ULU ÖNDƏRİN AZƏRBAYCANDA SANİTARİYA MƏDƏNİYYƏTİNİN YÜKSƏLİŞİNDƏ MİSİLSİZ XİDMƏTLƏRİ

 

Azərbaycanın 30 ildən artıq bir dövrü–istər keçmiş İttifaq dönəmində, istərsə də müstəqillik illərində qazandığı bütün nailiyyətlərin fövqündə məhz dahi şəxsiyyət Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb. Mürəkkəb, ziddiyyətlərlə dolu tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqının maraqları çərçivəsinə yönəltməyə qadir olan ulu öndərimiz Heydər Əliyev Azərbaycanın müstəqilliyinin daimiliyinə və inkişafına nail olmaqla yanaşı, dünya birliyində mövqelərimizin möhkəmləndirilməsinə, qüdrətimizin daha da artmasına təminat verən siyasi kursu qətiyyətlə həyata keçirib.

 

Heydər Əliyev sanitariya mədəniyyətinin yüksəlişi üçün çox böyük işlər görüb, tədbirlər həyata keçirib. 1969–cu ildə Azərbaycan Kommunist Partiyasına rəhbər seçilən gündən ulu öndərin bu sahədə göstərdiyi fəaliyyəti qısaca da olsa xatirlamaq, bir gigiyenist, səhiyyə təşkliatçısı kimi Heydər Əliyevin əhalinin sağlamlığının qorunmasında gördüyü böyük quruculuq işlərin şahidi kimi bəzi fikirlərimi söyləmək istəyirəm. Məlumdur ki, sanitariya mədəniyyəti olmayan yerdə ümumi mədəniyyətdən söhbət gedə bilməz. Ulu öndərin gigiyena, sanitariya sahəsində gördüyü işlərin miqyası olduqca genişdir.

Heydər Əliyev respublikaya rəhbər vəzifəyə təyin olunanda mən də Bakı şəhərinin Baş sanitar həkimi kimi fəaliyyətə başlamışdım və ulu öndərin bizim sahəyə, əhalinin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən böyük işlərə qayğısının, gördüyü nəhəng işlərin bilavasitə şahidi olmuşam.

1969–cu ilin sonlarında Azərbaycan KP MK–nın birinci katibi Heydər Əliyev konfrans çağırdı. Tanınmış mütəxəssislərin, alimlərin iştirak etdiyi bu konfransda Bakı şəhərinin baş planı müzakirə olundu. Mütəxəssisləri dinlədikdən sonra Heydər Əliyev çıxış etdi və Bakı şəhərinin yenidən qurulması, şəhərin havasını çirkləndirən, səs–küy yaradan obyekt və müəssisələrin şəhərin kənarlarına köçürülməsini, bəzilərinin yenidən qurulmasinı, bəzilərinin isə tamamilə ləğv olunmasını, şəhər əhalisinin su təchizatının yaxşılaşdırılmasını, şəhərin baş kanalizasiya sisteminin qaydaya salınmasını, yaşıllıqların sayının artırılmasını, çimərliklərin abadlaşdırılmasını və s. kimi taleyüklü mühüm problemlərin həllini bir vəzifə kimi qarşıya qoydu.

“Bakını nümunəvi sanitar mədəniyyət şəhərinə çevirək!” şüarı irəli sürüldü. Bu münasibətlə bir qrup mütəxəssis, o cümlədən də mən Moskva və Minsk şəhərinə ezam olunduq. Onların bu sahədə olan iş təcrübəsini öyrənib tədbirlər planı ilə geri qayıtdıq.

