Müasir ədəbiyyatımızın
müdrik hamisi
Tarixin təcrübəsi sübut edir ki, ictimai–iqtisadi formasiyalar dəyişəndə, siyasi sistemlər biri digərini əvəz edəndə, hətta bir cəmiyyətdə hakimiyyət dəyişmələri labüd şəkildə ortaya çıxanda ədəbi–tarixi prosesdə də təbəddülatlar baş verir. Bütün keçmiş postsovet məkanında olduğu kimi Azərbaycanda da bir ədəbi–tarixi epoxa olaraq “60–cı illər” 1957–ci ildən başlamışdı. Əvvəlcə böyük sovet yazıçısı M.Şoloxovun “İnsanın taleyi” povesti çap olundu. O çağa qədər əsasən kolxoz, sovxoz quruculuğunu, partiyanı, komsomolu, kommunizmin işıqlı gələcəyini mədh edən, müharibə cəbhələrində sovet əsgərinin əfsanəvi qələbələrini pafosla göylərə qaldıran Sovet ədəbiyyatı məhz bu əsər sayəsində hay–küydən, şüarçılıqdan, süni pafosdan adiliyə endi, cəbhə xətləri yox, adi insan qəlbinin qatları haqqında danışmağın vasitəsinə çevrildi. Azərbaycan nəsri də bu yolla getdi: M.Hüseynin “Yeraltı çaylar dənizə axır”, İ.Əfəndiyevin “Söyüdlü arx”, İ.Hüseynovun “Yanar ürək”, M.İbrahimovun “Böyük dayaq”, S.Əhmədovun “Görünməz dalğa”, “Dünyanın arşını” və s. romanlar yarandı. Poeziyada R.Rzanın “Qızıl gül olmayaydı”, “Bir gün də insan ömrüdür” kimi bənzərsiz əsərlər meydana gəldi. M.Arazın, F.Qocanın, Ə.Kərimin ilk kiçik həcmli şeir kitabları çap olundu. B.Vahabzadə görkəmli şair, parlaq şəxsiyyət kimi formalaşdı. Nəsr sahəsində Anar, Elçin, Y.Səmədoğlu, İ.Məlikzadə, S.Azəri kimi imzalar özünü təsdiq etdirməyə nail oldu. Ə.Məmmədxanlı və İ.Əfəndiyevin nəsri, İ.Əfəndiyevin dramaturgiyası sayəsində yeni lirik–psixoloji üslub təşəkkül tapdı.
Ədəbiyyat və mədəniyyətdə 60–cıların ilk nailiyyətləri —10 illik axtarışların fərəhli bəhrələri ortaya çıxanda məlum oldu ki, bu ədəbiyyatın problemləri də var. Doğrudur, 1956–cı ildə XX qurultayda İ.Stalinin şəxsiyyətinə pərəstiş ləğv edildi, 1937–ci il repressiya qurbanlarına kütləvi siyasi bəraət verildi və dəmir intizama—sərt ideologiyaya malik sovet cəmiyyəti bir qədər yumşaldı. Tarixə “Xruşşov mülayimləşməsi” epoxası kimi daxil olan bu dövrdə ədəbiyyatın əksər janrlarında cəsarətli addımlar atıldı. Nəsrdə V.Rasputinin, Y.Trifonovun, V.Belovun, Ç.Aytmatovun, N.Dumbadzenin, İ.Hüseynovun, Anarın, S.Əhmədovun, Elçinin, İ.Məlikzadənin əsərləri cəsarətli bədii–fəlsəfi ideyalarına, lirik–psixoloji təhkiyənin novatorluğuna görə ölkədə və xaricdə ciddi oxucu rəğbəti qazandı. Poeziya sahəsində A.Voznesenskinin, Y.Yevtuşenkonun, E.Mejelaytisin, O.Süleymenovun, R.Rzanın, B.Vahabzadənin, M.Arazın, Ə.Kərimin, F.Qocanın, Ə.Salahzadənin fəlsəfi intellektual poeziyası, psixoloji lirikası poetik axtarışların istiqamətini müəyyənləşdirdi. Bütün bunlarla bərabər məhz 60–cı illərin sonunda məlum oldu ki, yeni ədəbiyyatın əksər nümunələri sosializm realizminin estetik meyarlarına uyğun gəlmir. Belə olan halda rejim və onun ideologiyası yavaş–yavaş qapıları bağlamağa, “boşalmış kanatları” çəkib möhkəmləndirməyə başladı. İdeoloji təzyiqlər olduqca ehtiyatla, fəqət gözəgörünməz bir sərtliklə aparılırdı. Belə gərgin bir dövrdə Heydər Əliyev Azərbaycana rəhbər təyin olundu. DTK–nın rəhbəri olmuş yeni lider Azərbaycanda baş verən bütün prosesləri, o cümlədən ədəbi–tarixi prosesdəki olayları hamıdan yaxşı bilirdi. O, SSRİ–də DTK sədri təyin olunan yeganə milli kadr idi.
