Şərəfli ömür yolu

 

Heydər Əlirza oğlu Əliyev 1923–cü il mayın 10–da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939–cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941–ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944–cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Bu dövrdə təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964–cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967–ci ildən isə sədri vəzifəsində işləmiş, general–mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqradda (indiki Sankt–Peterburq) xüsusi ali təhsil almış, 1957–ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969–cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1982–ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ–nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev 20 il ərzində SSRİ Ali Sovetinin deputatı, 5 il isə SSRİ Nazirlər Soveti sədrinin müavini olmuşdur.

Heydər Əliyev 1987–ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katibi Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

Heydər Əliyev 1990–cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz edərək 1991–ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990–cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev öncə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991–ci 1993–cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992–ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.

1993–cü ilin may–iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın ozamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993–cü il iyunun 15–də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24–də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993–cü il oktyabrın 3–də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. O, 1998–ci il oktyabrın 11–də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının prezidenti seçilmişdir. 2003–cü il oktyabrın 15–də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina etmişdir.

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.

Azərbaycanın 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai–siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır.

O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.

Azərbaycan xalqı milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ağır günlərini yaşadığı bir zamanda –1993–cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb etmiş və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar etmişdir. Xalqının belə bir dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdır. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin günü isə Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazmışdır.

Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə –1960–cı illərin axırlarında da Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yuksəliş, milli ruhun inkişafı və mədəniyyətin tərəqqisi dövrü yaşanmışdı.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai–siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdır.

Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri arasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Heydər Əliyev bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, ölkəsini bəlalardan qurtarmağı bacarmışdır.

Təbiətin ona bəxş etdiyi bir çox nadir keyfiyyətlər sayəsində Heydər Əliyev uzaqgörən şəxsiyyət kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, milli tarix üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısında çıxışlar edərkən çox vaxt elə bədahətən söylədiyi fikirlərdə də parlaq əksini tapmışdır. Sarsılmaz məntiq üzərinə qurularaq qeyri–adi təsir gücünə malik məruzə və nitqləri Heydər Əliyevin fəlsəfi və siyasi dünyagörüşündəki dərinliyin və genişliyin açıq ifadəsidir.

Azərbaycan dövlətinin başçısı, Azərbaycan Respublikasının Prezidenti kimi Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox–çox kənarlara çıxır. Müasir dövrdə nəinki Azərbaycanda, hətta postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildi.

Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, həyatın son 30 ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük siyasi xadim kimi tanınan və dərin zəkaya, ensiklopedik biliyə, geniş dünyagörüşünə malik olan tarixi şəxsiyyətin–Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə, gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Bu mürəkkəb proseslər isə onun həm əməli fəaliyyətində, həm də fəlsəfi məfkurəsində, milli dirçəliş fəlsəfəsində öz əksini tapmışdır.

Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısı, son yüzilliklərdə ən ciddi şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.

Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969–cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu Azərbaycançılıqdır.

Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969–cu ildən–məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada, azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev elə o dövrdə mövcud olan ideologiyaya, əlbəttə, aşkarda daban–dabana zidd olmayan formada olsa belə, alt qatda ona müxalif qalaraq, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır.

Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya–siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümumilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdır.

Heydər Əliyevin 1969–1982–ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdır.

SSRİ–nin əyalətlərindən biri kimi baxıldığından, 60–cı illərin sonlarına doğru sosial–iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, hakimiyyət uğrunda gizli rəqabətin artdığı və eybəcər şəkillər aldığı, bütün bunların isə xalqın milli–mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai–siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi–psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət oldu. Respublikada kosmopolit bir əhval–ruhiyyə hökm sürdüyündən milli kadrların hazırlanması, milli dilin qəbul etdirilməsi və istifadə olunması, dövlət idarəetmə strukturlarında çalışan məmurların azərbaycanlı olmasına diqqət yetirilməsi istiqamətində nəinki ciddi addım atılmır, hətta bu yöndə edilə bilən təşəbbüslərin qarşısı alınırdı ki, belə hal da heç şübhəsiz, milli şüura malik olan, milli düşüncə ilə yaşayan və milli mentalitetin daşıyıcısı sayılan kadrların yetişməsinə çox ciddi maneələr törədirdi.

İqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuş respublikada yaranmış bu ağır vəziyyətdən çıxış yolu tapılmalı, onun iqtisadi inkişafını təmin etmək üçün prinsipial cəhətdən yeni konseptual səviyyədə yanaşma yolları işlənib hazırlanmalı, iqtisadiyyatda köklü struktur dəyişiklikləri aparmalı, təsərrüfatda və iqtisadi həvəsləndirmədə yeni üsullar tətbiq olunmalı idi. Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir.

