Doğma yurda məhəbbətlə
Filologiya elmləri doktoru, professor, Asiya və İordaniya Kral Universitetinin fəxri professoru, Azərbaycan MEA–nın Nəsimi adına Dilçilik İnstitutunun “Dialektologiya” şöbəsinin müdiri Qəzənfər Şirin oğlu Kazımovu 30 ildən çoxdur ki, tanıyıram. Professional dəst–xəttə malik bu görkəmli alimin bədii dil, ədəbi dil tarixi, müasir dil, ədəbi tənqid, dilin və ədəbiyyatın tədrisi, folklorşünaslıq, etimologiya və s. sahələrlə bağlı tədqiq və araşdırmalarına yaxından bələdəm. Fasiləsiz işləmək, yeniliyə qovuşmaq, elmi fikrin ən narahat axtarışları, ziddiyyətləri, ən nəhayət, uğurları barədə bitkin söz demək, haqqın müdafiəsində durmaq, miqyaslı və predmetli təhlil aparmaq bu böyük alimin üslub fəaliyyətinin əsas amillərindəndir. Qəzənfər müəllimin bütöv konsepsiyası və görkəmli alim mövqeyi ilə qələmə aldığı bütün əsərləri ixtisasından asılı olmayaraq hər kəs tərəfindən böyük maraqla qarşılanır, sevilə–sevilə oxunur, yüksək dəyərləndirilir. Alimin belə maraqlı, oxunaqlı, dəyərli əsərlərindən biri də “Qədim yurd yerim—Sultan Soltanlı son üç yüz ildə” kitabıdır. Kitabda Q.Kazımovun doğulduğu Soltanlı kəndi və onun tarixi barədə müfəssəl məlumatlar öz əksini tapıb. Cəbrayıl rayonunun güclü ziyalı potensialına malik olan Soltanlı kəndi Q.Kazımovun dünyaya göz açdığı, havasından udduğu, suyundan içdiyi, torpağının min cür nemətlərindən qidalandığı doğma yurd yeridir. Alim bu qədim və zəngin, maddi və mənəvi sərvətə malik yurd yerini belə təsvir edir: “Əsrlərin yadigarı Xudafərin körpüləri Araz çayı üzərində əzəmətlə dayanır. Körpülərin yaxınlığındakı Soltanlı kəndi vaxtilə bu körpülərdən keçərək üz–üzə dayanan amansız orduların qanlı döyüşlərinin şahidi və iştirakçısıdır. Qəhrəmanlar, şöhrətli alimlər, müəllimlər, müxtəlif sənət adamları yetirmiş bu kəndin tarixi ilə bağlı müxtəlif fərziyyələr söyləmək mümkündür. Bütün hallarda onun bir el kimi, bir yurd kimi qədimliyi özünü göstərir”.
Kitabdakı yazıları oxuduqca Qəzənfər
müəllimin heyrətamiz yaddaş fenomeni, sözün həqiqi
mənasında, məndə böyük məmnunluq hissi
yaratdı. Onun doğma yurduna bu qədər sonsuz məhəbbətinə
qibtə etdim. Xəyalən onu toz basmış arxivlərdə
gördüm. Bu arxivlərdə o, min bir əzab–əziyyətə
qatlaşaraq son 300 ildə arxivdə əks olunan
materialları saf–çürük etmiş, bu kəndin son
üç əsrdəki maraqlı tarixini üzə
çıxara bilmişdir. Alim təkcə respublika Dövlət
Arxivindəki materiallarla kifayətlənməmiş, eyni
zamanda “Gəncə–Qarabağın icmal dəftəri”nə də
baş vurmuşdur. O, “İcmal dəftəri”ndə kiçik
bir qeyd əsasında aydınlaşdırır ki,, 1727–ci ildə
Arazbar qəzasının Sultanlı kəndində əhali
yaşamır, lakin kəndin təsərrüfatlarından əldə
edilən gəlir 25000 ağcadır. Qəzənfər müəllim
tarixi fakt əsasında kənd əhalisinin kənddə
olmamasının səbəbini yaylağa köçmə ilə
əlaqələndirir. Müəllifin bu fikrini 1595–ci ildə
türklər tərəfindən yazıya alınmış
“Gəncə–Qarabağın icmal dəftəri” də
sübut edir. Bu tarixi sənəddə Arazboyu kəndlərin
hər birinin yaylaq və qışlaq yerləri olduğu
göstərilir. Onu da qeyd edək ki, Soltanlı–Sultanlı kənd
adı Türkiyənin Baş Bakanlıq Arxivində
saxlanılan sənəddə “Sultan oymağı” kimi qeydə
alınmışdır. Sənəddə göstərilir ki,
Arazbarı oymaqlarından olan Sultani qışı burada,
yayı Salvartı dağlarında keçirir. Üşr və
behrəni ödəyir. Kitabda Qəzənfər müəllimin
bütün fərziyyələrinə haqq qazandıraraq deyə
bilərik ki, Xudafərin və Sınıq körpü bu ərazinin
qədim abidəsidirsə, onda nəinki Soltanlı, burada
mövcud olan bütün yaşayış məntəqələrinin
ən azından 2000–3000 illik yaşı var. Lakin prof. Q.Kazımov bu kitabında
son 300 illik tarixi vərəqləyir. Onu da unutmayaq ki,
Soltanlı kəndinin 200–300 illik tarixi barədə alim 1998–ci
ildə çap etdirdiyi “Dilimiz–tariximiz” kitabında öz
sözünü demiş, tarixin qaranlıq səhifələrinə
özünün zəngin təfəkkürü vasitəsilə
gur işıq salmışdır.
