Azərbaycanın
müasir məhkəmə–hüquq sisteminin qurucusu
Tarixdə şəxsiyyətlərin rolu danılmazdır. Xalqların taleyində yetişdirdiyi liderlərinin əvəzsiz rolu olmuşdur. Bu barədə düşünəndə ilk növbədə Azərbaycan xalqı —Heydər Əliyev yekdilliyə Heydər Əliyevin Azərbaycanın tarixində rolu diqqətə gəlir.
Azərbaycan xalqı Heydər Əliyevi özünün ümummilli lideri kimi qəbul etmişdir. Bu, Heydər Əliyevin uzun illər Azərbaycan dövlətinin və xalqının mənafeyi üçün göstərdiyi əvəzsiz misilsiz xidmətlərin məntiqi nəticəsidir.
Sovet Azərbaycanına rəhbərlik etdiyi və SSRİ rəhbərliyində təmsil olunduğu dövrlərdə Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafına, onu Sovet İttifaqı məkanında öncül yerə çıxartmaqla, SSRİ–nin ən qabaqcıl ali məktəblərində hər il yüzlərlə azərbaycanlı gəncin təhsil almasını təmin etməklə dövlət strukturlarında, o cümlədən hüquq mühafizə və xüsusi xidmət orqanlarında milli kadrların çəkisini davamlı olaraq artırmaqla Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafina böyük qayğı göstərməklə, Azərbaycanın milli ruhlu ziyalılarını, yaradıcı insanlarını qoruyub sovet cəza maşınından xilas etməklə, milli azərbaycanlı hərbçi kadrların yetişməsi üçün hərbi məktəblərin təşkili və digər vasitələrlə gələcəkdə Azərbaycanın müstəqil dövlət kimi mövcud ola bilməsinə zəminlər hazırlayırdı. Bütün bunlar Heydər Əliyev tərəfindən Sovet İttifaqında vahid sovet ideologiyasının hökm sürdüyü dövlətdə həyata keçirilirdi. Məhz uzaqgörən əməli fəaliyyəti ilə Heydər Əliyev Azərbaycanın Milli Azadlıq hərəkatının həqiqi lideridir.
Heydər Əliyevin dünyanın quru ərazisinin altıda biri böyüklüyündə bir dövlətin rəhbərliyində təmsil olunsa da, öz xalqına sədaqəti xalqımızın düşmənlərinə də yaxşı məlum idi. Bu nəhəng dövlətin Azərbaycan torpaqları üzərində erməni daşnakları ilə sövdələşməyə gedən rəhbəri M.Qorbaçov da bu yolda yeganə maneə kimi Heydər Əliyevi görürdü. Təsadüfi deyil ki, məhz Heydər Əliyev istefaya göndərildikdən təxminən bir ay sonra Dağlıq Qarabağla bağlı ermənilərin bədnam iddiası ortaya atıldı.
Heydər Əliyev şəxsiyyəti o qədər əzəmətli idi ki, hakimiyyətdə təmsil olunmadığı, heç bir hakimiyyət səlahiyyətlərinə malik olmadığı bir halda da onun mövqeyi, bəyanatı yenə də xalqımızın düşmənlərinə qarşı güclü bir silah olmuşdur. Azərbaycanda baş qaldırmış kortəbii milli azadlıq hərəkatını boğmaq məqsədilə Sovet ordusu tərəfindən törədilmiş qanlı 20 Yanvar gecəsinin səhəri günü Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək xalqına qarşı törədilmiş bu ağır cinayətə kəskin etirazını bildirməsi, nəhəng imperiyanı ittiham edərək ifşa etməsi bir tərəfdən öz şəxsi həyatı daim təhlükədə olan Heydər Əliyevin böyük cəsarət,qətiyyət sahibi olmasının və xalqına dərin bağlılığının nəticəsi idisə, digər tərəfdən isə informasiya blokadasına alınmış Azərbaycanda nələrin baş verdiyini bütün dünyaya çatdırmaqla xalqının haqq səsinin carçısı idi.
