Ozonlaşdırma texnologiyalarının tətbiqi ölkəmizin ərzaq təhlükəsizliyinə böyük bir töhfə olacaqdır

 

Dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların və ənənəvi seleksiyanın imkanlarının tükəndiyi, kənd təsərrüfatı sistemlərinin ən müxtəlif, o cümlədən zəhərli kimyəvi vasitələrdən intensiv istifadə nəticəsində deqradasiyaya uğramaqda olduğu bir şəraitdə dövlətin iqtisadi əsaslarından biri olan ərzaq təhlükəsizliyinin təmin olunması qarşıda kəskin bir problem kimi durmaqdadır. Bu problemin aktuallığı özünü həmçinin onda büruzə verir ki, əhalinin artmaqda olan ehtiyaclarının ödənməsində getdikcə daha çox sintetik vasitələrdən və mənşəyi şübhəli olan genetik cəhətdən modifikasiya olunmuş orqanizmlərdən alınmış məhsullardan istifadə olunur. Bu isə nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir sıra sualların yaranması deməkdir. Digər tərəfdən, daxili bazarın kənd təsərrüfatı məhsullarına, xüsusən taxıla olan ehtiyacının idxal hesabına ödənməsi, yerli istehsalçıların xarici rəqabətə davam gətirə bilməmələri dövlətin iqtisadi müstəqilliyinə müəyyən mənada təhlükədir. Qeyd edilən məsələlər ölkə Prezidentinin daimi diqqət mərkəzində və şəxsi nəzarətindədir. Onun göstərişləri əsasında Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində çox əhəmiyyətli işlər görülür. Bu mənada Prezidentin Azərbaycanın aqrar elmi qarşısında qoyduğu tələblər, tapşırıqlar və vəzifələr çox önəmlidir. Azərbaycan alimləri də bu etibarı doğrultmaq istiqamətində daimi axtarışdadırlar və göstərilən problemlərin həlli üçün həm sınanmış, həm də yeni olan, elmi cəhətdən əsaslandırılmış çıxış yolları təklif edirlər. Dövlət orqanları və vəzifəli şəxslər tərəfindən lazımi dəstək göstərildikdə isə tədqiqatlar yolu ilə əldə edilmiş nəticələrin real həyata vəsiqə qazanması, gerçəkləşdirilməsi reallaşır.

Bu baxımdan Azərbaycan Milli Aviasiya Akademiyası (MAA) və AMEA Genetik Ehtiyatlar İnstitutunun (GEİ) alimlərinin bir neçə il ərzində innovasiya texnologiyaları əsasında taxıl istehsalının az məsrəf və ekoloji təmiz üsullarla artırılması, eyni zamanda da toplanmış məhsulun yenə də ekoloji təmiz üsullarla, itkisiz saxlanması üsulları üzrə apardıqları elmi tədqiqat və sınaq işləri, əldə etdikləri mühüm nəticələrın və irəli sürdükləri təkliflərin müxtəlif dövlət qurumlarında da böyük maraq doğurduğunu deyə bilərik.

Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyində (KTN) ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət edən ekoloji təmiz ozonlaşdırma texnologiyasının istifadəsi ilə toxumluq taxılın əkindən qabaq stimullaşdırıcı işlənməsi və toplanmış məhsulun anbarlarda eyni üsulun tətbiqi ilə saxlanması üzrə son illər ərzində aparılmış tədqiqatların nəticələri və qarşıda həllini gözləyən məsələlərin müzakirəsi ilə bağlı müşavirə keçirilmişdir. Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanovun rəhbərliyi ilə keçirilən toplantıda KTN–in məsul şəxsləri, MAA və GEİ–nin alimləri, həmçinin bu texnologiyaların sınağında və olduqca ümidverici nəticələrin alınmasında rol oynamış fermerlərin nümayəndəsi iştirak etmişdir.

