Azərbaycanın
içməli su təchizatı sektorunun inkişafında ümummilli
lider Heydər Əliyevin rolu
XIX əsrin ikinci yarısından, 70–ci illərdən etibarən Bakı hərtərəfli inkişaf etməyə başlayır. Bu isə neft sənayesinin inkişafı ilə bağlı idi. Neft və qara qızıl diyarı Bakının şöhrəti bütün dünyaya yayılırdı. Bakı nefti təkcə Azərbaycanın deyil, bütün Qafqazın dirçəlməsinə güclü təkan verir, neftlə əlaqədar əyalətin siması dəyişir, iqtisadiyyatı yüksəlirdi. 1883–cü il Tiflis–Bakı dəmir yolu çəkilib işə salınır. 1886–1887–ci illərdə telefon stansiyası tikilir, konka işə düşür, küçələrdə digər nəqliyyat vasitələri ilə yanaşı, tək–tək avtomobillər də görünürdü.
1909–cu ildə dənizkənarı bulvarın tikilişinə başlanır və s. Bununla yanaşı, Bakıda su problemi hələ də qalırdı. Doğrudur, 1880–ci ildən bələdiyyə idarəsi bu məsələni aradan qaldırmaq üçün tədbirlər görməyə başlamışdı. Bu işdə Hacı Zeynalabdin Tağıyev daha çox fəallıq göstərirdi. 1892–1898–ci illərdə Kür çayından Bakıya su kəməri çəkmək layihəsi hazırlansa da bu işə çox xərc tələb olunduğu üçün layihə təsdiqlənmir. Şəhərdə suya tələbatın artdığını görən Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev su kəmərinin çəkilişi üçün 25.000 manat vəsait ayırır. Ona bu işdə bələdiyyə rəisi Payevski də dəstək olur.
Nəhayət, 1916–cı ilin axırlarında Bakı–Şollar su kəməri hazır olur, 1917–ci il fevralın 18–də işə salınır. O zaman artıq Peterburqda yaşayan sabiq bələdiyyə rəisi Payevski Hacı Zeynalabdin Tağıyevə yolladığı teleqramda yazırdı: “Sizin 25 illik zəhmətiniz və xərclədiyiniz pullar hədər getmədi, sizi təbrik edirəm”.
Ulu öndərimiz Heydər Əliyevin taleyi elə gətirmişdi ki, o Azərbaycana bir–birindən ciddi surətdə fərqlənən iki sistem, sosializm və demokratik cəmiyyətin mövcud olduğu bir şəraitdə rəhbərlik etməli olmuşdur. 1969–cu ildə respublikaya rəhbərliyə gəldiyi dövrdə Azərbaycan Sovetlər Birliyinə daxil olan respublikalar arasında ən geridə qalan respublika idi. Ümummilli liderimiz ölkə həyatının bütün sahələrində geniş islahatlara başladı, iqtisadiyyatın dirçəlməsinə nail oldu. Həmin dövrdə Bakının qədimdən bu günədək həllini tapmayan su probleminin həlli üçün də məqsədli şəkildə tədbirlər görülürdü. Paytaxt və onun ətraf qəsəbələrinin içməli suya olan tələbatının ödənilməsi hər şeydən əvvəl, regionda içməyə yararlı su mənbəyinin olmaması ilə bağlı idi.
Ümumiyyətlə, Bakı şəhəri su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlərin köməyi ilə Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su anbarı və Kür çayı da daxil olmaqla 4 mənbədən təchiz olunur. 1960–cı illərdə isə Şollar–Xaçmaz və Ceyranbatan su kəmərlərinin vasitəsilə Bakının suya olan tələbatı tam ödənilirdi, məsələ ciddi şəkil almışdı. Məhz bunu nəzərə alaraq ümummilli liderimiz Heydər Əliyev bütünlükdə Abşeron yarımadasının su təchizatının ödənilməsi məqsədilə Kür–Bakı su kəmərinin tikintisi ilə bağlı sərəncam imzalamalı oldu. Ən qısa vaxtda tikintiyə start verildi və o “ümumxalq tikintisi”nə çevrildi. Kəmərin çəkilişinin başa çatdırılması əhali arasında böyük əhval–ruhiyyəyə səbəb olmuşdu. Yaradıcı insanlar bu hadisəni vəsf edir, ədəbi–bədii əsərlər yaradırdılar.
Kür–Bakı su kəmərinin çəkilişinin birinci hissəsi 1970–1971–ci illərdə yekunlaşdı və kəmər istifadəyə verildi. Bu istiqamətdə işlər çox böyük sürətlə aparılırdı. Yeni kəmərin çəkilişi ilə yanaşı, istifadədə olan kəmərlərdə yenidənqurma işlərinin intensivləşdirilməsi regionun su təchizatının yaxşılaşdırılmasına imkan yaratdı, şəhər əhalisinə içməli suyun verilməsi bir qədər qaydasına düşdü. Lakin məsələ tam həllini bununla da tapa bilmədi. Kür su kəmərinin ikinci xəttinin tikintisi zərurət kimi qarşıda dururdu, məhz birinci xəttin çəkilişi ilə paralel şəkildə aparılırdı. Bütün bu işlər isə 1978–1988–ci illərdə başa çatdırıldı. Su qıtlığının nisbətən aradan qaldırılması paytaxtda bir çox problemlərin həllinə zəmin yaratdı. Həmçinin Heydər Əliyevin “Bakını yaşıllıqlar diyarına çevirək” çağırışı da reallaşdı. Qısa zamanda Bakının siması dəyişdi, yaşıllıq sahəsi genişləndi.
