Müasir Azərbaycanın
qurucusu
Ümummilli liderimiz Heydər Əliyevin möhkəm təməl əsasında yaratdığı müstəqil Azərbaycan dövləti dinamik inkişaf edir, siyasi və iqtisadi qüdrətini daim artırır, dünya birliyinə sürətlə inteqrasiya edərək beynəlxalq nüfuzunu getdikcə yüksəldir.
Azərbaycan tarixinin mühüm bir mərhələsi, ötən əsrin 60–cı illərinin sonlarından başlanan və XXI əsrə adlayan bütöv bir dövrü ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Təsadüfi deyil ki, 1969–1982–ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə respublikamızın quruculuq salnaməsinin ən parlaq və dolğun səhifələrini təşkil edir.
Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində öz xalqına sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub–yaratmaq amalı ilə yaşamışdır. Özünün zəngin və mənalı həyatı boyu daim xalqını, doğma Azərbaycanı düşünmüş, onu üzləşdiyi fəlakətlərdən xilas etmək üçün böyük fədakarlıq göstərmişdir. Bu gün biz hamımız qüdrətli, müstəqil Azərbaycan dövləti üçün ulu öndərimizə borcluyuq. Heydər Əliyevin adı və həyatı Vətənə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin nümunəsi kimi daim yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsillərinə əbədi örnək olacaqdır. Biz hamımız bu gün qürur hissi ilə qeyd edirik ki, müstəqil Azərbaycan dövləti xalqımızın dahi oğlu Heydər Əliyevin şah əsəridir, onun öz xalqı qarşısında əvəzsiz, möhtəşəm tarixi xidmətidir. Ümummilli liderimiz öz çıxışlarında dəfələrlə qeyd etmişdir: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa–olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə–gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”.
1993–cü ildə böyük faciə ilə üzləşən xalqımız müdriklik göstərərək belə çətin və çıxılmaz vəziyyətdə, ölkədə vətəndaş müharibəsi gedə–gedə ulu öndərə müraciət edərək, onu təkidlə Azərbaycanın siyasi rəhbərliyinə çağırdı ki, ölkəni bu acınacaqlı vəziyyətdən çıxarsın. Xalqın səsinə səs verən dahi rəhbər belə bir şəraitdə xalqının taleyinə biganə qalmayaraq Naxçıvandan Bakıya gəldi. Yalnız Heydər Əliyev siyasəti, onun müdrikliyi, cəsarəti, xalqına sonsuz məhəbbəti və xalqı tərəfindən də ona olan inamı gənc, müstəqil ölkəmizi dərin böhranlı vəziyyətdən birdəfəlik xilas etdi. Qanunsuz silahlı dəstələr tərk–silah edildi, xaosun, anarxiyanın qarşısı alındı, vətəndaş qarşıdurmasına son qoyuldu, ölkədə sabitlik bərqərar oldu. Azərbaycan parçalanıb məhv olmaq təhlükəsindən xilas olundu.
Azərbaycanda qısa zaman kəsiyində iqtisadi tənəzzülün qarşısını alan Heydər Əliyev ölkəmizin davamlı inkişafını təmin etmək üçün köklü islahatların aparılmasına nail oldu. 1994–cü ilin sentyabr ayında dünyanın aparıcı ölkələrinin aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu. 1995–ci ilin noyabrın 12–də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf perspektivlərini müəyyənləşdirdi, insan hüquq və azadlıqlarını dövlətin ali məqsədi olduğunu təsbit etdi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə demokratik–hüquqi, dünyəvi dövlət quruculuğu prosesi üçün hüquqi baza yaratdı və onun daha sürətli inkişafına təkan verdi. Ölkəmizdə 1998–ci ildən ölüm hökmü tamamilə ləğv edildi. Yüksək humanizmə söykənən bu cəsarətli addım Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi və 2001–ci ilin 25 yanvarında müstəqil respublikamız Avropa Şurasına bərabərhüquqlu üzv kimi qəbul edildi. Konstitusiyanın qəbulundan sonra ölkədə çoxpartiyalı sistem, siyasi pluralizm, söz azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə–hüquq islahatları uğurla davam etdirilmişdir. Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması da demokratik inkişaf yolunda qazanılmış ən mühüm nailiyyətlərdəndir.
