Qurultayqabağı
konfrans
9 aprel 2013–cü il tarixdə Azərbaycan qadınlarının IV qurultayına hazırlıqla əlaqədar Qazax rayonunda konfrans keçirilmişdir. Konfrans öz işinə başlamazdan əvvəl, ulu öndərin xatirəsi anılmış, abidəsi önünə tər çiçək dəstələri qoyulmuşdur. Sonra Heydər Əliyev adına parkın ərazisində yerləşən və son bir ildə tikilmiş Gənclər Mərkəzinə baxış keçirilmişdir.
Rayon icra hakimiyyətinin akt zalında keçirilən konfransı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov açaraq tarixin müxtəlif dövrlərində Azərbaycan qadınının elmin, mədəniyyətin, səhiyyənin, bütövlükdə, ölkəmizin inkişafında, gənc nəslin vətənə sədaqət ruhunda tərbiyəsində, müharibə şəraitində ölkənin müdafiəsində, müstəqillik əldə etməsində, qorunmasında, cəmiyyətin idarə olunmasında və diplomatiya sahəsində misilsiz xidmətlər göstərdiyini söyləmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO–nun və İSESKO–nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səmərəli və çoxsahəli fəaliyyəti xüsusi qeyd olunmuşdur. Vurğulanmışdır ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən möhtəşəm layihələr, Azərbaycanın dünyada tanınması, milli–mənəvi dəyərlərimizin təbliğ olunması və digər önəmli tədbirlər qadınlarımızın potensialını bir daha açıq göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla apardığı dövlət siyasəti nəticəsində bu gün Azərbaycan qadını daha da inkişaf edir, ölkəmizdə və bütün dünyada böyük qələbələrə imza atır.
Konfransda RİH başçısının müavini Gülayə Həsənova məruzə ilə çıxış etmiş, qadınlarımızın həyatın bütün sahələrində qazandığı uğurlardan danışmışdır.
Rayon qeydiyyat şöbəsinin müdiri Tükəzban İbrahimova, RİH aparatında hüquq şöbəsinin müdiri Məsumə Səmədova, Qazax şəhər 5 saylı orta məktəbin direktoru, YAP Qadınlar Şurasının sədri Nəsibə Tağıyeva çıxış etmişlər.
Sonda rayonun ictimai–siyasi həyatında fəal iştirak edən 16 nəfər qadın Azərbaycan qadınlarının IV qurultayına nümayəndə seçilmişdir.
Konfransın işində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə xanım Paşayeva iştirak etmişdir.
Ə.Yusifbəyli
Respublika.- 2013.- 12 aprel.- S. 11.