Xoşbəxt taleli insan

 

Ömrünün 82–ci baharına qədəm qoysa da, çox gümrah görünür Şərqiyyə xanım. Bu bəstəboy, suyuşirin qadının gülümsər çöhrəsi, mehriban danışığı böyük cazibə qüvvəsi ilə insanı özünə çəkir. Hələ mən onun rəvan nitqini demirəm. Dinlədikcə, dinləmək istəyirsən. Maraqlı, mənalı həyat yolunun bitib–tükənməyən xatirələri də özü kimi nurlu, işıqlıdır…

 

Bakıda bir məktəb var, yaşı yüzdən yuxarı, 1883–cü ildə tikilən 132 nömrəli orta qız məktəbini 1948–1949–cu illərdə bitirən Şərqiyyə Paşayeva o illəri belə xatırlayır: “Orta məktəb illərində yaxşı müəllimlərim çox olub. Azərbaycanın əməkdar müəllimi Bilqeyis Məmmədova bizə Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirdi. Onun danışığı, nitqi güclü idi, zəngin söz ehtiyatı vardı. Sözü yerində işlədir, onun bütün mənalarından dəqiq və aydın şəkildə, çətinlik çəkmədən, sərbəst surətdə istifadə etməyi bacarır və şagirdlərindən də bunu tələb edirdi. O, öz şagirdlərinə gözəl, səlis və rəvan danışmağın, fikri məntiqi ardıcıllıqla ifadə etməyin üsul və yollarını öyrədir, onlarda sərbəst mühakimə yürütmək, müstəqil düşünmək qabiliyyətini formalaşdırmağa müvəffəq olurdu. Artıq mən aşağı siniflərdə dilçi olacağıma qəti qərar vermişdim…”.

Odur ki, 1949–cu ildə orta məktəbi gümüş medalla bitirəndə Şərqiyyə Paşayeva Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Dili gözəl bilməsi, müəllimindən əxz etdiyi natiqlik məharəti elə dərs ilinin ilk günlərində köməyinə çatır.

Belə ki, orta məktəbi medalla bitirdiyi üçün universitet üzrə keçirilən gənclər yığıncağında ona çıxış etmək tapşırılır. Şərqiyyə universitet kollektivi qarşısında çıxış etməli idi. Və buna ciddi hazırlaşmışdı. Böyük həyəcanla gözləyirdi, nəhayət, söz ona verilir. Xitabət kürsüsünə qalxan gənc tələbə aramla danışmağa başlayır, az keçmir salona tam sakitlik çökür. O, öz gözəl nitqi, savadlı çıxışı ilə hamının diqqətini cəlb etmişdi. Elə oradaca Şərqiyyə Paşayeva təşkilata üzv seçilir, III kursda isə artıq universitet komsomol komitəsinin II katibi idi. Uzun illər böyük bir tələbə kollektivi ilə birgə işləməklə yanaşı, həm də əla oxuyur, universitetin ictimai və elmi həyatında fəal iştirak edirdi. 1954–cü ildə universiteti bitirəndə yüksək vəzifə təklif olunsa da, o, Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyatı İnstitutunun aspiranturasına daxil olur, leksikoqrafiya şöbəsində akademiyanın müxbir üzvü, böyük alim A.Orucovun rəhbərliyi altında təhsil alır. 1963–cü ildə isə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir, uzun illər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda çalışır.

Bu sakit təbiətli, gülərüz, xeyirxah insanı işlədiyi kollektivdə hamı, xüsusən də tələbələr həddindən artıq sevirdi, son dərəcə ciddi və tələbkar olması belə bu sevgiyə xələl gətirmirdi.

Pedaqoji fəaliyyəti dövründə Şərqiyyə Paşayeva dərslərin proqram materialları əsasında öyrədilməsinə, mənəvi–əxlaqi keyfiyyətlərin aşkara çıxarılmasına çalışır, zəmanəmizin görkəmli natiqlərindən biri olan Heydər Əliyevin natiqlik məharətindən daha geniş danışırdı. Şərqiyyə xanım tədris prosesində ən çox diqqət yetirdiyi məqamlardan söz açaraq deyir: “Tələbələrə “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Prezident fərmanı ilə bağlı tədris prosesində bir çox məsələləri açıqlamağa cəhd göstərmişəm. Onlara dövlət dilinin təhsil sahəsində işlənməsi, onun normaları (orfoqrafiya, orfoepiya) dövlət dilinin latın qrafikalı əlifbası, yazı qaydaları haqqında məlumatlar verirdim.

