Füzuli: məcburi köçkünlərə dövlət qayğısı davamlı xarakter alıb

 

Burada təbiətin yaratdığı rəng yağışı özgə bir aləmdir. Bir–birindən gözəl, bir birindən qəşəng, ətri, rayihəsi ilə necə deyərlər, adamı bihuş edən çiçəklər torpağın sinəsində muncuq təki sıralanıb. Çiçəklərin ləçəklərində bərq vuran şeh damlaları, qaranquşların, torağayların nəğmələri bu yerlərə başqa bir gözəllik gətirib. Günəşdən qabaq oyanan insanların qurub yaratmaq həvəsi, dəniz kimi dalğalanan taxıl zəmiləri, üzüm və meyvə bağları Füzuli torpağının bar–bərəkətindən xəbər verir. Diqqəti ən çox cəlb edən odur ki, ön də, arxa da cəbhə olan bu yerlərdə hər şey yaxşılığa doğru dəyişir, adamların güzəranı durmadan yaxşılaşır.

Füzuli camaatı yaxın keçmişin ibrət dərslərini heç vədə unutmur və bu yerlərə yenidən həyat bəxş etmiş, əmin–amanlıq, sakitlik gətirmiş xalqımızın dahi oğlu Heydər Əliyevin əziz xatirəsini həmişə əziz tutaraq ulu öndərə minnətdar olduqlarını bildirir və deyirlər ki, onun adı hər birimizin qəlbində əbədi abidəyə çevrilib.

Horadiz şəhərində ulu öndərin adını daşıyan böyük bir park salınıb. Burada minlərlə gül kolu və meyvə ağacları basdırılıb. Gözəlliyi ilə göz oxşayan parkda xalqımızın ümummilli lideri Heydər Əliyevin əzəmətli büstü ucaldılıb. Parkın salınmasında məktəblilərdən tutmuş ixtiyar yaşlı insanlara kimi hamı fəal iştirak edib. Bir sözlə, ulu öndərə xalq məhəbbətinin parlaq təzahürü olan bu park həm də işğal altında qalan torpaqlarımızın azad ediləcəyinə, respublikamızın ərazi bütövlüyünün təmin olunacağına inam və ümidin nişanəsi kimi dəyərləndirilir.

Ermənistanın hərbi təcavüzü nəticəsində ərazisinin bir hissəsi işğal altına düşən Füzuli rayonunda isti, qaynar və sabaha inam üstündə köklənmiş bir ab–hava yaranıb. Adamlar indi daha çox həvəslə çalışırlar. Bu da səbəbsiz deyil. Cəbhə xəttində yerləşən bölgəyə dövlətimizin başçısı İlham Əliyevin göstərdiyi diqqət və qayğı, doğma münasibət adamların həm həyat şəraitinə, həm yeni iş yerlərinin yaradılmasına, həm də bölgələrin, o cümlədən Füzulinin inkişafına müsbət təsir göstərib. Dövlətimizin siyasətində insanların məşğulluğunun təmin edilməsi, hər bir kəndin, rayon mərkəzinin infrastrukturunun yenidən qurulması, rayonlararası və kəndarası yolların əsaslı təmir edilməsi mühüm yerlərdən birini tutur.

Elə götürək Horadiz şəhərini. Bu qədim yaşayış məskəni indi öz tarixinin yeni mərhələsini yaşayır. Məlum olduğu kimi, Horadiz Ermənistanın hərbi birləşmələrinin işğalı altında qaldığı üçün dağıdılmış və yandırılmışdır. 1996–cı ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə işğaldan azad edilmiş və müharibədən zərər çəkmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə başlanıldı. Bu iş bu gün də uğurla davam etdirilir. Horadiz şəhəri, demək olar ki, başdan–başa dəyişir. Şəhərin giriş hissəsindən tutmuş ən ucqar küçələrə qədər abadlıq və quruculuq işləri aparılır. Son iki il ərzində Horadiz müharibədən zərər çəkmiş şəhərdən, mübaliğəsiz demək olar ki, yeni və müasir bir şəhərə çevrilib.

