Azərbaycan elminə yeni töhfə

 

Qədəm qoyduğumuz III minillik daha çox dünyanın qloballaşması, inteqrasiyanın güclənməsi ilə xarakterizə olunur. Bunu isə fəlakət və kəşməkəşlərin artdığı, yaşam resurslarının anbaan tükəndiyi, ilk baxışdan çox nəhəng, əslində isə bu kiçik dünyamızın xilası tələb edir. Maddi sərhədlər kimi mənəvi sərhədlər də qırılır. Ümumi dünyamızın xilası üçün səylər birləşdirilir. Bu isə heç kəsdən asılı olmayaraq milli mədəniyyətlərin də yaxınlaşmasına və hətta nüfuz dairəsi zəif olanların digərlərinin içərisində əriməsinə gətirib çıxarır. Lakin bu yaxınlaşma hər hansı bir millətin istədiyi kimi yox, təbii şəkildə, özünəməxsus qanunauyğunluqlarla gedir.

Xalqların yaxınlaşması, mədəniyyətlərin çulğalaşması bu və ya digər dərəcədə dilə də təsir göstərir. Dillərin lüğət ehtiyatı kəskin dəyişir. Bəzi hallarda qəribə də olsa, bu, qrammatik quruluşa da təsir göstərir. Adi bir nümunə. 1975–ci ildə çap olunan Orfoqrafiya lüğətimizdə 58 min söz əksini tapmışdısa, indiki yeni Orfoqrafiya lüğətində onların sayı 100 minə yaxındır. Zənnimcə, bu statistik məlumat qloballaşma dövründə dillərdə gedən proseslər haqqında müəyyən təsəvvür yaradır. Bu, hardasa dilçilik qanunlarına, ona yanaşma meyarlarına da təsir edir. Başqa sahələrdə olduğu kimi dilçilikdə də bəzi məsələlərə yenidən baxmaq zərurəti yaranır. Vaxtilə dilə yanaşılan bir sıra metodlar bu gün üçün köhnəlmiş hesab olunur. Dil, onun mahiyyəti, fonem, söz, cümlə, mətn kimi əsas dilçilik anlayışlarına bugünkü rakursdan baxmaq tələb olunur.

Bu mənada professor Fəxrəddin Veysəllinin yenicə çapdan çıxmış “Dilçiliyin əsasları” monoqrafiyası vaxtında yazılmış və yuxarıda qeyd olunmuş məsələləri özündə ehtiva edən fundamental bir dilçilik əsəridir.

“Dilçiliyin əsasları” “Giriş” və “Dilin daxili strukturu” adlı 2 hissədən ibarətdir. Monoqrafıyanın 5 fəsildən ibarət “Giriş” hissəsində narahat bir alimin ürək çırpmtılarını eşidirik. Əlbəttə, dünyanın ümumi iqtisadi, siyasi, mədəni qloballaşması şəraitində Fəxrəddin müəllimi, təbii ki, bir dilçi alim kimi daha çox dillə bağlı məsələlər düşündürür. Müəllif müasir həyatın tələb və reallıqları prizmasından dünyanın dil mənzərəsinə nəzər yetirir və böyük narahatlıqla dünyada eyni zamanda bir dil siyasətinin də aparıldığını qeyd edir və bunu dünyanın digər məşhur dilçi alimlərinin fikirlərini də analiz etməklə qabarıq nəzərə çarpdırır. Maraqlısı odur ki, müəllif təkcə bu reallıqları göstərməklə kifayətlənmir. Milli dəyərlərimizə, əxlaqımıza az və ya çox dərəcədə təsir edən dil böhranından çıxmaq üçün yollar göstərir. Fəxrəddin müəllim haqlı olaraq belə qənaətə gəlir: “Azərbaycan dilinin sabahı qloballaşmanın vüsətindən asılıdır. Biz nə qədər çalışsaq da, dünyada gedən iqtisadi, mədəni, geosiyasi təmərküzləşmənin dilə təsirinin qarşısını almaqda acizik”. Bəs belə bir qloballaşma, inteqrasiya şəraitində Dilimizin sabahı necə olacaq? Dilimizi qorumaq üçün nə etməliyik? suallarına isə müəllif real, aydın və konkret cavab verir: “Deməli, beynəlxalq aləmdə Azərbaycan dilinin təsir dairəsindən danışmaq mənasızdır. Ancaq ölkə daxilində xalqımızın köməyi ilə dilimizi qoruyub saxlaya bilərik. Bu işdə ziyalılarımızın, yazarlarımızın, siyasi xadimlərimizin, əsasən də gənclərimizin üzərinə böyük yük düşür. Əsrlərdən bəri bütün yadelli hücumlara sinə gərmiş dilimiz bu gün də böyük Azərbaycan xalqının sayəsində yaşayır. Bunun ən qısa yolu iqtisadiyyatımızın qüdrətli olmasından keçir. Özümüz istehsal edib ad verə bilsək, həmin ad bizim məhsulumuzla birgə dünyaya yayıla bilər. Necə ki türkün “dönər”i, “toyuğ”u, “yokurd”u və s. bütün dünyada bu adlarla yaşayır”.

