Məhkəmə–hüquq
islahatları milli birliyin,
dövlətçiliyin daha da möhkəmlənməsinə xidmət edir
Xalqların taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlər, ilk növbədə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə yönəlmiş milli ideyaları ilə tarixdə əbədiyaşarlıq hüququ qazanır, pozitiv rakursda siyasi varislik ənənələri formalaşdırırlar. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideyalar dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməklə yanaşı, həm də tarixi şəxsiyyətlərə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı verir.
Dünyanın ən qədim xalqlarından olmaqla, bəşər sivilizasiyasına mühüm töhfələr vermiş azərbaycanlılar taleyin sərt sınaqları üzündən ötən əsrin 90–cı illərinədək vahid milli ideologiya ətrafında dövlətçilik ənənələri formalaşdırmaq, ümummilli mənafelər ətrafında birləşmək imkanından məhrum olmuşlar. 1991–ci ilin 18 oktyabrında canı, qanı bahasına müstəqilliyini bərpa etmiş Azərbaycanda cəmiyyətin qütbləşərək parçalanması, milli maraq və mənafelər ətrafında səfərbər olunmaması, birlik və həmrəylik ideyalarının özünə yer tapmaması özünü ciddi problem kimi göstərmiş, milli inkişafı əngəlləyən amilə çevrilmişdi. Bunun nəticəsi kimi də 1993–cü ilin iyun ayınadək Azərbaycanda vətəndaş sülhü və həmrəyliyi mövcud olmamış, cəmiyyətdəki siyasi çəkişmələr kəskinləşərək ağır siyasi böhrana gətirib çıxarmış, bütövlükdə ölkə parçalanmaq və müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşmiş, vətəndaş sülhü və həmrəyliyi ciddi təhlükə altında qalmışdı. Bu dövrdə xarici siyasətin prioritet istiqamətlərindən biri kimi diaspor və lobbi quruculuğuna diqqət yetirilməmiş, müxtəlif səbəblərdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın vahid Vətənlə – Azərbaycanla əlaqələrinin genişləndirilməsi, milli problemlərin həllində onların geniş potensialından istifadə edilməsi kimi vacib məsələlərə laqeyd münasibət göstərilmişdi.
Bu arzuolunmaz vəziyyət yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra aradan qalxmış, ulu öndər müxtəlif səbəblərdən Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın vahid ideologiya və milli–mənəvi dəyərlər ətrafında birləşməsinə, onların malik olduğu güclü potensialın ümummilli problemlərinin həllinə yönəldilməsinə xidmət edən mühüm tədbirlər həyata keçirmişdir. İndi siyasi baxışlarından asılı olmayaraq hamı etiraf edir ki, Heydər Əliyevin 1993–cü ildə xalqın istəyilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi–ideoloji sərvətlərindən biridir. Xalqın təhtəlşüurunda bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi–nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.
Avropa fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmmanuel Kant yazırdı ki, milli ideologiyası olmayan xalqın uğurlu gələcəyi ola bilməz. İdeologiya hər bir xalqın milli–mənəvi varlığının ilkin əlamətlərindən olub, onun təfəkkür, adət və inanclar sisteminin məcmusu kimi özünü göstərir. Ümummilli lidermizin dahi şəxsiyyət kimi böyüklüyü həm də onun bütün idarəçiliyi boyu xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Heydər Əliyevin bütün zəngin və mənalı ömrü Azərbaycan üçün yaşanmış, bu xarüqəladə şəxsiyyət həyatını Azərbaycanı və azərbaycançılığı dünyaya tanıtmağa sərf etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da ümummilli liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqəti çəkir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar—mən azərbaycanlılar haqqında danışıram—gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli–mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır—deyən ulu öndər Heydər Əliyev xaricdəki soydaşlarımızın vahid ideya, məqsəd və prinsip ətrafında sıx birliyini təmin etmək üçün azərbaycançılıq ideyasını irəli sürmüş və onun ictimai şüurda möhkəm intişar tapmasına nail olmuşdur.
Ümummilli liderin Azərbaycanda milli dövlətçilik ideologiyasının yaradılması, suveren dövlət təsisatlarının formalaşdırılması və xalqımızın tarixi yaddaşının bərpası istiqamətində göstərdiyi xidmətlər hər bir azərbaycanlı tərəfindən böyük qürur hissi ilə xatırlanır. Heydər Əliyevin dövlətçilik konsepsiyasının əsas strateji xəttini də məhz həmrəylik, bütövlük, hüququn aililiyi ideyaları təşkil etmişdir. Heydər Əliyev idarəçilik fəlsəfəsinə görə, azərbaycançılıq və ziyalılıq məhz bu istinad nöqtəsindən başlayır. Çünki milli ruhu qorumağın, inkişaf etdirməyin və gələcək nəsillərə ötürməyin ən mükəmməl forması milli dövlətçilikdir. Milli dövlətçilik təkcə ərazinin, maddi sərvətlərin deyil, həm də milli–mənəvi dəyərlərin, həmrəyliyin qorunmasından ibarətdir.