Heydər Əliyev 60–cı illəri bir ədəbi–tarixi epoxa kimi belə səciyyələndirir: “Müasir Azərbaycan ədəbiyyatında cərəyan edən proseslər mühüm və diqqətəlayiq proseslərdir: onlar özləri ilə yenilik gətirir, bütün sovet ədəbiyyatı üçün ümumi olan inkişaf qanunlarını bu və ya digər yollarla təsdiq edirlər. Bədii söz sənətkarlarının gerçəkliyi daha dolğun əhatə etməyə, həyatı daha dolğun şəkildə təsvir etməyə, adamlar və zaman haqqında həqiqəti bər–bəzəksiz deməyə səy göstərdiklərini xüsusi nəzərə çatdırmaq istəyirəm. Azərbaycan xalqının ən əsas, ümdə arzu və istəkləri, ən nəcib əməlləri bədii əsərlərdə getdikcə daha tez–tez, daha dərindən təsvir olunur. Yazıçılar irəliyə doğru hərəkətimizin obyektiv tələblərini, perspektivli meyllərini əks etdirməklə Azərbaycan mədəniyyətinin daha da inkişafına kömək göstərirlər”
Burada iki cəhət diqqətlə ön plana çəkilir: birincisi, ədəbiyyatın yeniliyi, ikincisi, “adamlar və zaman haqqında həqiqəti bər–bəzəksiz demək”. Əslində ikinci fikir elə başlıca yenilik idi. “Altmışıncılar”ın ədəbi–tarixi prosesə gətirdiyi yenilik. “İnsan və zaman” probleminin dərkində və həllində yeni bədii–fəlsəfi konsepsiya irəli sürməsi idi.
Hər üç növdə—şeirdə, nəsrdə və dramaturgiyada ədəbiyyat bədii pafosdan, boş şüarçılıqdan, patetikadan adiliyə, sadəliyə endi. Poeziya partiyaya, komsomola, süni əmək qəhrəmanına təriflər söyləməkdən imtina etdi, insan qəlbinin ən adi duyğularının tərənnümünə üz tutdu, nəsr geniş, panoram təsvirlərdən insanın mənəvi aləmindəki təbəddülatlara sarı yönəldi, dramaturgiyada pafosu adi danışıq tərzi əvəz etməyə başladı.
Böyük yazıçı M.Şoloxovun “İnsanın taleyi” (1956) əsəri “altmışıncılar”ın axtarışlarına yol açdı, ədəbiyyat müharibə cəbhələrinin, tank tırtırlarının, top atəşlərinin təfsilatlı panoram təsvirlərindən imtina edərək, bədii təhkiyənin “lüləsi”ni insanın–konkret rus əsgərinin və onun tapdığı kimsəsiz uşağın taleyinə tərəf çevirdi. Bu proses bütün sovet xalqları ədəbiyyatları üçün səciyyəvi idi.
Azərbaycan yazıçılarının 1981–ci ildə keçirilən VII qurultayındakı nitqində Heydər Əliyev “altmışıncılar”ın ən yaxşı əsərlərinin çap olunduğu onilliyi—70–ci illəri dəyərləndirərək ciddi nəzəri–metodoloji mülahizələr irəli sürür, iradlar bildirirdi: “Hər bir sənətkar öz xalqının övladıdır və onun tarixi qarşısında məsuliyyət daşıyır. Əvvəlki nəsillərin istedadı və əməyi ilə yaradılmış bütün sərvətləri mənimsəmədən… əvvəlki təcrübəyə arxalanmadan müvəffəqiyyətlə irəli getmək olmaz. Tarix ən qüdrətli və təsirli tərbiyə vasitələrindən—şüurları və həyat mövqelərini formalaşdırma vasitələrindən biridir. Mədəniyyətin milli sərvətlərinin, demək olar əsas mühafizəçisi olan yazıçının yüksək vətəndaşlıq vəzifəsi xalqın tarixini onun müasir mədəniyyətinə xidmət göstərməyə cəlb etməkdir. Açıq demək lazımdır: “Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir”. Bununla da Heydər Əliyev ədəbi fikrini, diqqətini mənsub olduğu xalqın tarixinə yönəldir. Onun fikrincə, hər bir sənətkar öz xalqı və onun tarixi qarşısında məsuliyyət daşıyır. Bununla da yeni lider “altmışıncılar”ı xırda, ötəri mövzulara uymamağa, xalq həyatını əks etdirməyə istiqamətləndirməyə çağırırdı. Doğrudur, hələ 50–ci illərin sonlarında M.Hüseynin “Yeraltı çaylar dənizə axır” romanında kollektiv və rəhbər problemi qoyulur, vəziyyət partiyanın adından danışan rəhbərin yox, kollektivin xeyrinə həll olunurdu. Yaxud, M.İbrahimovun “Böyük dayaq” romanında xalqa arxalanmayan, “mənəm–mənəm” deyən rəhbərin məğlubiyyətinin səbəbləri və labüdlüyü göstərilirdi. “Altmışıncılar”dan İ.Hüseynov “Yanar ürək”, S.Əhmədov “Dünyanın arşını”, “Görünməz dalğa” əsərlərini ərsəyə gətirdi. Bunlar romandan çox povest hüdudunda idilər. Anar, Elçin, İ.Məlikzadə əsasən, miniatür povest və lirik–psixoloji hekayə yazdılar. Anar ilk romanını “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni 1979–da, Elçin “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Ölüm hökmü” romanlarını 80–ci illərdə qələmə aldı.
