Azərbaycanın
müdafiə sənayesi kompleksinin əsası ulu öndər
tərəfindən qoyulub
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı ulu öndərin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısındakı xidmətləri əvəzsizdir. Bu gün Azərbaycan Respublikasının elə bir sahəsi, elə bir fəaliyyət istiqaməti yoxdur ki, Heydər Əliyevin irəli sürdüyü dövlətçilik prinsipinə söykənməsin. Bu sahələrdən biri də müdafiə sənayesidir.
Ölkəmizin müstəqilliyinin qorunub
saxlanılmasında xüsusi əhəmiyyət kəsb edən
Hərbi Sənaye Kompleksi Heydər Əliyevin 1969–cu ildə Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinın birinci katibi
seçildikdən sonra məhz onun tərəfindən
yaradılmışdır.
Həmin dövrə qədər, zəngin təbii sərvətlərə malik olan Azərbaycanda məqsədli şəkildə iqtisadiyyatın birtərəfli inkişaf etdirilməsi, dünya hərbi–sənaye elminin, texnikasının və istehsalının inkişafına əhəmiyyətli töhfələr vermiş respublikamızda Hərbi Sənaye Kompleksinin yaradılmasına öz mənfi təsirini göstərmişdi. Böyük imkanları olan Azərbaycanda cəmi dörd hərbi təyinatlı müəssisə fəaliyyət göstərsə də həmin müəssisələrdə belə istehsal edilən məmulatların son tamamlanma işlərinin respublikadan kənarda aparılması onların fəaliyyətində asılılıq yaratmışdı. Bu isə öz növbəsində keçmiş sovet imperiyasının Azərbaycana qarşı düşünülmüş siyasətinin bir hissəsi idi.
İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiya prosesi hələ 1970–1980–ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.
Məhz onun şəxsi təşəbbüsü və səyi nəticəsində SSRİ Elektronika Nazirliyinin tərkibində olan Bakı Mikrosxematexnika Xüsusi Konstruktor Bürosunun bazasında Ozon zavodu, 1975–ci ildə isə Bakı şəhərində Elektron Hesablama Maşınları zavodu qısa müddət ərzində tikilib istismara verilmişdi. Bütövlükdə 1970–1982–ci illərdə respublika ərazisində müdafiə təyinatlı elmi və istehsal müəssisələri də daxil olmaqla çoxlu sayda zavod, fabrik, istehsalat sexləri istifadəyə verilmişdi. Təsadüfi deyil ki, həmin dövrdə Azərbaycanda istehsal olunan sənaye məhsulları dünyanın 65 ölkəsinə ixrac olunurdu.
Azərbaycanda olan demoqrafik artımı və mövcud elmi potensialı nəzərə alan Heydər Əliyev SSRİ–nin ağır maşınqayırma və Hərbi Sənaye Kompleksi müəssisələrinin respublikada yaradılması məsələsini Sov.İKP MK–nın Siyasi Bürosu qarşısında qaldırır. Onun təklifləri və gərgin əməyi sayəsində Azərbaycanda, radiotexnika və cihazqayırma sənayesi üzrə üç yeni müəssisənin: Radio Maşınqayırma zavodunun (Robot zavodu); Tərtərdə Lionozov Elektromexanika zavodunun filialının və Elektron Hesablama Maşınları zavodunun “II növbəsi”nin tikintisi; elektron sənayesi üzrə dörd zavodun: Gəncədə Billur zavodunun, Xaçmaz, Siyəzən və Lənkəranda isə Kondensator zavodlarının tikilməsi; müdafiə sənayesi üzrə Azov Optika–Mexanika (Alov) zavodunun filialının yaradılması, Alunit zavodunun tikintisi; gəmiqayırma sənayesi üzrə Bakı Elektro–Mexaniki İnstitutunda yeni istehsal sahələri yaradılaraq, sonradan onun bazasında Nord EİB–nin yaradılması; aviasiya sənayesi üzrə istehsal sahələrinin genişləndirilməsi və s. həyata keçirilmişdir.
