Qaçqın və məcburi köçkünlərin problemləri ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur

 

XX əsrdə Azərbaycan tarixinin ən faciəli səhifələri qaçqınlıq və məcburi köçkünlüklə bağlı olmuşdur. Azərbaycanın geostrateji mövqeyi, zəngin təbii sərvətləri regionda maraqları olan qüvvələri azərbaycanlıların öz tarixi torpaqlarından zorla köçürülməsinə sövq etmiş, ermənilərin daha çox torpaq əldə etmək cəhdləri isə azərbaycanlıların öz yurdlarından didərgin salınması ilə nəticələnmişdir.

Ermənistanın 1988–1992–ci illərdə planlı şəkildə həyata keçirdiyi son etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir. Eyni zamanda, 1990–cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axıska (məshəti) türkü də Azərbaycanda sığınacaq tapmışdır.

1988–ci ildən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi — Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün düşmüş və respublikanın 69 şəhər və rayonunda, 1600–dən çox sıx məskunlaşma obyektində müvəqqəti məskunlaşmışdır. Beləliklə, hazırda Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkün vardır.

Doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilmişdi. Bütün mənalı həyatını Azərbaycanın tərəqqisinə, əhalinin güzəranının, rifah halının yaxşılaşdırılmasına həsr edən ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, zəbt olunmuş torpaqlarımızın erməni işğalçılarından azad edilməsi, bir milyon nəfərədək soydaşımızın öz doğma ata–baba yurdlarına ləyaqətlə qaytarılması idi. O, bunun üçün daim var qüvvəsi ilə çalışırdı.

Məhz Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti, Azərbaycanın haqq səsi dünya ictimaiyyətinə çatdırıldı, Ermənistanın təcavüzkar siyasəti ifşa edilərək qələbəmizin siyasi, diplomatik və informativ zəmini formalaşdırıldı. 1993–cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun 4 qətnaməsi qəbul edildi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1993–2003–cü illərdə bu problemin siyasi yolla həlli istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, 1994–cü ildə atəşkəsə nail olundu, ATƏT–in 1994–cü il Budapeşt, 1996–cı il Lissabon və 1999–cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görüldü, ABŞ Konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən Azadlığa Dəstək Aktına ədalətsiz 907–ci düzəlişin icrası dayandırıldı. Lakin təəssüflər olsun ki, Ermənistanın tutduğu qeyri–konstruktiv mövqe, ATƏT–in Minsk Qrupunun və digər beynəlxalq təşkilatların fəaliyyətsizliyi, münaqişəyə ikili standartlarla yanaşması nəticəsində məsələnin sülh yolu ilə həlli uzanır. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq ATƏT rəhbərliyi, Minsk Qrupunun təmsilçiləri ilə 200–dən artıq, 80 ölkənin dövlət başcıları ilə 500–dən çox görüş keçirmişdi, bu problemi ölkədə bir nömrəli problem adlandırmışdı. Qaçqın və məcburi köçkünlərlə əlaqədar beynəlxalq normalara uyğun tam hüquqi baza yaradıldı, ölkə Prezidenti tərəfindən onların sosial müdafiəsi ilə bağlı 43 fərman və sərəncam imzalandı, Milli Məclis 23 qanun, Nazirlər Kabineti isə 192 qərar və sərəncam qəbul etdi. 1998–ci il iyun ayının 27–də ulu öndər Heydər Əliyevin sədrliyi ilə problemlə bağlı ümumrespublika müşavirəsi keçirildi.