Əvvəlcə daha çox fərdə, adi müasirimizin daxili aləminə diqqət yetirən, Baladadaşdan, Əbilidən, Nemətdən yazan nəsr, 80–ci illərdə tarixə üz tutdu. Ədəbi–tarixi proses uzaqgörən liderin, siyasət filosofunun göstərdiyi yolla getdi, sübut etdi ki, həqiqətən, “Tarix ən qüdrətli və təsirli tərbiyə vasitələrindən”, şüurları və həyat mövqelərini formalaşdırmaq vasitələrindən biridir.
Tarixi mövzu həm də həqiqətləri keçmişin müstəvisinə çıxarmağa və xalqa təqdim etməyə imkan verir. Heydər Əliyevin sərt və obyektiv tənqidi tez bir zamanda ədəbi–bədii təfəkkürü doğru istiqamətdə düşünməyə vadar etdi: “Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir”. Bu, təkcə tarixi mövzunun zəruriliyini yada salmaq deyildi, həm də tarixilik prinsipi vasitəsi ilə bədii fikrin tarixi mövqelərini möhkəmlətmək təşəbbüsü, metodoloji göstəriş idi.
Alman nəzəriyyəçisi İ.Bexerin dəyərli bir sözü var: “Yeni ədəbiyyat yeni bədii formalarla yox, yeni insanla doğulur” Bu, müasirlik duyğusu Heydər Əliyevin “altmışıncılar”ın yeni bir təmayül kimi əsaslandırdığı mülahizələri üçün də səciyyəvidir.
Hələ 1972–ci ildə, respublika rəhbərliyinə gəldiyi ilk illərdə Azərbaycan yazıçılarının V qurultayındakı nitqində ölkənin yeni lideri deyirdi: “Yazıçılar öz əsərlərində eybəcər halları, həyatda, təəssüf ki, hələ rast gəldiyimiz mənfilikləri laqeydcəsinə, uzun–uzadı, bir növ əylənə–əylənə təsvir etməməli, bunları məhvedici tənqid atəşinə tutmalıdırlar. Sizin əsərləriniz adamları keçmişin qalıqlarına, bunlara laqeyd münasibətə qarşı barışmaz mübarizəyə səsləməli və qaldırmalıdır, həyatımızda işıqlı, fərəhli qüvvələri və hadisələri təsdiq etməli, ucaltmalıdır”.
Hələ ilk məruzə və çıxışlarından Heydər Əliyevin ədəbiyyata, ümumən isə mədəniyyətə münasibətində sonralar inkişaf etmiş bir neçə qlobal istiqamət diqqəti cəlb edirdi: ədəbiyyatın pafosuna, təsdiqedici gücünə inam; bədii əsərin estetik gözəlliyinin insan şəxsiyyəti üçün zəruriliyi ideyası; ədəbiyyatın bədii–fəlsəfi imkanlarını dövlətçilik baxımından səfərbər etmək; milli ədəbiyyatın, ümumən söz sənətinin milli ideologiya üçün ideyalar mənbəyi, fəlsəfi məxəz kimi əhəmiyyəti; bədii ədəbiyyatın xalqlar və dövlətlər arasında əlaqələr yaradılmasında ədəbi–tarixi rolu; ədəbiyyatın eyni mənşəli xalqların (türk xalqlarının!) ictimai–tarixi birliyinin yaradılmasında, dil ümumiliyinin bərpasında tarixi əhəmiyyəti.