Məsələnin aktuallığını nəzərə alaraq toplantının iştirakçıları ilə görüşdük və qeyd edilən istiqamətlərdə həyata keçirilən və keçirilməsi planlaşdırılan tədbirlərlə oxucularımızı tanış etmək üçün onlardan müsahibələr aldıq.

Kənd Təsərrüfatı nazirininn müavini Aslan Aslanov bizimlə söhbət zamanı dedi: “Müstəqillik illərində Azərbaycanın kənd təsərrüfatında çox böyük və məqsədyönlü islahatlar aparılmışdır. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüskarlığı və təşkilatçılığı ilə 1995–ci ildə “Aqrar islahatların əsasları” və “Sovxoz və kolxozların islahatı haqqında”, 1996–cı ildə isə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunları qəbul edilmişdir. Həmçinin bütövlükdə aqrar sektorda bazar münasibətlərinə keçidi reallaşdırmaq məqsədilə çoxsaylı hüquqi–normativ aktlar qəbul edilmişdir. Son 10 ildə isə islahatların daha da dərinləşdirilməsinin, dünyada toplanmış təcrübələrin öyrənilərək yerli şəraitə uyğun şəkildə tətbiqinin şahidi olmuşuq. Bu baxımdan respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilmiş genişmiqyaslı tədbirlər ilk növbədə kənd təsərrüfatı istehsalında məhsuldarlığın və keyfiyyətin artırılması ilə bilavasitə bağlı olmuşdur.

Dünya təcrübəsində o ölkənin ərzaq ehtiyatı təhlükəsiz hesab edilir ki, ölkə əhalisinin illik istehlakının 17–20 faizi həcmində əlavə taxıl ehtiyatı mövcud olsun. Başqa sözlə, taxıl resursu illik istehlakdan əlavə, ölkə əhalisinin daha 2 ay müddətinə taxıla olan tələbatını təmin etmək imkanı versin. Bütün bunları nəzərə alaraq taxılçılığın inkişafı prioritet məsələ kimi həmişə diqqət mərkəzindədir. Bu istiqamətdəki fəaliyyətlərimizdə taxılçılığın inkişafına kömək edə biləcək innovasiya texnologiyalarına da geniş yer veririk. Buna misal olaraq respubikamızda ozonlaşdırma texnologiyalarının kənd təsərrüfatı sistemlərində tətbiqi üzrə kompleks tədbirlərin həyata keçirilməsini göstərmək olar. Ozonlaşdırma texnologiyaları öz növbəsində “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uygun olaraq kimyəvi sintetik maddələr tətbiq edilmədən məhsulun istehsalına və saxlanmasına imkan verir. Bu texnologiya MAA–da işlənərək yoxlanılmış və avadanlığın sənaye nümunələri yaradılmışdır. Həmin nümunələrin modifikasiyaları GEİ–də, Milli Genbankda saxlanılan bitki nümunələrinin fumiqasiyasında və genetik tamlığının qorunmasında, fermer təsərrüfatlarında əkin materiallarının səpindən öncə stimullaşdırıcı və zərərsizləşdirici işlənməsində tətbiq edilmiş və xeyli təkmilləşdirilmişdir. Qeyd edim ki, çox ümidverici nəticələr alınmışdır. İndi əsas məsələ heç ləngimədən bu nəticələrin geniş tətbiqi və təbliğinə nail olmaqdan ibarətdir. Hesab edirəm və qeyd etdiyiniz toplantıda da belə qərara gəlinmişdir ki, tətbiq işini sürətləndirmək lazımdır. Burada bir məsələni də nəzərə almaq lazımdır ki, əkin materiallarının ozonlaşdırılmasını hər bir fermerin fərdi qaydada aparması praktiki cəhətdən mümkün deyildir. Belə ki, ciddi mütəxəssis nəzarəti, metodiki cəhətdən düzgün hazırlanmış istifadə qaydaları, qurğuların səmərəli iş rejiminin təmin edilməsi tələb olunur. Bütün bunlarla hökmən müəyyən bir qrup mərkəzləşdirilmiş şəkildə məşğul olmalıdır. Həmçinin elə başa düşülməsin ki, toxumun ozonlaşdırılması aqrotexniki və meliorasiya tədbirlərinə olan ehtiyacı aradan qaldırır. Sadəcə olaraq bunlar birgə tətbiq olunarsa, çox yaxşı effekt alınar. Toplantıda mənim təklifimlə qərara alındı ki, ozonlaşdırmanın tətbiqi ilə alınmış nəticələrin təbliği üçün buklet hazırlansın, tətbiqlə bağlı alim və mütəxəssislərdən ibarət qrup yaradılsın. Əminəm ki, ən qısa zamanda ölkənin, ilk növbədə toxumçuluq təsərrafatlarını, daha sonra isə taxıl istehsalı ilə məşğul olan bütün fermer təsərrüfatlarını ozonlaşdırılmış toxumla təmin etmək məqsədilə belə bir qrup fəaliyyətə başlayacaq. Həyata keçirdiyimiz tədbirlər ölkəmizin ərzaq təhlükəsizliyinə böyük bir töhfə olacaqdır”.

