SAHİBKARLIĞA DÖVLƏT DƏSTƏYİ

 

Son illər ərzində ölkəmizdə kiçik və orta sahibkarlıq iqtisadiyyatın aparıcı sahəsinə çevrilmişdir. İş adamlarının fəaliyyətinin gündən–günə genişlənməsi, bu sahədə müxtəlif mütərəqqi forma və metodların təşəkkül tapması, qoyulan sərmayələrin səmərəsinin yüksəlməsi inkişaf edən özəl bölmənin xarakterik xüsusiyyətləridir. Biləsuvar rayonunun iş adamlarının təcrübəsi buna əyani misaldır. Rayonda sahibkarlığın inkişafının Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənələri uğurla davam etdirilir. Yerli iş adamları dövlət başçısı İlham Əliyevin bu sahədə gördüyü tədbirləri bəyənir, dövlət dəstəyindən ruhlandıqlarını bildirir, Prezidentin tapşırıq və tövsiyələrini əzmlə yerinə yetirəcəklərinə söz verirlər.

Xudaverdi Mahmudov, özəl toxumçuluq təsərrüfatının rəhbəri:

—Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə sosial–iqtisadi inkişafa dair Dövlət Proqramının yerinə yetirilməsinə həsr olunmuş konfransda özəl bölmədə işlərin gedişi bir daha müzakirə edilmiş, görülmüş tədbirlərin nəticələrinə düzgün qiymət verilmişdir. Göstərilmişdir ki, dövlət dəstəyi sayəsində respublikanın bölgələrində sahibkalığın inkişaf etdirilməsində xeyli irəliləyiş əldə edilmişdir.

Biləsuvar rayonunda da sahibkarlığa dövlət qayğısı getdikcə gözəl bəhrələr verir, bundan ruhlanan insanlar həmişə olduğu kimi, bu ilk bahar günlərində yeni qüvvə və ruh yüksəkliyi ilə çalışırlar.

Biləsuvarda insanlar dədə–babadan taxılçılıqla məşğul olmuş, bu torpaqlar tarix boyu əkin üçün əlverişli ərazilər hesab olunmuşdur. İndi də belədir, rayonun ucsuz–bucaqsız düzlərində hər il min hektarlarla taxıl zəmiləri becərilir. Özü də burada yerli toxumçuluğa daim diqqətlə yanaşılır, bu sahədə bir neçə iri sahibkarlıq təsərrüfatı fəaliyyət göstərir. Bunlardan biri də rayonun Xırmandalı kəndində başçılıq etdiyim taxıl toxumçuluğu təsərrüfatıdır.

Təsərrüfat qısa zaman ərzində xeyli irəliləyişə nail olmuşdur, burada toxumçuluq üçün əlverişli baza yaradılmışdır. Ayrı–ayrı vətəndaşlardan 100 hektar torpaq sahəsi götürüb onun 70 hektarında taxıl əkmişik. Bunların 50 hektarı arpa, 20 hektarı buğda sahələridir. Qalan sahələrin 20 hektarında pambıq, 10 hektarında isə günəbaxan əkirik. 2012–ci ildə 160 ton arpa, 70 ton buğda məhsulu götürdük ki, bunların da, demək olar, hamısı yüksək kondisiyalı toxum kimi digər təsərrüfatlara, hətta qonşu rayonların təsərrüfatlarına satıldı. Əsasən “Aran”, “Qarabağ–2″, “Əzəmətli–95″ taxıl sortlarının istehsalı daha yaxşı səmərə verir və fermerlər bu sortlardan olan toxumluq materialını həvəslə alırlar.

Təsərrüfatımızda 20 nəfər çalışır, onlar əkinlərə aqrotexniki qulluq sahəsində artıq püxtələşmiş, kifayət qədər təcrübə toplamışlar. Şum və becərmə traktorlarımız, taxılbiçən kombaynımız var və onlar həmişə saz vəziyyətdədir.

Mən bu kənddə doğulub böyümüşəm. Xırmandalı kəndinin də, təsərrüfatımızın da bütün keçmiş və hazırkı fəaliyyəti gözlərim qarşısındadır. Bizim kənd taxılçılıqda həmişə nümunə, uzun illər boyu təcrübə məktəbi olmuşdur. Burada taxıl toxumçuluğuna dəyərli münasibət isə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə aqrar islahatların aparıldığı ilk illərdə meydana çıxmışdır.