Bu gün Horadiz həm də böyük tikinti meydanını xatırladır. Diqqəti ən çox cəlb edən də elə bu yeni tikintilərdir: Tarix — diyarşünaslıq muzeyi, Milli Qəhrəmanların Xatirə–Abidə kompleksi, Dövlət Bayrağı meydanı, Mərkəzi Kitabxana. İndi bu tikintilərdə qızğın iş gedir. Sakinlərin dediyi kimi, indi Horadizin gecələri daha gözəl və füsunkar görünür. Əlbəttə, bu yeniləşmə, quruculuq, istehsal sahələrinin işə salınması, məşğulluğun təmin edilməsi, yaşıllıqların salınması, yolların, küçələrin təmir edilməsi, insanların rahatlığı üçün görülən bütün işlər dərin razılıqla qarşılanır.

Keçən il dekabrın 15–də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfəri zamanı bir çox sosial, mədəni, istehsal və digər müəssisələrin açılışında iştirak etmiş, cəbhə bölgəsində aparılan işlərdən razı qalmışdır. Görülən işlərə yüksək qiymət verən dövlət başçısı demişdir: “Mən çox şadam ki, son iki il ərzində rayonda böyük dəyişikliklər baş vermişdir. Qısa müddət ərzində böyük işlər görülmüş, parklar salınmış, yeni sənaye müəssisələri yaradılmışdır. Abadlıq işləri görülmüş və bu, məni çox sevindirir. Çünki Füzuli rayonu ölkəmiz üçün çox böyük əhəmiyyətə malik olan bir rayondur. Füzulililər bütün dövrlərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində öz rolunu oynamışdır. Müharibə dövründə böyük qəhrəmanlıqlar göstərmişdir”.

Prezident Horadiz şəhərində tikilmiş Heydər Əliyev Parkının, Heydər Əliyev Mərkəzinin, YAP rayon təşkilatının yeni inzibati binasının, Gənclər mərkəzinin, mədəniyyət sarayının, şahmat məktəbinin, 240 şagird yerlik Horadiz şəhər 3 saylı tam orta məktəbin açılışında iştirak etmişdir. Bundan başqa, Əhmədbəyli kəndi ərazisində tikilmiş 5 min ton məhsul saxlayan soyuducu anbar, 25 meqavat gücü olan Füzuli Su Elektrik Stansiyasının birinci növbəsinin işə salınması mərasimində iştirak edən Prezident rayon əhalisi ilə görüşərək qarşıda duran vəzifələr haqqında danışmışdır.

Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev söhbət zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məşhur bir kəlamını diqqətə çatdırdı: “Uğurlarımızın təməlində, bir daha demək istəyirəm ki, həm iqtisadi siyasət, islahatlar, eyni zamanda, ölkədə mövcud olan ictimai–siyasi sabitlik, icra strukturlarındakı güclü nizam–intizam dayanır. Nizam–intizam olmadan, biz uğurlara nail ola bilməzdik”.

Regionların 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramında Füzuli rayonunda bir sıra tədbirlərin yerinə yetirilməsi nəzərdə tutulmuş, bu istiqamətdə işlər davam etdirilir. Dövlət Proqramının qəbul olunduğu vaxtdan keçən dövr ərzində rayonda nəzərdə tutulmuş tədbirlərin əksəriyyətinin icrasına başlanmışdır. Dövlət Proqramına uyğun olaraq aqroservis xidmətinin yaxşılaşdırılması məqsədilə Horadizdə yeni aqroservis filialı tikilmişdir ki, burada əlavə olaraq 60–70 nəfər işlə təmin olunmuşdur.

