XARİZMATİK DAHİ SİYASƏTÇİ

 

Xalqımız öz dahi oğlu, dünyaşöhrətli dövlət başçısı və siyasi xadim, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın ictimai–siyasi həyatında böyük tarixi hadisəyə çevrilən 90 illik yubileyini möhtəşəm nailiyyətlərlə, bütün sahələrdə uğurlu nəticələrlə qarşılayır. Müstəqil Azərbaycan dövləti yeni minilliyin başlanğıcında ulu öndərimizin ən layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla irəliləyir. Bu gün Azərbaycan dünya miqyasında səciyyələndirilərkən, ilk növbədə sabitlik, sıçrayışlı inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə olunur. Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan artıq mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyənləşdirən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə ölkəmizin mövqeyini nəzərə alır, onunla hesablaşırlar. Bütün bunlar bir daha ölkədə həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir.

Müstəqil dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial–iqtisadi inkişafın sürətlənməsi və dünyada analoqu olmayan bir səviyyəyə çatması, əhalinin rifahının yüksəlməsi, demokratikləşmə prosesinin dərinləşməsi ilə səciyyələnən bu dövrün bütün uğur və nailiyyətlərinin möhkəm bünövrəsi vardır. Bu bünövrə Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində möhtəşəm dövlətçilik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndərimiz tərəfindən qoyulmuşdur. Uğurlarımızın əsasında məhz dünyaşöhrətli siyasətçi və dövlət başçısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı və mərhələ–mərhələ həyata keçirdiyi müdrik siyasi kurs, strateji proqramlar, konsepsiyalar və islahatlar dayanır. Alternativi olmayan bu siyasi kurs Azərbaycanın çox qısa zaman kəsiyində dinamik inkişaf yoluna çıxmasına səbəb olub.

Ömrünü Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətlərə, dövləti idarə etmək bacarığına malik olan Heydər Əliyev bənzərsiz və müqayisəedilməz şəxsiyyət idi. Ulu öndər xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz rol oynayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 21 yanvar 2013–cü il tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” sərəncamında deyilir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir”.

Bəşər tarixinin yetirdiyi ən görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası, polad iradəsi və qətiyyəti sayəsində iki əsrin və iki minilliyin qovuşuğunda Azərbaycan öz milli–mənəvi dəyərlərini qoruyaraq üçüncü minilliyə tam müstəqil bir dövlət kimi inamla qədəm qoyub. Ulu öndərimizin fitri istedadı və polad iradəsi bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırıb. Olduqca mürəkkəb bir dövrdə bu dahi şəxsiyyət çoxlarının edə bilmədiyini gerçəkləşdirib, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə dünyanın tanınmış dövlət və siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutub. Xalqımızın yetirdiyi nadir dövlət xadimi yaşadığı fırtınalı həyatı boyu hər zaman xalqını, Vətənini düşünüb. Onun ürəyi daim Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınıb, bir dövlət başçısı kimi Azərbaycanın ən çətin anlarında onu xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib, ölkəsini bəlalardan qurtarmağı bacarıb.

Zamanın bu dahi şəxsiyyətinə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əilyev uzaqgörən dövlət başçısı kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilir, Azərbaycanın dünəni, bugünü və sabahı üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi nümayiş etdirir, tam qətiyyətlə hərəkət etməyi bacarırdı. Şəxsiyyətindəki qətiyyət onun geniş auditoriya qarşısındakı çıxışlarında, çox vaxt elə bədahətən söylədiyi fikirlərində də parlaq əksini tapıb. Sarsılmaz məntiq üzərində qurularaq qeyri–adi dərəcədə böyük təsir gücünə malik məruzə və nitqləri ulu öndərimizin siyasi və fəlsəfi dünyagörüşündəki dərinliyin və genişliyin bariz ifadəsidir.

1987–1994–cü illərdə əvvəlcə keçmiş İttifaqın, sonralar isə Rusiya Federasiyasının Türkiyədəki səfiri olmuş Albert Çernışevin ulu öndərimiz barədə dediyi səmimi fikirləri olduqca maraqlıdır: “Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Ancaq elə dahi şəxsiyyətlər də var ki, bu, onlarda fitrətən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, İlahi vergidir. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, bütöv bir region, MDB məkanı, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, tək Bakı, Azərbaycan, Qafqaz çapında deyil, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir. O ki qaldı şəxsi məziyyətlərə, müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib amildir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət idi. Təmkin, səmimiyyət, zəka, səbat, xeyirxahlıq, diqqət onun şəxsiyyətinin özgün çalarlarıdır”.