Qeyd olunan fikirlərin dəyəri bir də ondadır ki, müəllifin irəli sürdüyü fərziyyələr təkcə Azərbaycan dilinə aid deyil. Eyni aqibət fransız, alman və başqa dilləri də gözləyir. Müəllif fikrini əsaslandırmaq üçün Almaniyanın “Der Spiegel” jurnalında Ş.Matiasın çap olunmuş məqaləsindəki” alman dilinin amerikanizmlərlə və ingilisizmlərlə dolması” fikrindən irəli gələn həyəcan və narahatlığını xüsusi vurğulayır.

Məlum olduğu kimi, dilçilik ədəbiyyatında dilin əmələ gəlməsi haqqında bir–birinə zidd olan müxtəlif nəzəriyyələr mövcuddur. Bu isə qeyd olunan məsələnin problemliliyini göstərir. Ümumiyyətlə, Fəxrəddin müəllim bu əsərdə daha çox dildə problem olan, mübahisəli olan məsələlər haqqında fikir söyləyir, bu fikirləri dünya dilçiliyi kontekstində çözməkdən çəkinmir. Dilçi alim üçün bu çox vacibdir. “Dilçiliyin əsasları”nda dilin əmələ gəlməsi, ulu dil, dilin işarəliliyi, dilin əsas funksiyası və s. kimi anlayışlara yenidən baxılır, müxtəlif sistemli dillər və qeyd olunan məsələlər barədə dünya linqvist, bioloq, psixoloq və filosoflarının da fikirlərini analiz etməklə yeni fərziyyələr irəli sürülür və konkret nümunələr əsasında düşüncələr əsaslandırılır. Alim dilin əmələ gəlməsi haqqında nəzəriyyələrdən səs təqlidi nəzəriyyəsinə, təbii məntiqə üstünlük verir. Fikirlərini əsaslandırmaq üçün o, Q.Laybinisin bu sözlərini xatırladır: “Dillər təbiətlə bağlıdır”. Fəxrəddin müəllimin dilin əmələ gəlməsi barədə fikirləri ulu dil nəzəriyyəsinə zidd olsa da çox maraqlıdır: “Dünyada bütün canlılardan yalnız insanlar anadangəlmə dil səriştəsinə malikdirlər. Heyvanlar öz hisslərini instinkt vasitəsilə ifadə edir. Şir nərildəyir, eşşək anqırır, dana böyürür, qoyun mələyir, çaqqal ulayır, it hürür və s. Bunlar bizim dilimizdə səs təqlidi ilə yaranan sözlərdir. Başqa xalqlar eyni denotatı başqa cür ifadə edirlər. İnsanların dillərinin müxtəlifliyini sübut edən amillərdən biri və əsası budur”. Müəllifin ən son məqamda gəldiyi qənaət budur: “Tarixin gizli səhifələrində kiçik dillər olub. Həyat tərzi dəyişərkən, yeni texniki innovasiyalar insanların yaşayışını tamamilə dəyişmiş və bəzi dillər sürətlə yayılmış, insanların məskunlaşdığı böyük ərazilərdə ümumi dil yaranmışdır. Yenə texniki tərəqqi nəticəsində iri dillər parçalanmış və daha kiçik dillər əmələ gəlmiş, onlar da bu gün qohum dillərin qruplarını formalaşdırmışdır”.

