, həyat davranışları ilə bütün yaşıdlarına, insanlara örnək, kamil bir xadim olmaqla həm də nəslin davamçıları gözəl balalar Əli və Mikayıla gənc anadır.

Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın gənclərlə apardığı böyük layihələr göz qabağındadır. Ölkəmizdə, eləcə də ölkə xaricində mühüm tədbirlər gənclərin milli ruhda vətənpərvər kimi böyüməsi üçün çox böyük layihələr həyata keçirməkdədir.

Yaxşı deyiblər: – Daha çox müdrikliyi və mərdliyi ilə yadda qalan o insanlardır ki, onlar özlərini insani və mənəvi keyfıyyətləri ilə hər kəsi heyrətləndirə bilsin.

Leyla xanım Əliyeva gənc olsa da, bir şəxsiyyət kimi artıq özünü tarixin səhifələrində təsdiq etmişdir. Leyla xanım Əliyevanın ədəbiyyata, incəsənətə gəlməsi, müəllifi olduğu yüzlərlə şeirlərin, neçə–neçə rəsm əsərlərinin yaradıcısı olduğu heç də təsadüfı deyil.

Ulu öndərimiz Heydər Əliyev ictimai–siyasi, mədəni həyatın, demək olar ki, bütün sahələri ilə bağlı yaradıcı, məhsuldar, çox geniş fəaliyyət dairəsinə malik olan böyük bir şəxsiyyət idi. Onun həyatı, fəaliyyəti barədə onlarca, yüzlərlə kitab yazılmış və yazılacaqdır.

Ümummilli liderimiz Heydər Əliyev fenomeninə Azərbaycan siyasətinin, elminin, mədəniyyətinin, ictimai fıkrinin nümayəndələri bu gün də, sabah da dönə–dönə müraciət edəcək. Nəsillər ondan həyat və tarix quruculuğunu, dövlətçilik ənənələrini öyrənir və öyrənəcəklər. Ulu öndərimiz Heydər Əliyev həyatını xalqına həsr edərək, özü şam kimi yanmış, insani hərarətini, qəlbinin işığını xalqına – Vətənin övladlarına paylamışdır.

Azərbaycan xalqı üçün Heydər Əliyevin keçdiyi bu yol sönməz vətən sevgisi, həqiqətən də, qürur, iftixar dolu bir aləmdir.

– Heydər Əliyev haqqında keçmiş Sovetlər dövlətinin yüksək vəzifə sahiblərindən biri, Bakıda doğulub boya–başa çatmış, təhsil almış Nikolay Baybakovun fikirlərini xatırlatmaq yerinə düşərdi: “Mən çox adamlarla ünsiyyətdə olmuşam və çox rəhbərlərlə işləmişəm. Amma Heydər Əliyev qədər xalqını, millətini sevən bir azərbaycanlı, bir rəhbər təsəvvür edə bilmirəm”.

Ümummilli liderimiz Azərbaycan xalqının tarixində əsrlər boyu bir örnək olaraq qalacaq. Bundan sonrakı nəsillər Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübədən əsrlər boyu bəhrələnəcəklər. Mahir bir idarəçi kimi yetişmək siyasi hadisələrdən vaxtında baş çıxarmaq istəyən hər siyasət adamı Heydər Əliyevin idarə etmə məktəbindən bəhrələnməli olacaq.

Hər əsr öz tarixi mənasına görə çox şərəflidir. Hər əsrin müəyyən zamanlarında dünya öz azadlıqsevər, mübariz oğullarını yetişdirib. Tarixdə belə şəxsiyyətlərin hərəsinin öz yeri var. Onlar mənsub olduqları xalqını əsrlərə bərabər inkişaf yolu keçməsinə yardımçı olan qeyri–adi insanlardı. Belə nadir zəka, qabiliyyət sahiblərinin adı bəşəriyyətin yaddaşında həmişəyaşardı. Makidoniyalı İsgəndər, Napoleon, Ruzvelt, Çörçill, Şarl De Qoll, Mustafa Kamal Atatürk və əbədi liderimiz Heydər Əliyev.

Heydər Əliyev hümanist, bəşəri sevgi üzərində köklənən dahi şəxsiyyət idi. Heydər Əliyev kimi tarixi şəxsiyyətləri olan xalq xoşbəxtdir.

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən zəngin irsi milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük vasitədir. Həm də böyük bir sərvətdir.

Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın bütün inkişaf və tərəqqi yollarını öz dühası ilə işıqlandırdı. Milli ideologiyamızın və müstəqilliyimizin baş memarı oldu.

 

 

Rəfiqə MƏSUD,

kinossenarist, publisist,

əməkdar mədəniyyət işçisi

 

Respublika.- 2013.- 6 aprel.- S. 4.