Fəlsəfi təfəkkür
ustadı Heydər Hüseynov
Həyatımda qəribə səhifələr və maraqlı insanlarla görüşlər az olmayıb. Adamların bir qismi ilə aylarla, hətta illərlə bir sahədə işlədiyimizə, tez–tez görüşdüyümüzə baxmayaraq, elə bir gün gəlib ki, yollarımız ayrılıb, həyatın gözlənilməz fırtınaları onları bir tərəfə, məni başqa bir tərəfə atıb. İlk ayrılıq dövründə yazışmışıq. Lakin vaxt keçdikcə, bu yazışmalar da azalmış və nəhayət, tamam kəsilmişdir. Yeni tanışlarla, yeni həmkarlarla işləməli olmuşuq.
Müəyyən müddət sonra əvvəlki tanışların bir qismi xəyalımda dumanlanmağa başlamış və nəhayət, tamam silinib getmişdir. Onlardan bəziləri ilə indi də ara–sıra rastlaşıram. Maraqlı orasıdır ki, bir parasını dərhal xatırlayıram, bir parasını isə yox. Həssas adamlar bunu o saat hiss edir və soruşur: “deyən məni tanımadın, filan idarədə, filan vaxt bir yerdə işləmişik, yadına düşdümü?”
Vallah, yadıma düşmür, “yox” deməyə də dilim gəlmir, susuram. Qərəz, sorğu–sualla vəziyyətdən çıxır və şirin söhbətə başlayırıq. Onu da deyim ki, keçmiş tanışlarım hamısı yaddan çıxmır. Surətləri heç vaxt xəyalımın aynasından solub getmir.
Nə üçün, səbəb nədir? Axı insanları biri–birindən fərqləndirən şəxsi xüsusiyyətləridir. Xasiyyəti, təbiəti parlaq olan adamlar hələm–hələm unudulmur. Onlar ilk görüşdəncə adama güclü təsir bağışlayır, yaddaşa daxil olur. Bu baxımdan Heydər Hüseynov həyat yollarında rast gəlib, tanış olduğum ən parlaq şəxsiyyətlərdən biridir. Mən onun iti zehninə, dərin idrakına, geniş ürəyinə və gözəl təbiətinə, mənəvi ucalığına valeh idim. Otuzuncu illərin əvvəllərində tale bizi rastlaşdırmışdı.
O illər isə ölkənin həyatında maraqlı və ziddiyyətli illərdən idi. Sosializm uğrunda, yeni həyat, yeni iqtisadiyyat və yeni sənaye uğrunda qızğın mübarizə gedirdi. Lakin bu mübarizə çox ziddiyyətli idi. Bir müddət sonra kütləvi repressiyalar, “xalq düşməni” adı ilə milyonlarla insanların həbsi, sürgünləri, məhv edilməsi ilə nəticələnən ictimai, siyasi irtica baş qaldırmaqda idi. O dövrdə biz gəncləri ən çox narahat edən və yadımızda qalan kəndlərdə baş verən qanlı hadisələr idi. “Qolçomaq” adı ilə yüz minlərlə insanların sürgünlərə göndərilməsi idi.
Elə o zamanda ölkədə başlanmış sənaye və mədəni yüksəliş Stalinin adı ilə bağlandığından həbslər, sürgünlər xalqa zidd hadisələr kimi qələmə verildiyindən biz gəncləri çox zaman çaşdırırdı, rəyimizi açıq bildirməkdən çəkindirirdi. Ancaq bir–birinə çox yaxın olan, ürəkdən biri–birinə inanan gənclər öz aralarında düşündüklərini deməkdən çəkinmirdilər və əlbəttə, bəziləri hec vaxt unudulmurdu. Heydər Hüseynov, Səməd Vurğun, Rəsul Rza, Ənvər Məmmədxanlı, Mikayıl Müşfiq belələrindən idi. Mən də onlardan idim.
Ancaq bizi çaşdıran, tərəddüdə salan o idi ki, həmin dövrdə respublikalarımızın mədəni inkişaf cəhətdən iri addımlar atdığı sevindirici hadisə idi. Axı o zaman bizim respublikamızın nə Akademiyası, nə də Ümumittifaq Akademiyasının Azərbaycan filialı vardı. Ən uca ali mərkəz Azərbaycan Dövlət Elmi–Tədqiqat İnstitutu idi. (Rusca ixtisarla “AZQ–ni adlanırdı”).
O, şəhərimizin ən gözəl binasında yerləşirdi. Memarlıq cəhətdən keçmişin nadir yadigarlarından olan bu bina bizə çox doğma idi. Biz orada oxuyurduq. İndi o, Elmlər Akademiyamızın baş binasıdır. Bizim elmi kadrlarımızın yetişməsində bu bina və oradakı indicə adını çəkdiyim Azərbaycan Dövlət Elmi–Tədqiqat İnstitutu çox böyük rol oynamışdır.
İyirminci illərin sonu, otuzuncu illərin əvvəllərindən başlayaraq Azərbaycan gənclərinin elmi tədqiqata cəlb olunmasında onun necə böyük rol oynadığını o dövrün ziyalıları yaxşı xatırlayırlar. Bu, təsadüfi deyil, Azərbaycanda Sovet hakimiyyəti qurulan gündən bizim yeni yetkin dövrümüzə qədər Nəriman Nərimanov başda olmaqla savadsızlığın aradan qaldırılmasına, xalq arasında maarifin, mədəniyyətin yayılmasına və inkişafına çox böyük fikir verilirdi. Söz yox ki, bu uca qayə Azərbaycanın maarifpərvər, inqilabçı–demokrat adamlarının çoxdankı arzusu idi. Bizdə maarifpərvərliyin rişələri əsrlərin ictimai, elmi, mədəni cərəyanlarından su içirdi. Ancaq danışdığım yaxşı, mədəni təşəbbüslər yavaş–yavaş Stalinin adına yazılmaqda idi.
Təsadüfi deyil ki, Azərbaycan Dövlət Elmi–Tədqiqat İnstitutu iyirminci–otuzuncu illərin istedadlı gənclərini maqnit kimi özünə çəkirdi. Bu institutun həm ikiillik hazırlıq kursları, həm də aspiranturası vardı. Ali təhsili olan gənclər aspiranturaya, orta təhsillilər isə hazırlıq kurslarına qəbul olunurdu. Heydər Hüseynov, Məmməd Arif, onun həyat yoldaşı Zümrüd xanım və ali təhsilli bir sıra başqa gənclər aspiranturada oxuyurdular.