Müəllifin dilçiliyin obyekti, metodları haqqındakı fikirləri də qloballaşma şəraitində keçmiş fikirlərə yeni münasibət zərurətindən doğmuşdur. F.Veysəlli, ümumiyyətlə, həm klassik, həm də müasir dilçilik metodlarının tarixi–elmi şərhini verməklə yanaşı, prof. Əbdüləzəl Dəmirçizadə və akademik Ağamusa Axundovun fikirlərinə şərik çıxaraq qeyd edir ki, müqayisəli metodun əsas yaradıcısı Avropa alimləri deyil, məhz türk oğlu Mahmud Kaşğaridir.

Dilçiliyin şöbələrindən bəhs açan müəllif ta qədim zamanlardan dilçiliyin inkişaf qanunauyğunluqlarından, onun əsas şöbələrinin təsnifi meyarlarını elmi əsasda izah edir. Fonetika, morfologiya, leksikologiya, sintaksis və mətn dilçiliyi bölmələrinin konkret obyektləri, tarixi inkişafları, eyni zamanda bugünkü elmi baxış nöqteyi–nəzərdən problemləri haqqında dünyanın bir–birinə zidd sistemli dilləri əsasında mülahizələrini verir.

Müəllifin sözün anlamı haqqında fikirləri də çox maraqlıdır. Bu barədə ilk fikirlərin Avropa alimlərinə məxsusluğunu söyləyənlərə rəğmən, prof. F.Veysəlli bir şərqli olaraq, cəsarətlə bu məsələni Nəsrəddin Tusi ilə əlaqələndirərək belə qeyd edir: “Böyük Şərq filosofu, riyaziyyatçısı və astronomu N.Tusi (1201–1274) ilk dəfə anlam məsələsinə toxunmuş və onun geniş izahını vermişdir”. Müəllif bu məsələdə Tusinin çox sadə bir nümunəsini sözün anlam məsələsini dərki üçün nümunə göstərir və gələcəkdə aparılan tədqiqatların bu istiqamətdə aparılması zərurətini göstərir: “Anlamın mənasını Şərqin böyük mütəfəkkiri N.Tusi bir misalla belə açır. Tüstünün nə olduğunu bilməyən şəxs və ya tayfa onun mənasını da başa düşməz, onun oddan törədiyini, isidə bildiyini, bugünkü terminlə desək, əsl işarəliyini (razılaşdırıldığı halda görüş yerini bildirməsini və ya yanğına işarə etməsini) başa düşə bilməyəcəkdir. Bunları N.Tusi “Şərh əl İşorət” əsərində yazır”.

Uşaq dilinin öyrənilməsinin vacibliyini bildirən alim Avstriya psixodilçisi K.Bülerin belə bir fikrini sitat gətirir: “Tarixəqədərki dövrdə ibtidai insanın itib–batmış mədəni inkişaf mərhələləri haqqında bilgilərlə bağlı ən yaxşı məlumatı biz öz uşaqlarımızı düzgün başa düşməklə əldə edə bilərik”. Prof. F. Veysəlli bəşəriyyətin ilkin dil inkişafını, dilin ilkin yaranmasını məhz uşağın 1 il 3 aylığından 14 yaşına qədər hansı sözləri deməsini izləməklə müəyyən etməyin mümkünlüyünü bildirməklə “əslində bu cür davranışı ibtidai insanın əqli inkişafında əsl inqilab” sayır.

Monoqrafiyanın II hissəsi “Dilin daxili strukturu” adlanır. Bu bölmədə müəllif dilçiliyin bütün yarusları üzrə aparılan elmi tədqiqat işlərindən, bu sahədəki problemlərdən, yeni tarixi şəraitdə yeni baxışdan, o cümlədən Azərbaycan dilçiliyində kifayət qədər tədqiqata cəlb olunmayan və həllini tapmayan semantika, praqmatika, mətn dilçiliyi, presuppozisiya kimi dilçilik sahələrinin Azərbaycan dili nümunələri əsasında izahını verir.