Digər müsahibimiz MAA–nın Elmi–tədqiqat Nəqliyyat, Aviasiya Problemləri İnstitutunun Konstruktor bürosunun (ETNAPİ KB) rəisi, texnika elmləri doktoru, Dövlət mükafatı laureatı Telman Nizamov bildirdi ki, innovasiya texnologiyaları əsasında elmi–praktiki cihazqayırmanın sənaye nümunələrinin aidiyyəti istiqamətlərdə mənimsənilməsi MAA–nın əsas məqsədlərindəndir. Bunlardan biri olan ozonlaşdırma sahəsində cihazqayırma əsasında yaradılmış avadanlıqların respublikanın bütün, o cümlədən aviasiya, tibb, kənd təsərrüfatı və s. sahələrində istifadəsi üzərində işləyirik.

MAA–nın rektoru, akademik Arif Paşayev operativ, səyyar mobil ozonlaşdırma sistemlərinin yaradılmasını qarşıya məqsəd qoymuşdur. Bu istiqamətdə MAA–nın alimləri və yüksək ixtisaslı mütəxəssisləri tərəfindən məqsədyönlü şəkildə yaradılmış cihazlara patentlər və sertifikatlar alınmışdır. Xalq təsərrüfatının müxtəlif sahələri üçün nəzərdə tutulmuş bu cihazlar çoxillik elmi axtarışlarımızın və gərgin əməyimizin nəticəsidir. Əldə olunmuş nailiyyətlərin tətbiqi də olduqca vacibdir. Məqsədimiz isə odur ki, müvafiq sahələrdə ölkəmizin inkişafına, Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramlarının gerçəkləşdirilməsinə öz real töhfələrimizi verək. Biz artıq bir sıra təsərrüfat sahələrində tətbiq edilən və ya tətbiq edilməsi planlaşdırılan ozonlaşdırma sistemlərinin sənaye nümunələrini yaratmışıq və bu istiqamətdə işlər davam etdirilir.