Mən Lassal Texnikumunu bitirdikdən sonra bir müddət mədənlərdə qazma buruğunda işləyib, həmin institutun hazırlıq kurslarına qəbul olundum. Heydər Hüseynovla, Məmməd Ariflə, Rəsul Rza ilə, Səməd Vurğunla tanışlığım da bu dövrdə başlandı. O zaman mənim ilk hekayə və şeirlərim mətbuatda çap olunduğundan Heydər Hüseynov birinci görüşümüzdəcə ədəbiyyatdan söhbət saldı:
—Yazıçılıq, şairlik böyük sənətdir!—deyib, gözümün içinə baxdı və əlavə etdi—böyük də əmək, istedad və qabiliyyət istəyir!
Bu sətirləri yazıram və xəyal məni o dövrə aparır. Axı onda Heydərə heç bir söz demədim. Çünki heyrət məni almışdı. İlk qələm təcrübələrimin kiminsə diqqətini cəlb edə biləcəyi barədə düşünməmişdim. Ancaq bu yadımdadır ki, biz, yəni o dövrün gəncləri oxumağı çox sevirdik. “İnqilab və mədəniyyət” jurnalının növbəti nömrəsini səbirsizliklə gözlər və aldıqdan sonra vaxt tapıb oxuyardıq.
Bizim nəsil arı güllərin, çiçəklərin şirəsini soran kimi mətbuatı, kitabları oxuyur və öz aramızda müzakirə edərdik. Mən indiki gənclərin böyük bir qisminin bu gözəl ənənəni davam etdirdiyini görür və sevinirəm, sevinirəm ki, onlar bizim dövrdəkindən qat–qat artıq çap olunan mətbuatı və kitabları nəinki mütaliə edir, həm də oxuduqları barədə rəylərini bildirir, qəzetlərə, jurnallara məqalələr yazırlar.
Heydər Hüseynovu mən bu cəhətdən yeni nəsillərə nümunə sayıram. O zaman mənə elə gəlirdi ki, o, ömrünün bir saatını belə boş keçirmir—oxuyur, düşünür, yazırdı. O, həm filosof, həm də ədəbiyyatşünas idi. Əslinə baxanda burada təəccüblü bir şey yoxdur. Neçə dəfə onunla bu barədə söhbət etmişdik. O deyirdi: fəlsəfə elmini özünə əsas ixtisas seçən bir adam bədii ədəbiyyatsız keçinə bilməz. Çünki obrazlı təvəkkürü cəmiyyətin həyatına nüfuz etmədən, fəlsəfi təfəkkürsüz təsəvvürə gətirmək mümkün deyil. Bədii əsərlərin zəifliyini, uca zirvələrə qalxa bilməməsini müəllifin dayaz, səthi idrakı ilə izah edənlər məncə haqlıdırlar.
Heydər Hüseynov yaradıcılıqla və insanın ruhi inkişafında səmimiyyətin, mənəvi saflığın rolunu ayrıca qeyd edirdi. Bir dəfə biz Kommunist küçəsilə üzü aşağı gedərkən Heydər bu barədə söz saldı: İnsan üçün düzlükdən uca heç şey yoxdur!—dedi. Mən fikri gizlətməyi, bir şey düşünüb, başqa şey deməyi rəzalət hesab edirəm! Yadıma Nərimanovun sözləri düşür: Amandır, heç vaxt ağa qara, qaraya ağ deməyin!..
Artıq bizim aramızda ünsiyyət əmələ gəlmişdi, yəni biri–birinə inam yaranmışdı.
Heydər Nərimanovdan Zərdabiyə, Zakirə, Vaqifə keçdi. Məlumdur ki, o klassik ədəbiyyatımızı sevirdi, müntəzəm mütaliə və tədqiq edirdi. O barədə yazıları da diqqətəlayiq idi.
Heydər yorulmadan təkrar edirdi: ədəbiyyat və fəlsəfə daim vəhdətdədir. Haqlı idi Heydər: Mirzə Fətəli Axundov, Belinski kimi böyük şəxsiyyətləri yadımıza salaq.
Onların ədəbi əsərləri və cərəyanları tədqiq edən məqalələri məgər fəlsəfi fikirlərlə parlamayırlar? Parlayırlar! Ən yaxşı əsərlər, bədii–estetik problemlərə həsr olunmuş yazılar fəlsəfi mündəricəsi ilə də oxucunu cəzb edir və idrakı zirvələrə qaldırırlar. Dünyada elə bir klassik sənət nümunəsi, elə bir xalq ədəbiyyatı yoxdur ki, öz fəlsəfi mənaları, çalarları ilə oxucu ürəyini fəth etməsin. Təsadüfi deyil ki, bir sıra xalqların keçən əsrlərdə yaranmış bədii əsərləri yalnız estetik cəhətdən deyil, fəlsəfi cəhətdən də dolğundur və mənsub olduğu xalqın fəlsəfi fikrinin tarixini öyrənmək üçün etibarlı mənbə hesab edilir.
Heydər Hüseynovu ədəbiyyata çəkən keyfiyyətləri araşdırarkən bir xüsusiyyəti gözdən qaçırmaq olmaz: Onun fəlsəfi tədqiqatları bədii gözəlliklə, ədəbi–tənqidi məqalələri fəlsəfi fikirlərlə aşılanmışdır. Otuzuncu illərdə bu, ədəbi–fəlsəfi həyatımızda maraqlı olduğu qədər də nadir hadisə idi. Axı ayrıca bir elm olaraq müasir fəlsəfi fikrimiz yeni–yeni qanadlanır və real ictimai həyatı tədqiq edir, insanın psixoloji aləmini araşdırmağa böyük həvəs göstərirdi.
Bu cəhətdən də o dövr fəlsəfi fikrə qida verirdi: Adamların müxtəlifliyi, xüsusən yuxarı dövlət və partiya işçilərinin çoxçalarlılığı nəzəri cəlb edirdi.
O illəri xatırlayanda xüsusən rəhbər işçilərin tez–tez dəyişdiyi yadıma düşür. Dörd–beş ildə Mərkəzi Komitə katibləri az qala elə o qədər də təzələnmişdi. Bu qeyri–sabitliyin gündəlik işə və həyata necə təsir etdiyini təsəvvürə gətirmək o qədər də çətin deyil.