Dilçiliyin ən ağır və çətin tədqiq olunan bölməsi fonetikadır. Çünki dildəki danışıq səslərini eynilə qeyd etmək, yazıya köçürmək mümkün deyil. Bu mənada prof.F.Veysəllinin dünya dillərinin fonetik sistemi, onun təsnifi, invariantlıq, fonem qarşılaşmaları və korreksiyaları, fonemlərin distribusiyası, fonotaktika kimi məsələləri şərh etməsi, qabartması Azərbaycan dilçiliyində yenidir. Bunun fonetikanın daha dərindən öyrənilməsinə və gənc tədqiqatçılar üçün bir stimul, yeni bir yol açacağına əminik. Fəxrəddin müəllimin uğuru ondadır ki, o, ana dili ilə yanaşı alman, ingilis və fransız dillərinə, hətta əsərdən çıxartdığımız nəticəyə görə, şərq və Qafqaz dillərinin bir çoxuna dərindən bələddir. Əks–təqdirdə müxtəlif sistemli dillər üzərində müqayisə, qarşılaşdırma, tutuşdurma və nəhayət, ümumiləşdirilmə aparıla bilməzdi.

Morfologiya fəslində Azərbaycan dilçiliyindən fərqli məsələlərə diqqəti çəkən müəllif ilk öncə morfem nədir, onun əlamətləri hansılardır, dünya dilləri kontekstində morfemin yeri məsələlərinə aydınlıq gətirir. Müəllif irəli sürdüyü fikirləri Azərbaycan, alman, ingilis və rus dillərindən gətirdiyi xarakterik nümunələrlə əsaslandırır.

II hissənin VIII fəsli “Leksemika” adlanır. Bu bölmədə oxucu konkret olaraq Söz nədir?, Onu kompleks şəkildə necə qavramaq olar?, Dünya dilçiliyi kontekstində və müasir dövrdə ona necə yanaşmaq lazımdır? suallarına cavab tapa bilər. Maraqlısı da budur ki, Fəxrəddin müəllim burada polemika üçün şərait yaradır. Çünki o, bu məsələlərə dünyanın ən tanınmış istər klassik, istərsə də müasir dilçi alimlərinin, həm də öz münasibətini açıqlamaqla mövzuya tam, konkret aydınlıq gətirməyə çalışır. Nəticə haqqında fikir söyləmək dilçilərin üzərinə düşür. Amma bunu da xüsusi vurğulamaq lazımdır ki, ümumiyyətlə, əsərdə qoyulan problemlər, məsələlər asanlıqla həzm və həll ediləsi deyil. Onları dərk etmək, konkret fikir söyləmək üçün də vaxt, ən azı Fəxrəddin müəllim qədər araşdırma aparmaq lazımdır. Hələlik isə üzdə olan budur ki, prof.F.Veysəlli bu ağır yükün altına girmiş, öz sözünü demişdir. Adi bir məsələni, məsələn, sözün tərifini götürək. Fəxrəddin müəllimin izahından sonra bizdə qrammatikamızda sözə verilən tərifin nə qədər bəsit olduğu aydın görünür. Məlum olur ki, sözün yalnız təklikdə işlənə bilməsi, leksik mənaya malik olması kimi xüsusiyyətləri bəlkə də müasir anlamda sözü tam və bütöv şəkildə xarakterizə etmir. Müəllif sözü dərk etmək, onun mahiyyətini anlamaq və açmaq üçün ona kompleks şəkildə yanaşmağı tövsiyə edir. Əsərdə əlavə olaraq sözün fonetik tərifi, sərhədi, müəyyənləşdirilməsi yolları, məna çaları, semantikası, söz yuvaları, söz–frazem münasibətləri kimi mülahizələr ilk dəfə olaraq Azərbaycan dilçiliyində qabardılır və böyük maraq doğurur. Bizi o məsələlərə yenidən baxmağa vadar edir.