Hazırda ozonun kənd təsərrüfatı sistemində tətbiqi istiqamətində tədqiqatlarımız davam edir. Həm taxıl toxumlarının səpindən qabaq işlənməsində, həm də genbank tədqiqatlarında çox ciddi elmi axtarışların aparılmasına, ozonlaşdırmanın optimal dozalarının və bu dozaları əldə etməyə imkan verən qurğuların və texnologiyaların hazırlanmasına olan ehtiyacı nəzərə alaraq MAA və GEİ Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fonduna birgə layihə ilə müraciət etmiş, Fond isə layihənin aktuallığını və həyata keçirilməsinin vacibliyini nəzərə alaraq onu maliyyələşdirmişdir (Layihənin rəhbəri Telman Nizamov). Layihənin icrasına fermer təsərrüfatları da cəlb edilmiş və son il yarım ərzində mühüm nəticələr alınmışdır. Həmin nəticələr ötən ilin oktyabr ayında keçirilmiş “Bitki toxum materiallarının əkinə hazırlanması və qorunub–saxlanmasında ozonlaşdırma texnologiyalarının istifadəsi” mövzusunda Milli Seminarda geniş müzakirə edilmişdir. MAA, GEİ, Fransa Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzi (İNRA), KTN, AR Fövqəladə Hallar Nazirliyi, Dövlət Taxıl Fondu, Elmi–Tədqiqat Əkinçilik İnstitutu (AzETƏİ), “Azərsun” Holdinq, “Araz” Ltd MMC (Çörək zavodu), fermer təsərrüfatlarının nümayəndələrin iştirak etdiyi Milli Seminarda ozonlaşdırma texnologiyasının əkinçilikdə və bitki genetik ehtiyatlarının (BGE) mühafizəsində istifadəsinin sürətləndirilməsi ilə bağlı mühüm qərarlar qəbul edilmişdir. Həm seminarın, həm də Aslan müəllimin yanında keçirilən müşavirənin yekdil rəyi belə olmuşdur ki, kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması bu işlə mərkəzləşdirilmiş qaydada məşğul olan, lazımi qurğu və avadanlıqlarla təchiz edilmiş, yüksək ixtisaslı mütəxəssislərə malik qrup tərəfindən aparılmalıdır. Məsələnin aktuallığını nəzərə alaraq, Aslan müəllimin tapşırığı ilə biz MAA, GEİ və KTN–nin birgə fəaliyyətini nəzərdə tutan bir qrup yaradırıq və ən qısa zamanda təkliflərimizi verəcəyik. Çox istərdik ki, dövlətin müvafiq orqanları da bu işdə bizə dəstək olsunlar ki, yüksək məhsul istehsalını təmin edəcək fəaliyyətləri tezliklə respublikada həyata keçirə bilək. Bu işdə ləngimək min tonlarla məhsulu itirmək deməkdir.

Daha sonra GEİ–nin direktoru, kənd təsərrüfatı elmləri doktoru Zeynal Əkpərovla görüşdük və o, suallarımızı cavablandırarkən dedi: “2011–ci ilin dekabrında “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu qanun mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının ərzaq məhsulları istehsalı və kənd təsərrüfatı, elmi–tədqiqat, seleksiya və maarifləndirmə məqsədləri üçün qorunması və səmərəli istifadəsinin hüquqi əsaslarını müəyyən edir. Bu qanun hələ müzakirələri zamanı Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimovun qeyd etdiyi kimi, olduqca əhəmiyyətli məsələnin həllinə normativ–hüquqi baza yaradır. Qanunun və ona qoşma sənədlərin əsas məqsədlərindən biri BGE–nin etibarlı mühafizəsi, digəri isə kənd təsərrüfatında səmərəli istifadəsidir. Bilirsiniz ki, toxum nümunələri genbanka saxlanmaya qoyulmazdan və bir də əkindən əvvəl zəhərli kimyəvi maddələrlə zərərsizləşdirilir ki, bu ətraf mühit üçün fəsadlar, o cümlədən proseslərdə iştirak edən insanların həyatı üçün təhlükələr törədir. Eyni zamanda zəhərli maddələr toxum nümunələrinin irsi tamlığına da mənfi təsir göstərir. MAA ilə birgə apardığımız tədqiqatlar bu işlərdə ekoloji təmiz ozonlaşdırma üsulundan istifadənin perspektiv olduğunu göstərmişdir. Onu da deyim ki, dünyada ilk dəfə bizim genbankda ozonlaşdırmadan istifadə edilir.

Hazırda kənd təsərrüfatının ən mühüm problemlərindən biri taxıl bitkilərinin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsi, xəstəlik və zərərvericilərə qarşı ekoloji təmiz vasitələrlə mübarizə aparılmasından ibarətdir.