1931–32–ci illərdə Mircəfər Bağırovun respublika Xalq Komissarları Sovetinə və çox tezliklə Mərkəzi Komitənin birinci katibi vəzifəsinə keçməsilə respublikada vəziyyət sürətlə dəyişməyə başladı. Hələ o zaman xalq arasında onun haqqında çox və olduqca da ziddiyyətli sözlər gəzirdi: Bir yandan güclü, iradəli, təcrübəli, bacarıqlı adam olduğundan, o biri yandan da amansızlığından, despotik təbiətindən danışırdılar. Əlbəttə, bizlər də, başqa ziyalılar da, o cümlədən Heydər Hüseynov da özümüzü kənar müşahidəçilər kimi aparmırdıq. Ancaq ağzımızı da boşuna qoymamışdıq: izləyir, müşahidə edir, düşünür, öz aramızda fikir mübadiləsi aparırdıq. Buna görə də o yeni katibin mənliyi, təbiəti, insani keyfiyyətləri barədə yeri düşdükcə və ehtiyatla müəyyən fikirlər söyləyirdi. Onu və bizim hamımızı ən çox narahat edən katibin necə adam olması idi.
Heydər Hüseynovun çox geniş maraq dairəsi vardı. O, Azərbaycan ədəbiyyatı və mədəniyyətini qədimlərdən bizim günlərə qədər öyrənir, araşdırır və bu barədə ümumən elmi, ədəbi fikrimizə istiqamət verən mülahizələr söyləyir, məqalələr çap etdirirdi. Yəni Bağırovun fəaliyyətinin böyük bir dövründə o, diqqətini məhz fəlsəfi və ədəbi problemlərə vermişdi. Bəlkə bu zahirən belə idi. Əslində də onun belə mülahizələri daha çox idi. 1945–ci ildə “Azərnəşr”də çap etdirdiyi “Ədəbi qeydlər” kitabında yazırdı: “xalqımızın əsrlər boyu inkişaf edib gələn qədim bir mədəniyyət və ədəbiyyat tarixi vardır. Ədəbiyyatımız, həmişə xalqımızın ümumi inkişaf səviyyəsini, mədəniyyətini, məişətini, mənəvi aləmini əks etdirən bir güzgü olmuşdur.
Çox gözəl fikirdir! Bu fikir onun bütün yaradıcılığına istiqamət vermiş, həm də onun necə hərarətli, ağıllı, müdrik bir alim, vətənpərvər olduğunu göstərmişdir. Heydər Hüseynovun bu axtarışlar yolunda gəldiyi nəticələr səciyyəvi və maraqlıdır. Ədəbi əsərlərimizdə fəlsəfi çalarları o, inandırıcı məntiqlə qiymətləndirərək yazırdı: “Xalqımızın yüksək bəşəri ideyaları, fəlsəfi fikirləri ədəbi əsərlərimizdə hifz edilmiş, qərinələrdən–qərinələrə, nəsillərdən–nəsillərə ən böyük bir hədiyyə olaraq qalmışdır. Ədəbiyyatımızda xalqımızın duyğu və arzularının, nisgil və kədərlərinin, mübarizə və qələbələrinin abidələri əbədiləşdirilmişdir. Buna görə də ədəbiyyatımız xalqımızın iftixarıdır” (“Ədəbi qeydlər” kitabı).
Daha sonra ədəbi məqalələrdə o, böyük iftixar hissilə yazır: “Bizim ədəbiyyatımız əsl mahiyyəti etibarilə fəlsəfi fikir və hökmlərlə zəngin bir ədəbiyyatdır”.
Heydər Hüseynovun keçdiyi yol əməklə açılmışdı. Onun şüurlu həyat yolu, fəlsəfi, ədəbi axtarışları, tapıntıları ona ziyalıların və bütün xalqın ürəyində dərin məhəbbət oyatmışdı. Fəlsəfədən, estetikadan söz düşəndə Heydər Hüseynov təkrarən qeyd edirdi ki, insan düşüncəsinin, insan ağlının ən yüksək forması fəlsəfi təfəkkürdür.
Heydər Hüseynov bu gərdişləri müdafiə etməkdə haqlı idi. Şəxsən mən bu fikirdəyəm ki, fəlsəfə həyatı, varlığın, idrakın mürəkkəb və çoxcəhətli təzahürlərüni qavrayıb şərh edən, sirli cəhətlərini və mahiyyətini açıb göstərən bir elmdir. Bu elm, bu idrak məşəli olmasaydı, min illər ərzində, həyat təcrübəsində, əmək prosesində açılmış, dərk olunmuş sirlər əbədilik qaranlıqda qalardı. Bu, heç də o demək deyil ki, insan artıq hər şeyi dərk etmişdir. Həyatın, təbiətin və insanın özünün varlığındakı bütün sirlər kəşf olunub qurtarmışdır. Heç də yox! Bizim daxili və xarici aləmimizdə hələ açılmamış sirlər gizlənir. Filosoflar çoxdan deyiblər ki, insan şüuru nə qədər kəşflər edir–etsin, fəlsəfi təfəkkür obyektiv aləmin nə qədər sirlərini açır–açsın, yenə çox şeylər, çox keyfiyyətlər öz yeni kəşfiyyatçılarını gözləyəcəkdir. Buna görə də “mütləq həqiqətin” dərkolunmazlığı barədə fikir yaşayır və yaşayacaq.
Heydərin inamlarından biri də bu idi ki, fəlsəfə ayrıca bir elm kimi mövcud olduğu halda başqa elmlərə də sirayət etmişdir. Buna görə də bir çox ölkələrdə bədii təfəkkür də və bu təfəkkürün hisslərindən olan ədəbiyyatın müxtəlif janrlarında nəzəriyyəçilər, həqiqət axtaranlar daim fəlsəfi fikirlərə rast gəlmiş və gəlirlər. Daha doğrusu, bir çox ölkələr var ki, onların qədim mədəniyyətində uzun müddət fəlsəfə mükəmməl, sistemli bir elm kimi inkişaf etməmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, fəlsəfi fikirlər həmin ölkələrin ədəbi əsərlərinə, o cümlədən folkloruna səpələnmiş, orada dərin izlər buraxmışdır.