Yaşlı nəslin xatirindədir ki, o vaxtlar neft–qaz, karbit, duda, sement, asfalt zavodları yerləşən ərazilərdən keçmək qeyri–mümkün idi. Qısa müddət ərzində həmin zavodlar şəhərdən kənara köçürüldü. Onlarla zavod, fabrik, müəssisə indiki Xətai rayonu ərazisindən çıxarıldı. Onların yerindəki zibilliklər, gölməçələr, antisanitariya vəziyyəti aradan qaldırıldı. Həmin ərazidə əyləncə yerləri, istirahət zonaları, bağ–bağat salındı. Xətai rayonunda həmin o zavodların yerində uca, çoxmərtəbəli, bütün sanitar–gigiyenik qaydalara cavab verən yaşayış binaları tikildi. Sabunçu rayonu ərazisindəki asfalt–beton zavodu yenidən quruldu. Şəhərdən kənara çıxarılmalı obyektlər köçürüldü ki, şəhərin havası təmizlənsin.

Bakıdakı neftayırma zavodlarının çoxu XIX əsrin sonu, XX əsrin əvvəllərində tikilmişdi. Odur ki, texnologiyaları, avadanlıq və qurğuları köhnəlmişdi, bərbad vəziyyətə düşmüşdü. Onları təzələmək, daha münasib yerə köçürmək lazım idi. Baş plana daxil olan bu işlər də yerinə yetirildi. Həmin zavodlar şəhərin kənarına köçürüldü, yerində isə gül–çiçək, bağ–bağat salındı. Bakının bütün rayonlarında indiki Xəzər, Binəqədi, Sabunçu və Nizami rayonları ərazisində, Şıx çimərliyinin ətrafında, Bayılda, 20–ci Sahə adlanan ərazidə böyük yaşıllaşdırma işləri aparıldı, parklar salındı. Bütün bunlar şəhərin ekologiyasında mühüm gigiyenik məsələlər idi.

Bakı elə bir sənaye mərkəzidir ki, burada neft, qaz və digər sənaye sahələri inkişaf edib və onların tullantıları atmosfer havasını çirkləndirir. Bu isə yaşıllaşdırma işlərinin genişləndirilməsini tələb edirdi. Bundan başqa, çox mürəkkəb təbii şərait —uzunmüddətli quraqlıq dövrü, yarımsəhra landşafta malik, ağac, kolluq bitkilərinin olmaması ilə geniş şəkildə xarakterizə edilir, bütün bunlar isə insanları yaşıllıq tikintisi ilə məşğul olmağa vadar edirdi.

Sanitariya–gigiyena normalarına əsasən şəhərətrafı zonalarda istirahət etmək üçün hər adambaşına 750–1000 kvadratmetr, şəhər içində isə 25–30 kvadratmetrdən az olmayaraq yaşıllıq olmalıdır.

Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan hökuməti 1971–1975–ci, 1976–1980 və 1981–1985–ci illəri əhatə edən beşilliklərdə Abşeron yarımadasının yaşıllaşdırılması barədə böyük proqramlar qəbul etmişdir. Həmin proqramlarda Bakı şəhərində və onun ətrafında Qobustan bozqırlıqlarında və Xəzərsahili qumluqlarında 2000 hektardan artıq, Abşeron rayonu sovxozlarında isə 0,5 min hektarda tarla qoruyucu meşə zolaqları salmaq nəzərdə tutulurdu. Bu işdə ulu öndərimiz Heydər Əliyev özü nümunə göstərdi. Şıx çimərliyinin ətrafında salınan parkda ilk ağacı özü əkdi.

Bakının və Abşeron yarımadasının yaşıllaşdırılmasını davam etdirmək üçün Azərbaycan höküməti tərəfindən 1979–cu ildə növbəti qərarlar qəbul edildi. Yarımadada 36,5 min hektar sahədə yaşıllıqların genişlənməsi planı təsdiq edildi. Bu, şəhərlilərin şəhər ətrafı və şəhər daxili istirahətini təmin etməyi nəzərdə tuturdu. Eləcə də Abşeron yarımadasında, Bakının şəhər ətrafı zonası təmiz hava ehtiyatı yaradılması üçün zəmin yaradırdı. Buna bakılıların həddindən artıq ehtiyacları vardır. Bakılıların sağlamlığı naminə başlanmış yaşıllıq massivlərinin daha geniş şəkildə aparılması məsələləri ortaya çıxdı. Ancaq bütün bunlar tələb edirdi ki, yarımadanın su təchizatı yaxşılaşdırılsın. Abşeron kanalı vasitəsi ilə verilən suyun çoxalması üçün o vaxtlar imkan yox idi. Ona görə də Bakının yaşıllaşdırma idarəsinin nəzdində o vaxtlar yaranmış su quyuları və buruqlarının böyük əhəmiyyəti var idi. 300–dən artıq belə su götürmə qurğuları istismara verilidi.