Ölkənin müsbət beynəlxalq imicinin formalaşmasında, milli diaspor hərəkatının geniş vüsət almasında Heydər Əliyevin əvəzsiz xidmətləri olmuş, bu önəmli sahəyə xüsusi diqqətlə yanaşmışdır. Böyük strateq və müdrik siyasətçi olan Heydər Əliyev öz çıxışlarında həmişə xüsusi qeyd edirdi ki, xarici ölkələrdə güclü diaspor və lobbi formalaşdırılmadan xarici siyasətdə qarşıya qoyulmuş strateji hədəflərə çatmaq, milli maraq və mənafeləri beynəlxalq müstəvidə layiqincə müdafiə etmək mümkün deyildir. Bu vacib iş Azərbaycanın apardığı xarici siyasəinin prioritet istiqamətlərindən olmuş, ulu öndər müxtəlif ölkələrə səfərləri zamanı soydaşlarımızla olan görüşlərdə milli diaspor təşkilatının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini həmişə xüsusi vurğulamış və önə çəkmişdir.
Dövlətçiliyimizin tarixində xüsusi yeri olan ümummilli liderimizin fəaliyyəti öz mahiyyəti və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox–çox kənara çıxar. Görkəmli siyasi xadimlər Heydər Əliyevi bəşəri miqyaslı lider adlandırıblar.
Dünyanın görkəmli siyasi, ictimai xadimləri Heydər Əliyevi dünya siyasətinə təsir etməyə qadir və ən aktual çağırışlara cavab verən, tarixi perspektivləri qabaqcadan görən, ən mürəkkəb vəziyyətlərdə yeganə düzgün qərarlar qəbul etməyi bacaran çox nadir şəxsiyyət kimi qiymətləndiriblər. Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Heydər Əliyevin adı bu gün bölgədə və dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir”.
Ümummilli liderimizin təşəbbüsü və diqqəti sayəsində ölkə rabitəsinin də inkişafı, onun dünya rabitə sistemində öz layiqli yerini tutması, informasiya–kommunikasiya texnologiyaları kompleksinin müasir standartlara uyğunlaşdırılması üçün islahatlar aparılmış, genişmiqyaslı layihələr həyata keçirilmişdir. Heydər Əliyevin 2003–cü ildə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya–kommunikasiya (İKT) üzrə (2003–2012–ci illər) Milli Strategiya” respublikanın rabitə sistemində intibaha səbəb oldu. Beləliklə, telekommunikasiya texnologiyaları sektorunun inkişafı geniş vüsət aldı. Bu siyasi kurs hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla aparılır. Bu gün ölkə rabitəsi dünya rabitə sisteminə uğurla inteqrasiya edib və dünyada rabitənin inkişaf səviyyəsinə görə öncül mövqedə dayanır. Ölkə Prezidentinin bu mühüm sahəyə diqqət və qayğısının bariz nümunəsidir ki, 2013–cü ili Azərbaycanda “İnformasiya–kommunikasiya texnologiyaları ili” elan edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndər Heydər Əliyevin 90 ililk yubileyinin təntənə ilə qeyd olunması haqda imzaladığı sərəncam dövlətimizin, Azərbaycan xalqının əbədiyaşar rəhbərimizə olan dərin məhəbbətinin, onun öz xalqı qarşısında gördükləri möhtəşəm işlərə verdikləri qiymətin əyani təzahürüdür. Ölkəmizdə bu gün böyük öndərin ideyaları yaşayır və uğurla həyata keçirilir. Xalqımız öz böyük oğlunun nurlu xatirəsini daim hörmət hissi ilə yad edir. Hər kəs əmindir ki, Heydər Əliyev yolunun alternativi yoxdur və bu yol xalqımızı yeni–yeni uğurlara, qələbələrə, zəfərlərə aparır.
Vəli ƏLİYEV,
“Azərpoçt” MMC–nin
6 saylı poçt filialının rəisi
Respublika.- 2013.- 7 aprel.- S. 2.