Dövlət dilinin tətbiqi haqqında qəzetlərdə nəşr edilən materialların tədris ədəbiyyatı vasitəsilə tələbələrə çatdırılmasına böyük önəm verir və buna çalışırdım”.

Şərqiyyə Paşayeva təkcə dərs deməklə kifayətlənmir, dövri mətbuatda sanballı yazılarla çıxış edir, kitablar yazırdı. “Azərbaycan müəllimi” qəzetinin 2003–cü il 31–ci (8035) sayında nəşr etdirdiyi “Heydər Əliyev və Azərbaycan dilinin dil siyasəti” adlı yazısında oxuyuruq: “Respublikada Azərbaycan dili ilə yanaşı, əhalinin danışdığı başqa dillərin–rus, gürcü, ləzgi, avar, kürd, talış, tat, saxur və s. dillərin istifadə olunması və inkişafı üçün müvafiq şərait yaradılmışdır. Bu dillərin arasında rus dili istər ölkəmizin son ikiəsrlik tarixində oynadığı roluna, istər bugünümüzdə və gələcəkdə əhəmiyyətinə görə, istərsə də öz inkişaf səviyyəsinə, imkanlarına, dünyadakı mövqeyinə görə xüsusi yer tutur”.

O öz mühazirələrində ulu öndər Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan müəllimlərinin, təhsil sisteminin qarşısında qoyduğu vəzifələrə də geniş yer ayırırdı. Göstərirdi ki, əsas vəzifə: milli ideyalara sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən, əqidəli, milli ruhlu nəsil yetişdirməkdən ibarətdir.

Şərqiyyə xanım çoxsaylı elmi məqalələrin, monoqrafiyaların müəllifidir. Onun 2005–ci ildə “Azərbaycan dilində iqtisadi nəzəriyyə terminləri”, 2006–cı ildə “Terminoloji leksika lüğətlərimizdə”, 2007–ci ildə “Ana dili tədrisində nəzəri və praktik məsələlər”, 2008–ci ildə isə oğlu, iqtisad elmləri namizədi Fikrət Paşayevlə birgə “Elm sahələri terminlərinin işlənməsi və istifadəsi”, 2009–cu ildə isə “Əşya anlayışı” adlı kitabları çapdan çıxmışdır. O, bu istiqamətdə işlərini davam etdirir, arayıb–axtarır, elmimiz üçün daha faydalı iş görmək naminə qüvvələrini səfərbər edir.

Şərqiyyə xanımın “Azərbaycan dilində iqtisadi nəzəriyyə terminləri” kitabında Azərbaycan dilində iqtisadi nəzəriyyə texnologiyasından, ona yanaşan lüğət materialı, onun linqvistik cəhətləri, terminin spesifik xüsusiyyətləri, dilin lüğət tərkibində yeri məsələsi, sözdüzəltmə tipli leksik materialı öz əksini tapır. Müəllif burada həm də bu terminologiyada morfoloji, sintaktik, kalkaşəkilli termindüzəltmə modelləri üzərində dayanmaqla yanaşı, həmçinin bu və ya digər iqtisadi nəzəriyyə termininin keçdiyi yolu, bu terminlərin toplanmasında mətbuatın, lüğət və tərcümələrin rolunu xüsusi qeyd edir.

2006–cı ildə nəşr olunan “Terminoloji leksika lüğətlərimizdə” adlı kitabda müxtəlif illərdə nəşr olunan lüğətlərdəki terminoloji leksika, onun yerləşdirilmə prinsipləri müxtəlif termin sistemlərindən terminlərin seçilməsi və lüğətlərdə yerləşdirilməsi, onların quruluş tipləri, qrammatik cəhətcə təyin olunmaları açıqlanır.

1967–ci ildən Xarici Dillər İnstitutunun ümumi dilçilik kafedrasında tədrislə məşğul olan Şərqiyyə xanım uzun illər rustəhsilli tələbələrə Azərbaycan dili, Azərbaycan qruplarında isə müasir Azərbaycan dili, dilçiliyə giriş, ümumi dilçilik, ana dilinin tədrisi metodikası, nitq mədəniyyətinin əsasları fənləri üzrə mühazirələr oxusa da, lüğətçiliyi də yaddan çıxarmamışdır. Nəşr edilən lüğətləri izləmiş, onlardakı bu və ya digər məsələlərlə maraqlanmış, öz fikirlərini mətbuat vasitəsilə bildirmiş, bu monoqrafik işdə də o, bir çox lüğətləri araşdırmağa çalışmışdır.