Azərbaycanın qədim əsrlər mədəniyyətində, ədəbiyyatında, Məhsəti, Xaqani, Nizami yaradıcılığında dərin fəlsəfi fikirlər estetik–bədii xüsusiyyətlərlə birlikdə tədqiq olunmuşdur. Nəsimi, Füzuli əsərlərində isə fəlsəfi fikirlər sistem təşkil edir və bir sıra tədqiqatlarda, o cümlədən Heydərin yazılarında onlar elə bu cür də təhlil olunur.
Elmin müxtəlif sahələrində, ictimai məsələlərdə, insani xüsusiyyətlər və sənətlərdə görkəmli alim, həqiqi yaradıcı ixtisas sahibi olmaq, əlbəttə, böyük şərəfdir. Belələrinin içində insanlığı, mənəvi paklığı ilə seçilən adamlar ikiqat şərəflidir. Heydər Hüseynovda bu keyfiyyətlər hər an gözə dəyir və onu qat–qat şərəfli edirdi.
Bununla əlaqədar olaraq mən bir epizodu qeyd etmədən keçinə bilmirəm. Müharibə illəri idi. Heydər bütün varlığı ilə sovet xalqının qəhrəmanlığından ilham alır və Hitler kimi yırtıcının məğlubiyyətinə qəti inamla deyirdi: Bu cür vəhşi, heyvan adam uzun müddət meydan sulaya bilməz. Sən onun çıxışlarına diqqət et: Üz–gözündən zəhrimar tökülür, danışığı, əl–qol atması hər dəfə məndə belə təsir oyadır ki, o insan deyil, yırtıcı canavardır.
Heydər hər məsələdə ürəyiaçıq,
alicənab adam idi. Yazılarında
da o, monumentallığa meyil edirdi. Məlumdur ki, o zaman
sırf fəlsəfi məzmunu ilə seçilən orijinal əsərlərimiz
yox idi. Bu yolda ilk sanballı əsərlər yaradan Heydər
Hüseynov olmuşdur. O, böyük istedad idi, ilk ehtiraslı
tədqiqatlarında Azərbaycan xalqının ictimai fikir
tarixini böyük klassiklərimizin əsərləri ilə
üzvi vəhdətdə araşdırırdı. Bu
addımlar onun elmi fəaliyyətini ümumbəşər fəlsəfi
xəzinəsini öyrənib tədqiq etmək kimi geniş
yola gətirib çıxardı. Nəticədə o
zamanın və elmin vacib tələblərinə cavab verən,
Nizaminin “İqbalnamə”si, Həsənbəy Zərdabi, Səməd
Vurğun, Süleyman Rüstəm barədə məqalələrlə
yanaşı, monumental elmi–tədqiqat əsəri olan “XIX əsr
Azərbaycan ictimai və fəlsəfi fikri tarixi”ndən ibarət
kitabı yaratdı. Humanizm bu kitabın şah damarıdır
desək, yanılmarıq. O, müəllifə böyük
şöhrət qazandırmaqla yanaşı, həyatında
və taleyində uğursuz rol oynadı.
Dediyimiz
kitab nəinki Azərbaycanın, həm də bütün
İttifaqımızın elm aləmində, kitabsevərlər
dünyasında hərarətlə qarşılandı, hər
yerdə onun elmi cəhətdən çox dəyərli
olduğundan danışırdılar. Məşhur şərqşünas
alim, akademik Kraçkovski müəllifə göndərdiyi məktubda
bu kitaba çox böyük qiymət verərək
yazırdı: “Burada bizim XIX əsrdə şərqşünaslıq
tariximizin bir çox məsələləri qeyd
edilmişdir”.
Bu kitab
haqqında müsbət fikirlər yayıldığı
zaman mən Moskvada idim. Bir gün dedilər ki, Aleksandr Fadeyev məni
görmək istəyir. O, həm SSRİ Yazıçılar
Təşkilatının, həm də Stalin mükafatlar komitəsinin
sədri idi. Mən də həmin komitənin üzvü
olduğumdan Fadeyev görüşümüz zamanı
özünəməxsus bir işgüzarlıqla söhbəti
əsas məsələdən, yəni Heydər Hüseynovun
kitabından başladı. Onun çox mənalı və
qiymətli tədqiqat əsəri olduğunu və Stalin
mükafatına irəli sürmək istədiyini bildirib mənim
rəyimi soruşdu. Söz yox ki, bu fikir mənə də
xoş gəldi və sevinclə dedim ki, əla fikirdir. O zaman
mənim ağlıma gəlməzdi ki, bu təklif kimə və
ya kimlərə isə xoş gəlməyə bilər.
Demə mən
yanılmırammış, həmin kitabın yüksək
rütbəli bədxahları rahat otura bilmirmişlər. Elə
ki kitabı SSRİ Yazıçılar İttifaqı
dövlət mükafatına irəli sürdü,
respublikanın rəhbər təşkilatları əvvəlcə
buna etiraz etmədilər. Mükafatlar Komitəsində
müzakirə zamanı danışanların hamısı
kitabı təriflədilər. Və o, həm açıq,
həm də gizli səsvermədə əksəriyyətin səsilə
mükafata layiq görüldü. Bu münasibətlə Heydər
Hüseynovu təbrik edənlər saysız–hesabsız idi.
Lakin…
Lakin
“yuxarı” susurdu.
Nə
üçün, nə səbəbə? Məlum deyildi. Mən
Bakıya qayıtdıqda anlaşılmaz bir vəziyyətə
rast gəldim. Heydər Hüseynovun adı gələndə
mükafata layiq görülmüş kitabından söz
düşəndə ən xeyirxah adamlar belə tutulur,
eyhamlı sözlərlə danışığa son qoyurdular.
Bu hadisələr
zamanı çox çəkmədən bütün bu
ağır vəziyyəti yaradanın Bağırov
özü olduğu meydana çıxdı. Artıq
eyhamlarla, sirli ifadə və hərəkətlərlə
deyil, aydın–açıq sözlərlə bunu
çoxlarından eşidir və qeyri–iradi olaraq təlaş
dolu hisslərə qapılmalı olurdum.
Bir
müddət sonra həmin kitab haqqında filarmoniyada geniş
iclas keçirildi və orada Bağırov müəllifin
Şeyx Şamil haqqındakı müsbət fikirlərini bəhanə
edərək ona hücum etdi. Şamili isə xarici dövlətlərə
casusluqda, panislamizmdə, pantürkizmdə təqsirləndirdi.