Bu işlər bakılıların ürəyindən idi. Çünki yaşıllıqlar Bakının iqliminə əhəmiyyətli dərəcədə təsir edirdi. Tozlu küləklərin qarşısı alınır, hava təmizlənirdi. 1970–1980–ci illərdə Bakının bütün ərazilərində—Şıx və Badamdar yamaclarında, Şıx çimərliyi ətrafında, Zuğulba və Pirşağı qəsəbəsində, Ceyranbatan gölü ətrafında, Xəzərsahili qumluqlarda, paytaxtın Binəqədi, Yasamal, Əzizbəyov, Qaradağ rayonlarında qiymətli ağac və kol bitkiləri əkilərək 2000 hektardan çox sahədə yaşıllıq salındı. Adambaşına düşən yaşıllıq 6 kvadratmetrdən 16 kvadratmetrə çatdırıldı.

Ümummilli lider Heydər Əliyev Bakı şəhərinin su təchizatının yaxşılaşdırılmasını da həmişə diqqət mərkəzində saxlamışdır. 1970–ci ilin əvvəllərində Mərkəzi Komitə Kür çayından Bakıya su çəkilməsi barədə xüsusi qərar qəbul etdi. Bakı şəhər əhalisinin suya olan tələbatının ödənilməsinə yönəldilmiş bu qərar böyük əhəmiyyət kəsb edirdi. Çünki quraqlıq iqlim şəraitində Bakı əhalisi sudan çox korluq çəkirdi, hər nəfərə normadan az—cəmisi 100 litr su düşürdü. Bu isə nəinki yardımçı təsərrüfatları suvarmağa, heç sanitariya–gigiyena qaydalarına əməl etməyə belə kifayət deyildi. Bakı şəhər Epidemiologiya stansiyasının baş sanitar həkimi kimi mən özüm bu tədbirdə iştirak etmişəm. Bütün respublikada xalq tikintisi elan olundu. Keçmiş İttifaqın respublika və vilayətlərindən avadanlıqlar, qurğular, borular gətirildi, nəqliyyat vasitələri bu işə cəlb olundu. 1970–ci ilin sonuna qədər Kür suyu Bakıya gəldi.

Bakının daha bir iri su hövzəsi olan Ceyranbatan gölündən o vaxt yalnız təsərrüfat məqsədlərilə, yəni suvarma işləri üçün istifadə olunurdu. Yetmişinci illərdə buraya su təmizləyici xüsusi qurğular qoyuldu, gölün suyu təmizlənərək əhalinin istifadəsinə verildi. Əhalinin su norması 250 litrə çatdırıldı.

Onu da xüsusi vurğulamaq istəyirəm ki, hələ 1975–ci ildə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Bakının sanitariya–epidemiologiya stansiyasının tikintisinə başlanıldı və 1977–ci ildə bu tikinti işi başa çatdırıldı. Böyük bir elmi–tədqiqat institutuna bərabər olan bu stansiyada 11 elmi laboratoriya fəaliyyət göstərirdi. Bundan əlavə onun böyük mülki müdafiə əhəmiyyəti vardı və strateji xarakter daşıyırdı, infeksiyalara qarşı profilaktik müəssisə olması da gələcəyə ünvanlanmışdı.

