İNSANLARIN
SAĞLAMLIĞININ KEŞİYİNDƏ
Əhalinin sağlamlığının mühafizəsi müasir şəraitdə Azərbaycan dövlətinin və dövlətçiliyinin prioritet vəzifələrindən biridir.
Bu gün səhiyyə obyektlərində xidmətin dünya standartları səviyyəsinə çatdırılması məqsədilə ötən əsrin sonlarında başlanmış möhtəşəm tədbirlər uğurla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər sırasında səhiyyə ocaqlarının fəaliyyəti, onların müasir avadanlıqlarla təchizatı, yeni müalicə–profilaktika və diaqnostika müəssisələrinin istifadəyə verilməsi, tibbi kadrların hazırlanması və yerləşdirilməsi, vətəndaşlara xidmətin yaxşılaşdırılması və sair problemlərin həlli ən öncül vəzifələrdən hesab edilir.
Bu ümumi tendensiya İmişli rayonunun tibb müəssisələrində də özünü göstərməkdədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə İmişli rayon mərkəzi xəstəxanasının əsaslı təmirdən sonra dövlət başçısının iştirakı ilə istifadəyə verilməsi, burada sakinlərin qəbulu, diaqnostikası və müalicəsi üçün yaradılmış nümunəvi şərait bütün rayon əhalisinin ürəyindən olmuşdur.
Rayonda olarkən mərkəzi xəstəxanaya baş çəkdik, palataları gəzərək kollektivin işləri ilə yaxından tanış olduq, xəstələrlə və onlara xidmət göstərən həkimlərlə, digər tibb işçiləri ilə söhbət etdik. Hamı bir səslə ölkə bascısının və rayon rəhbərliyinin onlar üçün yaratdığı normal şəraitdən razılığını bildirdi. Mərkəzi rayon xəstəxanasının baş həkimi Cəsur Paşayev tibbi xidmətin təşkili barədə suallarımızı cavablandaraq dedi:
—Deyirlər ki, sağlamlığını itirən insan həyatda hər şeyini itirir. El arasında yayılmış bu hikməti hər bir soydaşımız yaxşı başa düşür, səhhətini qorumaq üçün bütün imkanlardan istifadə edir. İnsana hər şeydən əvvəl həkim əllərinin şəfqəti, həkim qayğısı, onun məsləhət və tövsiyələri gərəkdir. Hətta sirr deyildir ki, xalq təbabətinin sirləri də zaman–zaman loğmanların səyləri ilə açılmış, tətbiq ediimişdir.
Müasir dövrümüzdə sağlamlığın qorunması problemləri bütün cəmiyyəti məşğul edən məsələlər olmaqla yanaşı, ilk növbədə tibb ocaqlarının, onların fədakar işçilərinin müqəddəs vəzifəsidir. Həkimlərimiz və tibb işçilərimiz yaxşı başa düşürlər ki, həyatda hər şey insan üçündür. Əgər təhsil cəmiyyətin psixoloji–mənəvi cəhətdən formalaşmasına, savadlanmasına, müasirləşməsinə xidmət edirsə, səhiyyə cəmiyyətin mövcudluğu kimı ən ali prinsipə xidmət göstərir. Yəni insanlar normal yaşamaq üçün hər şeydən qabaq sağlam bədənə malik olmalıdırlar. Necə deyərlər, sağlam bədəndə isə sağlam ruh olur.
Bizim xəstəxananın, rayonumuzun bütün tibb ocaqlarının işçiləri də öz vəzifə borclarına məhz bu aspektdən yanaşır, Hippokrat andına sədaqətlərini əməli işləri ilə sübut etməyə səy göstərirlər. Çalışırlar ki, onlardan narazı qalan olmasın, xəstələrə düzgün diaqnoz qoyulsun, onların müalicəsi üçün bütün vasitələrdən istifadə olunsun. Bunun üçün hər cür şərait mövcuddur. Gözəl və müasir şəraitə malik olmuşuq ki, pis işləməyə sadəcə olaraq haqqımız yoxdur. 136 çarpayılıq xəstəxanaya təzə elektron müayinə cihazları və müasir avadanlıqlar aimmış, yeni şöbələr yaradılmışdır. Binalarımızın istilik və elektrik enerjisi ilə fasiləsiz təminatı üçün lazımi tədbirlər həyata keçirilmişdir. Hazırda burada 11 şöbə fəaliyyət göstərir, bunların arasında cərrahiyyə, terapiya, yoluxucu xəstəliklər, uşaq, doğum, təcili və təxirəsalınmaz vardım şöbələrinin xüsusi yeri vardır. Bu yaxınlarda xəstəxanada yeni Dializ şöbəsi yaradılmışdır ki, burada üç növbəli iş sistemi tətbiq olunur, hər növbədə 5 xəstəyə yüksək keyfiyyətli xidmət göstərilir.
Baş həkimin söylədiklərindən məlum oldu ki, rayonun səhiyyə ocaqları 276 çarpayılıqdır. Burada 102 həkim, 385 orta tibb işçisi, 120 nəfərlik texniki personal gecə–gündüz əhalinin sağlamlığının keşiyindədir. 6 kənd xəstəxanasında, 29 feldşer–mama məntəqəsində sakinlərə hər cür tibb xidmətı həvata keçirilir. Bunların arasında Bəhramtəpə qəsəbə, Sərxanlı, Qızılkənd, Aranlı, Muradxanlı kəndlərində fəaliyyət göstərən tibb ocaqlarının işləri xüsusilə yaxşı təşkil olunmuşdur.
Həmçinin kadrların hazırlanıb yerləşdirilməsində, təkmilləşdirmə kurslarına cəlb olunmasında xeyli müsbət təcrübə qazanılmışdır. Bununla belə hesablamalara görə, hələ 52 həkimə ehtiyac vardır. Çünki rayonun yaşayış məntəqələri bir–birindən xeyli məsafədə qərar tutmuşlar, əhali isə çoxalır, onun səhiyyə xidmətinə ehtiyaclrı da daim artır.
İnsanların sağlamlığının mühafizəsi kimi müqəddəs bir amala xidmət göstərmək hər bir tibb işçisinin şərəf işi və vəzifə borcudur. Bu borcu ləyaqətlə yerinə yetirmək, müstəqil dövlətimizin səhiyyəsini vətəndaşlara lazım olan səviyyədə qurmaq üçün bütün imkanlardan səmərəli istifadə olunmalıdır. İmişli rayonunun tibb işçiləri məhz bu amalla yaşayıb işləyirlər.
Sabir MUSTAFAYEV
Respublika.- 2013.- 7 aprel.- S. 5.