Kitabda
Soltanlı kəndi ilə bağlı tarixi faktlar xronoloji
ardıcıllıqla izlənilir. Aydın olur ki, XVIII əsrdə
Soltanlını Dizaq mahalının naibləri idarə
edirmişlər. Mahalın naibi Qasım bəy olmuşdur. XIX
əsrin əvvələrində ruslar Azərbaycana qədəm
qoyan gündən bütün bölgələrlə bərabər
bu feodal kəndinin də qara günləri başlanır.
Müəllif yazır: “XIX əsrin ilk günlərində
Rus–İran müharibələri bu dinc feodal həyatına son
qoyur. Rus–İran müharibələri dövründə
Soltanlıda 3 dəfə əməliyyat
aparılmışdı. Toncaq düzündə qanlı
döyüşlər olmuşdur. İran qoşunları Xudafərindən
keçərək ruslarla ilk dəfə Soltanlıda
üz–üzə gəlmişdir. 1805–ci ilin mayından
1806–cı ilin yazına kimi Soltanlı rus və İran
qoşunlarının tapdağı altında olmuşdur”.
Prof.
Q.Kazımov arxiv materiallarına söykənərək
Soltanlı kəndindəki nəsilləri, tirələri,
soyları müəyyənləşdirir. Araşdırmadan
aydın olur ki, soltanlılılar hazırkı dövrdə
bir–birinə qohum olan iyirmiyə qədər soydan ibarətdir.
Alim bunları aşağıdakı kimi verir: Bayramalı
uşağı, Alısoy, Hajaxundlular, Məmmədalı
uşağı, Əhmədalı uşağı, Daşdəmirlilər,
Abışdılar, Alzamanlılar, Haxnazarılar, Haxverdilər,
Şıxah uşağı, Əbillilər, Ah evi,
Oruşdular, İsgəndərlilər, Şəriflilər,
Tağısoy, Hacıddılar və s.
Deyirlər
ki, böyük ideyalarla yaşamayan, böyük olaylara həsr
olunmayan həyat məzmunlu ola bilməz. Böyük adamlar
böyük–böyük danışanlar deyil, böyük
idealın daşıyıcıları olanlardır. Bəli,
Qəzənfər müəllim böyük idealın
daşıyıcısı olan görkəmli bir şəxsiyyətdir.
Çox təəssüflər olsun ki, bu nadir şəxsiyyətin,
bu misli–bərabəri olmayan ustadımın, müəllimimin
göz açıb, böyüyüb boya–başa
çatdığı Soltanlı kəndi erməni faşistlərinin
tapdağı altındadır.
Açığını
deyim ki, hörmətli müəllimimin əsərin bir yerində
işlətdiyi “…indi Soltanlını itirdiyim üçün
yurdsuz qalmışam. Lənətə gəlmiş həris və
acgöz adamlar mənim neçə min illik şöhrətli
yurdumu girov götürüblər”—cümləsi sinəmi
didim–didim parçaladı, oyum–oyum oydu, acı göz
yaşlarımı saxlaya bilmədim. Müəllimimə təskinlik
verməyi bacarmadım…
Mahirə Nağıqızı,
ADPU–nun müəllimi,
filologiya üzrə fəlsəfə
doktoru
Respublika.- 2013.- 6 aprel.- S. 7.