Bakının böyük kanalizasiya sisteminin layihələndirilməsi və tikilməsinin də şahidiyəm. Hələ 1974–1975–ci illərdə bu məsələ MK qarşısında mühüm problem kimi durmuşdu. Bakının böyük kanalizasiya sisteminin tikilməsi üçün 100 milyon rubldan artıq vəsait tələb olunurdu. Bu, o vaxt üçün çox böyük məbləğ olduğundan Sov. İKP MK Siyasi Büro ilə razılaşdırılmalı idi. Odur ki, Moskvadan MK–nın, Partiya Nəzarəti Komitəsinin nümayəndələri Bakıya gəldilər. Heydər Əliyev öz mütəxəssislərimizi də dəvət etdi. Ulu öndər məni də o yığıncağa dəvət etmişdi və mən çıxış edib Bakının böyük kanalizasiya sisteminin olmamasının nə qədər təhlükə törəndiyindən danışdım.

Nəticədə Bakının böyük kanalizasiya şəbəkəsinin tikilməsi barədə qərar qəbul olundu. Böyük çətinliklərlə də olsa, qərar yerinə yetirildi. Hazırda fəaliyyət göstərən kanalizasiya şəbəkəsi o illərin yadigarıdır.

Təəssüf ki, 1985–ci ildən sonra böyük dövlət vəsaiti hesabına və xalqın təşəbbüsü, əməyi ilə salınan, boya–başa çatdırılan yaşıllıqlara sözün əsil mənasında divan tutuldu. Ətraf qəsəbələrin və Ceyranbatan gölünün yaşıllıqları isə mal–qaranın tapdağı altında məhv edildi. Halbuki Ceyranbatan su hövzəsinin ətrafı müəyyən həddə qədər mühafizə olunmalıdır. Ancaq gölün ətrafındakı yaşıllıqlarda salınmış kababxanalar, yeməkxanalar orada antisanitariya şəraitinin yaranmasına səbəb olurdu. Buna isə qətiyyən yol vermək olmazdı. Su hövzəsinin çirklənməsi insan həyatı üçün təhlükəli olan bir sıra infeksion xəstəliklərin əhali arasında yayılması üçün münbit zəmindir.

Yalnız xalqın təkidli xahişi ilə ulu öndərimiz 1993–cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra bu məsələlərə yenidən çox ciddi fikir verildi. Heydər Əliyev ölkənin qarşısında çoxlu ciddi problemlər olmasına baxmayaraq, paytaxtın su təchizatı məsələsini heç vaxt diqqətdən kənarda qoymurdu. Bakıya su çəkilişindən təxminən 25 il keçmiş, paytaxt əhalisinin sayı və suya tələbatı artmış, su kəmərləri sistemi, qurğular köhnəlmiş, suyun keyfiyyətlə verilməsində çatışmazlıqlar yaranmışdı.

Ümummilli liderin tapşırığı ilə 90–cı illərin ortalarında Fövqəladə Hallar Komissiyası bu məsələni nəzarətə götürdü. Azərbaycan Respublikası Fövqəladə Hallar üzrə Dövlət komissiyasının 9 iyul 1996–cı il tarixli 2 saylı protokoluna əsasən Bakı şəhəri əhalisinə verilən içməli suyun keyfiyyətinin kəskin pisləşməsi ilə əlaqədar su təchizatının vəziyyətinin bütövlükdə yoxlanması təşkil edildi. Respublikanın Baş Dövlət Sanitariya həkimi vəzifəsində olduğum üçün komissiyanın üzvü idim, mənim üzərimə ciddi məsuliyyət qoyuldu.

Yoxlamalar Dövlət sanitariya nəzarəti orqanlarının rəhbərliyi altında su təchizatına cavabdeh olan müvafiq idarələrin iştirakı ilə 1996–cı ilin iyul ayının 12–dən 20–nə kimi aparıldı. Suyun sanitar–kimyəvi, mikrobioloji, toksikoloji və radioloji laboratoriya müayinələri Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Respublika Taun Əleyhinə Stansiyasının, Bakı şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin, həmçinin Abşeron Regional Səhmdar Su Cəmiyyətinin laboratoriyalarında həyata keçirildi.

