ƏDƏBİ ÖMÜRLƏRƏ ÇİLƏNƏN İŞIQ: “YADA DÜŞDÜ”

 

2012–ci ilin ilk yanvar günlərinin birində qələm dostlarımdan biri, şairpublisist Zülfüqar Şahsevənli mənə bədii–nəfis tərtibatı göz oxşayan bir jurnal təqdim etdi. Bu, 2011–ci ilin son ayında təzəcə nəşr olunmuşYada düşdü” jurnalı idi.

İlk olaraq jurnalı ərsəyə gətirənlərin adlarına göz qoyuram. Təsisçi Nəzakət Məmmədli, baş redaktor yazıçı–publisist Nahid Hacızadədir. Elə ilk səhifədə üzündən yaz təbəssümü əskik olmayan poetik ruhlu, həssas qəlbli şairə Nəzakət xanımın nəcib əməlini təzə–tər yarpaq təravəti qədər ovqat bəxş edən sözlərindən duyanda inamsızlığım əl–ətəyini yığışdırıb çəkilən duman təki fikrimdən silindi. Niyyət xoş, məqsəd təmənnasız olanda çəkilən zəhmətin bəhrəsi də ürəyəyatan olur. Görünür, onun belə bir adda jurnalı ərsəyə gətirməkdən ötrü mənəvi zənginliyə rəvac verən istəklərə inamla dəstək olması xalqımızın ədəbi sərvətinə vurğunluğundan, onu təbliğ etmək arzusundan yaranmışdı. Onun həzin, bir payız nəsimini andıran düşüncələrini ovqatımda duydum. Nəzakət xanım, “İnsan görəsən niyə belə ötən günün, dünənin həsrətindədir? Saralmış şəkillərdə, budaqdan üzülüb düşən qızılı yarpaqlarda, qurumuş çiçəklərdə, batmaqda olan günəşin tanrısal gözəlliyində nə sirr var, ilahi? Bu sirri açmaq, kül altında köz kimi mürgüləyən sevginin, ayrılığın, o həsrətin göz yaşlarının izinə düşmək, dünənimizlə sabahımız arasında cığır, körpü olmaq üçün bu sevdaya düşmüşük”, deyərək qucaqqucaq xatirələrlə qapımızı döyür. Və bundan sonra hər təzə sayında sanki fəsillərin ovqatını özünün və jurnalın ovqatına qataraq, oxucularıyla isti görüşlərinə rəvac verir.

Baş redaktor jurnalın ilk sayına yazdığı sözüylə birbaşa arzu və niyyətini, bu ideyanı doğuran səbəbləri aydın, səliqəli şəkildə oxuculara təqdim edir. Elə bu fikirlər “Yada düşdünün meydana gəlməsinin bir növ zərurətdən yarandığını isbat edir. Burada baş redaktor nəşrlə bağlı nigaranlığını, həyəcanını da gizlətmir O, fikirlərini açıqca bildirərək yazır: “Yada düşdü buraxmaq barədə götürqoy edəndə, zövqünə, istedadına inandığım qələm dostlarımla fikir mübadiləsi edəndə teztez mənə belə suallar verirdilər: Bu jurnal “Azərbaycan”ı, “Ulduzu yamsılamayacaq ki? “Yada düşdü” təkrar olmayacaq ki?

Açığı, bu suallar hardasa məni həm düşündürür, həm də ağrıdırdı. Bu da ilk növbədə onunla bağlı idi ki, axı əsas məqsəd birdir: ədəbiyyatımızı saf ürəklə, istəklə təbliğ etmək!