Əlbəttə, bu gözlənilməz və dəhşətli
fırtına kitabın müəllifi Heydər Hüseynovu
sarsıtmaya bilməzdi. Onun həyatının ən
ağır dövrü başlamışdı. Bu dövr təkcə
Heydər Hüseynov üçün deyil, hamı
üçün ağır və gözlənilməz fəciələrlə
hamilə olan bir dövr idi, şəxsiyyətə pərəstişin
amansız dalğalarının gah yatdığı, gah da qəfildən
ölkənin müxtəlif güşələrində
tüğyan etdiyi bu dövrdəki faciələri saymaqla
qurtaran deyil. Axı yüz minlərlə insanın həyatını
məhv etmiş şəxsiyyətə pərəstişin
fırtınaları qarşısında Heydər Hüseynov
nə edə bilərdi? Şəxsi ləyaqətini saxlamaq,
vicdanını qara ləkələrdən qorumaq onun
bütün varlığını bürümüş hisslər
idi… Belə bir sual ortaya cıxır: nə üçün
Bağırov Heydər Hüseynovu belə əsassız və
ağır ittihamlara, dözülməz zərbələrə
məhkum etmişdi? Görünür bunun kökləri dərinlərdə
idi: Həm Bağırovun, həm də Heydər Hüseynovun
təbiətlərinin biri–birinə zidd olan keyfiyyətlərində
idi, tale düşüncəsi ilə biri–birinə zidd iki
adamı üzləşdirmişdi: Biri müstəbid,
despotik, şöhrətpərəst, o biri humanist, insanpərvər,
ədalətli iki qütbün adamları.
Mənim
taleyim elə gətirmişdi ki, şəxsiyyətə pərəstişin
müəyyən dövrlərində Bakıdan və Azərbaycandan
kənarlarda—1933–35–də Naxçıvanda “Sürət” qəzetinin
redaktoru. 1935–37–də Leninqradda SSRİ Elmlər Akademiyası
Şərqşünaslıq İnstitutunun aspirantı işləməli
olmuşdum: 1937–ci ilin axırlarında məni Bakıya
çağırıb Opera Teatrının direktoru,
iki–üç ay sonra isə eyni zamanda İncəsənət
İşlər İdarəsinin rəisi vəzifəsinə
təyin etdilər. Bu zaman teatr və filarmoniya Moskvada birinci Azərbaycan
incəsənəti dekadasına çox qızğın
hazırlaşırdı. O illərin müşahidələrinə
əsasən deyə bilərəm ki, Bağırov çox
mürəkkəb və ziddiyyətli adam idi. Onun əməlləri
və fəaliyyəti yalnız mənfiliklərdən, ədalətsizlikdən
və amansızlıqdan ibarət deyildi. Müsbət, məhsuldar
və ədalətli işləri inkar etməkdə həqiqətən
uzaqdır. Bu münasibətlə bir neçə faktı
xatırlamaq istəyirəm: 1937–ci ilin noyabr ayında məşhur
səhnə ustamız Mirzəağa Əliyev idarəyə,
mənim yanıma gəldi və öz ağır vəziyyətini
göz yaşı içində mənə nəql etdi: onu,
Fatma Qədrini, Möhsün Sənanini rəsmi əmrlə
/Xalq düşməni kimi!/ teatrdan xaric etmişdilər və
onlar səyyar kəndli teatrında işləməyə məcbur
olmuşdular.
O
ağır günlərdən birində məni
Bağırovun yanına çağırdılar: Dekadaya
hazırlığın gedişi ilə maraqlandı. Mən məlumat
verdim, ehtiyaclarımızı bildirdim, axırda Mirzəağa
Əliyevin dediklərini ona danışdım:
Fikrin, təklifin
nədir?—dedi.
—Artistləri
işə bərpa etmək, dekadaya hazırlıqda
ehtiyaclarımızı ödəmək!
Son
xahişim barədə o dövlət telefonu ilə xalq
komissarları sovetinə və ticarət nazirinə göstəriş
verib mənə dedi:
—Sabah
teatr kollektivini yığıb dediyin artistlərin
üçünü də işə bərpa edərsən.
Başa düşdün?
—Bəli,
çox razıyam!—deyib kabinetdən çıxdım.
Sonralar
Mirzəağa Əliyev də, Fatma Qədiri də,
Möhsün Sənani də dönə–dönə bu barədə
danışar və təşəkkürlərini bildirərdilər…
Əlbəttə,
Bağırovun fəaliyyətində, hərəkətlərində
bu cür cəsarətli… səxavətli əməllərlə
bərabər, mənfi, qəddar, insafsız halları da
unutmaq mümkün deyil. Şəxsiyyətə pərəstişin
yeni tüğyan dövrlərindən biri də 1940–cı illərin
axırlarına təsadüf edir. Məlumdur ki, belə
hallarda adamlar çox zaman tanınmaz və dönük
üzlü oldular. Həmin illərdə Muradelinin “Xalqlar
dostluğu” operasının, “Leninqrad” və “Zvezda”
jurnallarının atəşə tutulması cəmiyyətdə
müxtəlif, həm də çox səhv fikirlər
oyatmışdı. Söz yox ki, yaramaz ənənəyə
uyğun olaraq dərhal bizdə də həm musiqi, həm də
ədəbiyyat aləminə o eyblərə uyğun hallar
“tapdılar”, komissiya yaratdılar. Məlumat hazırlayıb qərar
layihəsi düzəltdilər və məsələni Mərkəzi
Komitənin bürosuna çıxardılar.
Buradakı
rəsmi şəxslərdən, yəni vəzifə sahiblərindən
başqa bir sıra sənət adamları da
çağırılmışdı. İclası
Bağırov aparırdı, yazılı və şifahi məlumatlar
dinlənildikdən sonra müzakirə başladı.
Əsas tənqid
hədəfi də büroya
çağırılmamış Üzeyir Hacıbəyov və
Səməd Vurğun idi. Ağızlar
açılmışdı, kim nə istəyir,
ağlına və dilinə nə gəldi söyləyirdi.
Kimin barəsində? Azərbaycan musiqisi və Azərbaycan
şeirinin şərəfi, şöhrəti olan iki
böyük sənətkar barədə! Bütün bunlara
qulaq asmaq mənəvi əzab və faciə idi. Mən
böyük və uzun stolun sol tərəfində lap ucda
üzü dənizə oturmuşdum. Gah insanın dərdi qədər
nəhayətsiz görünən fəzalara, dənizin
üstündəki ənginliklərə baxır, deyilənləri
eşitməməyə çalışırdım. Gah da
qabağımdakı kağızı müxtəlif cizgilər
və cızmaqara ilə doldururdum.