Bakı şəhəri əhalisinin içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə bir çox tədbirlərin həyata keçirilməsi qərarı qəbul edildi. O cümlədən, Kür çayının və Ceyranbatan su hövzəsinin I mühafizə zonasının müasir standartlara uyğun və hər iki su mənbəyinin mühafizə zonalarında olan ticarət, ictimai–iaşə obyektləri və yaşayış evlərini kənarlaşdırmaqla kənd təsərrüfatı məhsullarının becərilməsi və mal–qara saxlanılması qadağan edildi. Eləcə də, Kür və Ceyranbatan baş su təmizləyici qurğularının tam hasara alınması, ərazinin abadlaşdırılması təmin edildi və s.

Ulu öndərimizin tapşırığı və bilava

sitə özünün nəzarəti ilə müqavilələr bağlandı və respublikamıza ümumi dəyəri 100 milyona yaxın dollar həcmində olan su təmizləyici qurğu və avadanlıqlar gətirildi. Bakının su qurğuları yenidən qurulmağa, Bakı əhalisinə təmiz su verilməyə başlanıldı.

Həmin vaxt Bakı şəhərində yaşıllıqlar yox dərəcəsində idi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə şəhərdə böyük həcmdə çəmənliklər salındı. Bakı öz simasını tədricən dəyəşərək yaşıllığa büründü.

Heydər Əliyev Sov. İKP MK Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən başqa sahələrlə yanaşı səhiyyəyə də nəzarət edirdi. O zaman Moskva şəhərində SSRİ Səhiyyə Nazirliyinin böyük bir kollegiya iclası keçirildi. Xöşbəxtlikdən mən də bu kollegiya iclasının iştirakçısı idim. Kollegiya iclasında Heydər Əliyev bir saatdan artıq çıxış etdi. Çıxışının yarısından çoxusu ekoloji məsələlər, sağlam həyat tərzi, kanalizasiya tikintisi, su çəkilişinə həsr olunmuşdu. Bu iclasa SSRİ–nin hər yerindən mütəxəssislər dəvət olunmuşdular. Heydər Əliyevin konseptual məzmunlu çıxışı görkəmli akademiklərin, Gigiyena İnstitunun rəhbərlərinin, ürək qan–damar mütəxəssislərinin heyrətinə səbəb oldu. Heydər Əliyev ətraf mühitin insan sağlamlığına təsirini elmi dəlillərlə, real faktlarla əlaqələndirirdi. Bu çıxışdan sonra bütün alimlər bu işə səfərbər olundu.

Bu gün fəxr edirik ki, ulu öndərimizin siyasi kursu etibarlı əllərdədir, onun başladığı işlər uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyev demişdir: “Bir müddət bundan əvvəl geniş ekoloji proqram qəbul edilmişdir. Proqram çoxşaxəlidir, çox müfəssəl proqramdır. Proqramda həllini gözləyən, vacib olan bütün məsələlər öz əksini tapıb, eyni zanıanda, konkret icra mexanizmləri də müəyyən edilibdir. Maliyyə resursları haqqında orada kifayət qədər istiqamətlər vardır. Bir sözlə, biz ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində daha da ciddi addımlar atmalıyıq.