Bizim bu nüfuzlu jurnallarımız “ədəbi–bədii” markası ilə nəşr olunur. “Yada düşdünün üz qabığında isə oxucular ədəbi–bədii sözləri ilə yanaşı nostalji sözünüoxuyacaqlar. Bu da oxucuları həm maraqlandıracaq, həm də düşündürəcək. Nostalji sözünün bütün yazıların ruhuna, rənginə və ətrinə təsiri bu üzdən maraqlı olan dostların və baş redaktorun narahatlığına son qoydu. Bu gün bir ildən də artıq bir zamanda yol gedən jurnal yuxarıda adları çəkilən ədəbi–bədii orqanlardan məhz bu xüsusiyyətinə görə fərqləndi. Nahid müəllim gəncliyindən böyük bir ədəbi mühitin içərisində mogikan yazıçılarla, nəhəng sənətkarlarla birgə maraqlı həyat yaşayıb. Bu həyatda görübşahidi olduğu əhvalatları, tutiya anları yaddaşına köçürübbu gün onları böyük auditoriyaya çıxarmağı özünün mənəvi borcu hesab edir. Bunları 2008–ci ildə nəşr etdirdiyiYada düşdü” adlı xatirələr, məqalələr, istəklər kitabında işıq üzünə çıxarıb. Belə bir mənəvi borcu, xalqın ədəbi istedadını elə xalqın özünə qaytarmaqdan ötrü yaddaşına ürək söykəyən yazıçı–publisist hafizəsində naxışlanan söz yadigarlarına bədii–nostalji duyğularlaYada düşdü” jurnalının parlaq səhifələrində yeni bir həyat bəxş edib. Ədəbi şəxsiyyətlərin şəxsi talelərinə, yaşam tərzinə, məsləkinə, yaradıcılığın alt qatındakı mənalara məhrəm olan bir insan, onları etibalı, sədaqətli qələmdaşı, ruhdaşı kimi ədəbi nəslə çatdırır. Və bu yazıları oxuduqca belə böyük şəxsiyyətlərin sadə, yüksək keyfiyyətlərə malik şəxsiyyət olduqlarının, sanki, yenidən şahidi oluruq. Böyük olduqları qədər də sadə olan bu insanlar yaradıcılıqlarında, şəxsi talelərində xalqın ruhunu daşıyıblar. Və ona görə də xalqın sevimli sənətkarları olublar. “Yada düşdü”də bu ədəbi ömürlərə zərrin şəfəqlərini salır.

İndi çoxları bir işə başlayarkən əvvəlcə ondan götürəcəyi qazancı düşünür, ən azından mənəvi dəyərini arxa plana keçirir. Nahid müəllim hansı işə baş qoşubsa, ilk növbədə onun mənəvi–əxlaqi tərəfinə ürəyinin işığını verib. Çağdaş dövrümüzdə xatirə ədəbiyyatının ünlü yazıçısı olaraq onu mükəmməl və davamlı formada işləyən, bu mövzuda meydana sanballı əsərlər qoyan Nahid müəllim bu işini bir növ jurnal variantında da davam etdirməyi vaxtbivaxt götürqoy etmiş, onun uzun bir zaman tarixində yaşamını görərək yola çıxmışdır. Nahid müəllimin xarakteri belədir: o, hansı işin qulpundan yapışırsa ona ürəyini, düşüncəsini verir. Onun Azərbaycan Televiziyasının Ədəbi dram baş redaksiyasında fəaliyyət göstərdiyi vaxtlarda zəhməti, səliqə–sahmanı, yaradıcılığı ilə tamaşacıya, bütünlükdə cəmiyyətə təqdim etdiyi bitkin, səviyyəli, ədəbi dəyərləri ilə seçilən və yadda qalan verilişlərini xatırlayıram. İndiki işinin mayasını da o illərin təcrübəsinə, uğuruna hesablayıram. Yazıçının bu ədəbi məhsuluna da zəhmətini çəkdiyi, boyunu sevdiyi bir insan ömrü kimi baxıram. “Yada düşdü millətə bəxş etdiyi mənəvi övladı hesab edirəm.

Bir yaşlı jurnalın bütün saylarını işıq üzünə çıxınca götürüb oxumuşam. Burdakı yazıları gözümdə–könlümdə növünə, janrına görə nizama düzərək, onlara ayrı–ayrılıqda göz yetirmişəm.