1994–1995–ci illərdə Azərbaycan yeni təhlükələrlə üzləşdiyi zaman ümummilli lider Heydər Əliyevin çağırışı ilə minlərlə həmvətənimizin ölkə başçısının ətrafında toplaşması, ona dəstək verməsi milli birlik və həmrəyliyimizin tarixində ən parlaq səhifələrdən biri kimi qalacaqdır. 1996–ci ildən başlayaraq ölkəmizdə iqtisadi islahatlar nəticəsində ictimai–siyasi stabilliyin möhkəmlənməsi, bazar iqtisadiyyatının əsaslarının formalaşdırılması hüquqi dövlət quruculuğu istiqamətində də sistemli və ardıcıl addımların atılmasına imkan yaratmışdır.
Hər bir ölkədə milli birlik və həmrəyliyi şərtləndirən vacib amillərən biri də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində addımların atılmasıdır. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu istiqamətdə də mühüm islahatların həyata keçirilməsini təmin etmişdir. Böyük strateq hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü çıxışlarında hər zaman vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın səviyyəsinin müntəzəm surətdə artırılmasının əsas təşəbbüskarı kimi çıxış etmişdir.
Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995–ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik–hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd–şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir. Milli Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizim, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə–hüquq islahatları uğurla davam etdirilmişdir. Ölkənin idarəetmə sistemində siyasi mədəniyyət elementləri güclənmiş, icra hakimiyyəti orqanlarının işinin dinamikliyi artmış, yerli özünüidarə orqanları formalaşmışdır.
Ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.
Ümummilli liderin 1998–ci il dekabrın 1–də imzaladığı fərmanla qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Məhkəmə fəaliyyətinin hüquqi əsaslarını və ədalət mühakiməsinin daha səmərəli təşkili qaydalarını özündə ehtiva edən qanunda hakim vəzifəsinə seçkilərlə bağlı bir sıra zəruri tələblər də əksini tapmışdır. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə də xüsusi diqqət ayrılmışdır. “Məhkəmələr və hakimlər haqqında” qanuna müvafiq olaraq hakimlərin test üsulu ilə seçilməsi üçün ölkə Konstitusiyası ilə təsbit olunmuş hər üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurum—Məhkəmə–Hüquq Şurası yaradılmışdır. Şura hakim vəzifəsinə müstəqil namizədlərin seçilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri həyata keçirən müstəqil qurumdur. 2000–ci ildən Məhkəmə–Hüquq Şurası hakim vəzifəsində çalışmaq üçün qanuni meyarlara cavab verən müstəqil namizədlərin test usulu ilə tamamilə obyektiv və ədalətli əsaslarla seçilməsi, peşəkar hakim korpusunun formalaşdırılması üçün bütün zəruri tədbirləri həyata keçirmiş, bu sahədə mövcud beynəlxalq təcrübə öyrənilmişdir.
Bu siyasəti ötən 10 ildə uğurla davam etdirən Prezident İlham Əliyev ölkədə hüquqi dövlət quruculuğunun uğurlu nəticələr verməsi üçün milli birlik və həmrəyliyin gücləndirilməsi xəttinə üstünlük vermişdir. Təcrübə göstərir ki, hər hansı ölkədə milli barış və həmrəylik mühitinin formalaşması və möhkəmlənməsi üçün ölkədə qanunçuluğun təminatı vacib amillərdən biridir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir.
Ümumilikdə, ötən 10 ildə ölkədə kadr siyasəti və dövlət idarəçiliyi məsələlərində Azərbaycanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi, müxalifətin sağlam, konstruktiv dialoqa dəvət olunması, əldə edilən iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət və əqli imkanlarına görə bəhrələnməsi Prezident İlham Əliyevin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlardır. Dövlətə qarşı ağır cinayətlərdə iştirak etməsinə rəğmən, adı qərəzli şəkildə qondarma siyasi məhbus siyahılarına salınan cinayətkarların əfv olunması böyük humanizmin nişanəsidir. Dövlət başçısının insan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etməsi, eyni zamanda onun yüksək humanizminin ifadəsidir. Ulu öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu bu siyasətin varisliyini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev əfvetmə institutunun da çevik və işlək mexanizmlər əsasında fəaliyyətini də təmin etmişdir. Dövlət başçısı bu addımları ilə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən günahkar şəxslərin islah olunaraq düz yola qayıtmasına, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşmasına, bir daha cinayət əməli törətməməsinə çalışır. Azərbaycan Prezidentinin ötən 10 ildə 22 əfv fərmanı imzalaması, 4000–dən çox məhkumu cəzasının çəkilməmiş hissəsindən tam və yaxud qismən azad etməsi olduqca böyük göstəricidir.
Dövlət başçısı İlham Əliyev prezidentlik səlahiyyətlərinin icrasına başladığı ilk gündən bildirmişdir ki, demokratik dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm şərti, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam–intizamın və sabitliyin başlıca təmini vasitəsidir. Bu yolla irəliləyən dövlətlərin mütləq əksəriyyətində ictimai–siyasi sabitliyin möhkəm təmələ söykənməsi, insanların iqtisadi azadlığı, yüksək maddi rifah halı, vətəndaş–cəmiyyət münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum qorunması, qanunun aliliyi prinsipinə bütün səviyyələrdə əməl olunması milli birliyi, həmrəyliyi təmin etmişdir.