Ulu öndərin təşəbbüsü və rəhbərliyi altında Kür su kəmərinin çəkilişi təxminən 100 il əvvəl Bakını əsaslı surətdə su ilə təmin etmək məqsədilə, eyni zamanda hazırlanan üç layihədən birinin həyata keçirilməsi demək idi. Belə ki, XIX əsrin sonlarında Kürdən Bakıya su kəmərinin çəkilməsi nəzərdə tutulurdu. İşə Meyniman kəndinin yaxınlığından başlamaq planlaşdırılmışdı. Buradan Bakıya 120 kilometr idi və uzanacaq yolda iki stansiya tikmək lazım gəlirdi. Bunlardan biri Hacıqabulda, ikincisi isə şəhərin yaxınlığında “Qurd qapısı”nda olmalı idi. Kəmərin çəkilişi fransız mühəndisi Dimona tapşırılmışdı. Lakin duma uzun müzakirələrdən sonra layihəni qəbul etmədi, əvəzində Volqadan barjlarla su daşınmasını üstün tutdu. Vedrəsi 0,7 qəpiyə başa gələcək Kür suyu əvəzinə gətirilən Volqa suyunun vedrəsi bakılılara 2 qəpiyə başa gəlirdi.
Elə Zaqulbadan su kəməri çəkilişinə də eyni qaydada əngəl törədildi. Belə ki, bu ərazidə qayadan çıxaraq dənizə axan yararlı suyu əhaliyə çatdırmaq üçün cəmi 95,5 verst uzunluğunda kəmər çəkmək lazım gəlirdi, çünki o, Şüvəlan, Zirə, Hövsan və Zığ kəndlərindən keçərək şəhərə daxil olmalı idi. Bu ərazi qumsallıq və qayalıq olduğuna görə çoxlu xərc tələb olunurdu və bu səbəbdən onun çəkilişi də məsləhət bilinmir.
Qəribəsi və ən maraqlısı o idi ki, dumanın qərarından sonra Bakı varlılarından biri Ağabəy Məlikov öz vəsaiti hesabına Zaqulbadan Sabunçu və Ramana kəndlərinə su çəkdirir. Bundan sonra duma işə qarışaraq həmin kəməri Balaxanı kəndindən gətirir. Üçüncü layihə Samurdan Bakıya su çəkilişi layihəsi idi ki, bu da Bakı milyonçularının hesabına mümkün oldu. Bu işə Hacı Zeynalabdin Tağıyevlə yanaşı, Murtuza Muxtarov, Ağabala Quliyev və Aşurbəyovlardan da bəziləri köməkliklərini əsirgəmirdilər.
Həmin illərdə Həsən bəy Zərdabi “Kaspi” qəzetində yazırdı: “Bizdə içməli su yoxdur. Buna müqəssir bizim Şəhər İdarəsinin işçiləridir. Küçələr sulanmır və yanğın söndürmək üçün də su yoxdur. Bu da Şəhər İdarəsinin günahı üzündəndir. Şəhər bağlarında ağacları sulamaq üçün də su yoxdur. Bizim başçıların ixtiyarında texnika və milyonlar olduğu halda su çatışmır. Bu o deməkdir ki, burada nə isə var.
Əslində məsələ tam aydın idi. Millətə canı yanan, onun tərəqqisini, rahatlığını, inkişafını istəyən rəhbərə ehtiyac vardı. Rusiyanın müstəmləkəsi olan bir xalqa isə mərkəzin təmin etdiyi rəhbərlərin münasibəti yalnız belə ola bilərdi. İndi yaxın tariximizə qısaca nəzər belə bir qənaətə gəlməyə əsas verir: Ulu öndər fərqli sistemlərdə ölkəyə rəhbərlik etsə də, o hər iki halda xalqına lazım olduğu məqamda hakimiyyətə gəldi, onun çoxəsrlik arzularının çoxunu gerçəkləşdirdi. Elə su problemi də tarixən mövcud olan məsələ idi və ulu öndər hakimiyyətinin hər iki dövründə onun həlli üçün var qüvvəsi ilə çalışdı.