Neftlə zəngin olan respublikamızda neft maşınqayırması üzrə müəssisələrin yaradılmasının zəruri olduğunu qabaqcadan görən Heydər Əliyev müharibə şəraitinə uyğun istehsal profilini dəyişmək imkanı nəzərdə tutulmaqla yeni maşınqayırma müəssisələrinin tikilməsi və genişləndirilməsi barədə də öz təkliflərini vermişdir. Həmin dövrdə öz nüfuzundan istifadə edən Heydər Əliyev Azərbaycanda Hərbi Sənaye Kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına təkan verəcək “Ulduz—EİB”, Əli Bayramlı “Araz” zavodu (indiki Şirvan “Araz”), Rabitə Elmi Tədqiqat İnstitutu kimi yeni müəssisə və zavodların tikilib istismara verilməsinə nail olmuşdur.
Elmin inkişafına daim xüsusi diqqət ayıran Heydər Əliyev Azərbaycanın zəngin təbiəti, geniş tərkibli bitgi örtüyü, relyefi Xəzər dənizi ilə birlikdə bütün ərazisi kosmik aparatlar vasitəsi ilə kosmosdan alınan məlumatların aşkarlanması və təhlili metodikalarının yaradılması sahəsində il boyu fəaliyyət göstərmək imkanı olan nadir təbii sınaq poliqonu oduğunu nəzərə alaraq, 1975–ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində KASPİ Elmi Mərkəzinin yaradılması haqqında qərar verir. 1978–ci ildə isə “KASPİ” Elmi Mərkəzinin bazasında Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradılır.
1982–ci ildə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu təcrübi istehsalat sahəsinin və poliqonunun əsasında Kosmik Tədqiqatlar Elmi–İstehsalat Birliyi (EİB) yaradıldı. Qeyd etmək lazımdır ki, institut və EİB keçmiş SSRİ dövründə kosmik tədqiqatlar sahəsində fəaliyyəti açıqlanan ilk müəssisələr olublar.
Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də gənclərin gələcəyin müstəqil ölkəsinə gərəkli ola biləcək ixtisaslara yiyələnmələri üçün keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi olmuşdur. O dövrdə belə, azərbaycanlı gənclərin yüksək ixtisaslı hərbiçi kadrlar kimi hazırlanması doğma Azərbaycanımızın müstəqil gələcəyini görən Heydər Əliyev üçün xüsusilə əhəmiyyətli məsələ idi.
1991–ci ildə yenidən müstəqillik qazanan Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması ulu öndərin əvəzsiz xidmətinin nəticəsidir. 1993–cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimityyətə gələn Heydər Əliyev yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın sükanını öz qüdrətli əllərinə almaqla xalqın birliyini təmin etmiş, respublikada ictimai–siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaratmış, milli dövlətçilik ideyalarını ardıcıllıqla həyata keçirmişdir.
Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması və torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994–cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.
Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.
Siyasi uzaqgörənliyə sahib olan Heydər Əliyev qısa müddət ərzində ölkədə daxili sabitliyin yaradılmasına nail oldu. Respublikanın müharibə vəziyyətində olması nəzərə alınaraq ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Ordunun mərkəzləşdirilmiş maddi–texniki təminatı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdırıldı. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin respublikanın müdafiə sənayesi müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının inkişafına da şərait yaratdı.
Keçmiş SSRİ–nin Hərbi Sənaye Kompleksi ücün fəaliyyət göstərən (indiki Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan) müəssisələr SSRİ–nin dağılmasından sonra bir sıra ciddi problemlərlə rastlaşdılar. Belə ki, mövcud xammal və satış bazarının itirilməsi, qarşılıqlı əlaqələrin kəsilməsi, regionda qeyri–sabitlik və digər problemlər müəssisələrin tənəzzülə uğramasına səbəb olmuşdu. Əsasən müdafiə təyinatlı məmulatların istehsalı üzrə ixtisaslaşmış bu müəssisələrin fəaliyyətlərini bərpa etmək və respublikada müdafiə sənayesi kompleksinin inkişafına nail olmaq məqsədilə 1993–cü ildə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi yaradıldı.