Ölkənin ekoloji vəziyyətinin sağlamlaşdırılmasına ən böyük dövlət qayğısı elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis edilməsidir. Azərbaycan Prezidentinin 2006–cı il 28 sentyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006–2010–cu illər üçün kompleks tədbirlər planı”na və həmçinin möhtərəm Prezidentin sədrliyi ilə keçirilən müşavirələrdə Bakı şəhəri ərazisində yaşıllıqların və uzunömürlü ağacların əkilməsi, təbiətin faunasının qorunması ilə əlaqədar verilən tapşırıqlara uyğun olaraq şəhər icra hakimiyyətinin müvafiq qurumları tərəfindən paytaxtda ekoloji vəziyyətin sağlamlaşdırılması üçün yaşıllaşdırmanın inkişafı ilə bağlı böyük işlər görülmüşdür. Bakı şəhərinin rayon icra hakimiyyətlərinin təqdim etdiyi arayışa əsasən bu illər ərzində şəhər rayonlarının ərazisində 1 milyon 90 min 300 ağac, gül, bəzək kolları əkilmiş, təkcə 2010–cu il — “Ekotogiya ili” çərçivəsində isə, yüz minlərlə ağac və gül kolu əkilmiş, çoxlu çəmənliklər salınmışdır.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin hər yerində ekoloji vəziyyətə diqqət artdığı kimi, Şimali Abşeron rayonunda da əhalinin istirahət etməsi üçün lazımi şərait qurmağa nail olunmuşdur. Dövlətin ardıcıl qayğısı sayəsində Şimali Abşeron istirahət rayonunun ekoloji vəziyyətinin sağlamlaşdırılması üçün həqiqətən də az iş görülməmişdir. Məsələn, “Hövsan çirkab sularını təmizləmə qurğusu, 2 saylı Zığ nasos stansiyası və əsas ötürücü kanalizasiya xəttlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi əsasında son illərdə beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkab su təmizləyici qurğular quraşdırılmışdır ki, bu da ümumillikdə gün ərzində təxminən 4 min kubmetrdən artıq çirkab suyu təmizləyir.

Bakının yaşıllaşdırılması və onun ekoloji vəziyyətinin sağlamlaşdırılmasından söhbət açarkən Milli Parkın paytaxtımızda oynadığı müstəsna rolu qeyd etməmək olmaz. Bu yaxınlarda 100 illiyini qeyd etdiyimiz Milli Park ötən əsrin yetmişinci illərində xeyli genişləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə parkın inkişafına ciddi fikir verilirdi. Ümummilli liderin 29 dekabr 1998–ci il tarixli sərəncamı ilə Dənizkənarı bulvara Milli Park statusu verilmişdir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Milli Parkın ərazisi daha da genişləndirilmiş, Bayraq Meydanına qədər uzadılmışdır. İndi Milli Parkımızı İtaliyadan, Türkiyədən, İrandan, Hollandiyadan gətirilmiş müxtəlif növ ağaclar, gül və bəzək kolları bəzəyir.

Milli Parkın yenidən qurulması dövlət başçısının daim diqqət nərkəzindədir. Prezident İlham Əliyev bu barədə demişdir: “Bulvarda geniş abadlıq, quruculuq işləri aparılır… İndi görün, bulvar nə qədər gözəlləşibdir”. Bakı ekologiyasının sağlamlaşdırılmasında yaşıllıq müstəsna əhəmiyyət kəsb edir və fəxr etməli haldır ki, dövlət rəhbərləri bu işdə şəxsi nümunə göstərirlər. Dövlət başçısı cənab İlham Əliyev yeni yaşıllıqların salınması ilə maraqlanır, iməciliklərdə iştirak edir, getdiyi yerlərdə özü şəxsən ağac əkir. Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın “Hərəmiz bir ağac əkək!” təşəbbüsü indi təkcə paytaxtda deyil, ölkənin hər yerində rəğbətlə qarşılanır və on minlərlə insan bu deviz altında iməciliklərdə iştirak edərək ağac əkir, yeni yaşıllıq sahələri yaradır.

Ekoloji məsələlərlə bağlı dövlət başçısı cənab İlham Əliyev demişdir: “Havanın çirklənməsi məsələlərinə böyük diqqət göstərilməlidir. Mən bir müddət bundan əvvəl müvafiq göstərişlər vermişəm ki, biz Azərbaycanda bu istiqamətdə bütün məsələləri Avropa standartlanna uyğunlaşdırmalıyıq. Mənə verilən məlumata görə, havanın çirklənməsinin 70 faizi avtonəqliyyatın payına düşür. Hesab edirəm ki, nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində biz bu sahədə də Avropa standartlarına çatacağıq”.