Bəzi yazılar ruhumu oxşayıb, başqa biri nakam taleyin acısıyla qəlbimi ağrıdıb. Bir ayrısını oxuyanda dodağım qaçıb. Qəlbimizə yazılan şeirlər yaddaşımı təzələyib, təzə–tər çiçəklər kimi ətirli poeziya nümunələri xoş duyğular oyadıb könlümdə. İnsan nə qədər bənzərsiz ovqatlara köklənərmiş. “Yada düşdü” hər sayında belə bir əhval–ruhiyyə bəxş edib oxucularına. 1 yaşlı jurnalın məqsəd və məramı, oxucuya verdiyi mənəvi zövqü, ruhuna, ovqatına bəxş etdiyi xəfif, kövrək duyğulara isti yanaşmaqla münasibət bildirmək məqsədə müvafiq olar. Bu fikirlə də jurnalı vərəqləməkdə davam edirəm…

Mən “Yada düşdü” jurnalını da xatirələrdən qurulmuş bir qəsrə bənzədirəm. Fikrimi cəmləmək, təəssüratımı axarına salmaqdan ötrü mənəvi dəyərləri ilə zəngin olan ədəbi–bədii, nostalji qəsrin qapısını açıb içəriyə daxil oluram. Mənim şəxsən tanıdığım və tanımadığım ədəbiyyat, sənət adamlarının həyatlarının maraqlı anları, ictimai–ədəbi mühitin müəyyən dövrlərinin mənzərəsi həqiqətin işığında ifadə olunur. Həyat həqiqətlərinin bədii həqiqətlərdə ifadəsi də xatirələrdə yaşayan nostalji duyğularımızı oyadır. Başqa bir tərəfdən də jurnal ədəbi talelərin ömürlüyünü vərəqləməklə yeni nəslin gözləri qarşısında onun özünün yaşamadığı mühiti, mənzərəni canlandırmağa, böyük mətləblər ifadə edən yaradıcılıq incilərini duymağa, onlardan bəhrələnməyə, mənəvi–əxlaqi dəyərləri sevməyə və qorumağa xidmət edir.

Mübaliğəsiz deyərdim ki, bu gün ədəbi–ictimai maraqların çox istiqamətlərə yönəldiyi bir zamandaYada düşdüözünün varlığı bədii tərtibatı, poliqrafik icrası, ədəbi–bədii dəyərləri ilə nostalji yaşantılara sığal çəkərək onları bizə qaytarmaqla qəlbimizə bahar ovqatı, yaz əlvanlığı gətirə bilib. Mən bunun başlıca səbəbini, “çörəyi ver çörəkçiyə, birini də artıq” məsəlində olduğu kimi bu dərginin də bədii–estetik zövqə, milli ruha və xatirə ədəbiyyatı sahəsində böyük təcrübəsi olan yazıçı–publisist, dramaturq Nahid Hacızadənin baş redaktor kimi rəhbərlik etməsində görürəm. Nahid müəllim xatirə ədəbiyyatının üzdə və nəzərdə olan mahir yaradıcılarındandır. Xatirələrdən inşa edilmiş bu zəngin qəsrin gözəlliyinə, dəyərinə yaradıcı potensialı ilə sahman verən də belə bir ədəbi təcrübəyə malik olan sənət adamıdır. Qəsr dediyim bu jurnalın bünövrəsindən başlamış, sütunlarının, keçid aldığı guşələrin hər birinin baxımlı, zövqlü olduğunu görüncə, qəlbimdə bir rahatlıq duyuram. Yenə də düşünürəm, nə yaxşı ki, bu tikilinin memarı, məhək daşı yazıçı Nahid Hacızadədir.