2003–cü ildə ordumuzun hərbi–texniki bazasını gücləndirmək və bu sahədə kənardan asılılığı azaldmaq məqsədilə ümummilli lider tərəfindən “Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003–2005–ci illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi ilə respublikanın müdafiə sənayesinin inkişafının yeni mərhələsinə qədəm qoyuldu.
Bu istiqamətdə aparılan məqsədyönlü siyasət Heydər Əliyev ideyalarının layiqli davamçısı, respublika Prezidenti İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilir. Respublikamızın müharibə vəziyyətində yaşamasını nəzərə alan və bu sahənin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirən ölkə başçısının Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair imzaladığı 16 dekabr 2005–ci il tarixli Sərəncam bunun bariz nümunəsidir.
Müdafiə Sənayesi Nazirliyi respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırıq və tövsiyyələri əsasında artıq 7 ildir ki, fəaliyyət göstərir.
Nazirlik yaradıldığı gündən qarşısına qoyulmuş əsas məqsədlərə çatmaq üçün tabeliyinə verilmiş istehsal müəssisələrində əsaslı yenidənqurma işləri aparmaqla Silahlı Qüvvələri lazımi silah, hərbi texnika, sursat və s. təmin etmək üçün yeni istehsal sahələrinin yaradılması istiqamətində işləri uğurla həyata keçirir.
Ötən müddət ərzində nazirliyin tabeliyində olan müəssisələrin böyük əksəriyyətində əsaslı tikinti və yenidənqurma işləri aparılaraq istifadəyə verilmişdir. “İqlim”, “Dalğa” və “Sənayecihaz” Elmi İstehsalat Müəssisələri, “Telemexanika”, “Peyk”, “Alov”, Elektron Hesablayıcı Maşınlar, “Radioquraşdırma”, Şirvan “Araz”, Bakı “Cihazqayırma”, Xaçmaz “Kondensator” zavodları, “AZAD Systems Co.” Müəssisəsi və Elmi–Tədqiqat İnstitutu əsaslı təmir və yenidənqurmadan sonra istismara verilmişdir. Eləcə də, ötən ilin sonu, müdafiə sənayesi işçilərinin peşə bayramı günündə nazirliyin daha bir müəssisəsi, Təcrübə–sınaq zavodu ölkə başçısının iştirakı ilə həyata vəsiqə almışdır.
MSN–in tikinti və yenidənqurma işləri aparılmış birlik və müəssisələrində 45 yeni istehsal sahəsi yaradılmışdır.
Nazirliyin fəaliyyət göstərdiyi 7 il ərzində tabeliyində olan müəssisələri ən müasir texnologiya və avadanlıqlarla təmin etmək üçün bir sıra işlər həyata keçirmişdir. Onlarla texnoloji avadanlıq, 1500–dən çox müxtəlif növ dəzgah, cihaz, alət, və tərtibatlar alınıb quraşdırılmışdır.
Artıq nazirliyin tabeli müəssisələrində istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700–ə çatdırılmışdır.
2013–cü ilin birinci rübünün nəticələrinə görə istehsal olunaraq sifarişçilərə təhfil verilmiş müdafiə təyinatlı məmulatların həcmində 2012– ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artım olmuşdur
Bu gün “Matador” və “Marauder” tipli zirehli maşınların istehsalı, onların silahlanması tam mənimsənilmiş və kütləvi istehsalı uğurla həyata keçirilir. Müasir pilotsuz uçuş aparatlarının istehsalı təmin edilmişdir. Eyni zamanda, AK–74M tipli avtomatların istehsalı da müvəffəqiyyətlə həyata keçirilir.