Yüz ildən çox bir zamanı əhatə edən neft sənayesi və ümumiyyətlə, digər sənaye müəssisələrinin Bakı şəhərində üstünlük təşkil etməsi, bu zaman kəsiyində keyfiyyətə yox, kəmiyyətə üstünlük verilməsi və lay sularının idarə olunmaması səbəbindən neftlə çirklənmiş torpaqlar, süni göllərin əmələ gəlməsi, neft emalı zamanı yaranan tullantıların ərazilərdə toplanması ekoloji vəziyyətə mənfi təsir göstərmişdir.

Bakı şəhərinin ekoloji vəziyyətinə təsir edən bu amilin aradan qaldırılması üçün möhtərəm Prezidentin göstərişinə əsasən neftlə çirklənmiş torpaqların təmizlənməsi, sənaye müəssisələrinin şəhərətrafı ərazilərə köçürülməsi və dünya standartlarına uyğun yeni sənaye müəssisələrinin yaradılması prosesi gedir ki, artıq bu da öz müsbət nəticəsini verməkdədir. Eyni zamanda bu gün fəaliyyət göstərən sənaye müəssisələrində quraşdırılmış qaz–toz tutucu qurğuların səmərəli fəaliyyəti nəticəsində Bakı şəhərində stasionar mənbələrdən atmosferə atılan zərərli maddələrin miqdarının xeyli dərəcədə azalması müşahidə edilir.

Ekologiyaya mənfi təsir göstərən problemlərin həllində, vəziyyətin yaxşılaşdırılması istiqamətində möhtərəm Prezidentin müvafiq sərəncamı yerinə yetirilərək “Hövsan çirkab sularını təmizləmə nasos stansiyası və əsas ötürücü kanalizaslya xətlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi əsasında 2007–ci ilin aprel ayından etibarən tikinti–quraşdırma işlərinə başlanılmış və həyata keçirilmişdir.

Uzun illər ərzində Bakı buxtası çox böyük miqdarda sona qədər təmizlənməmiş, yaxud heç yerli–dibli təmizlənməmiş çirkab suların axıdılması nəticəsində buxtanın suyu son dərəcə çirklənmişdi. Buxtanın suyu 0,3–25 mm qalınlığında neft təbəqəsi ilə örtülmüşdür və bu təbəqə yalnız şimal və şimal–qərb küləkləri zamanı sahildən 2,5–5 kilometr uzaqlaşır. Bakı buxtasının dibindəki torpaqda 18 faiz neft məhsullarının olduğu müəyyənləşdirilmişdi, həm də bunlar 0,8–1,2 m dərinliyə keçmişdi. Bakı buxtasının suyunda daim benzpirenlərin olması aşkar edilirdi.

Bakı buxtasının suyu nə istirahət, nə də su idmanı üçün istifadə edildiyindən, onun xarakterizə olunmuş çirkliliyi şəhər əhalisinin sağlamlığına birbaşa təsir göstərə bilmirdi.

Dövlət başçısı Bakı buxtasını ekoloji vəziyyətinə də diqqət yetirərək demişdir: “Bakı buxtasının təmizlənməsi bizim ümumi işimizdir. Bakı buxtası Bakının gözəlliyidir, Bakının tarixidir. Biz bu gözəl sərvəti qorumalıyıq. Əfsuslar olsun ki, hazırda Bakı buxtasında suyun təmizliyi bizi heç cür qane edə bilməz. Ciddi tədbirlərin görülməsi üçün mənim tərəfimdən müvafiq göstərişlər verilmişdir. Ümid edirəm ki, yaxm zamanlarda kompleks tədbirlərin görülməsi nəticəsində Bakı buxtasında suyun təmizliyi lazımi səviyyədə olacaqdır”.