Müstəqillik, azad yaşamaq hər bir xalqın arzusudur. Lakin müstəqilliyi elan etmək hələ müstəqil olmaq demək deyildir. 1991–ci ildə yaranmış ictimai–siyasi vəziyyətdən istifadə edilərək Azərbaycan müstəqil elan olundu. Lakin həmin vaxt Azərbaycan rəhbərliyində bu müstəqilliyə nail olmaq cəsarətinə, qətiyyətinə sahib şəxs olmadığından, sonradan isə hakimiyyətə heç bir səriştəsi və təcrübəsi olmayan şəxslər gəldiyindən müstəqil demokratik Azərbaycan dövlətinin yaradılması xoş ideyadan bir addım önə gedə bilmədi. Əksinə 1991–1993–cü illərdə Azərbaycanın iqtisadiyyatı dağıldı, siyasi hakimiyyət xalqın milli maraqlarını təmsil edə bilməyərək böhran keçirdi, milli–mənəvi dəyərlər alt–üst oldu, ictimai–siyasi sabitlik pozularaq dərəbəylik yarandı, ayrı–ayrı şəxslərə xidmət edən silahlı dəstələr meydan oxudular. Yaranmış vəziyyətdən sui–istifadə edən erməni daşnakları Azərbaycan torpaqlarını işğal edir, digər tərəfdən xalqımıza düşmən niyyətli xarici xüsusi xidmət orqanları ölkə daxilində Azərbaycanın bir dövlət kimi məhvinə yönəlmiş təxribatlarını sərbəst həyata keçirə bilirdilər. Nəticədə artıq 1993–cü ilin ortalarına doğru ölkə vətəndaş müharibəsinin və parçalanmanın tam astanasında idi. Xalq yaranmış bu faciəli vəziyyətdən çıxmaq üçün çarəni, xilas yolunu Heydər Əliyevdə görür, onu köməyə çağırırdı. Hətta Heydər Əliyev və Sovet hakimiyyəti dövründə dövlət rəhbərliyində çalışmış digər şəxsləri “partokrat” hesab edərək qəbul etməyən o zamankı hakimiyyəti təmsil edənlər də ölkəni bu vəziyyətdən xilas etmək üçün Heydər Əliyevə xahişlə müraciət edirdilər. Əlbəttə Heydər Əliyev ölkəsinin bu acınacaqlı durumuna laqeyid qala bilməzdi və qalmadı da, məhz Azərbaycan xalqının çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıtdı.
Azərbaycanı bir dövlət kimi məhv olmaq vəziyyətindən xilas etmək,həm siyasi,həm iqtisadi, həm də sosial mənəvi böhrandan çıxarıb ölkədə ictimai–siyasi sabitliyi və milli təhlükəsizliyi təmin etmək, ölkə iqtisadiyyatını bərpa edib inkişafına nail olmaq, hüquqi demokratik islahatları həyata keçirərək demokratik vətəndaş cəmiyyətinin bərqərar edilməsi və müstəqil hüquqi dövlət quruculuğuna nail olmaq kimi təsəvvür edilməz dərəcədə çətin mürəkkəb və şərəfli tarixi missiyanın öhdəsindən Heydər Əliyev çox məharətlə gəldi və Azərbaycanı xilas edə bildi.
Heydər Əliyev təcrübəli və müdrik dövlət xadimi kimi dövlət quruculuğuna başlamaq üçün ilk növbədə erməni işğalının qarşısını almaq və ölkədə cinayətkar dəstələri zərərsizləşdirərək ictimai siyasi sabitliyi təmin etməyin zəruri olduğunu yaxşı bilirdi. Həmin vaxt ölkə xarici havadarlarının bilavasitə dəstəyinə arxalanan ermənilərlə döyüşüb işğal edilmiş torpaqları azad etmək iqtidarında olmadığından yeganə çıxış yolu atəşkəs haqqında razılaşma əldə edilməsində, bununla da erməni işğalçılarının Kür çayına qədər Azərbaycan torpaqlarının işğalı niyyətlərinin qarşısını almaq idi. Heydər Əliyev buna nail oldu.