Bütün bunlar—millətləri, milli adətləri və milli dilləri yer üzündən silməyi strateji məqsəd seçmiş totalitar kommunist–bolşevik ideologiyasının hakim olduğu sovet dönəmində gündəmə gətirmək olduqca çətin məsələ idi. Bunun üçün Heydər Əliyev qüdrəti, şəxsiyyəti və böyük istedada güvənən iradəsi lazım idi.
Ulu öndər Heydər Əliyev tarixin gedişatını və ədəbi–tarixi prosesin perspektivlərini hələ 70–ci illərdə düzgün təyin edərək “altmışıncılar”ın axtarışlarını cəsarətlə dəstəklədi.
İllər keçəcək, 1998–ci ilin martında 60 illiyi münasibəti ilə Anara məktubunda yazacaq: “Siz 60–cı illərdə ədəbiyyatımıza yeni ab–hava gətirmiş yazıçılar nəslinin görkəmli nümayəndələrindən birisiniz. Müasirlərimizin zəngin mənəvi aləmini, qayğı və problemlərini yüksək bədii səviyyədə əks etdirən əsərləriniz daim ədəbiyyat həvəskarlarının diqqət mərkəzində olmuşdur. Bəşəriliklə milliliyin üzvi vəhdətini təşkil edən çoxcəhətli yaradıcılığınız cəmiyyətimizdə milli şüurun aşılanmasına və xalqımızın bir çox ölkələrdə tanınmasına xidmət etmişdir.
Təşəbbüsünüzlə yaranan “Qobustan” toplusu Azərbaycançılıq ideyalarının carçısına çevrilərək bütöv bir nəslin milli, mənəvi–əxlaqi qayə və duyğularının formalaşmasında böyük rol oynamışdır”.
Bu obyektiv–tarixi mülahizələrdə təkcə Anara yox, bütünlüklə “altmışıncılar”ın yaradıcılığına xas xüsusiyyətlər—müasirlərimizin zəngin mənəvi aləminin təcəssümü, bəşəriliklə milliliyin bədii–fəlsəfi vəhdəti, cəmiyyətdə milli şüurun aşılanması öz əksini tapıb. Həqiqətən də, XX əsrin 60–80–ci illərində “Qobustan” bütövlükdə rejimə qarşı mübarizə aparır, Anarın “Yaxşı padşahın nağılı”, S.Əhmədovun “Dünyanın arşını”, “Görünməz dalğa” romanları “Yamacda nişanə” povesti, M.Süleymanlının “Dəyirman” povestləri rejim tərəfindən birmənalı qarşılanmır, antisovet əsərlər kimi tənqid, hətta ittiham olunurdu. Bu illərdə B.Vahabzadənin “Gülüstan” poeması qadağan olunmuş, M.Arazın, X.Rzanın milli ruhlu şeirləri mövcud ideologiya tərəfindən süngü ilə qarşılanmışdı.
Heydər Əliyevin ədəbi–tarixi proses haqqında özünəməxsus konsepsiyası vardı. Heydər Əliyevin konsepsiyasına görə söhbət ideya–bədii baxımdan, fəlsəfi–poetik cəhətdən yeni keyfiyyət dalğası kimi ədəbiyyatın ab–havasını dəyişmiş, öz estetik konsepsiyasını formalaşdırmış “altmışıncılar” adlı təmayüldən gedir. Ədəbi tənqid buraya nəsr sahəsində – İ.Hüseynovu, S.Əhmədovu, Anarı, Elçini, İ.Məlikzadəni, S.Azərini, poeziya sahəsində B.Vahabzadəni, Ə.Kərimi, M.Arazı, F.Qocanı, X.Rzanı, F.Sadığı, R.Rövşəni, Ə.Salahzadəni, İ.İsmayılzadəni, M.Yaqubu və s. daxil edir.