Sovetlər birliyinin tərkibində mərkəzdən asılı bir ölkədə belə geniş maştablı işləri həyata keçirməyin nə qədər çətin olduğunu hər birimiz bilirik. O zaman ölkə iqtisadiyyatı üçün ən əhəmiyyətli layihələri yerinə yetirmək üçün məhz Heydər Əliyev nüfuzu, Heydər Əliyev dühası, Heydər Əliyev böyüklüyü lazım idi. İndi düşünürsən, çox güman ki, Kür Bakı su kəmərinin çəkilişi də maneəsiz ötüşməmişdi…
Ötən əsrin 80–90 –cı illərində ölkənin su təchizatı sistemində də ciddi çətinliklər yaranmışdı. 1993–cü ildə ulu öndərin təkrar hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, su təchizatı sistemində də dönüş yaratdı. Belə ki, ölkədə sabitlik bərqərar olduğundan sonra ilk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının, yaşayış məntəqələrinin içməli su ilə təcihazıtının yaxşılaşdırılmasını təmin edəcək qurumun yaradılmasına başlanıldı. “Kommunsənayesutəchizatı” istehsalat Birliyi və “Az SUGEO” Elmi– Tədqiqat İnstitunun bazası əsasında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995–ci ildə Abşeron Regional Səhmdar su Cəmiyyəti yaradıldı. “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması” layihəsinin reallaşdırılması məqsədilə beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu. Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilişinə başlamaq üçün Heydər Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti Dünya Bankına (DB) və Avropa Yenidənqurma və İnkişaf Bankına kreditin ayrılması xahişi ilə müraciət etdi. Keçmiş SSRİ respublikaları arasında ilk dəfə olaraq Azərbaycana Dünya Bankı içməli su problemini həll etmək üçün ilkin mərhələdə 94,9 milyon ABŞ dolları məbləğində vəsait ayrılması barədə qərar qəbul etdi. Buna səbəb isə ulu öndərin səyi nəticəsində respublikada yaranmış sabitlik idi. Təbii ki, burada bu dahi şəxsiyyətin şəxsi nüfuzu da, az rol oynamırdı.
2002–ci ildə ulu öndər Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilişi ilə bağlı qərar qəbul etdi. Lakin təəssüflər olsun ki, bu işə o, axıradək rəhbrəlik edə bilmədi. Onun layiqli davamçısı İlham Əliyev ölkəyə prezident seçildikdən sonra bu işlərin uğurla başa çatdırılması üçün böyük səy göstərdi.
2004–cü il 11 iyun tarixli “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezident sərəncamı onun bu sahəyə diqqət və qayğısının təzahürü idi. Sərəncama müvafiq olaraq, Abşeron Regional Səhmdar Su Cəmiyyəti “Azərsu” Səhmdar Cəmiyyətinə çevrildi.
2007–ci il martın 1–də Prezident İlham Əliyevin iştirakı ilə Oğuz–Qəbələ–Bakı su kəmərinin təməli qoyuldu. O, bu layihənin ölkəmiz üçün tarixi əhəmiyyətə malik olduğunu çox gözəl bilirdi. Kəmərin tikintisilə bağlı işlərlə yaxından tanış olduqdan sonra Oğuz–Qəbələ–Bakı su kəmərini ikinci Bakı–Tbilisi–Ceyhan adlandıraraq onun xalqımıza uzun illər xidmət edəcəyini söyləmiş, layihənin insanlara ən keyfiyyətli içməli su ilə təmin olunmasına imkan verəcəyini bəyan etmişdi.
Hazırda Oğuz–Qəbələ–Bakı su kəmərinin çəkilişi başa çatmaqdadır. Beynəlxalq maliyyə institutlarının kreditləri və ölkənin dövlət büdcəsi hesabına respublikanın bütün rayon və kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı layihələr uğurla həyata keçirilir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq, bölgələrimizdə içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə işlər davam etdirilir. Novruz bayramı ərəfəsində Oğuz rayonunun 7 kəndinə su verilmişdir.
İlham Əliyevin respublikanın şəhər və kəndlərinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq, bu istiqamətdə bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. Hazırda ölkənin 24 şəhər və rayon mərkəzində, kənd və qəsəbələrində su layihələri uğurla icra olunur.
2013–cü ildə isə 10–a yaxın şəhərdə yeni layihələrə start veriləcəkdir.
Onu da qeyd edək ki, 2012–ci ildə “Azərsu” ASC Ağdam, Tərtər, Fizuli, Abcabədi, Zaqatala, Balakən, Salyan, Xızı, Şabran, Siyəzən, Lerik, Yardımlı və Gədəbəy rayonlarının bir sıra kəndlərində belə layihələr həyata keçirmişdir ki, bununla həmin rayonların 32 mindən çox sakininin içməli su problemi öz həllini tapmışdır. Bu istiqamətdə işlər isə davam etdirilməkdədir.
Heydər Əliyev ömrünün otuz ildən çoxunu xalqına həsr etdi, onun bir millət kimi yer üzündən silinməsinin, Azərbaycan dövlətinin dağılıb parçalanmasının qarşısını aldı. Müstəqilliyimizin əbədiliyini, dönməzliyini təmin etdi.
Bu gün ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada bu dahi insanın izi görünməsin. İqtisadiyyatın müəyyən bir qolunu təşkil edən su təchizatı sektorunun inkişafında da ulu öndərin misilsiz xidmətləri vardır. Xalqımız öz layiqli övladının xatirəsini əziz tutur. Onun ən böyük qiymətini isə gələcək nəsillər verəcəkdir.
Nurəngiz ADİLQIZI
Respublika.- 2013.- 10 aprel.- S. 10.