Hazırda Bakı buxtasının ekoloji vəziyyətinin sağlamlaşdırılması məqsədilə Hövsanda aerasiya stansiyası istifadəyə verilmişdir. Çirkab sular burada təmizləndikdən sonra Xəzər dənizinə axıdılır. Nəzərə alsaq ki, dəniz suyunun şirinləşdirilməsinə nisbətən çirkli suların təmizlənməsi 8–10 dəfə daha ucuz başa gəlir, onda bu suların təmizlənərək o ərazidəki 3 min hektar sahənin yaşıllaşdırılmasında istifadə etmək mümkündür. Həmçinin bu sahədə vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə dövlətimizin başçısı tərəfindən 2007–ci il iyunun 20–də imzalanmış “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” sərəncamının icrası ilə əlaqədar xeyli iş görülmüşdür. Beynəlxalq standartlara cavab verən modul tipli lokal çirkab sutəmizləyici qurğular quraşdırılmışdır ki, bu da gün ərzində təxminən 4 min kubmetrdən artıq suyun təmizlənməsinə sərait yaradır.

Bakının ekoloji vəziyyətinin sağlamlaşdırılmasında məişət tullantılarında müasir standartlara uyğun istifadəsi mühüm rol oynayır. Bununla bağlı hazırda paylaxtda məişət tullantıları zavodu istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008–ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullarntıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən “Təmiz şəhər” SC yaradılmışdır.

Fəxr edirik ki, ulu öndərimizin Azərbaycanda sanitariya mədəniyyətinin yüksəlişindəki misilsiz işləri hazırda dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı əhalisinin təmiz içməli su ilə təhcizatı bu gün demək olar ki, öz həllini tapıb. Dövlət başçısı 2007–ci il martın 1–də Oğuz–Qəbələ–Bakı su kəmərinin təməlinin qurulmasında şəxsən iştirak etdi. Bu xəttin uzunluğu 267 kilometr, diametri 2 metr, məhsuldarlığı saniyədə 5 kubmetrdir. Təbii ki, bu ideya hələ Heydər Əliyevin vaxtında var idi. Amma onu həyata keçirmək cənab İlham Əliyevə qismət oldu.

Dünyada maliyyə böhranının tüğyan etməsinə baxmayaraq, Oğuz–Qəbələ–Bakı su kəmərinin tikintisi qısa müddətdə başa çatdırıldı. Bu, müasir Azərbaycanın tarixində olduqca böyük layihədir və Bakının içməli su təchizatında müstəsna rol oynayır.

Azərbaycan hazırda düşünülmüş, balanslaşdırılmış çox uğurlu müstəqil siyasət yürüdür. Bu gün Azərbaycan dünya birliyinin ən önəmli üzvlərindən biridir, Qərb və Şərq sivilizasiyalarını birləşdirən strateji məkandır. Dünya əhəmiyyətli qlobal layihələr məhz Azərbaycanın təşəbbüsü, razılğı və iştirakı ilə həyata keçirilir. Milli neft strategiyasının reallaşması ölkəmizə ciddi siyasi və iqtisadi dividendlər gətirib. Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz boru kəmərləri vasitəsi ilə Azərbaycanın zəngin karbohidrogen ehtiyatları dünya bazarına çıxarılır, beləliklə, Azərbaycan Qərbin enerji təhlükəsizliyi probleminin həllinə öz layiqli töhfəsini verir. İndi Avropa Birliyi ölkəmizin digər həyati əhəmiyyətli layihələrə qoşulması istiqamətində müzakirələr aparır.

Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələrə doğru inamla irəliləyir. Bu möhtəşəm uğurların təməlində isə sarsılmaz iqtidar–xalq yekdilliyi dayanır. Bu gün fəxr edirik ki, ulu öndərimizin başladığı bu işlər etibarlı əllərdədir. Cənab İlham Əliyev ekologiyaya, paytaxtın yaşıllaşdırılmasına və gözəlləşdirməsinə ciddi fikir verir, qayğı göstərir və bunun nəticəsində də Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir.

 

 

Maqsud QASIMOV,

Azərbaycan Tibb Universitetinin

kommunal və qidalanma

kafedrasının professoru,

Azərbaycan Ağsaqqallar

Şurası İdarə Heyətinin üzvü

 

Respublika.- 2013.- 13 aprel.- S. 6.