Məhsuldarlığın artırılması ən yaxşı sortlardan geniş istifadə, əkinçilik praktikasına aqrotexnikanın, yığılmış məhsulun emalının yeni iqtisadi və ekoloji cəhətdən səmərəli üsul və metodlarının tətbiqi əsasında mümkündür. Bu məsələdə toxumların səpinqabağı işlənməsinin perspektiv və ekoloji cəhətdən zərərsiz həlli yollarından biri də ozonlaşdırma texnologiyasının tətbiqidir. Artıq 10 ildir ki, bu istiqamətdə təcrübələrimiz laboratoriyalarda, 3 ildir ki, tarlalarda davam edir və alınan nəticələr qənaətbəxşdir. Digər məsələ isə fermerlərə bu yeni texnologiyaları izah və təbliğ etməkdir. Təklif edirəm ki, bu məqsədlə Oğuzda, fermer təsərrüfatında tarla seminarı təşkil edilsin və müxtəlif regionlardan fermerlər dəvət edilərək texnologiyaların üstünlüyü əyani nümayiş etdirilsin”.

Növbəti həmsöhbətimiz MAA ETNAPİ KB Biofiziki Cihazlar şöbəsinin rəisi Ənvər İsayev oldu: “Ozonlaşdırma texnologiyası ilə biz 3 mövsümdə ümumilikdə 500 ton toxumu səpinə hazırlamışıq, yığılmış məhsulun saxlandığı iri həcmli anbarları dezinfeksiya etmişik. Zəhərli kimyəvi maddələrlə zərərsizləşdirilmiş toxumların da səpinə hazırlanmasında bu texnologiyadan istifadə edilmiş və qənaətbəxş nəticələr əldə olunmuşdur. Apardığımız təcrübələrin nəticələri təsdiqləmişdir ki, becərilmiş məhsulun kəmiyyət və keyfiyyəti əhəmiyyətli yüksəlmiş, anbarlarda patogen mikroflora məhv edilərək məhsulun saxlanılması üçün ekoloji təmiz şərait təmin olunmuşdur. Tədqiqatların aparıldığı kəndli–fermer təsərrüfatındakı tələblərə uyğun olaraq bir saatda 10 ton toxum emal etməyə imkan verən ozonlaşdırma sisteminin məhsuldarlığı 15 qram/saat olmuşdur. Ozon qazı bilavasitə istifadə edildiyi yerdə havanın tərkibindəki oksigenindən sintez edilmişdir. Toxumun saxlanıldığı anbarlarının konstruksiyasına və taxılın tayalarla yığılmasına uyğun, ozon qazı 3 kanal vasitəsilə verilmişdir. Birinci və ikinci kanalların çıxışları üzərində ozonun səpələnməsi üçün deşikləri olan şuplara borucuqlar vasitəsilə bağlanmış və bilavasitə tayanın içərisində yerləşdirilmişdir. Şupların ətrafında ozonun qatılığı ölçülərək, şuplar arası məsafə seçilərək onlar tayaya batırılmışdır. Anbarın hava mühitində ozonun lazım olan qatılığını təmin etmək məqsədilə ozonatorların üçüncüsünün çıxışından o, borucuqlar vasitəsilə anbarın tavanından püskürdülmüşdür. Ozonlaşdırılmış toxumlar texnologiyaya uyğun müəyyən müddət anbarda saxlandıqdan sonra sahəyə səpilmişdir”.

