NEFT
STRATEGİYASI İNKİŞAFIMIZIN TƏMƏLİDİR
FotoAzərbaycan öz müstəqilliyini əldə etdikdən sonra respublikanın neft–qaz sərvətləri xarici dövlətlərin, dünyanın ən iri şirkətlərinin diqqət mərkəzinə çevrilmişdir. Xəzərin zəngin neft ehtiyatları Azərbaycana olan marağı o qədər artırmışdır ki, onun neft resurslarından istifadə məsələsinə dünya siyasətinin aparıcı istsqamətlərindən biri kimi baxılırdı.
Azərbaycan Respublikası 1991–ci ildə dövlət müstəqilliyini bərpa etsə də, yalnız 1993–cü ildən, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə respublikaya siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Son on il ərzində ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın neft strategiyası özünün yeni inkişaf mərhələsini uğurla keçdi və iqtisadiyyatımızı inanılmaz yüksəlişə doğru aparan yola çevrildi.
Məlum olduğu kimi, Azərbaycanda neft qədimdən hasil edilir. Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Azərbaycan, əsasən neft ölkəsi kimi tanınmışdır. Belə ki, ilk dəfə nefti Azərbaycanda tapmışdılar və quruda da ilk dəfə neft Azərbaycanda hasil olunmuşdur. İndi Azərbaycan bütün qlobal enerji təhlükəsizliyi məsələlərində həm də böyük qaz ehtiyatlarına malik olan ölkə kimi tanınmışdır”. Neft istehsalı sahəsində Azərbaycanın misli–bərabəri yoxdur. Dünyada elə bir neft ölkəsi tapılmaz ki, həm zəngin neft ehtiyatları, həm də özünün qədim tarixi, adət–ənənənələrilə, Azərbaycanla, onun paytaxtı olan Bakı şəhəri ilə müqayisə edilə bilsin. Bakı dünyada bütün neft şəhərlərinin ən qədimi və ən böyüyüdür. Ərəb coğrafiyaşünası Əbdül Həsən Mə’sudi, italyan səyyahı Marko Polo, alman səyyahı Engelbert Kemferin və başqaları əsərlərində Azərbaycanda hələ orta əsrlərdə neftin mövcudluğu və istismarı haqqında şərhlər vermişlər. Planetmizdə ilk neft quyusu Azərbaycanda məhz Abşeron yarımadasında 1847–ci ildə qazılmışdır. Lakin tarixi mənbələr bu diyarda neftin daha erkən, eramızdan əvvəl VII–VI əsrlərdə çıxarıldığını xəbər verir.
Yalnız XIX əsrin ortalarında ölkəmizdə neft hasilatı sənaye xarakteri almışdı. Azərbaycan və xüsusən də Bakı şəhəri məhz XIX əsrin son iyirmi beş ili ərzində özünün saysız–hesabsız mədənlərinin neməti və bir çox neftayırma zavodlarının istehsal etdiyi məhsullarla neft dünyasında hökmranlıq etməyə başlamışdır.
XIX əsrin 70–90–cı illərdə Bakıda neft hasilatında misli görünməmiş yüksəlişlər əldə olundu. İnkişaf o qədər sürətlə gedirdi ki, artıq 1879–cu ildə Abşeronda əl ilə quyu qazılması tətbiq edilmirdi. Neft sənayesi və onunla əlaqədar sahələrin inkişafı Bakı şəhərinin özünün güclü inkişafına səbəb olmuşdur. Bu illərdə neft sənayesi ilə bağlı infrastrukturun yaranması təşəkkül tapmış, 1875–ci ildə isə Bakının neft sənayesinin cəmləşdiyi məşhur Qaraşəhər meydana gəlmişdir. Nobel qardaşlarının yaratdıqları ofis keçmiş zamanlarda Qaraşəhər adlanan bir yerdə idi. O yerə Bakıda ona görə “Qaraşəhər” deyiblər ki, orada neft sənayesilə əlaqədar yaranmış neft emalı zavodları havaya o qədər his buraxırdı ki, şəhərin həmin hissəsi–ərazi də, divarlar da hər yer tamamilə qaralmışdı.