Sənin
fikrin nədir?
Mən
başımı qaldırıb o yan–bu yana baxdım. Baxdım
gördüm ki, kimdənsə soruşur.
O qəzəblə:
—Ey, hara
baxırsan, səndən soruşuram!—dedi.
Mən
iradəmi toplayıb ayağa durdum. Heç kəsi
görmürəm kimi, dumanlı gözlərimi yumub
açdım və dedim:
—Mən
bilmirəm Üzeyir Hacıbəyov niyə Azərbaycan
xalqının bir nömrəli düşmənidir, bir halda
ki onun “Arşın mal alan”ı bütün dünyada Azərbaycan
xalqını şöhrətləndirir! Hələ
“Koroğlu”nu demirəm: lakin xalqın iki düşməni
“barədə sözlər məni
çaşdırmışdı” fikrimi
dumanlandırmışdı. “Bəlkə bu xəyaldır, məni
qara basır?” — deyib düşündüm. Elə bu zaman
Bağırovun çox sərt və kəskin səsini
eşitdim, onun sözləri ürəyə batan zəhərli
bıçaq təsiri bağışladı.
—Sənin
fikrin nədir?
Həyatda
elə hallar olur ki, adamların üzü dönür, hətta
dostları, yaxınları da dönüklük edirlər.
İndi də mən danışanlara baxdıqca, onların
namərd sözlərini eşitdikcə, belə bir vəziyyət
yarandığını görürəm…
Sözümə
davam etdim:
—Mən
bilmirəm Səməd Vurğun niyə Azərbaycan
xalqının bir nömrəli düşmənidir. Bir halda
ki onun şeirləri hər yerdə Azərbaycanın şərəfini
artırır?!
Bağırov
“ay–hay” eləyib əlini havada yellədi və dedi:
—Otur, sən
də onlardan çox uzağa getməmisən!..
Mən tragikomik
bir əhvalatı da nəql etməklə Heydər
Hüseynovun faciəsinə qayıdacağam: 1941–ci ilin sonu
idi. Cəbhədə və cəbhə arxasında vətənə
xəyanət edənləri cəzalandırmaq haqqında
ölkənin yüksək hakimiyyət orqanının fərmanı
qəzetlərdə təzəcə çap olunmuşdu.
Söz
yox ki, müəyyən təşkilatlar və şəxslər
“ayıqlıq” göstərərək od–alov
yağdırırdılar. Azərbaycanda da vətən xainlərini
üzə çıxarıb cəzalandırmaqla öz “vətənpərvərlik”lərini
nümayiş etdirməyə səy göstərirdilər. Mərkəzi
Komitədə birinci katibin köməkçisi işləyən
Əliyev adlı orta yaşlı xidmətçi bir gün mənə
zəng çalıb dedi ki, bu gün saat 2–də
Bağırovun yanında olum. Soruşdum: nə məsələdir?
Dedi, doğrusu, bilmirəm. Deyilən vaxta yarım saat
qalmış mən idarədən çıxdım. Mərkəzi
Komitənin yanında Səməd Vurğuna rast gəldim,
görüşdük. O özünəməxsus səmimi təbəssümlə
soruşdu: Ayə, xeyir ola, nə məsələdir?
—Səməd,
mən də bilmirəm.
—Ayə,
məndən gizlətmə. Düzünü de.
—Düzü
budur ki, bilmirəm. Darıxma, bir az sonra ikimiz də hər
şeyi biləcəyik.
Yavaş–yavaş
gedib liftə mindik, yuxarı qalxdıq, qəbul otağına
girdik. Otaq ağzına qədər adamla dolu idi. Həm də
çox müxtəlif adamlar idi: Xalq Komissarlar Sovetinin, Mərkəzi
Komitənin məsul işçiləri, elm adamları, artistlər,
musiqiçilər və sairə… Üzeyir Hacıbəyov
şəhərin dağlıq hissəsinə baxan pəncərə
qabağında durub gözlərini hara isə uzaqlara
dikmişdi. Məmməd Səid Ordubadi ondan bir az sağda
durmuşdu, Opera Teatrının artislərindən “A” və
“B” yan–yana dayanmışdılar. Müxtəlif
çeşidli bu adamları gözdən keçirən Səməd
Vurğun mənə dedi:
—Ayə,
çox qəribə məclisdir, deyən bu xına o
xınadan deyil!..
Çox
keçməmiş zəng oldu. Əliyev tez içəri
girdi və girməsilə qayıtması bir oldu.
—Hökumət
rəhbərlərinin adını çəkib içəri
girmələrini xahiş etdi. Girdilər. Bir neçə dəqiqə
keçməmiş yenə zəng oldu. Yenə Əliyev
içəri girib qayıtdı və ucadan elan etdi:
—”A”dan və
“B”dən başqa hamı içəri keçsin. Bəli,
bircə bu cümlədən bizə məlum oldu ki, bunlarla nə
isə başqa söhbət olacaq.
İçəridə,
uzun stolun başında Bağırov orturmuşdu. Bir tərəfində
hökumət işçiləri, əks tərəfdə
birinci Üzeyir Hacıbəyov, stolun yanında Ordubadi, onun
yanında Səməd Vurğun, bu tərəfdə mən və
başqaları oturub nə olacağını gözləyirdik.
Bağırov sinfi ayıqlıq barədə bir neçə
söz deyib içimizdə satqınlar olduğunu bildirdi.
Sonra sözü o zamankı daxili işlər nazirinə verdi.
O, ayağa durub qovluqdan bir kağız çıxarıb
oxudu. Kağızın müxtəsər məzmunu belə
idi ki, agentlərin verdiyi məlumata görə, fəxri
adlarına baxmayaraq, “A” və “B” deyirlər ki, nə olaydı
Hitler dayımız tez gəlib bizi bu bolşeviklərin əlindən
qurtara idi…
Oturanların
heyrət və təəccüb bildirən nidaları
altında Bağırov zəngi basdı. Əliyev gəldi:
—Burax
onları içəri!
Əliyev
çıxdı və qabaqda “A”, dalınca “B” içəri
girib ikiqat olaraq salam verdilər. Onların salamına cavab
olaraq Bağırov soruşdu:
—Havaxt gəlir
dayınız? Havaxt sizi bizim əlimizdən xilas edəcək?