Azərbaycan Respublikası Prezidentinin 1998–ci il 17 sentyabr tarixli 895 nömrəli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” uzunmüddətli Dövlət Proqramı təsdiq edildi. 1998–ci ildə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”, 1999–cu ildə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlar qəbul edilmişdir. 1999–cu ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edildi, Dünya Bankı tərəfindən ölkəmizə ayrılmış 10 mln. ABŞ dolları həcmində kredit hesabına qaçqınların və məcburi köçkünlərin məskunlaşdıqları yerlərdə infrastrukturun yaxşılaşdırılması, yeni iş yerlərinin açılması məqsədilə müxtəlif layihələr həyata keçirildi. 18 may 2000–ci ildə ulu öndər Heydər Əliyevin bilavasitə iştirakı ilə “Qaçqınlar və məcburi köçkünlər: İnkişaf Problemləri və Strateji İstiqamətlər” mövzusunda beynəlxalq konfrans keçirildi. Əraziləri işğal olunmuş rayonların ictimaiyyət nümayəndələri, qaçqın və məcburi köçkünlərlə 20–dən çox görüş keçirdi.

1998–ci ildə Heydər Əliyev Biləsuvardakı çadır düşərgələrinə səfər etdi. 1999–cu ildə Biləsuvardakı çadır düşərgələrində müvəqqəti məskunlaşmış 4 gənc məcburi köçkünün toy mərasimində iştirak etdi. 2002–ci ildə ulu öndər Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimində iştirak etdi.

Əvvəllər beynəlxalq təşkilatlar tərəfindən məcburi köçkünlərə göstərilən ərzaq yardımı proqramı 2001–ci ildə dayandırıldığı üçün bu boşluq ölkə rəhbərinin müvafiq sərəncamları ilə aradan qaldırıldı, Neft Şirkətinin və büdcə vəsaitinin hesabına onlar aylıq ərzaqla təmin edildilər, məcburi köçkünlərə kommunal və digər xidmətlərdən pulsuz istifadə imtiyazı verildi, təbii qazla təmin olunmayan kənd rayonlarında müvəqqəti məskunlaşmış 90 min məcburi köçkün ailəsi qış aylarında ağ neftlə təmin olundu. Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlər təhsil haqqını ödəməkdən azad edildilər.

Bütövlükdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 1993–2003–cü illər arasında 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırıldı. Şübhəsiz, ümummilli liderin neft strategiyası olmasaydı, bütün bunlar mümkünsüz olardı.

“İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” deyən xalqımızın ümummili lideri Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu neft strategiyası öz bəhrəsini verməyə başlayan andan əldə edilən ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin mənzil–məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi, çadır düşərgələrinin ləğvinə başlanıldı.

Bu məqsədlə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına 2001–2003–cü illərdə 18 şəhər və rayonda 25 qəsəbə, 400 min kvadratmetr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3150 yerlik 18 məktəb, 18 uşaq bağçası, 2 xəstəxana, 16 tibb məntəqəsi tikildi, 197 km uzunluğunda asfalt yol, 170 km su xətti, 350 km hava elektrik xətti, 133 km irriqasiya su kəməri və s. sosial obyektlər istifadəyə verildi. Nəticədə Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi ləğv edildi, 1330 qaçqın və 5081 məcburi köçkün ailəsinin — cəmi 32 min nəfərin mənzil–məişət şəraiti yaxşılaşdırıldı. 35 min nəfərdən çox qaçqın, məcburi köçkün və yerli əhali həmin qəsəbələrin tikintisində işlə təmin olundu.

Qəsəbələrə köçürülmüş hər bir ailəyə həyətyanı və əkin sahələri ayrıldı, onlara kənd təsərrüfatı işləri ilə məşğul olmaları üçün əvəzsiz maliyyə yardımı verildi.

Yeni salınmış qəsəbələrdə 6000–dən çox iş yerləri yaradıldı.

Bütün bunlar əyani şəkildə sübut edir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində əziyyət çəkən bir milyona yaxın qaçqın və məcburi köçkünün problemlərinə, onların hüquqlarının müdafiəsinə daim diqqət və qayğı ilə yanaşar, bu problemi gündəlik nəzarətində saxlayardı.

Əhalinin ən həssas qrupu olan qaçqın və məcburi köçkünlər daha ağır şəraitdə yaşamalarına baxmayaraq, ümummilli liderimiz Heydər Əliyevin bu diqqət və qayğısına cavab olaraq, daim dövlətə sadiq olduqlarını nümayiş etdirərək bütün ictimai–siyasi proseslərdə dövlətçiliyi müdafiə ediblər və bu gün də etməkdədirlər.