Heydər Əliyevin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994–cü il tarixli Fərmanı əsasında cinayətkarlıqla mübarizə gücləndirildi, kriminogen duruma dövlət nəzarəti təmin edildi, özbaşınalığın, dərəbəyliyin, anarxiyanın qarşısı alındı. Ölkədə bazar münasibətlərinin və azad sahibkarlıq prinsiplərinə əsaslanan iqtisadiyyatın qurulması istiqamətində geniş tədbirlər, dövlət əmlakının özəlləşdirilməsi, torpağın əvəzsiz olaraq kəndlinin mülkiyyətinə verilməsi kimi cəsarətli isalahatlar həyata keçirildi.
Ölkənin hüquq sistemi, hüquqi demokratik dövlət və azad sahibkarlıq və bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması ilə bağlı yaranmaqda olan yeni ictimai münasibətləri tənzimləyə bilməsi üçün yenidən qurulmalı, bu sahədə köklü, mütərəqqi islahatlar həyata keçirilməli idi. İlk növbədə Azərbaycan xalqının və Azərbaycan dövlətinin bilavasitə köklü mənafeləri ilə bağlı məsələlər Konstitusiyada təsbit olunmalı, hüquq sistemi, onun ayrı–ayrı sahələri məhz Konstitusiyanın müddəaları əsas götürülməklə yenidən qurulmalı idi. Məhz bu baxımdan Heydər Əliyev Konstitusiyanın layihəsinin hazırlanmasına və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinə böyük önəm verir, onun layihəsinin hazırlanmasına, taleyüklü məsələlərin Azərbaycan xalqının mənafeyinə uyğun həll edilməsi üçün ölkə ictimaiyyəti ilə müzakirələr, məsləhətləşmələr aparılmasına nəinki bilavasitə rəhbərlik edir, özü şəxsən iştirak edirdi. Heydər Əliyevin müdrikliyi, gərgin əməyi nəticəsində müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsi hazırlandı və 1995–ci il noyabrın 12–də referendumda qəbul edildi. Xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, hakimiyyətin bölgüsü, hüququn aliliyi, mülkiyyətin bütün növlərinə bərabər hüquqi status verilməsilə onun toxunulmazlığı və sair mütərəqqi bəşəri dəyərlərin, əsas insan hüquq və azadlıqlarının hamısının təsbit olunduğu, Azərbaycan dövlətinin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi olduğunun təsbitedildiyi Konstitusiyamızın qəbulunun Azərbaycan Respublikası üçün böyük tarixi əhəmiyyəti vardır. Belə bir demokratik Əsas Qanunun qəbul edilməsi ilə gənc, müstəqil Azərbaycan Respublikasının demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçməsi barədə xalqımızın siyasi iradəsi beynəlxalq aləmə bir daha nümayiş olunmaqla gənc dövlətimizin layiqli beynəlxalq imicinin formalaşmasına böyük təkan oldu digər tərəfdən, ölkədə hüquqi demokratik dövlət quruculuğu üçün hüquqi təməl yarandı.
Məhz Konstitusiyanın qəbulundan cəmi bir necə ay sonra Heydər Əliyevin 21 fevral 1996–cı il tarixli sərəncamı ilə Hüquqi İslahat Komissiyası yaradıldı ki, bu komissiyaya da şəxsən o özü rəhbərlik edirdi. Peşəkar hüquqşunasların üzv olunduğu komissiyanın rəhbərliyi ilə hazırlanmış “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbulu məhkəmə huquq islahatları sahəsində mühüm addımlar oldu. Bu proses davam etdirilərək Azərbaycan Respublikasının bütün əsas məcəllələri, o cümlədən Mülki Məcəllə, Mülki Prosessual Məcəllə, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi, Ailə Məcəlləsi, Torpaq Məcəlləsi, Vergi Məcəlləsi və digərləri yenidən işlənərək qəbul edildi və Müstəqil Azərbaycan Respublikasının yeni ictimai–iqtisadi münasibətləri tənzimləyən əhatəli qanunvericilik sistemi formalaşdırıldı.
Ümummilli liderimiz Heydər Əliyev respublikada qanunun aliliyinin təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşməsini daim diqqətdə saxlamışdır. Ulu öndərin yüksək humanizminin, insanpərvərliyinin təcəssümü olaraq Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində atılan ilk prinsipial addımlardan biri kimi ölüm cəzasının tətbiqi üzərində moratoriumun qoyulmasını, habelə 1998–ci ilin fevralında bu cəzanın tamamilə ləğvini qeyd etmək zəruridir. Azərbaycan Respublikası Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilata üzv qəbul edilənədək, bu hökmü tamamilə ləğv etmiş ilk respublika olmuşdur.
Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev yaxşı bilirdi ki, bürokratik sovet rejimindən qalmış hüquq mühafizə orqanlarında hüquqi dövlət quruculuğunun mühüm şərti olan qanunun aliliyinin keşiyində dayana bilmələri üçün ciddi islahatlar aparılmalıdır. Məsələn, sovet rejimindən qalmış sərt prokuror nəzarəti ölkədə sahibkarlığın inkişafı üçün, insanların rahat şəkildə bu fəaliyyət növü ilə məşğul olmalarına ən azı psixoloji maneə idi. Bu sahədə problemlərin aradan qaldırılması və insanlarda bu mənada formalaşmış qorxu, ehtiyatlanma psixologiyasını aradan götürmək üçün Heydər Əliyev hələ 17 iyun 1996–cı il tarixdə “İstehsal, xidmət, maliyyə–kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” və 7 yanvar 1999–cu il tarixdə “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanlar vermişdir.
Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında prokurorluq sistemində aparılan çoxşaxəli islahatların nəticəsində Müstəqil Azərbaycan Respublikasının prokurorluğu dövlətçilik maraqlarına, qanunun aliliyinin və insan hüquqlarının müdafiəsinə xidmət edən sivil bir qurum kimi formalaşdı.
Ölkəmizin Avropa Şurasına üzvlüyündən sonra Azərbaycan Respubliksının İnsan Hüquqları üzrə Müvəkkili—(Ombudsman) təsisatının formalaşdırılması da Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsində atdığı mühüm addımlardan biri kimi qeyd olunmalıdır.
Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin məhkəmə–hüquq sistemində həyata keçirilən islahatlar Azərbaycan ədliyyəsini də əhatə etmiş, onun sürətli inkişafına, Azərbaycan dövlətinin hüquq siyasətinin həyata keçirilməsində rolunun əsaslı şəkildə artmasına səbəb olmuşdur.
Ədliyyə dövlət idarəçiliyinin elə bir sahəsidir ki, o öz layiqli yerini yalnız demokratik, hüquqi dövlətlərdə tuta bilir.
Şərqin ilk demokratik respublikası olan Azərbaycan Demokratik Respublikasında Ədliyyə sahəsinə o qədər böyük önəm verilmişdir ki, Ədliyyə Nazirliyi 28 may 1918–ci il tarixdə, elə Azərbaycan Demokratik Respublikasının elan olunduğu gün təsis edilmişdir. Demokratik respublikanın mövcud olduğu qısa zaman tarixində Azərbaycan ədliyyəsinin qurulması və inkişafı sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən 22 noyabr 1918–ci il tarixdə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Azərbaycan Demokratik Respublikasının işğalı digər sahələrdə olduğu kimi ədliyyə sahəsində də başlanılmış quruculuq işlərini yarımçıq qoydu.
Sovet hakimiyyəti illərində ədliyyə ən çox repressiyaya məruz qalan sahələrdən biri olmuşdur.Ədliyyə nazirliyi ləğv edilmiş, bir neçə dəfə başqa adlarla bərpa edilmiş, ondan cəza aparatı kimi istifadə olunmağa cəhdlər edilmişdir.
Çox maraqlıdır ki, hələ sovet hakimiyyəti illərində Azərbaycanda Ədliyyə Nazirliyi məhz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdə — 27 oktyabr 1970–ci ildə yenidən təsis edilmişdir. Doğrudur, həmin vaxtdan Azərbaycan müstəqillik əldə edib hüquqi islahatlar aparılanadək Ədliyyə Nazirliyi o qədər də geniş səlahiyyətlərə malik olmamışdır, bu da Sovet siyasi sisteminin mahiyyətindən irəli gəlirdi. Lakin 1970–ci ildən Ədliyyə Nazirliyi təşkilatı baxımdan bir sabitlik əldə etdi ki, bu da Azərbaycan ədliyyəsinin gələcək inkişafı üçün vacib idi. Məhz bu baxımdan 1970–cı ildən Azərbaycan dövlət müstəqilliyi əldə edənədək olan dövr ədliyyəmizin tarixinin vacib mərhələsi hesab edilməlidir. Azərbaycan ədliyyəsinin ən parlaq, hərtərəfli inkişaf dövrü məhz müstəqillik illərində Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdaraq ölkədə hüquqi demokratik dövlət quruculuğunu həyata keçirməsi ilə başlamışdır.