2003–cü ildən uğurla gerçəkləşdirilən hüquqi islahatlar ölkənin məhkəmə, ədliyyə, polis, prokurorluq orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının daha etibarlı təminatına imkan yaradan çevik mexanizmlərin formalaşdırılmasına xidmət etməklə, respublikamızın beynəlxalq imicini daha möhkəmləndirmişdir. Cənab İlham Əliyev qanunvericilik təşəbbüsü əsasında, xüsusən də məhkəmələrin cəmiyyətdə inam və etimad qazanmasına, nüfuzlu təsisat kimi formalaşmasına xidmət edən bir sıra qanun layihələrini Milli Məclisin müzakirəsinə göndərmiş, onların yeni dövrün tələblərinə uyğunlaşdırılmasını vacib saymışdır.
Dövlətin iqtisadi imkanlarının daha da genişləndiyi son illərdə məhkəmə orqanlarında zamanın tələbi ilə səsləşən islahatlar geniş vüsət almış, ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi, obyektiv və şəffaf şəraitdə yeni hakim korpusunun formalaşdırılması, məhkəmə orqanlarının fəaliyyətində şəffaflığın təmini, bəzi neqativ halların aradan qaldırılması istiqamətində qətiyyətli tədbirlər həyata keçirilir. Məhkəmələrdə hakimlərin sayca azlığının ədalət mühakiməsinin keyfiyyətlə və nəzərdə tutulmuş vaxtda həyata keçirilməsində başlıca problemlərdən biri olduğunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin 2006–cı il 17 avqust tarixli Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat vahidi artırılmışdır. Fərmanın icrası ilə bağlı Məhkəmə–Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. 2009–2012–ci illərdə 311 hakim test üsulu ilə seçilərək fəaliyyətə başlamış, onların sosial vəziyyətinin yaxşılaşdırılması üçün qanunvericiliyə müəyyən dəyişikliklər edilmişdir.
Son illər Prezident İlham Əliyevin xüsusi qayğısı ilə məhkəmələrin yeni bina və inventarlarla təmin olunması istiqamətində də mühüm addımlar atılır. Bu məsələlər dövlət başçısının 2009–cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009–2013–cü illər üçün Dövlət Proqramı”nda da geniş əksini tapmışdır. Bir sıra məhkəmələr üçün ən müasir standartlara cavab verən yeni binaların tikilib istifadəyə verilməsi buna əyani sübutdur. Bu məhkəmə binalarının iş şəraiti müasir tələblərə cavab verməklə, vətəndaşlarla hakimlər arasında münasibətlərin tamamilə şəffaf, qanunamüvafiq qurulmasına xidmət edir. Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində, ümumiyyətlə, 30–dək məhkəmənin yerləşəcəyi müasir bina və komplekslərin layihələri hazırlanmışdır. 2011–ci ildə Oğuz, 2012–ci ildə Yasamal, Gəncə şəhərinin Nizami və Gədəbəy rayon məhkəmələrinin yeni binalarının açılışı olmuş, həmçinin Sabunçu və Şəki məhkəmə komplekslərinin, Quba Rayon Məhkəməsinin yeni binalarının inşasına başlanılmışdır. Bu, dövlət başçısının məhkəmələrin fəaliyyətinə və hüquq sistemindəki yerinə xüsusi həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.
Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrasının mühüm əhəmiyyəti, habelə bu sahədə iş həcminin ilbəil xeyli artması nəzərə alınaraq icra mexanizmlərinin təkmilləşdirilməsi üzrə əsaslı tədbirlər həyata keçirilmişdir. Yeni qanunvericiliyə uyğun olaraq dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra vəziyyətinə dair ölkə Prezidentinə hər altı aydan bir müvafiq hesabatın təqdim olunması icra prosesi iştirakçılarının məsuliyyət hissinin artırılmasına xidmət edərək müsbət nəticəsini verir.
Ümumiyyətlə, məhkəmələrin iş şəraitinin yaxşılaşdırılması, hakimlərin sayının artırılması, o cümlədən sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər cəmiyyətdə məhkəmə hakimiyyətinin müstəqil statusunu möhkəmləndirmək və ictimaiyyətin onlara inamını daha da yüksəltmək məqsədinə xidmət edir.
Şəxsiyyətcə bütöv və birləşdirici rəhbər olan Heydər Əliyev dühası cismən aramızda olmasa da, bu gün əminliklə deyə bilərik ki, onun ölməz ideyaları xalqımızın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toparlayır. Həm də onunla təsəlli tapırıq ki, böyük öndərin möhtərəm Prezident İlham Əliyev kimi müasir dünya siyasətinin incəliklərini dərindən bilən, xalqının və dövlətinin maraqlarını daim uca tutan, siyasətində hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi 10 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirmişdir.
İlham NURİYEV,
Qazax Rayon Məhkəməsinin sədri
Respublika.- 2013.- 13 aprel.- S. 7.