Məhz buna görə də 2003–cü ildə keçirilən prezident seçkilərində, ölkə əhalisi kimi, qaçqınlar və məcburi köçkünlər də yüksək fəallıqla Heydər Əliyevin siyasi kursuna, onun layiqli davamçısı cənab İlham Əliyevə səs verməklə dövlətimizə sadiq olduqlarını, aparılan siyasəti dəstəklədiklərini bir daha nümayiş etdirdilər.

Cənab İlham Əliyevin seçkilərdə öz rəqibləri üzərində parlaq qələbəsi isə Azərbaycan tarixində yeni dövrün əsasını qoydu.

Ulu öndər Heydər Əliyevin siyasi kursuna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi müntəzəm olaraq davam etdirilir.

Ümumiyyətlə, beynəlxalq qanunvericiliyə uyğun hüquqi baza yaradılmış, ölkə Prezidenti tərəfindən 81 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 317 qərar və sərəncam, Milli Məclis isə 24 qanun qəbul etmişdir. O cümlədən, 2003–2012–ci illərdə ölkə Prezidenti tərəfindən 49 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 165 qərar və sərəncam, Milli Məclis isə 10 qanun qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003–2013–cü illərdə xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə 400–dən çox görüş keçirmiş, qaçqın və məcburi köçkünlərlə bağlı keçirilən müxtəlif tədbirlərdə 27 dəfə, o cümlədən yeni salınmış qəsəbələrin və məhəllələrin açılışında 24 dəfə iştirak etmişdir.

Yeni salınmış qəsəbələrin açılışlarında cənab Prezidentin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsən iştirak etməsi və məcburi köçkünlərlə səmimi söhbətləri soydaşlarımızın həyatında unudulmaz, xoş xatirələrə çevrilmişdir.

2011–ci il dekabrın 24–də cənab Prezidentin xanımı ilə birgə Qarabağ bölgəsinə — Ağcabədi rayonuna səfər edərək Laçın rayonundan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışında iştirakını xüsusi qeyd etmək istərdim. Bütün məcburi köçkünlər üçün tarixi gün hesab edilən həmin görüşdə cənab Prezidentin dediyi “bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz” ifadəsi nəinki məcburi köçkünlər, bütün ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı.

Bu, həm də bütün dünyaya ciddi bir mesaj idi ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsi olaraq ölkədə olan bir milyonadək qaçqın və məcburi köçkün problemi ölkənin bir nömrəli prioritet problemidir.

Cənab İlham Əliyev 2003–cü il oktyabrın 1–də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən ölkədə bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi.

2006–cı ildə Bərdə (3 çadır düşərgəsi) və Ağcabədi (1 çadır düşərgəsi) rayonlarındakı 4 çadır düşərgəsinin, 2007–ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirilmişdir.

Eyni zamanda ölkədə olan, istismar müddəti başa çatmış 16 fin tipli qəsəbədən 12–si ləğv edilmiş, orada müvəqqəti məskunlaşmış 4400 məcburi köçkün ailəsi yeni salınmış qəsəbələrə köçürülmüşlər. Qalan 4 fin tipli qəsəbədə və ayrı–ayrı şəhər və rayonlardakı məktəb binalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün həmin qəsəbələrin yerləşdiyi ərazilərin yaxınlığında elektrik enerjisi, su təchizatı, təhsil, mədəniyyət, səhiyyə və digər zəruri sosial–texniki infrastrukturu olan qəsəbələrin salınması və ya çoxmərtəbəli binaların tikilməsi məqsədi ilə torpaq sahələri ayrılmış və müvafiq layihə–smeta sənədlərinin hazırlanması işləri həyata keçirilir.

Ötən dövr ərzində Azərbaycan Respublikası Prezidentinin 1998–ci il 17 sentyabr tarixli 895 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramı, 2004–cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmiş, 2007–ci il 31 oktyabr tarixli 2475 saylı, 2011–ci il 21 fevral tarixli 1346 saylı sərəncamlar ilə isə 2004–cü il 1 iyul tarixli 298 saylı sərəncamla təsdiq edilmiş Dövlət Proqramına “Əlavələr” edilmişdir.