Bu mühüm dövlət sənədində nəzərdə tutulmuş kəndarası yolların əsaslı təmir edilməsi istiqamətində xeyli işlər görülmüşdür. Keçən il iyulun 13–də ölkə başçısının sərəncamı ilə Əhmədbəyli–Yuxarı Kürdmahmudlu–Aşağı Kürdmahmudlu–Alıxanlı–Beşinci Zobucuq yaşayış məntəqələrini əhatə edən 21,8 km yol yenidən qurulmuşdur. Bundan başqa, Bala Bəhmənli–Səngər–Araz Dilağarda–Araz Zərgar kəndlərini birləşdirən 7,1 km uzunluğunda yol əsaslı bərpa olunmuşdur. Həmin yollardan rayonun 25 min nəfər əhalisi istifadə edir. Təbii ki, bu da əhalinin razılığına səbəb olub.

Dövlət Proqramına uyğun rayonun 39 yaşayış məntəqəsinə təbii qaz çəkilişi müvəffəqiyyətlə davam etdirilir. İndiyədək Horadiz şəhəri, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Böyük Bəhmənli, Bala Bəhmənli, Əhmədbəyli, İkinci Mahmudlu, Qarabağ, Aşağı və Yuxarı Kürdmahmudlu, Alıxanlı, Qazaxlar və Əhmədalılar kəndlərinə qaz xətti çəkilmişdir. İndi evlərdə mavi alov şölələnir. Vaxtı ilə əzab–əziyyət çəkmiş insanlar indi rahat və asudə nəfəs alırlar. Digər kəndlərə qaz xətlərinin çəkilişi davam etdirilir.

Dövlət Proqramında rayonun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması da nəzərdə tutulmuşdur və bu istiqamətdə əsaslı işlər həyata keçirilmişdir. Belə ki, “Azərsu” ASC tərəfindən Horadiz şəhərində, Araz Dilağarda, Aşağı Yağlıvənd və Arayatılı kəndlərinin əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 10 ədəd artezian quyusu qazılmış və istifadəyə verilmişdir.

Bundan başqa, respublika Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Dövlət Proqramına uyğun 8 yaşayış məntəqəsində 20 ədəd suvarma məqsədilə artezian quyusu qazılıb istifadəyə verilmişdir.

Dövlət başçısının diqqət və qayğısı sayəsində Horadiz şəhərində ölkəmizdə analoqu olmayan, milli memarlıq ənənələrini özündə yaşadan mədəniyyət sarayı tikilmiş və istifadəyə verilmişdir. Cəbhə xəttində belə bir mədəniyyət ocağının istifadəyə verilməsi insanların inamını qat–qat artırmışdır. Onlar ümid edirlər ki, lap yaxın zamanlarda işğal altında qalan torpaqlarımız azad olunacaq, insanlar öz doğma yurd yerlərinə qayıdacaq, həmin yerlərdə bərpa və yenidənqurma işləri başlanacaqdır.

Şəhər statusu almasının dörd yaşı tamam olan Horadizdə iki hektar ərazini əhatə edən Heydər parkı yenidən qurulmuş və bura adamların sevimli istirahət güşəsinə çevrilmişdir.

Heydər Əliyev Fondunun köməyi ilə şəhərdə üçüncü orta məktəb, Gənclər evinin tikintisi başa çatdırılıb. Şəhər əhalisi diqqət və qayğısına görə Azərbaycanın birinci xanımı, nəcib və xeyirxah əməlləri ilə dünyada tanınan Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirir və bu xeyirxah əməlləri razılıqla qarşılayırlar.

Bir daha qeyd etmək lazımdır ki, rayonda aparılan tikinti–quruculuq işlərinin miqyası geniş və əhatəlidir. Rayonun Kərimbəyli kəndində iş adamı Nəriman Əliyevin şəxsi vəsaiti ilə tikdirdiyi “Qarabağ” ailəvi istirahət mərkəzi rayona gələn hər bir qonağı heyran qoyur.

Qısa müddətdə Gecəgözlü yatağında yeni məktəb, Kərimbəyli kəndində uşaq bağçası inşa olunmuş və istifadəyə verilmişdir. Keçmiş Qarabağ heyvandarlıq kompleksinin yerində respublikada ən iri broyler fabriki tikilir və həmin müəssisədə yüzlərlə adam işlə təmin olunacaqdır.