İlk dəfə 2009–cu ildə beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan Müdafiə Sənayesi Nazirlyi ötən ilin noyabr ayında qatıldığı “İndoDefence–2012″ sərgisində 125 adda müdafiə təyinatlı məmulat nümayiş etdirdi. Onlardan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələrini, döyüş sursatlarını, optik nişangahları, mühəndis texnikasını və s. göstərmək olar. Nazirliyin müəssisələrində yeni yaradılan və istehsal olunan pilotsuz uçuş aparatları, gecəgörmə cihazı, zirehli dəbilqə, zirehli gödəkcə, AKM və AK–74 tipli avtomatlar üçün şəffaf patron daraqları, fərdi əyehqazlar ilk dəfə idi ki, beynəlxalq sərgidə nümayiş etdirilirdi.
ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə kimi inkişaf etmiş ölkələr daxil olmaqla dünyanın 50–dən artıq ölkəsindən 500–dən artıq şirkətin qatıldığı sərgidə Azərbaycan istehsalı olan məmulatlar, xüsusilə müxtəlif növ döyüş sursatları, pilotsuz uçuş aparatları, 12,7 və 14,5 millimetrlik “İstiqlal” snayper tüfəngləri, tapançalar böyük maraqla qarşılandı.
Müdafiə Sənayesi Nazirliyi may ayında respublikamızı daha bir beynəlxalq sərgidə, Türkiyədə təşkil olunan İDEF–2013 beynəlxalq sərgisində təmsil edəcəkdir. Bu, Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məmulatlarla qatıldığı sayca doğğuzuncu sərgi olacaqdır.
Ulu öndərin 90 illik yubileyi ərəfəsinə təsadüf edən bu sərgidə Müdafiə Sənayesi Nazirliyi, tabeli müəssisələrində yaradılan və istehsal edilən 130 adda məmulatla təmsil olunacaqdır. Daima Azərbaycanı qüdrətli dövlət kimi görmək istəyən ümummilli lider Heydər Əliyev tərəfindən ötən əsrdə əsası qoyulan bir qurumun bu gün dünyanın inkişaf etmiş ölkələri ilə bir məkanda öz milli məhsullarını nümayiş etdirməsi qürurvericidir.
Bu günədək qatıldığı sərgilərdə MSN nümayəndə heyəti tərəfindən bir çox ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilmiş, ikitərəfli əməkdaşlıqların yaradılması, mövcud olan əməkdaşlıqların inkişaf etdirilməsinə dair müzakirələr aparılmış və razılıqlar əldə olunmuşdur. Bir sıra yeni layihələrin reallaşdırılması nəzərdə tutulmuşdur.
Yeni layihələrdə müxtəlif çaplı uzaq məsafəli artilleriya minalarını və onların barıt atımlarını, müxtəlif növ artilleriya mərmiləri üçün partladıcıları, zirehli nəqliyyat vasitələri üçün döyüş modullarını, atıcı silahların və onların döyüş sursatlarının daşınması və saxlanılması üçün müasir qablaşdırma qutularını və s. istehsalını göstərmək olar.
Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş dövlətlərinin 60–dan çox şirkət və firma ilə sıx əməkdaşlıq edir. Beynəlxalq sərgilərdə nümayiş olunan məmulatlara artan maraq sayəsində MSN ilə əməkdaşlıq edən ölkələrin və onların şirkətlərinin sayı artmaqda davam edir.
2013–cü ildə yaradılma sahəsində 71 mövzu üzrə 212 mərhələdən ibarət elmi–tədqiqat və təcrübi konstruktor işlərinin aparılması nəzərdə tutulur. İstehsalı mənimsənilmiş və seriyalı istehsalına başlanılmış yeni məmulatlardan yaylım atəşli reaktiv sistemi, zirehli texnikanın tırtıllarını, mühəndis texnikası üzrə elektron partlatma maşınını, fərdi əleyhqazı, aviasiya bombalarını, kollimator nişangahını, top kollimatorunu, müxtəlif minaatanları, siqnal tapançasını, zirehli texnikaların, artilleriya və atıcı silahların müxtəlif ehtiyat hissələrini göstərmək olar.