Hitleri deyirəm ey! “A” dönüb dala, “B”yə baxdı, “B”
dönüb bağlı qapıya baxdı. Bağırov dedi:
—Hara
baxırsınız? Sözüm sizədir
, Hitler
dayınız havaxt gəlir?
“A”
özünü ələ alıb dedi:
—Mənim
dayım sənsən! Səndən özgə dayım yoxdur.
Gülüşmə
qopdu, yavaşıyan tək. “B” danışdı:
—Füzuli
yaxşı deyib: Canlar verib sənin kimi cananə yetmişəm;
Sənə yetincə mən canə yetmişəm.
Nə
vaxtdır əlləşirəm ki, əlim bircə sənin
o ətəyinə yetişsin!
—Özünü
ələ sal!—deyib Bağırov onu susdurdu və
üzünü oturanlara tutdu, hirslə dedi:
—Nə təklifiniz
var?
Araya
sükut çökmüşdü. Danışan yox idi.
Bağırov bir də ucadan soruşdu:
—Təklifıniz
nədir?
Gülüşü,
zarafatı, satirik ifadəni sevən Ordubadi dedi:
—Mən təklif
edirəm, ikisi də güllələnsin…
Qeyri–ixtiyari
olaraq gülüşmə düşdü. Bağırov
ağzını açan kimi də kəsildi.
—Bunların
nəyini güllələyəsən! Heyf deyil Sovet gülləsi?
Heç olmasa iki faşisti yox eliyər…
Bağırov
“A” və “B”yə baxıb istehza ilə onlara otaqdan
çıxmağı təklif etdi. Onlar getdikdən sonra
üzünü oturanlara tutdu: gedin, hamınıza dərs
olsun!…
Doğrudan
da, dərindən düşünəndə bütün bu əhvalatlarda
insanlara həyat dərsi olacaq ibrətamiz, müdrik nəticələr
gizlənir. Onlardan da ən vacibi mövqeyinə,
yaşına, vəzifəsinə baxmayaraq, heç vaxt
ağlı, düşüncəni ehtiraslara qurban verməməkdir…
Heydər
Hüseynovun həyatının son dövründəki ziddiyyətlər
və Stalin dövrünün amansız hökmləri
böyük alimi ikisindən birini seçməyə məcbur
etmişdi: ya təhqirlərə, buz kimi soyuq gözlərin neştəri
ilə səni əzən həyata dözmək, ya da
bütün bunlara nifrət ifadəsi olaraq ölüm!
Heydər
Hüseynov bu yolu seçmişdi! Onu da qeyd etmək
lazımdır ki, birdən–birə seçməmişdi, təzadlı
fikirlər kükrəyən, şaxə qalxan dəniz
dalğaları kimi onu gah bu sahilə, gah o biri sahilə—dumanlı,
qaranlıq sahilə atırdı. Axı o, filosof idi və
yaxşı bildirdi ki, həyat mübarizədir! Lakin kiminlə?!
Nə ilə mübarizədir?! O, üz–üzə, mərd–mərdanə
vuruşda heç bir alçağın, heç bir cəlladın
qabağından qaçmazdı. Burada isə özündən
güclünün qarşısında ikiqat olanlar, üzə
gülənlər, dalda əleyhinə danışanlar,
yalançılar, ikiüzlülər və onlara “ləbbeyk!”
deyən vicdansızlar! Bu vicdansızların başında
duran ki onun sinəsində köləlik ruhilə
çırpınan ürəkdən başqa bir şey yox
idi! Xeyr, ürək deyil o! Bir parça ətdir ki, şəxsiyyətinə
pərəstiş etdiyi cəlladın qapısından
içəri girincə tir–tir əsir.
Bəli,
bu anlarda Heydərin sinəsində Hamlet qəlbi
döyünürdü. “Ölüm, ya olum?”—deyən Hamletin
sualı onu rahat buraxmırdı. Hər halda bu alçaqlara
müti olmaqdansa, ölüm yaxşıdır. Bu, onun son və
qəti qərarı idi. Yox, nə son idi, nə qəti idi. O,
mənəvi ikiləşmiş adam kimi tərəddüdlər
içində yaşayırdı. Onu qəti qərar
çıxarmağa qoymayan yazı masası idi. O masa ki onun
arxasında qəlbinin dəruni hissləri, beyninə dolmuş
fikirləri kağıza tökülürdü.
Bəlkə
tərəddüd edir, ona görə ki, bilmir nə
yazsın, nədən yazsın!
Yox, onun
üçün mövzu qıtlığı, fikir
kasadlığı yox idi. Əksinə, illər uzunu
başına dolmuş müxtəlif fəlsəfi, ədəbi,
tarixi mövzular hey bir–birini sıxışdırır və
onu ayrılmaq bilmədiyi yazı masasına tərəf
çəkirdi. Daim ona hər şeydən əziz, mənalı
və sirli görünən bu masaya yaxınlaşmaq istədiyi
zaman əcaib, anlaşılmaz möcüzə baş verirdi.
Bütün vücudu palıd ağacından yonulmuş kimi
görünən kobud, qaraqabaq, heybətli kölgə
qabağını kəsirdi. Evin hansı küncündəsə
çıxıb qarşısında peyda olurdu. Gözlərində
də Bakı bağlarında qədim zamanlardan yonulub
qalmış daş bütün ağırlığı ilə
onun qabağını kəsir və yazı masasına
yaxınlaşmasına imkan vermirdi.
Onu qəribə,
anlaşılmaz bir vahimə bürüyürdü: Bu necə
olan şeydir?! Gah Şamili casus adlandıran cəllada
çevrilirdi, gözlərində də mütləq o
şüşə eynək! Gah da o heyvərə daşa
oxşar həyula, cin, şeytan kəsirdi
qabağını!..
Bütün
bu əcaib metamorfozalara baxmayaraq, o xəyala dalır, indi yuxu
kimi zehnində canlanan keçmiş günlərin qəribə–qəribə
mənzərələri, ictimai əhvalatları kino lenti kimi
bir–birini əvəz edirdi. Budur, qətiyyətlə hökmlər
verən müstəbidin məclisindədir. Daha doğrusu, bu
məclis deyildi, kiçicik bir toplantı idi. Beş–altı nəfərdən
ibarət bir yığıncaq. Bəs müzakirə olunan məsələ
nə idi?