Ancaq ötən əsrin 70–ci illərində ulu öndər Heydər Əliyevin sayəsində və birbaşa nəzarəti altında aparılan böyük işlər nəticəsində Qaraşəhər tamamilə təmizləndi, Bakının Qaraşəhərində yerləşən köhnə, çox geridə qalmış texnologiyaya malik olan zavodların yerində müasir tələblərə uyğun yeni bir neftayırma zavodu tikildi. Şəhərdə güclü sənaye potensialı yaradıldı.
Tarixin hökmü ilə artıq müstəqil Azərbaycanın neft tarixinin ilk şanlı səhifələri də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dövlət müstəqilliyinin bərpasından sonra qısa vaxt ərzində xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, çox çətin şəraitlərə baxmayaraq, ölkəmizin sosial–iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində tarixi nailiyyətlər əldə olunmuşdur. Ölkəmiz neft və qeyri–neft sektorunda böyük irəliləyişlər əldə etmişdir. Əsasən də neft sektorunda Azərbaycan dünyada tanınan bir ölkəyə çevirilmişdir.
Azərbaycan Respublikasının iqtisadi siyasətinin qabaqcıl istiqamətlərindən ən əsası dövlətin neft strategiyasıdır. Bu uğurlu və Azərbaycanı yalnız irəliyə apara biləcək strategiyanın əsasını ulu öndər Heydər Əliyev yaratmışdır. Heydər Əliyev özü müəllifi olduğu bu strategiyanı 1994–cü ilin sentyabrında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın bir neçə ölkəsinin (ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məhşur neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan bölməsindəki “Azəri”, “Çıraq”yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında fəaliyyət müddəti 30 il olan müqavilənin imzalanması ilə həyata keçirməyə başlamışdır.
Bu müqavilənin imzalanmasından sonra Azərbaycana maraq daha da artdı. Artıq digər ölkələrin şirkətləri də Azərbaycana sərmayə qoymağa başladılar. Azərbycanda həyata keçirilən düzgün neft strategiyası ölkəmizdə xarici sərmayələrlə yanaşı, müasir texnologiyanın və iş təcrübələrinin tədris olunması üçün də şərait yaradıb.
Azərbaycana marağın belə artması iqtisadiyyata da çox müsbət təsir göstərdi. Azərbaycan iqtisadiyyatının gəlirləri artdı və neft sektorundan gələn bu gəlirlə yeni qurulmuş Azərbaycan inkişaf etməyə başladı. 1999–cu il dekabrın 29–da Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında fərman imzaladı. Neft Fondunun qarşısında qoyulan əsas məsələlər neft gəlirlərinin ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla,bugünkü nəsillər üçün istifadə edilməsi və gələcək nəsillər üçün toplanması idi.
Heydər Əliyev zamanında aparılan bu uğurlu siyasət cənab İlham Əliyevin prezidentliyi dövründə yeni çalarlarla davam etdirilir. 2006–cı ildə istifadəyə verilmiş Bakı–Tbilisi–Ceyhan neft kəməri Azərbaycanın ümumi inkişafına həlledici təsir göstərdi. Heç şübhəsiz, bu, müasir Azərbaycanın qüdrətinin və davamlı inkişafın başlanğıcı idi. Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri kimi siyasi və iqtisadi cəhətdən son dərəcə mühüm layıhələrin həyata keçirilməsi də bu strategiyanın davamıdır. Neft strategiyasının həyata keçirilməsi nəticəsində ölkənin əldə etdiyi nailiyyətlər haqqında Prezident İlham Əliyev demişdir: “Hazırda neft və qaz təchizatının şaxələndirilməsində əldə etdiyimiz yaxşı nəticələr tamamilə yeni mənzərə yaradır. Biz bu sərmayələri iqtisadiyyatı şaxələndirmək, digər sahələrə cəlb etmək və eyni zamanda yeni layihələr üzərində çalışmaq üçün istifadə etməyə nail olduq”.
Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti neft–qaz sahəsilə yanaşı, xarici siyasət, investisiya, tədiyyə balansı, humanitar və digər sahələrdə də uğurla həyata keçir. Belə ki, bazar iqtisadiyyatı şəraiti ilə əlaqədar olaraq, respublikamızda milli iqtisadiyyatın formalaşması və inkişafı yalnız daxili imkanlarla deyil, xeyli dərəcədə xarici amillərlə beynəlxalq iqtisadi münasibətlərin bütün formalarından geniş səmərəli şəkildə istifadəsi ilə bağlıdır.
Beynəlxalq iqtisadi strukturlara inteqrasiyasının genişlənməsi, dünyəvi dəyərlərə əsaslanan möhkəm, sivil bir dövlətə çevrilməsində insan amili ilə yanaşı, güclü amillərdən biri kimi neft–qaz resurslarının mövcudluğunu və onun istismar edilməsini göstərmək vacibdir. Azərbaycanın iqtisadiyyatında, mədəni inkişafında, əhalinin sosial–mədəni rifahnın yaxşılaşdırılmasında neft–qaz ehtiyatları başlıca amillərdən biri kimi təzahür edir.
Son illərdə neft–qaz ehtiyatlarından səmərəli şəkildə istifadə olunması, habelə bu sahədə dövlət tərəfindən digər ölkələrlə yeni müqavilələrin imzalanması ölkə iqtisadiyyatının ikişafına və eyni zamanda ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Prezident İlham Əliyev demişdir: “Bizim ölkəmizdə enerji ehtiyatlarından çox məsuliyyətli şəkildə istifadə olunur. Bizim gündəlikdə olan bütün layihələr hələ 1990–cı illərdən başlayaraq çox uğurla həyata keçirilmişdir. Biz bir neçə neft və qaz boru kəməri layihəsini həyata keçirmişik. Bunlar bu gün bizim enerji ehtiyatlarımızın müxtəlif istiqamətlərdə nəqlinə imkan yaradır. Azərbaycanın enerji ehtiyatları bəzi Avropa ölkələrinin ümumilikdə enerji balansının 25–30 faizini təşkil edir və bu rəqəm artır. …Transanadolu Qaz Boru Kəmərinin inşasına dair Türkiyə ilə Azərbaycan arasında bu yaxınlarda imzalanmış müqavilə bunun bariz nümunəsidir. Biz bu layihənin həyata keçirilməsi ilə Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi arasında dəhliz açmış olacağıq. Bu, həm bizim üçün, həm də qonşularımız üçün bir enerji layihəsidir. Bu dəhlizdən artıq nəqliyyat infrastrukturu kimi istifadə olunmuşdur. Bu, tarixən Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqə yaratmaq üçün istifadə edilən bir dəhliz olmuşdur. Bu, eyni zamanda, İpək Yolunun bərpa olunmasına da öz töhfəsini verəcəkdir. Bütün bu layihələr Azərbaycanın qonşularına da fayda verəcəkdir. Biz bununla həm regionda, həm də ümumiyyətlə, qitədə enerji xəritəsini dəyişmiş olacağıq”.
Ölkənin malik olduğu təbii sərvətlərin ən geniş əhatəli hissəsini təşkil edən neft–qaz resursları üzərində qurulan sənaye indi də iqtisadiyyatımızın aparıcı sahəsi olaraq qalmaqdadır. Yanacaq–enerji kompleksinin üçdə iki hissəsini özündə birləşdirən neft–qaz sənayesi həm də respublikanın sosial–iqtisadi inkişafının əsas sahəsi kimi dayanıqlı və davamlı inkişaf mərhələsinə qədəm qoymuş iqtisadi dirçəlişi stimullaşdırır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən neft strategiyası xalqımızın bu günü və gələcəyi üçün möhkəm təməldir və firavanlıq mənbəyidir: “…Biz enerji sahəsində böyük nailiyyətlərə çatmışıq. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyamızın icrası nəticəsində biz enerji sahəsində dünya miqyasında çox ciddi ölkəyə çevrilmişik. Neft–qaz layihələrimiz, neft–qaz kəmərlərimiz bu gün Azərbaycanı, doğrudan da, dünya miqyasında çox önəmli neft, qaz hasil və ixrac edən ölkəyə çeviribdir”.
Emin QASIMOV
Respublika.- 2013.- 7 aprel.- S. 1; 2.