Dövlət proqramları və əlavələr qaçqın və məcburi köçkünlərin sosial müdafiəsində, onların mənzil–məişət şəraitlərinin yaxşılaşdırılmasında mühüm rol oynamışdır və onlar uğurla icra edilir.

Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2004–2012–ci illər ərzində 19 min ailə 94 min nəfərdən çox məcburi köçkün üçün 1 milyon 72 min kvadratmetr sahəsi olan 51 qəsəbə və fərdi evlər inşa edilmiş, 115 məktəb, 5 musiqi məktəbi, 30 uşaq bağçası, 33 tibb müəssisəsi, 32 klub icma mərkəzi, 26 rabitə evi tikilmiş, 470,6 kilometr yol, 610,0 kilometr su, 980,0 kilometr hava elektrik, 264,0 kilometr qaz, 61,5 kilometr kanalizasiya, 13 kilometr istilik xətləri çəkilmiş, 537 müxtəlif gücə malik olan elektrik transformatoru quraşdırılmışdır.

Ümumiyyətlə, 2001–2013–cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2 milyon kvadratmetr sahəsi olan, 31 min mənzildən ibarət bütün sosial–texniki infrastruktura malik 78 müasir qəsəbə salınmışdır.

Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilmiş, 628,0 kilometr yol, 781 kilometr su, 1333 kilometr hava elektrik, 288 kilometr qaz xətti çəkilmiş, 671 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

Həmçinin Maliyyə Nazirliyi tərəfindən ayrılmış vəsait hesabına 1348 ailə, 6740 nəfər məcburi köçkün dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində yeni mənzillərə köçürülmüşdür.

Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün 352 evin inşası başa çatdırılmış və bu layihə cari ildə də davam etdiriləcəkdir.

Beləliklə, indiyədək 31 min ailə 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil–məişət şəraiti yaxşılaşdırılmışdır.

Son 20 ildə həcminə görə ən böyük–1300 şagird yerlik məktəb 2012–ci ildə məcburi köçkünlər üçün Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində tikilmişdir.

Həmçinin gücünə görə son 20 ildə ən böyük elektrik yarımstansiyası—280 meqavat olmaqla, məcburi köçkünlər üçün 2007–ci ildə Ağcabədi rayonunda istifadəyə verilmişdir. Bu yarımstansiya 5 rayonun—Ağcabədi, Ağdam, Bərdə, Beyləqan və İmişli rayonlarının elektrik enerjisinə olan tələbatını təmin etmişdir.

Qeyd etmək lazımdır ki, bütün rayonlarda qaçqın və məcburi köçkünlər üçün tikilən qəsəbələrdən və onun infrastrukturundan yerli əhali də bəhrələnmişdir.

Ümumiyyətlə, 1993–2012–ci illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat həcmində vəsait sərf olunmuşdur. Ondan 2 milyard manat dövlət büdcəsinin, 1,5 milyard manat Dövlət Neft Fondunun və 0,8 milyard manat isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.

Vaxtilə büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmayan 11 min nəfərədək məcburi köçkünə orta aylıq əməkhaqqının ödənilməsi davam etdirilir.

Respublikanın şəhər və rayonlarına təhkim edilmiş 78 nazirlik, komitə, şirkət, konsern, səhmdar cəmiyyət və digər mərkəzi təşkilatlar tərəfindən bayramlar ərəfəsində məcburi köçkünlərə müxtəlif yardımlar göstərilir.

Məcburi köçkünlərin məşğulluğunun artırılması və yoxsulluğun azaldılması üzrə də müvafiq tədbirlər ardıcıl həyata keçirilir.