Dilçiliyimizdə adətən cümləyə belə bir tərif verilir: “Bitmiş bir fikrin ifadəsi cümlədir”. Müəllifin IX fəsildəki mülahizələri bu tərifə də yenidən baxmağı tələb edir. Alim qeyd edir: “Əhməd balıq tutur cümləsində — söhbət kimin haqqında (mübtəda) nə danışıldığından (xəbər) gedir. Burada sual doğuran bir neçə məsələ ortalığa çıxır. Əhməd, insan, ayaqqabı bir fikirdirmi? Digər tərəfdən, bir cümlədə bir neçə əşya və ya şəxs haqqında məlumat vermək olarmı? Məsələn, Əhməd öz sinif yoldaşlarına kitab verdi — cümləsində görəsən Əhməd, öz sinif yoldaşlarına və kitab eyni zamanda subyekt ola bilər? Axı onların üçü haqqında da məlumat verilir”. Monoqrafiyanın “Sintaksis” fəslində müəllifin qeyd olunan məsələlər, o cümlədən sintaktik əlaqələr, söz sırası, intonasiya, dil universialiləri haqda orijinal fikirləri çox önəmlidir və geniş diskussiya meydanı açır.

Bir az öncə qeyd etdiyimiz kimi əsəri düzgün dərk etmək üçün vaxt tələb olunur. Bu, təbiidir. Çünki Fəxrəddin müəllim dilçiliyin təkcə bir şöbəsindən danışmır və ya məsələlərə yalnız Azərbaycan dilçiliyi prizmasından deyil, bütövlükdə dilçilik elmindən, onun bütün yaruslarından, ümumi dünya dilləri konteksindən qlobal yanaşır.

Əsərin “Semantika” , “Cümlə semantikası”, “Praqmatika”, “Presuppozisiya” kimi bölmələrində Azərbaycan dilçiliyində hələ toxunulmayan və ya üstündən səthi gedilən, lakin çox vacib məsələlər haqqında söhbət açılır, dünya dilləri çərçivəsində özünü göstərən bu dil vahidlərinin Azərbaycan dilində də əhəmiyyətli yer tutduğunu diqqətə çəkir.

Fəxrəddin müəllimin uzun illərin zəhməti olaraq ərsəyə gələn bu fundamental əsərindən belə bir nəticə hasil olur: Azərbaycan dili dünyanın ən inkişaf etmiş, ən zəngin dillərindən biridir. Bu dil dünya dilləri ilə vəhdətdə öyrənilməlidir, onun daxili potensialı araşdırılmalıdır. Çünki araşdırmalar göstərir ki, dünyanın bütün dilləri bu və ya digər dərəcədə bir–birinə təsiretmə gücünə malikdir. Bundan əlavə, yaradan və ya təbiət insanı digər varlıqlardan məhz dilinə görə fərqləndirmişdir. Dilin əmələ gəlmə səbəbini isə yalnız və yalmz təbiət qanunları ilə izah etmək olar.

Professor Fəxrəddin Veysəllinin “Dilçiliyin əsasları” monoqrafiyası sözün həqiqi mənasında fundamental elmi araşdırmanın bəhrəsidir. Uzun illərin araşdırmaları, müxtəlif dillərin müqayisəsi, alimliklə vətənpərvərliyin sintezindən doğan, yeni–yeni tədqiqatlar üçün meydan açan bir əsərdir. Fəxrəddin müəllim klassik irsə müasir prizmadan baxmağı, yeniliklə köhnəliyin yeni tarixi şəraitdə mübarizəsini və bir çox məsələlərə qorxmadan, cəsarətlə yenidən nəzər salmağı tövsiyə edir.

Monoqrafiyadan elm adamları — alimlər, magistr və aspirantlar, ali məktəblərin Azərbaycan dili və ədəbiyyatı, xarici dil ixtisaslarında (ingilis, alman, fransız, rus və s. dillər) tədris olunan “Dilçiliyə giriş”, “Ümumi dilçilik”, “Müasir Azərbaycan dili (bütün yarusları üzrə)”, “German dilçiliyi”, “Müqayisəli qrammatika”, ixtisas kursları və seçmə fənlər tədris olunarkən bu əsərdən mötəbər bir mənbə kimi istifadə edə bilərlər. Fikrimcə, bu əsər həm də yeni–yeni elmlər doktoru, fəlsəfə doktoru, magistr dərəcələri almaq üçün böyük bir material verir.

 

 

Aqil CƏFƏROV,

AMEA Nəsimi adına Dilçilik

İnstitutunun elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru

 

Respublika.- 2013.- 10 aprel.- S. 11.