Heydər Əliyev hələ sovet rejimi şəraitində bəşəriyyətin ən aktual çağırışlarına cavab vermək iqtidarında olan müasir ruhlu yeni rəhbər nümunəsi idi. Rəhbərliyə gəlişinin ilk günündən daim xalq arasında olan, onun yaşayışı, qayğıları, problemləri və arzuları ilə maraqlanan bu dahi şəxsiyyət o vaxt respublikada hökm sürən rüşvətxorluğa və korrupsiyaya qarşı şəxsən özü qəti və prinsipial mübarizəyə başladı və qısa müddətdə bunun müsbət nəticələri hər bir insanın həyatında özünü göstərdi. Azərbaycanda möhkəm nizam–intizam, qayda–qanun yaradıldı. Heydər Əliyevin “Literaturnaya qazeta”nın 18 noyabr 1981–ci il tarixli sayında “Qoy ədalət zəfər çalsın” başlıqlı müsahibəsi nəinki respublikamızda və bütün İttifaq məkanında, eləcə də xaricdə böyük əks–səda doğurmuşdu. Bu məqalədə Heydər Əliyev sistemin və cəmiyyətin nöqsanları, korrupsiya haqqında və rəhbərliyin mənəvi prinsipləri qorumağa və müdafiə etməyə borclu olması barədə geniş danışmışdı. Azərbaycanda 50–60–cı illərdən “miras” qalmış çoxsaylı nöqsanlara, pozuntulara qarşı 1969–cu ildən etibarən başlanmış mübarizədən ətraflı söz açmışdı.

Günümüzün reallıqlarını düzgün dərk edib dəyərləndirmək baxımından yaxın keçmişin ibrətli səhifələrini dönə–dönə vərəqləmək, ondan bəhrələnmək və xalqımızın nəinki bugünü, həm də gələcəyi naminə yararlanmaq vacibdir. Heydər Əliyev irsi böyük bir məktəbdir və onun həmişəyaşar ideyaları, bizlərə miras qoyduğu idarəçilik və milli dəyərlər sistemi müstəqil Azərbaycan dövlətinin xoşbəxt gələcəyinin qarantıdır. Heydər Əliyev istər Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 70–80–ci illərdə, istər İttifaq rəhbərliyinə irəli çəkildiyi, istər xalqımızın qatı düşməni M.Qorbaçovun səyi nəticəsində vəzifədən bir müddət uzaqlaşdırıldığı dövrlərdə, istərsə də müstəqil Azərbaycan dövlətinin prezidenti olduğu illərin hər anında öz xalqının taleyini şəxsi taleyi hesab etmiş, xalqın qəlbində həmişə dahi lider kimi uca zirvədə dayanmışdır. Müasir Azərbaycan tarixini ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Azərbaycanın 30 ildən artıq bir dövründə qazandığı bütün nailiyyətlərin fövqündə məhz dahi şəxsiyyət Heydər Əliyev fenomeni, qüdrəti və dühası, uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb.

Heydər Əliyev fenomeninə ehtiyac Azərbaycan 1991–ci ildə müstəqil dövlət kimi özünü elan etdikdən dərhal sonra, elə ilk aylardan daha aydın hiss olunmaqda idi. Müstəqil Azərbaycanda yaşanan siyasi qeyri–sabitlik, tez–tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, erməni təcavüzkarları ilə müharibədə getdikcə daha çox torpaqlarımızın işğal edilməsi, ölkənin xaricdən təcrid olunması Heydər Əliyev fenomeninə qayıdışı qaçılmaz edirdi. Getdikcə daha artıq insan dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töhfələr verən Heydər Əliyev indi qazanılmış müstəqilliyin qorunub saxlanmasının yeganə qarantı ola bilər. Qətiyyətlə demək olar ki, XX əsrin 90–cı illərinin başlıca siyasi gerçəkliyi olan bu həqiqətin dərk edilməsi, əslində çağdaş tariximizə müstəqillik məfkurəsində şəxsiyyət fenomeninin təntənəsi və Heydər Əliyevin tarixi qayıdışının təməlinin qoyulması kimi daxil olub. Azərbaycanın müasir tarixinin həyati təcrübəsi, faktiki olaraq, birmənalı şəkildə təsdiqlədi ki, qazanılmış müstəqilliyi dönməz milli sərvətə çevirmək üçün Heydər Əliyevin qayıdışı tarixi zərurət idi.