O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Onun yorulmaz fəailiyyətinin nəticəsidir ki, 1970–1985–ci illər baş verən dəyişikliklərin miqyasına görə, ictimai və iqtisadi sahədəki dərin islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycan quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələr təşkil etmişdir.

İndiki dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiyası prosesi hələ 1970–1980–ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.

Heydər Əliyevin strateji dövlətçilik proqramında azərbaycançılıq məfkurəsi ilə bağlı diqqəti bir də məhz belə bir cəhət çəkir ki, burada mənəvi, bədii, estetik intibah iqtisadiyyatında, sənaye, tikinti və təsərrüfatındakı böyük nailiyyətlərlə, güzərandakı yaxşılaşma və kütləvi ruh yüksəkliyi ilə birləşərək vahid axarda gerçəkləşmişdir.

70–ci illərdən başlayaraq, iqtisadi potensialın yaratdığı bu yüksəliş Azərbaycanı özünün iqtisadi inkişafının növbəti mərhələsi kimi tarixən, zəruri azadlıq mübarizəsinə də daxilən hazırlamışdır. 80–ci illərin sonu, 90–cı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.

Totalitar sistemin elm və mədəniyyət xadimlərimizə, ziyalılara qarşı təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü ifadə edə bilmək, alt qatda isə milli–mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı.

Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan, respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan bir sıra memarlıq ansamblı, inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və özünün görkəmi ilə şəhərə rövnəq verən neçə–neçə digər bina tikilib istifadəyə verilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdu. O, Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev–muzeyləri yaradılmışdır.

Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək, uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolda Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli–mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.

Heydər Əliyevin başçılığı ilə 1969–82–ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi.

Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanı nəzərdə tutaraq, milli məfkurəsinin yüksəlişi və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri SSRİ–nin xarici siyasəti çərçivəsində də olsa, Azərbaycanın xarici aləmlə elmi–texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Bu məqsədlə Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunduğu kimi, SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi ki, bütün bunlar son nəticədə Azərbaycanın xarici ölkələrlə və orada yaşayan azərbaycanlılarla əlaqələrinin qurulması üçün zəmin yaradır, azərbaycanlıların özünəməxsus tarixi, mədəni ənənələri olan xalq olaraq tanınmasını, Bakının isə həmin dövrdə dünya miqyasında tanınan bir elm və mədəniyyət mərkəzinə çevrilməsini təmin edirdi.

Bu, həmin dövr idi ki, hətta Moskvada, Sankt–Peterburqda çıxan jurnallarda işıq üzü görə bilməyən yazılar fəal vətəndaşlıq nümunəsi olan əsərlər kimi o dövrün mətbuatında dərc oluna bilir, şəxsən Heydər Əliyev səviyyəsində hər cür hücumdan və qəsdlərdən qorunurdu. Həmin illərdə mədəniyyət və incəsənət nümayəndələrinin tarixi keçmişimiz, eləcə də bu günümüzlə bağlı qadağa qoyulmadan milli ruhlu əsərlər yarada bilmələri üçün münbit şəraitin təmin olunması gənc qələm sahiblərinə xüsusi qayğı və diqqətlə yanaşılması ilə əlaqəlidir.

Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanan, milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978–ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət statusu təsbit olundu. Dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil, yeni Azərbaycanı naminə atılmışdır. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasında ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tətbiqi və nəşri–bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

Heydər Əliyevin 1993–cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai–siyasi, sosial, iqtisadi, elmi–mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994–cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994–cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı bütünlüklə alınmış, qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994–cü il oktyabr və 1995–ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Məhz buna görə də ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdır ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur, Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet olmuşdur.

Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır.

Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişilməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Onun dünya təcrübəsinin bütün nailiyyətlərini, sivil beynəlxalq normaları özündə tam əks etdirən sülhsevər xarici siyasətinin əsasında isə, ilk növbədə, milli müstəqilliyin möhkəmləndirilməsi, dövlətlərin hüquqlarına hörmətlə yanaşılması, bütün mübahisəli məsələlərin sülh və danışıqlar yolu ilə həll edilməsi, qarşılıqlı surətdə faydalı iqtisadi, elmi və mədəni əməkdaşlıq yaradılması, dövlətlərarası əlaqələrə mane olan hər cür məhdudiyyətlərin aradan qaldırılması prinsipləri dayanırdı.

Heydər Əliyev 1992–ci ildən başlayaraq, türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi–mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində də gərgin fəaliyyət göstərmişdir. O, bütün Türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır.

Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi–strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. Heydər Əliyevin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünyamiqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur.

Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı–ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən–müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır.

Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə–neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

 

 

Aydın Qasımov,

MAA–nın iqtisadiyyat və hüquq

fakültəsinin dekanı, dosent

 

Respublika.- 2013.- 12 aprel.- S. 6; 7.