Bu fikirləri qələmə ötürə–ötürə ötən əsrin 20–30–cu illərinin ədəbi mühitini yada salıram. Bu dövr Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafı dövrü idi. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, S.Vurğun, R.Rza, S.Rüstəm, M.İbrahimov, Ə.Vəliyev, İ.Əfəndiyev, Mir Cəlal, Ə.Məmmədxanlı və başqalarının yaratdığı ədəbiyyatın Azərbaycan həyatını, xalqın milli varlığını, mənəvi–əxlaqi dəyərlərini yaradan və inkişaf etdirən əsərləri ictimai şüurun inkişafına özünün təsirini göstərdi. Bu ədəbi şəxsiyyətlər cəmiyyət həyatına yeni insan və onların arzularını, qurubyaratmaq əzmini gətirdilər. Bu yazıçılar çətin, ağır zamanlarda yaradıcılıq amallarını həyatlarının sonunacan yaşatdılar. Bir zamanlar dərsliklərimizdə çoxlarının şəkillərinə heyranlıqla baxar, əsərlərindən verilən nümunələri həvəslə oxuyub–öyrənərdik. Hər hansı bir şeir, hekayə bir dəfə oxunmaqla yaddaşımıza yazılar, sanki həyatımızı gözəlləşdirərdı… İndi çağdaşımız olan bir çox yazıçıların özlərindən sonra miras qoyduqları xeyirxahlığı, şəxsiyyətləri, zəngin həyatları xalqın yaddaşına köçən mənəvi dəyərlər deyilmi? Vaxtilə bu yazıçıların əksəriyyətini işlədiyim “Gənclik” nəşriyyatında görmüşdüm. O zaman hər birimiz bu böyük şəxsiyyətləri kənardan da olsa görməyi, onlarla salamlaşmağı, kəlmə kəsməyi özümüz üçün şərəf bilirdik. Mən “Yada düşdünün yazılarını qəlbimə köçürdükcə, yazıçı və şairlərimizin haqqında duzlu–məzəli, şirin, kövrək xatirələri oxuduqca, hafizəmdə bu nostalji duyğular, anımlar baş qaldırdı…

Burdaca yadıma arzuları qönçədə ikən xəzana dönən nakam şairlərimiz düşür. M.Müşfiq, Ə.Cavad, H.Sanılı, A.İldırım kimi qəlbi vətən və xalq üçün döyünən şairlər az ömürlərində çox ağrılar yaşadılarsa, yaratdıqları Azərbaycan ədəbiyyatı tariximizin nadir inciləri sırasında yer aldı. Zamanzaman belə insanların ömrün hansı döngəsindəsə repressiyanın qara caynaqlarında məhv olan həyatlarına işıq çilənməsi, xatırlanması nədən olmasın…

Bu gün ədəbi mühitdə neçə onilliklər oturuşmuş “Azərbaycan”, “Ulduz”, “Füyuzatkimi jurnallar var ki, onların hər biri Azərbaycan ədəbiyyatının inkişafında özünəxas dəst–xətlə fəaliyyət göstərir. Düşünürəm ki, yeni jurnalla tanış olan zövqlü oxucu etiraf edər ki, belə bir köklü–köməcli dərgilərin sırasında yenicə addımlayan 1 yaşlı “Yada düşdü” də özünün bənzərsiz yaradıcılıq laboratoriyasını qura bilib. Əslində o da adlarını çəkdiyim jurnallar kimi ədəbiyyatımızın təbliğinə öz prizmasından yanaşmaqla xidmət edir. Lakin onun üslubuna, məqsədinə yanaşma prinsipinə gəlincə o, özünəməxsusdur.

Mən burda diqqəti jurnalda gedən rubrukalara çəkmək istəyirəm. Hər yazının ruhuna uyğun seçilən rubrikalar gözümüzü oxşadığı kimi qəlbimizə də yatır. Burda yazı müəllifləri, onların əsərləri elə bir ədəbi ustalıqla öz xanasına yerləşdirilib ki, sıra sayı, səhifələrin ardıcıllığı sanki şərtidir: onlar hamısı göz qabağında, eyni səhifədə görünürmüş kimi gözümüzün önünə gəlir. Bu, heç şübhəsiz, müəlliflərə, yazılara, onlardakı qüvvətli, təsirli mənalara eyni gözlə, doğma bir baxışla nəzər yetirməyin nəticəsidir.