GEİ–də görüşümüz zamanı şöbə müdiri Afiq Məmmədov ozonlaşdırma ilə bağlı tədqiqatların tarixçəsi, bu tədqiqatların aparılması üzrə Elmin İnkişafı Fondundan alınmış qrant üzrə yerinə yetirilən layihə haqqında geniş məlumat verdi. Bildirdi ki, kompleks tədqiqatlar həm genbank şəraitində mühafizə edilən, həm də tarla və anbar şəraitində əkilən və saxlanılan toxum nümunələri üzərində aparılır. Hər iki istiqamətdə əhəmiyyətli nəticələr əldə edilmişdir. Alınan nəticələri və apardığımız tədqiqatları iştirak etdiyimiz bir sıra beynəlxalq toplantılarda məruzə etmişik və mütəxəssislər bunu yüksək qiymətləndirmişlər. Qeyd edim ki, dünyanın heç bir genbankında anoloji tədqiqatlar aparılmamışdır. Eyni zamanda FAO, İCARDA, CİMMYT, dünya genbankları, N.Vavilov adına ümumrusiya Bitkiçilik İnstitutu ilə daimi məsləhətləşmələr aparılır. Bununla belə elm təkcə elm üçün olmamalıdır. Hər bir tədqiqatın son məqsədi xalqa xidmət etməkdir, ərzaq təhlükəsizliyinin təmin olunması buna böyük töhfədir. Bu işləri ləngitməklə özümüzü respublika səviyyəsində 25–30 faiz məhsul artımından məhrum etmiş oluruq və bunun tonlarla necə böyük rəqəm olduğunu təsəvvür edək. Fikrimcə, toxumların ozonlaşdırılmasının səmərəsini fermerlərə təbliğ etmək və bu işdə onlara yardımçı olmaq lazımdır. Buna isə yalnız mərkəzləşdirilmiş qaydada fəaliyyətlə nail olmaq olar.

Digər müsahibimiz – GEİ–nin aparıcı elmi işçisi, b.ü.f.d. Sevinc Əmir qızı Məmmədova: “Bizim işin məqsədi Genbank şəraitində uzunmüddətli saxlanılma zamanı toxumların qocalmasının genetik fəsadlarının qarşısını almaq məqsədilə orqanizmin təbii bərpa sisteminin aktivləşdirilməsi üçün ozonlaşdırma texnologiyasından istifadə edilməsi tədqiqatlarının aparılması olmuşdur.

Qoca (uzun müddət saxlanılan) toxumların cücərməsinə və genetik stabilliyinə ozonun təsirinin öyrənilməsi tədqiqatlarının nəticələri göstərdi ki, toxumlara səpinqabağı ozon–hava qarışığı ilə təsir etdikdə toxumların cücərməsi artır və xromosomların struktur pozuntuları azalır. Bu nəticələr qocalmanın genetik fəsadlarının neytrallaşdırılmasında ozonun müsbət təsirini təsdiq edir. Beləliklə, toxumların saxlanma müddətini bu texnologiyadan istifadə etməklə çox uzatmaq mümkündür. Odur ki, toxumların uzun müddətli saxlanmaq üçün Genbank şəraitində soyuducu kameralara qoyulmazdan əvvəl və saxlanıldıqdan sonra ozonlaşdırma üsulundan istifadə olunması ilk dəfə bizim tərəfimizdən təklif olunmuşdur”.

GEİ–nin digər əməkdaşı, aparıcı elmi işçi, b.ü.f.d. Sevinc Mehdi qızı Məmmədova ilə söhbətimiz isə ozonun birbaşa fermer təsərrüfatında tətbiqi barədə oldu. O dedi: “Regionda ilk dəfə olaraq kənd təsərrüfatında ozonun səpinqabağı biostimulyator və protektant kimi tətbiqinin mümkünlüyünün əsaslandırılması məqsədi ilə 2009–2012–ci illərdə Oğuz rayonu “Beytullah” MMC fermer təsərrüfatının dəmyə torpaqlarında tədqiqatlar aparılmışdır.

Tədqiqat materialı kimi yerli, yüksək məhsuldar, intensiv tipli Qobustan, Əzəmətli–95 və Aran yumşaq buğda sortları götürülmüşdür. Hər sortdan olan toxum nümunələri səpindən 5–7 gün əvvəl seçilmiş doza və təsir müddəti ilə ozonla işlənmişdir. Toxumlar sortların hər biri üzrə 10 hektar sahədə iki variantda hər hektara 220 kiloqram səpin normasında, bölgə üçün optimal müddətdə səpilmiş və işarələnmişdir: I – ozonlu; II – nəzarət.