Sahibkarlara üzümü tutub deyirəm ki, bizim yerlərdə yaxşı taxıl məhsulu yetişdirmək mümkündür və lazımdır. Bunun üçün yüksək keyfiyyətli toxumçuluq bazasının olması ən vacib şərtdir. Qoy kimin imkanı varsa, bu işlə məşğul olsun, hər bir təsərrüfat özünü və qonşusunu yüksək reproduksiyalı materiallarla təmin etsin. Azərbaycan regionlarının sosial–iqtisadi inkişafına dair Dövlət Proqramının tələbləri baxımından hazırda bundan ümdə vəzifə yoxdur. Daha dəqiq desək, bu, Vətənimizin ərzaq təhlükəsizliyini təmin etmək məsələsidir.

Pərviz Orucov, sahibkar:

—Qədirbilən xalqımız tükənməz əmək eşqi ilə qurub–yaradır, bizim Biləsuvarda da haraya baxsan, aydın görüb–duyursan ki, iqtisadiyyat irəliləyir və sosial həyatda yeniliklər diqqəti cəlb edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu əmin–amanlıq və sabitlik hər yerdə möhkəm bərqərar olmuşdur. Biz yaxşı başa düşürük ki, respublikamızda milli sahibkarlar təbəqəsinin formalaşması dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir, bu istiqamətdə gərəkli tədbirlər həyata keçirilir. Əhalinin maddi rifahının yüksəldilməsinə yönəldilmiş bu xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin verdiyi fərmanlar, imzaladığı sərəncamlar, bölgələrə tez–tez etdiyi səfərlər zamanı sahibkarlarla görüşlərində irəli sürdüyü proqram xarakterli tövsiyə və göstərişlər böyük ümidlər doğurur.

Bəli, biz xoşbəxt insanlarıq ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işləməyi öyrənmişik. Məhz bu böyük şəxsiyyətdən mənimsədiyimiz keyfiyyətlər hələ uzun illər bundan sonra da gərəyimiz olacaqdır.

Mən 1986–cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetini bitirib istehsalata gəlmişəm. Müstəqillik illərində müxtəlif sahələrdə çalışmışam. 1991–ci ildə bir neçə yoldaşımla birgə rayonun Səmədabad kəndi ərazisində beton zavodu yaratdıq. Müəssisələrə, vətəndaşlara tikinti–abadlıq işlərində xeyli kömək göstərdik.

Hazırda şəhərimizdə mehmanxana təsərrüfatı yaratmaqla məşğuluq. Məlum olduğu kimi, Biləsuvar şəhəri sərhəd–gömrük yolunun üstündə yerləşir, gediş–gəlişin çox olduğu məkandır və burada müasir mehmanxanaya böyük ehtiyac vardır. Cəmi 36 yerlik köhnə mehmanxana binası isə buna imkan vermirdi. Biz həmin binanı özəlləşdirərək əsaslı təmir işlərinə başlamışıq. Ərazidə əlavə torpaq sahəsi əldə etmişik, bu il üçmərtəbəli müasir mehmanxana binası tikəcəyik. Ən əsası odur ki, şəhərimizdə inşa olunan yeni su–kanalizasiya sistemi daha yüksək keyfiyyətli xidmət üçün şərait yaradır. Bundan əlavə, rayonumuzun Muğan kəndində ferma binamız var, torpaq məsələsini həll etdikdən sonra burada heyvandarlıqla məşğul olmaq fikrindəyik.

Biz iş adamları üçün sevindiricidir ki, mənafelərimiz həmişə müdafiə olunur, çalışmaq və Vətənə xeyir vermək üçün əlverişli şərait yaradılır. Ölkə rəhbərinin bu ilin fevral ayında keçirilmiş konfransda söylədiyi nitq strateji fəaliyyət üçün mühüm amildir. Bu nitqdə sahibkarlığın inkişafımızdakı yeri və rolu bir daha dəqiq göstərilmiş, başlıca məqsəd olan yeni iş yerlərinin yaradılmasında sahibkarların növbəti vəzifələri bəyan edilmişdir. Bunları izlədikcə və öyrəndikcə, bir daha əmin oluruq ki, sahibkarlara qayğı və diqqət dövlət qayğısının timsalıdır və bu, bizi daha yaxşı işləməyə ruhlandırır, səylərimizi birə–beş artırmağa sövq edir.