İnsanı
necə tərbiyə etmək olar? Bu vacib məsələdə
nə yaxşıdır: Zülm, təzyiq, yoxsa alicənablıq,
mərhəmət? İşlərin başında duran
yanlış başa düşdüyü məşhur xalq məsəlini
xatırlayıb:
—Namərdi
qova–qova mərd eləmək olar!—dedi və ona, filosofa, Heydər
Hüseynova baxdı. Elədirmi?
Heydər
cavab verdi:
—Xeyr, elə
deyil. Xalq deyir ki, mərdi qova–qova namərd eləmək olar!
—Səhv
edirsən, filosof: Namərdi qova–qova mərd eləmək olar,
filosof!..
Heydər
susdu, ani fikrə getdiyi dəqiqəni xatırladı.
Zülmün, təzyiqin gücünə beləcə fanatikcəsinə
inanandan nə gözləmək olar?! Vay bizim
halımıza!.. Bu cür inam sahibindən aman gözləmə!
Demək, yollar hamısı bağlanmışdır.
Çıxış yolu, qara əməllərdən nicat
yoxdur!
Qəribədir:
Birdən–birə bir yüngüllük hiss etdi.
Keçmiş həyatının xoş
çağları—texnikumda oxuyarkən tələbə
yoldaşlarla may nümayişinə çıxdıqları
yadına düşdü. Nə gözəl, nə xoşbəxt
günlər idi Bakıda may nümayişləri!..
Onlar gəncliyə
məxsus ürək açıqlığı ilə
danışır, gülür və deyirdilər: mayda da,
başqa bayramlarda da Bakı nümayişləri çox
gözəl şeydir! Adamın ürəyi
açılır!..
Bəli,
Bakı nümayişləri!
Azərbaycanın
azadlıq bayrağını qaldırdığı iyirminci
illərin əvvəlindən bizim həyatımızı
sevinclə doldurmuş bayram nümayişləri!
Heydər
hamısını yaxşı xatırlayırdı. Bu xatirələr
onu başqa bir aləmə aparırdı. Ruhu oxşayan bahar
çiçəkləri ilə ətirlənmiş xoş
günlərə qaytarırdı. Bu fonda həyat necə
gözəl idi! May günəşi, yamyaşıl don
geymiş bağlar, bağçalar, ətirli
qızılgülə, zanbağa, bənövşəyə
oxşayan şadi–xürrəm qızlar, oğullar, uşaqlar
dünyası. Sən nə gözəlsən! Bu gözəl,
bu ətirli hava qocaları, pensiyaçıları da
cavanlaşdırmış, gözlərinə işıq
vermişdi…
Heydər
düşünürdü: respublikamızın paytaxtı
olan Bakı bizim üçün Səadət yurdudur,
böyük mədəniyyət mərkəzidir, uca bəşəri
ideallar, humanist fikirlər, hərarətli hisslər,
coşqun, işıqlı ehtiraslar diyarıdır. Onun hər
guşəsində müxtəlif millətdən olan
insanların mehribanlığı, şirin duyğuları nəfəs
alırdı…
Hərdən
Heydərin xəyalına gəlirdi ki, yazıçı
olsaydı, Bakıda keçirdiyi həyatın sevincini,
uğurlarını, romantik xəyallarını təsvir edən,
canlandıran əsərlər yaradardı. Gördükbrini bədii
süjetə sığışdırardı, rəngarəng,
böyük bir epopeya əmələ gələrdi. Əlbəttə,
bu epopeyada həyatın çətinlikləri də,
uğursuz və kədərli əhvalatları da öz əksini
tapmalı idi. Bununla belə, heç şey inqilabi mübarizələr
Bakısının bizə bəxş etdiyi yaratmaq, irəliləmək,
ucalmaq həvəsinin yaradıcı əməyin verdiyi Səadət
duyğusunu söndürə bilməzdi!..
Birdən
qəribə bir sual onu aldı: nə üçün belə
uzaqdan başlamışam? Nə üçün xəyal və
qələm məni belə uzaqlara apardı?
Facianə
suallar içində sıxılan dostumun necə filosof
olduğunu mən yaxşı bilirdim, o, həssas və uca
fikirli idi! O, həyatla elə beləcə, faciə içində,
qaranlıq duyğularla vidalaşa bilməzdi! Çünki
çirkli, bulanıq ehtiraslı yüksək vəzifə
sahibi açıq–açığına onu təhdid edirdi.
“Namərdi qova–qova mərd eləmək olar!”. Bu anlamı
yaşayan şəxsdən nə gözləmək
olardı! Qəfil təhqirlər hədə–qorxu və sairə!..
O öz varlığını da, minlərlə
günahsızların həyatını da murdalamış, məhv
etmiş müstəbid idi. Onun kinindən, qəzəbindən
qurtara biləcəkdimi bu filosof, bu vicdan və idrak mücəssəməsi?!
Əlbəttə,
o xatirələr, tərəddüdlər içində bir
anda unuda bilmədiyi həyat yoldaşını, övladlarını
düşünürdü: nəhayət, onlar məni
bağışlar! Onlar məni başa düşər!—deyib
qəti qərarını verdi… Əvvəlcədən gətirdiyi
kətilin üstünə çıxdı, gövdəli
ağacdan asılmış kəndiri boğazına
keçirdi və kətili kənara itələdi… Bir gün
də keçməmiş qara xəbər Bakıya
yayıldı: Heydər Hüseynov bu dünyadan
köçdü!.. Düzdür, köçdü. Amma əsərləri
yaşayır və onu da yaşadır!..
Zaman
milyonlarla günahsız qurbanların adını, xidmətlərini
ucalara qaldırdığı kimi, Heydər Hüseynova da
layiq olduğu qiyməti verdi…
Azərbaycan
xalqı, elmi ictimaiyyət onun xatirəsini əziz tutur və
tutacaq! O, gələcək nəsillərin ürəyində
və əməllərində yaşayacaqdır!..
Mirzə İBRAHİMOV,
SSRİ Ali Sovetinin deputatı,
xalq yazıçısı, Sosialist Əməyi
Qəhrəmanı.
Aprel–may,
iyul–avqust 1989.
Redaksiyadan:
Görkəmli mütəfəkkir alim Heydər Hüseynov
haqqında xatirə xalq yazıçısı, akademik Mirzə
İbrahimovun şəxsi arxivindən
götürülmüşdür.
Respublika.- 2013.- 7 aprel.- S. 5; 7.