Müşahidələr göstərmişdir ki, ozonlu toxumların cücərməsi nəzarət variantına nisbətən 1–2 gün tez başlamışdır və cücərmə enerjisi 3–5 faiz, cücərmə faizi isə 2–5 faiz çox olmuşdur ki, bu ozonun toxumların tarla cücərməsinə müsbət təsirini təsdiq etmişdir. ümumilikdə, ozonlu variantda fotosintez prosesinin intensiv getməsini sürətləndirən yaşıllaşma effekti və qidalanmanı sürətləndirən güclü kök sistemi müşahidə edilmişdir.

Müxtəlif inkişaf mərhələlərində sahədən götürülən bitki nümunələri GEİ–nin “Toxumçuluq” laboratoriyasında struktur göstəricilərinə görə və “İmmunogenetika” laboratoriyasında, müdiri, b.e.d. Hacı Şıxlinski ilə birgə xəstəliklərə sirayətlənmələrinə görə qiymətləndirilmişdir. Nəzarət variantında sirayətlənmə 20–45 faiz olmuşdur. Lakin onunla müqayisədə ozonlu variantda taxıl əkinlərində geniş yayılmış və taxılçılıq təsərrüfatlarına çox böyük ziyan vuran bərk sürmə (Tilletiacaris (DC) Tul.) xəstəliyinə təsadüf edilməmişdir.

Yığım ərəfəsində sahələrdən götürülmüş nümunələr AzETİƏİ–nin Şəki Dayaq Məntəqəsində yoxlanılmasının nəticələri belə olmuşdur ki, ozonlu variantında bitkilərin güclü gövdəsi və kök sistemi vardır. Məhsuldar kollanma ozonlu variantda 2.0–2.2, nəzarət variantında 1.0–1.4 və ozonlu variantda nəzarət variantı ilə müqayisədə sünbüldə dənlərin sayı 1.4–2.5 ədəd, bir dənin kütləsi 0.1–0.16 qram, 1000 dənin kütləsi 0.8–3.8 qram çox olmuşdur. Dərzdən dən kütləsi ozonlu variantda 93–229 qram çox olmuşdur ki, bu da son nəticədə məhsuldarlığın əhəmiyyətli artımına səbəb olmuşdur.

2012–2013–cü vegetasiya ilində də ozonlaşdırma texnologiyası ilə həm “Beytullah” MMC–də, həm də “Azersun” Holdinqin Beyləqan rayonunda yerləşən taxıl sahələrində təcrübələr qoyulmuşdur.

Hər iki təcrübə sahəsində ozonlaşdırılmış buğda toxumlarının bitkilərinin yüksək tarla cücərməsi və yaşıllaşma effekti, güclü kök sistemi müşahidə edilmişdir. Beyləqan rayonunda təcrübə sahəsindən çıxarılmış bitkilərin kökünün uzunluğu ozonlaşdırılmış variantda 7.19 santimetr, ozonlaşdırılmış dərmanlanmış variantda 7.62 santimetr, nəzarət variantında isə 6.0 santimetr təşkil etmişdir. Güclü kök sistemi bitkilərin qida maddələri və sudan daha effektiv istifadəsinin təminatçısıdır.

Oğuz rayonunda kollanma mərhələsində təcrübə sahəsindən çıxarılmış Aran buğda sortunun bitkilərinin kökünün üzünlüğünun orta qiyməti ozonlaşdırılmış variantda 10,0 santimetr, nəzarət variantında isə 7.2 santimetr olmuşdur.

Hər iki təsərrüfatda ozonlaşdırma ilə aparılan tədqiqatlar, bu texnologiyanın bitkilərin inkişafına, məhsuldarlığa və keyfiyyətə əhəmiyyətli müsbət təsirini göstərir.”