Doğrudan da, ötən illərin yaddaşında qalan əsərlərə könül verib, “qəlbimizə yazılan şeirlər”i hafizəmizdə təzədən göyərtmək, həzin–həzin pıçıldamaq necə də şirindi. Unudulmazlara, “Bizi heyrətləndirən insanlara, “Göynəkli düşüncələr”ə, “Dərdli ürəklərin deditdirdiklərir”nə, “İllərin yaşatdıqları”na yanayana ürək vermək, “Saralmış əlyazmalar”ı, “Dəryadan damlalar”ı, “Yazılmayan yazı”ları, “İllərin yadigarı”nı, “Vətənin ürəyinə köçənlər”i … xatirələrin işığında oxuduqca, bir ömür dolusu həyata məhrəm olmaq çox şirin, həm də kövrək yaşantılardı. O ədəbi işıqlara sarı üz tutub xatirələrlə başbaşa olmaq tər–təmiz göy üzündə, xəyalların içində üzmək kimidi. Saralmış yarpaqlara düşmüş qırmızı xallar nostalji duyğuları oyadan zərrəciklər təkidi. Yazıların ruhunda gəzişən bu duyğularYada düşdünün varaqlarında günəşə boylanan günəbaxanlar təki yanyana, boy–boyadı…

Və yadımdan çıxmamış, deyim ki, bu yazıların sırasında Zülfüqar Şahsevənlinin ürəyimizə unutmazlıq toxumu səpən publisistikasının nəfəsində poeziyasının rəngini gördüm. Bayaq dediyi: “Çiçəklər pıçıl–pıçıl, açılır bu sübh çağı, ürəyimdən keçirsən”, misralarıyla könlümüzü havalandıran şair, bir azdan “Ayrılığın üzü dönsün” fəryadıyla Müşfiqi işıqlı həyatdan qoparıb aparan qara yelin havasıyla qəlbimizi titrədir. Tofiq Bayramı özünün “Sən sevdalı ürəyimi apar özünlə” misrasıyla yada salan publisist fikirlərini onun ruhuna, şeirlərinin çəkisinə, sanbalına müraciət formasında səsləndirir. Şairin yradıcılığının içindən boylanan obrazını öz palitrasında təqdim edir. Gözümüz sətirlərin arasında gəzdikcə, qəlbimizi həzin, nisgilli xatirələr çulğayır. “Mənim dərdlərimin ayaqları var…”, deyən Musa Yaqubla müsahibəsi həmsöhbətini, ömür karvanını çəkib aparan sarbanı yol üstündə dəryaca dərin düşüncələrə sala bilir. Bu yazılar jurnalın ovqatına bir həzinlik, toxdaqlıq gətirir…

Jurnalda maraqla oxunan yazılar sırasında bir yazıçının qələm dostu, sirdaşı haqqında həzin bir nəğmə kimi qulaqlarda səslənən xatirəsi də yer alıb. Burda insanı kövrəldən, indi hər ikisinin haqq dünyasında olmasıdır. Göynəkli düşüncələr oxucunu kədərli bir ovqata kökləsə də, orda yaşanılanlar yaddaşa yazılır, adamı uzun zaman cazibəsində saxlayır. Ədəbiyyat, mədəniyyət tariximizə yazılan sənətkarların yaradıcılığı, ömürlərinin maraqlı, pərdəarxası anlarından xəbərdar olduqca düşünürsən, onlar yada düşməyə bilərmi? Elə bu üzdən oxucuya da xoşdu ki, “Yada düşdü” bədii–estetik zövqün məhsulu kimi yaddaşlara işıq salır.

Fikirlərimi tamamladığım zamanda jurnalın yeni ildəki birinci sayını aldım. Yazıma son nöqtəni qoymazdan öncə onu da vərəqləyib, içindəki yazılarla tanış oldum. Gördüm, jurnalın yaradıcılarının bu ədəbi–bədii qəsrə saldığı cilalı naxışlar bir–birindən maraqlı mövzulara, nostalji yaşantılara yol açır.

Yada düşdü” həzin bir xatirə kitabıdır. Yazıldıqca yazılacaq, oxunduqca oxunacaqdı. Çünki yaşanılan keçmişin gözü gələcəyə baxır. Gələcək–sabahlara aparan ümidli, şirin arzuların qatarıdı. Ədəbi səfərlərinizin yolu aydın olsun

 

 

Şəfəq Nasir

 

Respublika.- 2013.- 9 aprel.- S. 11.