“Ədaləti ədalətsizliklə bərpa etmək olmaz” – deyən ulu öndər məhkəmələrin fəaliyyətini tənzimləyən qanunvericiliyin yeniləşdirilməsi və məhkəmə sisteminin təkmilləşdirilməsi məsələsinə, habelə insan taleyi ilə bağlı qərar verən hakimlərin yüksək mənəvi–əxlaqi keyfiyyətlərə malik olmasına daim xüsusi fikir vermişdir. Ölkəmizdə ilk dəfə olaraq birinci, apellyasiya və kassasiya instansiyalarını əhatə edən üç pilləli məhkəmə sistemi formalaşdırıldı. Müstəqil məhkəmə hakimiyyətinin yaradılması baxımından açıq, ədalətli və səmərəli ədalət mühakiməsini həyata keçirən hakimlər korpusunun yaradılması zəruri şərtlərdən biridir. Bu zərurəti önə çəkən Heydər Əliyev demişdir ki, hakimlər ədalət mühakiməsini həyata keçirərkən qanunların tələblərinə dəqiq və dönmədən əməl etməli, məhkəmə fəaliyyətinin mənəvi və tərbiyəvi təsirini təmin etməli,ədalətli və qərəzsiz olmalı, hakim adına xələl gətirən hərəkətlərdən çəkinməlidirlər. Məhz bu məqsədlə 2000–ci ildə ilk dəfə hakimlərin test imtahanı ilə vəzifəyə qəbulu başlanmışdır. Həbs qətimkan tədbirlərinin seçilməsi barədə sanksiya verilməsi səlahiyyəti prokurorluqdan alınaraq məhkəmələrə verilmişdir. Cəzaçəkmə müəssisələri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılaraq, Ədliyyə Nazirliyinin idarəçiliyinə verilmişdir. Ədliyyə işçilərində əlavə stimul yaradan 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü də məhz ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsis edilmişdir. Hüquqi varislik prinsipini daim əsas götürən Heydər Əliyev tərəfindən Müstəqil Azərbaycan Respublikasının ədliyyə işçilərinin peşə bayramı günü məhz Azərbaycan Demokratik Respublikasının Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün seçilmişdir.
Heydər Əliyevin rəhbərliyi altında məhkəmə–hüquq sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin dövlət idarəçiliyində rolu əhəmiyyətli dərəcədə artmış, fəaliyyət dairəsi genişlənmişdir.
Dövlət başçısı cənab İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrində olduğu kimi, hüquq siyasəti sahəsində də ulu öndərin inkişaf strategiyası uğurla davam etdirilərək mütərəqqi islahatlar həyata keçirilməklə ölkəmizin məhkəmə hüquq sistemi daha da təkmilləşdirilmişdir.
Ölkəmizdə son illər baş verən sürətli sosial–iqtisadi dəyişikliklərlə paralel olaraq dövlət idarəçilik mexanizminin, məhkəmə–hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi ədliyyə sisteminin daha da inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını, onun fəaliyyət istiqamətlərinin genişləndirilməsini şərtləndirirdi.
Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçımız cənab İlham Əliyevin diqqət mərkəzindədir. Ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı yüzlərlə normativ–hüquqi akt qəbul edilmişdir. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu, Prezident İlham Əliyevin 18 apel 2006–cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi Ədliyyə Nazirliyinin fəaliyyətinin normativ–hüquqi əsaslarının təkmilləşdirilməsində böyük, əhəmiyyətli addım oldu. Yeni Əsasnamənin tarixi əhəmiyyətindən biri ondan ibarətdir ki, o, ədliyyə fəaliyyətinin cəmiyyətimizdəki əsl rolunu və yerini əks etdirdi. Bu sənəd son illərdə hüquq sistemimizdə aparılan islahatlar, qəbul edilmiş qanunvericilik aktlarını özündə əks etdirməklə ədliyyə orqanlarının fəaliyyət istiqamətlərini genişləndirərək onların yeni vəzifələrini müəyyənləşdirmişdir.
Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006–cı il tarixli fərmanının bu baxımdan çox böyük əhəmiyyəti vardır. Dövlət başçımızın imzaladığı bu xüsusi fərman və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsində yeni mərhələ olaraq, ədliyyə sistemində miqyaslı islahatlara yeni start verdi.
Dövlət başçısının qeyd olunan fərmanı ilə Ədliyyə Nazirliyinin strukturunda ciddi dəyişikliklər edilmiş, müvafiq idarələrin əsasında normativ–hüquqi aktların hüquqi ekspertizasının yaxşılaşdırılması və layihələrinin hazırlanması işinin təkmilləşdirilməsi məqsədi ilə Qanunvericilik baş idarəsi, dövlət qeydiyyatı işinin sadələşdirilməsi, fiziki və hüquqi şəxslərə göstərilən notariat xidmətlərinin səmərəliliyinin artırılması məqsədi ilə Qeydiyyat və notariat baş idarəsi yaradılmışdır. Fərmanda insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi maarifləndirmə və informasiya təminat işinin yaxşılaşdırılması, ictimaiyyətlə əlaqələrin gücləndirilməsi, qeyri–hökumət təşkilatları ilə əlaqələrin genişləndirilməsi diqqət mərkəzində saxlanılaraq bu məqsədlə nazirliyin strukturunda yeni bir qurum — İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılmışdır. Ədliyyə orqanları işçilərinin, hakimlərin və digər hüquqşünas kadrların ixtisaslarının artırılması və peşə vərdişlərinə yiyələnməsi işinin daha yüksək səviyyədə qurulmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Hüquq Tədris Mərkəzinin əsasında ali statuslu təhsil ocağının – Ədliyyə Akademiyasının yaradılmasının hüquqşünas kadrların ixtisas və peşə hazırlığı səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyəti vardır.
Fərmanda öz həllini tapan məsələlərdən biri də yerlərdə hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatı işinin sadələşdirilməsi məqsədilə hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri və rayon (şəhər) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbələrinin əsasında rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması olmuşdur.
Qeyd olunan fərmanla regional ədliyyə şöbələrinin yaradılması Azərbaycanın ədliyyə sistemində bir yenilik oldu.
Regional ədliyyə şöbələrinin təşkili yerlərdə ədliyyə fəaliyyətinin səmərəliliyini daha da artırmışdır. Belə ki, yerli ədliyyə orqanlarının fəaliyyətinin daha effektiv əlaqələndirilməsi, onların fəaliyyətinə daha operativ nəzarətin həyata keçirilməsi, bələdiyyələrə daha əhatəli metodoloji yardımın göstərilməsi və operativ inzibati nəzarətin həyata keçirilməsi, yerli ədliyyə orqanlarının və bələdiyyələrin fəaliyyəti ilə, ümumiyyətlə ədliyyə fəaliyyəti ilə bağlı vətandaşların müraciətetmə imkanlarının genişləndirilməsi və həmin müraciətlərə baxılmasında operativliyin təmin edilməsi öz müsbət nəticələrini göstərir.
Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009–cu il tarixli sərəncamı ilə”Azərbaycan Ədliyyəsinin inkişafına dair 2009–2013–cü illər Dövlət Proqramının” təsdiq edilməsi ümumilikdə Azərbaycan ədliyyəsi tarixinin əlamətdar hadisələrindəndir.
Ölkəmizin ədliyyə sisteminin davamlı inkişafının təmin edilməsi və daha da sürətləndirilməsi məqsədi ilə təsdiq edilmiş Dövlət Proqramında ədliyyə orqanlarında və məhkəmələrdə yeni informasiya və komunikasiya texnologiyalarının tətbiq edilməsinin sürətləndirilməsi, onların infrostrukturunun yeniləşdirilməsi və maddi–texniki bazasının möhkəmləndirilməsi, müasir tələblərə cavab verən yeni iş prosesinin təşkil edilməsi, cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək imkanlarının genişləndirilməsi kimi vəzifələr müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dövlət Proqramının həyata keçirilməsi üçün müvafiq illər üzrə tədbirlər planları təsdiq edilərək uğurla həyata keçirilir.
“Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013–cü illər üçün Dövlət Proqramı”–na uyğun olaraq notariat və qeydiyyat orqanları tərəfindən göstərilən hüquqi xidmətin keyfiyyətinin yüsəldilməsi, onların maddi–texniki bazasının möhkəmləndirilməsi və işin müassir tələblər səviyyəsində qurulması məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi yaradılmış, notariat orqanlarını vahid elektron şəbəkədə birləşdirən “Elektron notariat” sisteminin fəaliyyəti genişlənmişdir.
Ölkə başçısı cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” Fərmanı və “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013–cü illər üçün Dövlət Proqramı” əsasında regionlarda müasir, beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşasına başlanılmışdır. Belə ki, qeyd olunan fərmana əsasən Naxçıvan, Bakı, Gəncə, Şəki, Lənkəran və Kürdəmirdə müasir tipli qarışıq rejimli 9 yeni penitensiar müəssisənin inşasına başlanılmış, 2008–ci ilin aprelində Naxçıvanda qarışıq rejimli cəzaçəkmə müəssisəsi, 2009–cu ilin may ayında isə Bakı istintaq təcridxanasının birinci korpusu istifadəyə verilmişdir. Yaxın gələcəkdə digər müəssisələrin istismara verilməsi gözlənilir.
Cəzaçəkmə müəssisələrində məhkumların hüquqlarının genişləndirilməsi, onların saxlanma şəraitinin yaxşılaşdırılması, rejim qaydalarının daha da yumşaldılması istiqamətində humanist siyasət yeridilir. Məhz bu məqsədlə Azərbaycan Respublikasının qanunvericilik aktlarına, o cümlədən Cəzaların İcrası Məcəlləsinə mühüm dəyişikliklər edilmiş, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.
Regionlarda cəzaçəkmə müəssisələrinin təşkilinin böyük əhəmiyyəti vardır. Əvvəla bu müəssisələr ən müassir beynəlxalq standartlar nəzərə alınmaqla hazırlanmış layihələr əsasında tikilir. Həmin müəssisələrdə məhkumların qanunvericiliklə müəyyənləşdirilmiş normalar daxilində insan ləyaqətinə və şəxsiyyətinə hörməti təmin etməklə saxlanılması üçün hər tərəfli şərait yaradılır. Digər tərəfdən məhkumların öz regionları üzrə cəzaçəkmə müəssisələrində cəza çəkmələri onların ailə üzvlərinin qanunvericiliklə müəyyənləşdirilmiş görüş hüquqlarından və s. istifadə etmək üçün daha uzaq məsafəyə – Bakı şəhərinə getmək zərurətini aradan qaldırmaqla onları əlavə maddi məişət xarakterli problemlərdən azad edir. Həmçinin belə müəssisələrin təşkili regionlarda yüzlərlə sabit, yüksək əmək haqqı təminatlı iş yerlərinin yaranması deməkdir.
Son illər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə həvalə edilmiş yeni vəzifə və səlahiyyətlər sırasında sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid dövlət reystrinin aparılması xüsusi qeyd olunmalıdır. Nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən mükəmməl və mütərəqqi bir dövlət reystri tətbiq olunur ki, nəticədə sahibkarlar qanunsuz və əsassız yoxlamalardan etibarlı şəkildə qorunur ki, bu da ölkəmizdə sahibkarlığın daha da inkişafının vacib şərtlərindən biridir.
Ölkə iqtisadiyyatının sürətli inkişafı mülki və iqtisadi mübahisələrin sayının artmasına, institusional dəyişikliklərin dərinləşməsinə gətirib çıxarır. İqtisadi islahatlar prosesində yaranan yeni mülkiyyət münasibətlərinin tənzimlənməsi və mülkiyyət hüquqlarının müdafiəsi müstəqil məhkəmə sisteminin və səmərəli ədalət mühakiməsinin zərurətinidaha da artırmışdır. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006–cı il tarixli, Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanı ilə ölkəmizin məhkəmə sistemində islahatların növbəti mərhələsi başlanmışdır. Məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsinin başlıca məqsədi regionların sosialiqtisadi inkişafı şəraitindəəhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının ödənilməsi üçün regionlarda yeni apelyasiya və iqtisad məhkəmələrinin yaradılması, vətəndaşların narazılıqlarına səbəb olan sui–istifadə, süründürməçilik, korrupsiya hallarının və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin, məhkəmə qərarlarının icra vəziyyətinin yaxşılaşdırılması və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatlarının strukturunun və işinin daha optimal şəkildə qurulması, texniki təchizatının yüksəldilməsi, habelə digər mühüm məsələlərin həll olunmasıdır.