Horadiz şəhərində 50 çarpayılıq uşaq xəstəxanası, Qarabağ əlilləri üçün 36 mənzilli yaşayış evi, əksər idarə və müəssisələr üçün inzibati bina, 2 ədəd 5 mərtəbəli yaşayış binası, rayonda 5 yerdə uşaq bağçası, Yuxarı Mollaməhərrəmli kəndində orta məktəb binası, işğal dövrü yandırılmış 2 minə yaxın yaşayış evlərinin bərpası, bir neçə yerdə mini sexlər, Fin şəhərciyinin yaxınlığında 1340 ailəlik yaşayış evlərinin tikintisi və başqa işlərin görülməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə işlər sürətlə və keyfiyyətlə davam etdirilir.

Füzuli aqrar rayondur. İqtisadiyyatın əsasını kənd təsərüffatı təşkil edir və bu sahədə yüksək nəticələr əldə olunub. Rəqəmlərdən aydın görünür ki, yerli sahibkarlar məhsul bolluğu üçün can–dildən işləyiblər. Məhz buna görə də rayonda özəl bölmənin çəkisi daha çoxdur. Sahibkarlığa dövlət qayğısı sayəsində iqtisadiyyatın inkişafı diqqəti daha çox cəlb edir.

Rayonda kənd təsərrüfatı məhsulları istehsalına xidmət göstərən bütün sahələrin, aqrar sektorun inkişafı, məhsul bolluğu yaradılması, taxıl əkinlərinin qış–yaz becərmələrinin aqrotexniki qaydada aparılması və digər tədbirlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilbəil artır. Keçən il taxılçılıqda ən yüksək nəticəyə nail olunmuşdur. Belə ki, 36000 hektar sahədən 103 min tona yaxın məhsul götürülmüşdür. Hər hektarın məhsuldarlığı 30 sentnerə yaxın olmuşdur. Digər kənd təsərrüfatı məhsullarının istehsalında da dinamik artım müşahidə olunmuşdur.

Bundan başqa, rayonda aqroservis xidmətinin, suvarma işlərinin, mineral və üzvi gübrələrin vaxtında gətirilməsi və fermerlərə çatdırılması, kənd təsərrüfatı texnikasının işlək vəziyyətdə saxlanılması və digər məsələlər aqrar bölmənin işçiləri qarşısında əsas vəzifə kimi qoyulmuşdur. Bu sahəyə dövlət dəstəyinin gündən–günə artırılmasına sahibkarlar əməli işlə cavab verirlər.

Bütün qüvvələr və daxili imkanlar müharibədən zərər çəkmiş və işğaldan azad edilmiş ərazilərdə tikinti–quruculuq işlərinin sürətlə və yüksək keyfiyyətlə aparılmasına yönəldilib. Füzuli camaatı torpaqlarımızın işğalçılardan azad edilməsinə qəti inanır. Horadiz şəhərində Heydər Əliyev parkında tanış olduğum Süleyman kişi bildirdi ki, işğaldan əvvəl Füzuli şəhərində yaşamışam. Məcburi köçkün kimi uzun illərdi ki, Bakı şəhərində məskunlaşmışıq. Horadizə xeyir işə gəlmişdim. Burada yaradılmış şəraiti, gözəlliyi, rahatlığı, yaxşı həyat şəraitini görəndən sonra qərara gəlmişəm ki, ailəmi, uşaqlarımı götürüb Hordizə köçüm. Yəqin ki, yaxın günlərdə bu arzumu həyata keçirəcəyəm. Doğma yurdda yaşamaqdan ayrı xoşbəxtlik mən tanımıram.

Rayonda yüksək əhval–ruhiyyə və mütəşəkkillik bərqərar olunub. Füzulililər dövlət başçısının rayona səfərindən sonra daha əzmlə çalışırlar.

 

 

Salman Alıoğlu

 

Respublika.- 2013.- 13 aprel.- S. 10.