Ölkə başçısının bu sahəyə olan müntəzəm diqqət və qayğısı nəticəsində 2004–2012–ci illər ərzində 85,5 min nəfər məcburi köçkün müvafiq işlə təmin edilmiş, 3770 nəfərə işsiz statusu verilmiş, 2331 nəfər peşə hazırlığı kurslarına, 1716 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuş, 16 min ailəyə ünvanlı sosial yardım verilmişdir.

2001–2012–ci illər ərzində 105,2 min nəfər məcburi köçkün müvafiq işlə təmin edilmiş, 4784 nəfərə işsiz statusu verilmiş, 2631 nəfər peşə hazırlığı kurslarına, 2316 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur.

2012–ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1040 manat (1300 ABŞ dolları) təşkil etmişdir. Bu da 2003–cü illə müqayisədə 8,6 dəfə çoxdur və dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.

Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalmışdır.

Ümumiyyətlə, Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanılmış kredit sazişləri üzrə 2004–2012–ci illərdə 310 min nəfərin faydalandığı və dəyəri 30 milyon manat təşkil edən 520 müxtəlif növ mikrolayihə icra edilmişdir. Faydalananların 83 faizi məcburi köçkündür.

Dünya Bankı və Azərbaycan hökumətinin maliyyə vəsaiti hesabına Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu vasitəsilə 2004–2012–ci illərdə 10,3 min nəfər məcburi köçkünə 6,56 milyon manat məbləğində mikrokredit verilmişdir ki, bu proqramlardan 50 min nəfər məcburi köçkün faydalanmışdır.

Bu yaxınlarda Dünya Bankının mərkəzi ofisində həmin bankın bütün dünya üzrə həyata keçirdiyi 300 layihədən vaxtında, keyfiyyətli və şəffaf icra meyarına görə ölkəmizdə məcburi köçkünlərlə bağlı həyata keçirilən layihə maliyyə ilinin üç ən təqdirəlayiq layihəsindən biri seçilmişdir.

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2004–2012–ci illərdə 1534 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 32,2 milyon manat məbləğində güzəştli kredit verilmişdir.

2001–2012–ci illər ərzində müxtəlif maliyyə mənbələrindən ayrılmış vəsait hesabına məcburi köçkünlərin məskunlaşdığı 220 yataqxana təmir edilmiş, bundan 68 min nəfər məcburi köçkün faydalanmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin miqdarı 3 dəfə artırılaraq 2005–ci il yanvarın 1–dən 6 manata, 2007–ci il yanvarın 1–dən 9 manata, 2008–ci ilin sentyabrından 13,5 manata, 2010–cu ilin sentyabrından 15 manata, 2011–ci ilin dekabrından isə 16,5 manata çatdırılmışdır. Həmin müavinət məcburi köçkünlərə bankomatlar vasitəsilə ödənilir.

Məcburi köçkünlərin istifadə etdikləri kommunal xərclər faktiki istehlaka görə mərkəzləşmiş qaydada, birbaşa xəzinədarlıq vasitəsilə xidmət təşkilatlarına vaxtlı–vaxtında ödənilir.

Hazırda 64,6 min (əvvəllər 80 min olmuşdur) məcburi köçkün ailəsinin hər biri qış mövsümündə 2005–ci ilədək ayda 30 litr, 2005–ci ildən etibarən isə 40 litr həcmində ağ neftlə təmin olunur.

Hazırda fəaliyyətləri Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən 49 beynəlxalq, 43 yerli humanitar təşkilatların xəttilə müxtəlif humanitar və inkişaf layihələri həyata keçirilmişdir. Həmin təşkilatların tam sərbəst, azad və şəffaf fəaliyyətləri üçün nümunəvi şərait yaradılmışdır. Bu, beynəlxalq maliyyə qurumları, donorlar, humanitar təşkilatların rəhbərləri tərəfindən səsləndirilən rəydir.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasətin təqdirəlayiq nəticəsi olaraq, Azərbaycan 26 aprel 2012–ci il tarixdə daha bir nüfuzlu beynəlxalq təşkilata — BMT–nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçilmişdir.