Alimin “Əşya anlayışı” kitabı 2003–cü ildə nəşr etdirdiyi “İbtidai siniflər üçün əşya dərslərinə aid didaktik materiallar” adlı əsərinin linqvistik baxımdan üzərində yenidən işlənmiş variantıdır. O, yeni dərsliklərin kurikulumun tələbinə uyğun hazırlanması üçün mühüm pedaqoji prinsiplərdən danışarkən, əyanilik, növlər, əşyaların bir–birinə oxşarlığı, əlaqəsi, yaxınlığı və bir çox məsələlərə toxunur.

“Elm sahələri terminlərinin işlənməsi və istifadəsi” adlı elmi–tədqiqat səciyyəli iş uzun illərin məhsuludur. Əsər rus təhsilli qruplarda Azərbaycan dilinin tədrisini əhatə edir. Kitaba yazılmış “Ön söz”də deyilir: “Ulu öndərimiz Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına tarixin bütün dövrlərində xüsusi diqqət yetirmişdir. Əsası ulu öndər tərəfindən qoyulmuş təhsil islahatları bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva bu sahədə məqsədyönlü işlər aparır. Təhsil sisteminin səmərəliliyinin artırılması, onun idarə olunması, mütəxəssis hazırlığının iqtisadiyyat, elm və texnikanın tələblərinə uyğunlaşdırılmasına diqqəti artırır.

Şərqiyyə xanımın “Ana dili tədrisində nəzəri və praktik məsələlər” kitabı orta və ali məktəblərdə ana dilinin tədrisi ilə bağlı problemlərə həsr edilmişdir: “Dövlət dilimizin tədrisində ən yüksək mənimsəməyə nail olmalıyıq. İbtidai siniflərdən başlayaraq ana dilimizi bütün səviyyələrdə diqqət mərkəzində saxlamalı, onun tədrisi üçün çalışmalıyıq…”.

Kitabda həmçinin 1998–ci ilin iyul–avqust aylarında Amerikada olan müəllifin bu ölkə haqqında təəssüratlarına da yer ayrılmışdır. Müəllif ABŞ–ın təhsil sisteminin bəzi maraqlı məqamlarına toxunmuş, xaricdə ana dilinin tədrisi ilə bağlı fikirlərini oxucuları ilə bölüşmüşdür.

Şərqiyyə xanımın çoxillik fəaliyyəti yüksək qiymətləndirilib, bir çox mükafatlara layiq görülüb. O, 1987–ci ildə “Əmək veteranı” medalı ilə təltif olunmuşdur. Şərqiyyə xanımın ən böyük mükafatı isə onun ailəsi və hər an fəxrlə danışdığı övladlarıdır: “Mən xoşbəxt anayam. Övladlarım cəmiyyətdə özlərinə layiq yer tuta biliblər və buna çox sevinirəm. Qızım Kümia M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filologiya fakültəsini, oğlum Fikrət həmin universitetin iqtisadiyyat fakültəsini əla qiymətlərlə bitiriblər. Onlar orta məktəbi də qızıl medalla başa vurmuşdular” – deyən həmsöhbətim sözünə bir az ara verir. O anda onun keçirdiyi qürur hissini duymaq elə də çətin deyildir. Sonra özünəməxsus tərzdə xəfifcə gülümsəyərək sözünə davam edir: “Bilirsiniz, bizim evdə kiçik bir mücrü var, onu mənə orta məktəbi gümüş medalla bitirəndə anam bağışlamışdı. Hələlik orada üç–bir gümüş, iki qızıl medal saxlanılır. Növbə nəvələrimindir”.

Mehriban nənə olan Şərqiyyə xanımın nəvələri isə ailə ənənələrini qoruyub saxlayır, öz uğurları ilə babaları Məhəmmədəli müəllimə və nənələri Şərqiyyə xanıma böyük qürur hissi yaşadırlar. Hazırda Amerikada təhsil alan İskəndər və Cavanşir “Oksford” məktəbinin şagirdləridir. Onların həm də idman üzrə böyük nailiyyətləri var. Belə ki, Cavanşir Virciniya və Merilend ştatlarında cüdo üzrə keçirilən yarışların çempionu olmuş, İskəndər isə Amerika məktəbliləri arasında keçirilən güləş yarışında gümüş medala layiq görülmüşdür.

Özünün dediyi kimi, xoşbəxt taleli insandır Şərqiyyə xanım. Ömrünün bu çağında yazıb–yaratmaq həvəsilə yaşamaq, ətrafdakılara gərəkli olmaq, doğrudan da, xoşbəxtlikdir…

 

 

Zümrüd QURBANQIZI

 

Respublika.- 2013.- 11 aprel.- S. 7.