“Beytullah” MMC fermer təsərrüfatının rəhbəri Cumar İsayevlə söhbətimiz zamanı müsahibimiz dedi: “Təsərrüfatımız 20 ildir ki, taxılçılıqla məşğul olur və istifadə etdiyimiz toxumları dərmanlamaq üçün həm kimyəvi maddələr, həm də işçi qüvvəsi baxımından çətinliklər yaranırdı. Belə ki, insanlar bu məqsədlə istifadə olunan kimyəvi maddələrin orqanizm üçün zərərli olduğunu bilərək qazanc əldə edəcəyinə baxmayaraq, sağlamlığı baxımından zəhərli preparatlarla təmasda olmaqdan ehtiyat edirdi. Bu baxımdan ozonla iş daha asan və səmərəlidir. Əsas da odur ki, ekoloji cəhətdən təmizdir, son məhsulda toplanmır. Regionda ilk dəfə təklif olunan ozonlaşdırma texnologiyasının yoxlanılması məqsədilə MAA–nın əməkdaşları 2009–cu ildən təsərrüfatımızda sınaq sahəsi yaratmışlar. Ozonlaşdırılmış buğda toxumları ilk əvvəl 30 hektar sahədə səpilmiş və nəticədə məhsuldarlıq 30 faizə qədər artmış və məhsulun keyfiyyət göstəriciləri yüksəlmişdir. Təsərrüfatımızda 2010–cu ildə 60 ton, 2011–ci ildə 145 ton və 2012–ci ildə 300 ton toxumluq taxıl ozonlaşdırılmışdır. Toxumluq taxılı parazitlərdən qorumaq üçün həmişə müxtəlif kimyəvi preparatlardan istifadə etmişik. Buna baxmayaraq sürmə xəstəliyi bizə çoxlu problemlər yaradırdı. Ozonlaşdırma texnologiyaları işimizi xeyli yüngülləşdirmişdir. “Aran”, “Əzəmətli”, “Qobustan” sortlarında ozonlaşdırma texnologiyalarından istifadə etmişik. Tədqiqatın nəticələri bu ekoloji cəhətdən təmiz texnologiyanın ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı istehsalında məhsuldarlığın artırılması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu göstərir.

Uzun illər kənd təsərrüfatında çalışan və eyni zamanda ozonlaşdırma texnologiyaları üzrə bizdə aparılan işləri müşahidə edən bir insan kimi də deyə bilərəm ki, ayrı–ayrı fermer təsərrüfatlarının ozonlaşdırıcı qurğu və avadanlıqlarla təchiz edilməsi mümkün və lazım deyildir. Çünki burada çoxlu sayda problemlər meydana çıxır və bunları yalnız peşəkar mütəxəssislər həll edə bilər. Qurğuların quraşdırılması, onlardan istifadə qaydaları üzrə fermerlərin öyrədilməsi də uzun vaxt tələb edən çətin prosesdir. Bütün bu işlər üçün müstəqil qrup yaradılsa fermerlərə daha real kömək olar. Toxum istehsalçıları bu qrupla birgə işləyə bilərlər və bu çox böyük səmərə verə bilər.”

Kənd Təsərrüfatı Nazirliyində keçirilmiş toplantının bütün iştirakçıları ilə söhbətlərimizdə qəti bir əminlik hiss etdik ki, hamı ozonlaşdırma texnologiyalarının respublikanın kənd təsərrüfatında tətbiqindən böyük səmərə əldə ediləcəyinə inanır və bu inam sadəcə sözlərlə və istəklərlə deyil, real tədqiqatlarla və sınaqlarla təsdiqlənir. Ozonlaşdırma texnologiyalarının toxumçuluq təsərrüfatlarında tətbiqini həyata keçirmək üçün isə ən qısa zamanda alim və mütəxəssislərdən ibarət qrup yaradılacaqdır. Qrup ilk növbədə ozonlaşdırma texnologiyalarının təbliği (buklet hazırlanması, fermer təsərrüfatında tarla seminarının təşkili və s.), mobil sənaye qurğularının istehsalı, qurulması və işə salınması məsələləri ilə məşğul olacaqdır. Əminik ki, bu tədbirlər ölkəmizin ərzaq təhlükəsizliyinə böyük bir töhfə olacaqdır.

 

 

Samir Zeynalov

 

Respublika.- 2013.- 9 aprel.- S. 9.