Azərbaycan hökumətinin ölkədə olan qaçqın və məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üzrə həyata keçirdiyi tədbirlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Belə ki, BMT–nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, BMT–nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Ceyms Morris, BMT Baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ölkəmizə son səfərləri zamanı qeyd etmişlər: “Azərbaycan Prezidentinin ölkədəki bütün qaçqın və məcburi köçkünlər üçün, o cümlədən beynəlxalq humanitar təşkilatlar üçün gördüyü işlər dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunədir. Azərbaycan hökuməti ilə əməkdaşlığımız çox yüksək səviyyədədir”.

2013–cü ildə ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial–texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllənin, o cümlədən Gəncə şəhərində 1500 məcburi köçkün ailəsi üçün 25 ədəd 5 mərtəbəli binadan ibarət, Bərdə rayonunda 866 məcburi köçkün ailəsinə 15 ədəd 5 mərtəbəli binadan ibarət, Qəbələ rayonunda 155 ailəlik 2 ədəd 5 mərtəbəli binanın, Qaradağ rayonu Ümid qəsəbəsində salınması nəzərdə tutulan 500 ailəlik məhəllədən 1–ci mərhələdə 200 ailəlik 3 ədəd 5 mərtəbəli binanın tikintisi, Ramana qəsəbəsində 80 mənzilli 1 ədəd 5 mərtəbəli binanın və həmin ərazidə N.Gəncəvi adına Xankəndi şəhər 4 saylı tam orta məktəb üçün 300 şagird yerlik binanın tikintisi, Beyləqan rayonu ərazisində Xocavənd rayonunun Yeni Tuğ qəsəbəsində 320, İmişli rayonunda 225, Saatlı rayonunda 230, İsmayıllı rayonunda 45 ailəlik qəsəbələrin, Balakən rayonunda isə 43 ailə üçün 5 mərtəbəli yaşayış binasının, 2013–cü ilin dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün Saatlı rayonunda 97, Oğuz rayonunda 32, Beyləqan rayonunda 13, Göygöl rayonunda 7 evin tikintisi nəzərdə tutulmuşdur.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən Bakı şəhərindəki yataqxanalardan 120 min nəfər məcburi köçkünün müvəqqəti məskunlaşdırılması və müəyyən iş yerlərinin yaradılması üçün yeni yaşayış massivinin salınması məqsədi ilə Abşeron rayonunun Qobu qəsəbəsinin yaxınlığında yeni Qobu şəhərinin salınması üçün 500 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda Qobu şəhər məcburi köçkün yaşayış massivinin layihələndirilməsi və onun idarəetmə strukturunun yaradılması üzrə müvafiq işlər görülür.

Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanılmış “Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi” üzrə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 2013–cü ildə dəyəri 2,8 milyon ABŞ dolları olan və 21 min nəfərin faydalanacağı müxtəlif növ 40 icma mikrolayihəsinin icra edilməsi, 2,6 milyon ABŞ dolları hesabına 36 yataqxananın təmir edilməsi, həmçinin 2 min nəfər məcburi köçkünə ümumi məbləği 1,5 milyon manat təşkil edən mikrokreditin verilməsi proqnozlaşdırılır.

Azərbaycan Respublikası Prezidentinin 2011–ci il 21 fevral tarixli 1346 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin 2004–cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilmiş əlavələrin icrası nəticəsində 2011–2015–ci illər ərzində ali təhsil müəssisələrinin yataqxanalarında, peşə ixtisas təhsil müəssisələrinin inzibati binalarında sanatoriyalarda, qəzalı vəziyyətdə olan binalarda, yeraltı qazma və daxmalarda, yataqxanalarda, Bakı və Sumqayıt şəhərlərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış cəmi 29 697 ailə, 115 817 nəfər məcburi köçkün üçün qəsəbə və hündürmərtəbəli binaların tikilərək onların istifadəsinə verilməsi nəzərdə tutulmuşdur.