Heydər Əliyevin ədəbi–tarixi prosesə, həm də yeni ədəbi–bədii təmayülə baxışı ictimai məzmun daşıyır, cəmiyyətin mənəvi tələbatından irəli gəlirdi: “Cəmiyyətin mənəvi tələbatının artması, ədəbiyyatın milyon–milyon adama ideya–mənəvi və estetik təsir imkanlarının genişlənməsi dövrümüzün mühüm əlamətidir. Beləliklə, bədii sözün siyasi, ictimai siqləti artır. Bu isə yeni cəmiyyət quruculuğunun, insanlar arasında yeni münasibətlərin ön xəttində durmalı olan yazıçıların və şairlərin üzərinə çox böyük vəzifə qoyur. Öz dövrünü tam dolğunluğu ilə göstərməyin, ictimai inkişaf dialektikasını bədii formada canlandırmağın, onun ən mühüm meyllərini və qanunauyğunluqlarını açmağın necə məsul vəzifə olduğunu hər bir sənətkarın dərk etməsi çox böyük əhəmiyyətə malikdir. Bu yaradıcılıq işində nə həyatı bər–bəzəkli surətdə göstərməyə, nə də onun mənfi cəhətlərini şişirtməyə, ifrat dərəcədə qabarıq şəkildə, aludəçiliklə təsvir etməyə yol verilməməlidir”. Göründüyü kimi, bu əsaslı fikirdə ədəbi–tarixi prosesi səciyyələndirən bir neçə problem qoyulur: cəmiyyətin mənəvi tələbatının artması ilə ədəbiyyatın imkanlarının uyğunluğu; bədii sözün siyasi–ictimai siqlətinin artması ilə yazıçı və şairlərin yaradıcılıq məsuliyyətinin artması; varlığın dialektik şəkildə, yüksək bədii obrazlarla obyektiv təcəssümü.
Heydər Əliyevə məxsus belə bir mühüm cəhəti də qeyd etmək lazımdır ki, o hər hansı sahədə təkcə mövcud problemləri göstərməklə kifayətlənmir, onların səbəblərini və həlli yollarını da nəzərdən keçirir. Ədəbiyyatdan danışarkən ulu öndər deyirdi: “Yazıçı sözü xalqın əməllərinə uyğun gəlməlidir. Gerçəkliyin bədii inikasının başlıca obyekti müasirlikdir”. Bu fikirdə ədəbiyyatın tarixinə və taleyinə xas iki ciddi problem düsturlaşır: “Yazıçı sözü xalqın əməllərinə uyğun gəlməlidir”. Bu, ədəbiyyatın xəlqiliyi haqqında düstur deyilmi?! Müasirlik–ümumiyyətlə, həm bir siyasi lider, dövlət başçısı, həm də mütəfəkkir–filosof Heydər Əliyevin təfəkkür tərzini, dünyaya və zamana baxışını səciyyələndirən başlıca keyfiyyətdir. Ulu öndərin baxışlarında o bir estetik kateqoriya çərçivəsindən çıxıb, ümumi idrak üsuluna çevrilir. Bu artıq ayrıca bir yazının mövzusudur. Hələlik ancaq onu deyək ki, ümummilli lider bütün ictimai–tarixi və mənəvi proseslərə müasirlik meyarı ilə yanaşırdı. Məhz bu yüksək meyar hüdudunda da o, XX əsr ədəbi–tarixi prosesinin 70–ci illər mərhələsini tənqid edirdi: “Mövzu aktuallığı arxasında gizlənən çiy, səthi nəsr, poeziya və dramaturgiya əsərlərinin meydana çıxması ilə barışmaq olmaz. Bədii cəhətdən dayaz, sönük yazılar oxucuların haqlı narazılığına səbəb olur. Bəzən zəif, bədii cəhətdən cılız, ideya cəhətdən qüsurlu, qəhrəmanların xırım–xırda işlərlə məşğul olduğu kitabların, tamaşaların, kinofilmlərin nəşr edilməsi, səhnəyə, ekrana, efirə yol tapması yaradıcılıq təşkilatlarının və tənqidçilərin məhz lazımi tələbkarlığının, professional tələbkarlığının olmamasından irəli gəlir”.
Heydər Əliyevin ədəbi tənqid və nəzəri–estetik fikir tariximizlə bağlı görüşləri ayrıca bir araşdırmanın mövzusudur. Təkcə onu qeyd edək ki, o ədəbi tənqidin nəzəri–ideoloji problemlərinə, xüsusilə estetik meyar probleminə və ədəbiyyatşünaslıqda tarixiliyə xüsusi diqqət yetirirdi.
Heydər Əliyevin “Ədəbiyyatın yüksək borcu və amalı” kitabına “Heydər Əliyev irsi milli sərvətimizdir” adlı məzmunlu müqəddimə yazmış millət vəkili F.Heydərovun sözləri ilə bu yazını tamamlayırıq: “Çağdaş dünyanın tarixində öz xalqı, onun həyatı, mədəniyyəti, mənəviyyatı ilə bu dərəcədə sıx bağlanan, öz şəxsiyyəti ilə xalqının simvoluna çevrilən liderlərə az–az təsadüf olunur”.
Salatın ƏHMƏDOVA,
filologiya üzrə fəlsəfə
doktoru
Respublika.- 2013.- 12 aprel.- S. 7.