Tibbi xidmətin səviyyəsi yüksəlir

 

7 aprel Ümumdünya Sağlamlıq Günüdür

 

Ölkəmizdə əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Bu, həyata keçirilən sosial–iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Son illərdə gerçəkləşən, sosial–iqtisadi həyatın bütün sahələrini əhatə edən köklü islahatlar proqramı səhiyyə sistemində maddi–texniki bazasının möhkəmləndirilməsinə, əhaliyə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılmasına şərait yaratmışdır. Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində ölkəmizin bütün regionlarında müasir tələblərə cavab verən tibb ocaqları yaradılmış və bu sahədə kadr potensialı gücləndirilmişdir.

Bu gün Ümumdünya Sağlamlıq Günüdür. Vurğulamaq lazımdır ki, paytaxtımızın qabaqcıl tibb ocaqlarından sayılan “Qələndər” klinikasının kollektivi ənənəvi Ümumdünya Sağlamlıq gününü yüksək əhval–ruhiyyə ilə uğurlu nəticələrlə qeyd edirlər. 2006–cı ildən fəaliyyətə başlayan klinikaya bacarıqlı tibb işçisi kimi tanınan Beynəlxalq Plastik Reokonstruktiv Cərrahlar Assosiasiyasının idarə heyətinin üzvü Vaqif Qələndər başçılıq edir. Biz klinikanın rəhbəri ilə söhbət edərkən müsahibimiz Ümumdünya Sağlamlıq Günü münasibətilə bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

 

—1950–ci ildən bəri hər il aprel ayının 7–də Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Səhiyyə sahəsində maddi–texniki baza durmadan möhkəmlənir, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi durmadan yaxşılaşır. Səhiyyə işçilərinin qarşısında çox böyük və məsul vəzifələr qoyulub. Dövlətimizin ali məqsədi insan amilidir. Onun sağlamlığı da sağlam nəsil yetişdirilməsi də Dövlət Proqramında açıq–aydın göstərilmişdir.

Vurğulamaq lazımdır ki, rəhbəri olduğum klinikada plastik və reokonstruktiv əməliyyatlar aparılır. Hər gün müxtəlif ünvanlardan klinikaya onlarca insan gəlir. Kollektivimizin üzvləri çalışırlar ki, müayinə və müalicə dünya standartları səviyyəsində həyata keçirilsin, insanların sağlamlığı qorunub saxlanılsın. Tibb işçilərimiz həmişə qürur hissi keçirir, ona görə ki, əməliyyat məqsədilə klinikaya yolu düşən xəstələr buradan xoş təəssüratla ayrılır, ağ xalatlıların xidmətindən razılıqla danışırlar.

Azərbaycan səhiyyəsinin inkişafına layiqli töhfələr verdiyimizə görə müxtəlif televiziya kanallarında və eləcə də mətbuatda klinikanın fəaliyyətinə plastik reokonstruktiv əməliyyatların yüksək səviyyədə keçirilməsinə geniş yer ayrılır.

Qeyd etmək lazımdır ki, klinika fəaliyyətə başlayandan indiyədək mütəmadi olaraq Heydər Əliyev Fondu tərəfindən reokonstruktiv əməliyyatlara ehtiyacı olan xəstələr klinikaya göndərilir. Onların müayinə və müalicəsi cərrahiyyə əməliyyatları müasir tələblər səviyyəsində həyata keçirilir. Hazırda bu iş uğurla davam etdirilir.

Fəxrlə demək olar ki, “Qələndər” klinikasında yüksək səviyyədə həyata keçirilən cərrahiyyə üsulu artıq Azərbaycanın hüdudlarından çox–çox uzaqlarda dünya səviyyəsində tətbiq edilir. Şübhəsiz ki, bu da Azərbaycan səhiyyəsinin uğurlu nəticələrə imza atmasından xəbər verir.

“Qələndər” klinikasının rəhbəri, Beynəlxalq Plastik və Reokonstruktiv Cərrahlar Assosiasiyası idarə heyətinin üzvü kimi 2013–cü il fevralın 24–dən martın 1–dək Cənubi Amerikanın Santyaqo şəhərində keçirilən 17–ci “İPRAS” konqresində iştirak etdim. Bu mötəbər məclisdə Cənubi Azərbaycandan yalnız Azərbaycanın nümayəndəsi kimi mən iştirak edirdim. Dünyanın 103 ölkəsinin nümayəndəsi olan konqres çox yüksək səviyyədə keçdi. Çıxışım konqres iştirakçıları tərəfindən razılıqla qarşılandı. Toplantı keçirilən salonda Azərbaycan bayrağı da dalğalanırdı.

Plastik və Reokonstruktiv əməliyyatlara dair Azərbaycandakı cərrahiyyə üsulu artıq Yaponiya və Braziliyada istifadə olunur. Məhz buna görə də konqresdə iştirak edən braziliyalı professor Gülherm Kardinal Barrum Azərbaycan səhiyyəsinin uğurundan iftixarla danışdı və bildirdi ki, Azərbaycandakı cərrahiyyə üsulu Braziliyada 48 xəstə üzərində tətbiq olunmuşdur. Bu isə müsbət nəticə vermişdir.

Santyaqoda keçirilən konqresdə braziliyalı professor səhiyyə sahəsində Azərbaycanın qazandığı böyük uğura görə Beynəlxalq Plastik və Reokonstruktiv Cərrahlar Assosiasiyası idarə heyətinin üzvü kimi məni Braziliya Tibb Universitetinə dəvət etdi. Bu Azərbaycan səhiyyəsi üçün çox böyük uğurdur. Artıq XXI əsrdə bizim təcrübə dünyada tətbiq olunur.

Kollektivimiz Ümumdünya Sağlamlıq gününü uğurlu nəticələrlə qeyd edir. Şübhəsiz ki, ölkəmizdə Prezident İlham Əliyevin titanik səyi nəticəsində səhiyyə islahatları uğurla davam etdiriləcək, rəhbəri olduğum klinikada plastik və reokonstruktiv əməliyyatlar yüksək səviyyədə həyata keçiriləcəkdir.

 

 

Qədir ASLAN

 

Respublika.- 2013.- 7 aprel.- S. 4.