Ölkədə ədalət mühakiməsinin yüksək səviyyədə həyata keçirilməsi üçün Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi ləğv edilərək Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apelyasiya Məhkəmələri, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi ləğv edilərək, Bakı, Gəncə, Lənkəran və Şəki Ağır Cinayətlər Məhkəmələri və habelə Yerli İqtisad məhkəmələrinin bazasında İnzibati İqtisad məhkəmələri yaradılmış, hakimlərin maddi təminatı yaxşılaşdırılaraq, onların əməkhaqqları əvvəlki illərdən fərqli olaraq dəfələrlə artırılmış, məhkəmələrin maddi–texniki bazası möhkəmləndirilmişdir.
Fərmanda regionlarda hüquq infrastrukturunun inkişafı ilə əlaqədar yeni məhkəmələrin yaradılmasını nəzərəalaraq Respublika Prokurorluğuna məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin təşkilində müvafiq dəyişikliklər etmək, Vəkillər Kollegiyasına vəkillərin sayını və regionlarda əhaliyə göstərirən hüquqi yardımın səmərəliliyini artırılmaq üçün tədbirlər görmək, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, apelyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmək və onu məhkəmə təcrübəsində istifadə etmək tövsiyə edilmişdir. Bütün bunlar regionların inkişafına, regionlarda yaşayan əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, həmçinin onların rahatlıqla məhkəmə instansiyalarına və müvafiq dövlət orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılmasına xidmət edən amillərdir.
Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi çərçivəsində məhkəmələr üçün yeni inzibati binaların tikintisi geniş vüsət almış, məhkəmələrin ən müasir informasiya komunikasiya vasitələri ilə təmin edilməsi və onların madi texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl geniş tədbirlər həyata keçirilir. Qeyd olunan layihə çərçivəsində Oğuz rayon Məhkəməsi, Bakı şəhəri Yasamal rayon Məhkəməsi, Gəncə şəhəri Nizami rayon Məhkəməsi və Gədəbəy rayon Məhkəməsi üçün yeni inzibati binalar tikilmişdir.
Yeni məhkəmə binalarının tikintisinin əhəmiyyəti yalnız onların yaraşıqlı, müassir olması, yüksək iş şəraitinin yaradılması və hər cür avadanlıqlarla təmin olunması ilə məhdudlaşmır. Həmin məhkəmələrdə işin mahiyyətcə yeni, daha mütərəqqi formada təşkili üçün şərait yaradılır. Belə ki, qeyd olunan məhkəmə binaları inzibati və ictimai zonalara bölünür və hər iki zonanın ayrıca girişi vardır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Dövlət ittihamçıları və vəkillər ictimai zonadan istifadə edirlər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri–prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər ki, bu da işlərə məhkəmələr tərəfindən obyektiv baxılmasına, baş verə biləcək neqativ halların qarşısının alınmasına xidmət edir.
Artıq həmin layihə əsasında məhkəmələr üçün yeni inzibati binalrın tikintisinin mahiyyətcə yeni bir mərhələsi – məhkəmə komplekslərinin tikintisi mərhələsi başlanmış, son vaxtlar Şəkidə və Sabunçuda belə komplekslərin təməli qoyulmuşdur.
Təməli və əsas prinsipləri Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikasının məhkəmə–hüquq sistemində dövlət başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar onun daha da təkmilləşdirilməsinə, nəticə etibarı ilə hüququn aliliyinin, insanların hüquq və azadlıqlarının, onların qanuni mənafelərinin daha etibarlı təmin olunmasına xidmət edir.
Rəhman MƏMMƏDOV,
Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi
Şəki regional ədliyyə
şöbəsinin rəisi
Respublika.- 2013.- 10 aprel.- S. 5; 7.