Müasir tökmə prosesi ilə həyata keçirilən zirehli maşınların tırtıllarının və müxtəlif çaplı minaların gövdələrinin hazırlanması uğula sınaqdan çıxmış və istehsalına başlanılmışdır ki, bu da mütərəqqi tökmə prosesinin ölkə iqtisadiyyatının digər sahələrində də tətbiqinə imkan yaradacaqdır.
Tabeli müəssisələrdə müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. 2013–cü ilin birinci rübü üzrə mülki məmulatların istehsal həcmində 2012–ci illin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım əldə olunmuşdur. İstehsalı mənimsənilən mülki məmulatların çeşidlərinin sayı 450–ni ötmüşdür.
Nazirliyin müəssisələrində mülki məhsullardan: neft–qaz sənayesində işlədilən müxtəli növ dəstləşdiricilərin, traktorlar üçün tırtılların, 4 və 6 laylı çap lövhələrinin, rəqəmsal teleyayıma keçidlə bağlı DVB–T tipli dekoderlərin, hərbi nəqliyyat vasitələrinin əsaslı təmiri və təkmilləşdirilməsi, gəmilərin təmiri üçün ehtiyat hissələrinin, səyyar yemək termoslarının, müxtəlif güclü akkumulyator batareyalarının, 12 kalibrli qoşa lülə və yarımavtomat yivsiz ov tüfənglərinin, işıqforlarda taymer sisteminin, polis məntəqələri üçün teleskop tipli maneə sistemlərinin istehsalı mənimsənilmişdir. 2010–cu ildən etibarən nazirliyin müəssisələrində istehsal olunan mülki məhsulların da beynəlxalq sərgilərdə nümayişinə başlanılmışdır.
Müdafiə sənayesi sahəsinin yüksək ixtisaslı kadrlara olan təlabatının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Texniki Universitetində yaradılmış Xüsusi texnika və texnologiya fakültəsi bakalavr və magistr pillələri üzrə Müdafiə Sənayesi Nazirliyinin verdiyi sifarişlər əsasında 2012–2013 tədris ilindən kadr hazırlığına başlanılmışdır.
Ötən il Texniki Universitetin adıçəkilən fakültəsinə 5 müdafiə təyinatlı ixtisas üzrə 75 abuturiyent qəbul olunmuşdur. Fakültədə təhsil alan tələbələrin müdafiə sənayesinə marağını artırmaq və yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri üçün müəssisələrdə əyani vasitələrlə təchiz olunmuş xüsusi tədris otaqları yaradılmışdır.
İnkişafı bilavasitə elmlə bağlı olan müdafiə təyinatlı məmulatların yaradılması sahəsində Müdafiə Sənayesi Nazirliyinin elmi müəssisələri tərəfindən bir sıra elmi–tədqiqat və təcrübi konstruktor işləri uğurla həyata keçirilir.
Qısa müddət ərzində respublikamızın müdafiə sənayesinin inkişafında əldə olunmuş uğurlar Prezident İlham Əliyevin ölkənin sənaye infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirdiyi kompleks tədbirlərin nəticəsidir.
Ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini özündə əks etdirən və dövlət proqramları vasitəsi ilə həyata keçirilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası onu göstərir ki, Heydər Əliyevin ölkəmizin yüksək tərəqqisini təmin edə biləcək, irimiqyaslı layihələri bu gün respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir.
Bu görülmüş işlər bir daha təsdiqləyir ki, bütün mənalı ömrünü öz xalqına bəxş etmiş, 90 illik yubileyini qeyd etməyə hazırlaşdığımız Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə–neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.
Mən əminəm ki, xalqımız qarşıdan gələn prezident seçkisində döğma Azərbaycanımızın inkişafı və müstəqilliyinin qorunub saxlanması naminə ötən müddət ərzində görülmüş işləri nəzərə alacaq və bu işlərin davamlı olması istəyi ilə Heydər Əliyev siyasi kursunun layiqli davamçısına səs verəcəkdir.
Yavər Camalov,
müdafiə sənayesi naziri
Respublika.- 2013.- 10 aprel.- S. 4.