Öz polad iradəsi, sarsılmaz qətiyyəti, bənzərsiz idarəçiliyi, yüksək təşkilatçılığı və dərin yaddaşı ilə fərqlənən, bütün ömrünü doğma xalqının, ana Vətəninin tərəqqisi naminə sərf edən Heydər Əliyev ölkəmizin ictimai–siyasi, sosial–iqtisadi, mədəni həyatına böyük dəyişikliklər, yeniliklər, inkişaf gətirmiş, milli dövlətçiliyimizin və mənəvi dəyərlərimizin yenilməz qarantı olmuşdur. Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin–amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici və daxili investorlar üçün isə əlverişli imkanlar açan, səmərəli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirmişdir.

Ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu və banisidir. Bu gün müstəqil siyasət yürüdən, dünya arenasında öz siyasi və iqtisadi çəkisinə görə önəmli rol oynayan Azərbaycan dövləti ümummilli liderimizin şah əsəri, xalqımıza yadigarıdır. Heydər Əliyevin idarəçilik məharəti, şəxsi keyfiyyətləri və iş üslubu hamımız üçün böyük həyat məktəbi olub. Azərbaycanda müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun əzmlə həyata keçirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təminatı və yeni iqtisadi kursun müəyyənləşdirilməsi şəxsən Heydər Əliyevin xalqı qarşısındakı əvəzsiz xidmətləridir. Heydər Əliyev nəinki müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi. Zamanın bu dahi şəxsiyyətə, onun dərin zəkasına, polad iradəsinə, zəngin təcrübəsinə və hədsiz vətən sevgisinə etibar etdiyi tarixi missiyanı layiqincə yerinə yetirməyə müvəffəq oldu. Ulu öndərimizin müstəqil Azərbaycanın prezidenti kimi onillik fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapır.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, insan potensialının formalaşdırılması sahəsində əsas ağırlıq məhz ali təhsil sisteminin üzərinə düşür. Ali təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin mühüm amillərindən biri olmaqla, ölkənin sosial–iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Müstəqil Azərbaycanda bütün idarəetmə səviyyələrində, o cümlədən dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi mühüm aktuallıq kəsb edir. Heydər Əliyev təhsili milli tərəqqimizin həqiqi, güclü amilinə çevirmək üçün geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürdü. Ulu öndərimiz təhsilimizin flaqmanı sayılan Bakı Dövlət Universitetinin inkişafına həmişə yüksək diqqət və qayğı göstərib. BDU daim Heydər Əliyevin qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar təhsil ocağının professor–müəllim və tələbə heyətinin əsas fəaliyyət istiqamətinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin bu təhsil ocağına hədsiz qayğısı sayəsində yazılmışdır.

Bakı Dövlət Universitetinin milli təhsil sistemindəki müstəsna yeri və rolu, milli kadr hazırlığı prosesinə əvəzsiz töhfələri bu gün də ölkə rəhbərliyi səviyyəsində layiqincə qiymətləndirilir. Prezident İlham Əliyev Azərbaycanın ali təhsil sistemində özünəməxsus yeri, nüfuzu, sanbalı ilə seçilən Bakı Dövlət Universitetinin fəaliyyətinə yüksək dəyər verərək demişdir: “Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor–müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanmasında çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi–texniki bazası möhkəmlənir. Bir sözlə, bizim–Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır”.

Bütün sahələrdə olduğu kimi, hazırda milli təhsilimiz də yeni inkişaf mərhələsini yaşayır, uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub.

Son on ildə əldə etdiyimiz möhtəşəm nailiyyətlər əminliklə deməyə əsas verir ki, ulu öndərimizin müdrik siyasi kursu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dünyanın tələblərinə uygun yeni keyfiyyət və məzmunda uğurla davam və inkişaf etdirilir. Azərbaycan hərtərəfli və sürətli tərəqqi yolunda inamla irəliləyir, növbəti zəfərlərə imza atır. Bu gün ulu öndərimiz Heydər Əliyev cismən aramızda olmasa da, təsəllimiz odur ki, onun ideyaları yaşayır və bu siyasi kursa Azərbaycanda alternativ yoxdur.

 

 

Xəlil İSMAYILOV,

BDU–nun professoru

 

Respublika.- 2013.- 13 aprel.- S. 8.