Cəmil Kazımov, “Muğan” MMC–nin rəhbəri:

—Ölkəmizin Prezidenti cənab İlham Əliyev sahibkarlığın inkişaf etdirilməsi üçün hər bir şərait yaradıb. Bunun müqabilində biz də əməli işimizdə daim irəli baxmalı, daha yaxşı işləməli, əsl sahibkarlıq sisteminin formalaşmasına kömək göstərməliyik. Hər bir manatın qədrini bilmək, sərmayələrin fayda verməsinə çalışmaq, eyni zamanda əliaçıq olmaq, xeyriyyəçilik ənənələrini davam etdirmək, el–obanın işinə yaramaq müasir sahibkalığın əsas əlamətləridir.

Müəssisəmiz ticarətlə məşğul olur. Açıq deyim ki, əvvəllər necə gəldi, yəni nizamsız alış–verişlə məşğul olmuşuq. İndi sevinirik ki, özümüzü əsl iş adamı kimi hiss edirik. Bu da onun nəticəsidir ki, əsl sahibkarlığın təməlini qoymuş ulu öndərimizin müəyyən etdiyi kursu Prezident İlham Əliyev uğurla davam etdirir. Bakı Biznes Mərkəzində keçirilmiş konfransda onun sahibkarlıq sahəsində həllini gözləyən məsələlər ətrafında dəyərli fikir və mülahizələri, verdiyi konkret təklif və tapşırıqlar ölkə başçısının sahibkarlığın problemlərinə nə qədər böyük diqqət və qayğı ilə yanaşdığını bir daha parlaq surətdə göstərir. Prezident həmin tədbirdəki nitqində bir daha göstərmişdir ki, dövlətlə özəl bölmə çiyin–çiyinə işləməli, fəaliyyət göstərməli, bir–birinə kömək etməlidir.

Rayonumuzda iş adamları üçün yaradılmış şəraitdən olduqca razıyıq. Elə özümüzü götürürəm. Ailəlikcə, yəni beş qardaş 1997–ci ildə birləşərək kiçik ticarətlə məşğul olmağa başlamışıq. Getdikcə səyləri artırdıq, Heydər Əliyev parkı ərazisində, şəhər bazarında yeni ticarət obyektləri yaratdıq, paralel olaraq topdansatışla məşğul olmağa başladıq. Tezliklə fəaliyyətimiz diqqəti cəlb etdi, “Azərsun” şirkəti ilə əməkdaşlığımız başlandı. Holdinq göstərdiyimiz xidmətlərin müqabilində bizi soyuducu anbarla, müxtəlif avadanlıqlarla təchiz etdi. Ötən il öz fəaliyyətini dayandırmış “Muğan” kinoteatrının binasını özəlləşdirdik, 920 kvadratmetr sahədə yeni üçmərtəbəli eyniadlı ticarət mərkəzini inşa etdik. Bu yaxınlarda həmin obyektin açılışını keçirdik.

Bundan başqa, müəssisəmiz kənd təsərrüfatı ilə də məşğul olur. Rayonun “Acı” adlanan ərazisində 100 hektar otlaq sahəmiz var, orada 400 baş qoyun–quzu bəsləyirik. Xeyli sahədə yem üçün arpa və yonca əkini ilə məşğul oluruq.

Kollektivimiz o qədər də böyük deyildir, qeyd etdiyim kimi, əsasən ailə üzvlərimizdən ibarətdir. Çalışırıq insanlara ən sərfəli qiymətlərlə xidmət edək, bununla yanaşı, xeyriyyəçilik tədbirlərində, rayonda aparılan quruculuq işlərində yaxından iştirak edirik. Yeri gəldikcə veteranlara, ahıllara, şəhid ailələrinə kömək göstəririk.

Bir sözlə, işçilərimiz dövlət dəstəyindən ruhlanaraq bu günlər yalnız yenilik həvəsi ilə işləyirlər. Hər şeydən görünür ki, onlar dövlətin və onun başçısının müəyyən etdiyi vəzifələrə cavab olaraq öz sözlərini daha böyük əzmkarlıqla deyəcək, Vətəni yaxşı işləri, layiqli töhfələri ilə daim sevindirəcəklər.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2013.- 10 aprel.- S. 10.