32 dövlət orqanı, 14 beynəlxalq təşkilatdan alınan müvafiq təkliflər əsasında beynəlxalq maliyyə qurumları, BMT agentlikləri, xüsusən BMT QAK–la və digər beynəlxalq humanitar təşkilatlarla birlikdə “Böyük Repatriasiya (Böyük Qayıdış)” proqramının layihəsinin hazırlanması istiqamətində aparılan işlər davam etdirilir. Bu, həm işğal olunmuş ərazilərə dəymiş ziyanın dəqiq hesablanmasına, həm ərazilər işğaldan azad ediləndən dərhal sonra bərpa və yenidənqurma işlərinə başlamağa imkan verəcək, həm də beynəlxalq maliyyə qurumlarında və təşkilatlarda tərtib olunmuş proqramın düzgünlüyünə inam yaradacaqdır.

Qeyd etmək lazımdır ki, fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.

Fondun prezidenti, YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Azərbaycan” internet portalında Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Ermənistanın hərbi təcavüzünün nəticələri barədə də geniş məlumat toplanmışdır. Bununla bərabər, fondun xəttilə hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində tədbirlər keçirilir, beynəlxalq mətbuatda soyqırım haqqında yazılar dərc etdirilir, hər il keçirilən Yeni il şənliklərinə qaçqın və məcburi köçkün uşaqları da dəvət edilir.

Ermənistanın törətdiyi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla xanım Əliyevanın böyük rolu olmuşdur. Onun təşəbbüsü ilə 2008–ci il mayın 8–də Şuşanın işğalının ildönümündə irəli sürülmüş “Xocalıya ədalət” kampaniyası hazırda 80–dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə siyasi–hüquqi və mənəvi qiymət verilməsi və həmçinin beynəlxalq səviyyədə anılmasını təmin etməkdir.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə müntəzəm çatdırılması məqsədi ilə kitab, broşür və CD şəklində filmlərin BMT–nin müxtəlif dillərində hazırlanaraq Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və keçirilən görüşlərdə yayılması təmin edilmişdir.

2004–2012–ci illər ərzində xarici ölkələrin, beynəlxalq maliyyə qurumlarının, humanitar təşkilatları nümayəndələri ilə 500–dən çox görüş keçirilmiş, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin, ölkədə rəsmi səfərdə olan nüfuzlu beynəlxalq qurumların nümayəndə heyətlərinin məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşma yerlərinə 350–dən çox səfəri təşkil edilmişdir.

İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək, işğaldan azad olunacaq əraizələrdə həyat tamamilə yenidən qurulacaq. Azərbaycanlılar öz ata–baba yurdlarına ləyaqətlə qayıdaraq yenidən öz doğma torpaqlarında yaşayacaqlar.

Bütün xalqımız kimi, məcburi köçkünlər də rəhbər, lider kimi yalnız cənab İlham Əliyevə inanır, yalnız ona etibar edirlər. Çünki Azərbaycana belə bir layiqli siyasi davamçını ulu öndər Heydər Əliyev bəxş etmişdir!

Xalqımız xoşbəxtdir ki, XX əsr Azərbaycana, xalqımıza iki böyük və əvəzolunmaz nemət bəxş etmişdir: dövlət müstəqilliyi və əbədi lider. XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, xalqımızın əbədi lideri Heydər Əliyevdir. Ulu öndər əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək–tək siyasətçilərdən, dövlət xadimlərindəndir. Heydər Əliyev öz əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə əbədiyaşarlıq zirvəsinə yüksəlmişdir. Ölkəmizin bugünkü sabit və dayanıqlı inkişafının təməlində məhz ulu öndərin ideyaları dayanır.

Əminliklə deyə bilərik ki, onun müəyyən etdiyi strateji istiqamətlər hələ uzun illər müstəqilliyimizin daha da möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətin artırılması işinə xidmət edəcəkdir.

Heydər Əliyevin taleyi, əslində, bir insanın ömür yolu deyil. Bu, Azərbaycanın şanlı tarixidir, qurtuluş, inkişaf, milli tərəqqi salnaməsidir!

 

 

Gəray FƏRHADOV,

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə

Dövlət Komitəsinin sədr müavini

 

Respublika.- 2013.- 11 aprel.- S. 3; 4.