Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır

 

Azərbaycan Respublikası regionlarının 2009–2013–cü illərdə sosial–iqtisadi inkişafı Dövlət Proqramının icrasının son ilində də uğurlu nəticələr əldə edilir. Cari ilin yanvar–fevral aylarında hüquqi və fiziki şəxslər tərəfindən 8,3 milyard manatlıq, yəni əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz çox ümumi daxili məhsul istehsal olunub. Qeyri–neft sektorunda əlavə dəyər 10,5 faiz artmış və ÜDM–də isə payı 48,9 faiz olmuşdur. Göründüyü kimi, iqtisadiyyatda çoxşaxəliliyə nail olmaq istiqamətində yürüdülən siyasət çox uğurludur və göstəricilər qarşıya qoyulan hədəflərə müvəffəqiyyətlə nail olunduğundan xəbər verir.

 

Dövlətin hərtərəfli inkişafı, təbii ki, real iqtisadiyyatın da sahələrinin müasir səviyyədə tərəqqisindən və rəqabətədavamlılığından asılıdır. Dünya praktikası göstərir ki, ölkə iqtisadiyyatının əsasən bir sahədən asılı olması dövləti gözlənilməz ağır vəziyyətlərə sala bilər, çünki zəruri məhsulların ixracı digər ölkələrdən asılılıq yaradır. Ona görə də Azərbaycanın neft strategiyası neft sektorundan gələn gəlirin real iqtisadiyyatın inkişafına, sonda isə ölkəmizin hərtərəfli, müasir səviyyədə tərəqqisinə hədəflənib. Bu istiqamətdə proseslər çox böyük uğurla gedir.

Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanın inkişafı üçün müəyyənləşdirdiyi strateji kurs bu gün Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biri edib. Ümummilli lider SSRİ dağıldıqdan sonra çox böyük uzaqgörənliklə şəraiti düzgün qiymətləndirdi və dövlətin bazar iqtisadiyyatına keçməsi üçün fəaliyyətin istiqamətlərini müəyyənləşdirdi, müasir dünyəvi, demokratik, hüquqi və hərtərəfli inkişaf etmiş Azərbaycanın bərqərar olması üçün köklü islahatlar həyata keçirilməsini təmin etdi. Beləliklə, dövlət sosialist ictimai–iqtisadi formasiyasından uğurla bazar iqtisadiyyatına keçməyə başladı. Dünya bazarına inteqrasiya üçün ilk illərdə təbii ki, ən böyük beynəlxalq bazar olan Avropaya Azərbaycan nefti və qazı ilə çıxmaq həyati əhəmiyyət kəsb edirdi. Heydər Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində bütün maneələrə rəğmən dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi” bağlandı. Bu tarixi hadisə ölkəmizin iqtisadi dirçəlişinin çox mühüm təməli idi. Bu müqavilə nəticəsində ölkəmizə cəlb olunan xarici investisiya sayəsində Bakı–Tbilisi–Ceyhan neft və Bakı–Tbilisi–Ərzurum qaz ixrac kəmərləri layihələri reallaşdı. Nəticədə Azərbaycan Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevrildi. Bu kursu inamla həyata keçirməyə başlayan Azərbaycan ulu öndərin layiqli siyasi varisi və davamçısı ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə hər il yeni–yeni uğurlara imza atır. Dövlət başçısının rəhbərliyi ilə ulu öndərlə başlayan keçid dövrünü ən qısa zamanda və uğurla başa çatdırmaq üçün 2004–2008–ci illərdə regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı qəbul edildi.

O illərdə ölkə iqtisadiyyatının qarşısında və sosial sahədə həll olunası çox mühüm məsələlər dururdu. Dövlət rəhbəri I Dövlət Proqramının mahiyyəti barədə deyib: “2004–cü ilin əvvəlində proqramın qəbul edilməsinin bir neçə səbəbi var idi. İlk növbədə, bölgələrin inkişafı, əlbəttə ki, diqqət mərkəzində duran vəzifə idi. Bölgələrin inkişafı üçün infrastruktur layihələrinin icrası məsələləri qarşıda dayanmışdı. Eyni zamanda sahibkarlığın inkişafı, dövlət dəstəyinin gücləndirilməsi və bütün bu məsələlərin bir–biri ilə əlaqəli şəkildə həll edilməsi proqramın əsas mahiyyətini təşkil edirdi. Yerli istehsalın artırılması, ixracdan asılılığın azaldılması, iş yerlərinin yaradılması və beləliklə, yoxsulluğun, işsizliyin aradan qaldırılması məsələləri də böyük əhəmiyyət kəsb edirdi. Yəni regionların sosial–iqtisadi inkişafı Dövlət Proqramı, əslində, ölkəmizin uğurlu, dayanıqlı inkişafı, iqtisadiyyatımızın şaxələndirilməsi üçün ən vacib və ən əsas iqtisadi alətə çevrilmişdir”. Ölkə Prezidentinin müəyyən etdiyi hədəflər reallığa çevrildi. 2009–cu ildə keçid dövrü başa çatdı.

Ölkəmizin bütün bölgələrində iqtisadi potensialın aşkara çıxarılaraq dövriyəyə cəlb edilməsi, həm də dövlətdə hərtərəfli inkişafa, demoqrafik tarazlığa, sosial rifaha, siyasi nüfuzun yüksəlməsinə, rayonlarımızın da dünya bazarlarına uğurla çıxmasına zəmin yaratdı. Hazırda ölkəmiz regionun davamlı inkişaf edən lider dövləti və dünyada söz sahibidir. Təsadüfi deyil ki, iqtisadi rayonlarımızda həyata keçirilən layihələr Azərbaycanın real iqtisadiyyatının davamlı inkişafını təmin edib. 2003–cü ildən bəri ümumi daxili məhsul üç dəfə, qeyri–neft ÜDM–i isə 2,4 dəfə artıb. Son doqquz ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötmüşdür. İstehsal sahələrinin inkişafı, real iqtisadiyyatda güclü tərəqqi yeni iş yerlərinin yaradılmasına zəmin yaratdı. Hazırda işsizliyin səviyyəsi 5,2 faizdir, yoxsulluğun göstəricisi isə 44,7 faizdən 6 faizə enib. Müqayisə üçün deyək ki, dünyanın ən inkişaf etmiş qitəsi Avropada 17 ölkədə bu gün işsizlik rekord həddə–17 faizə çatıb. Avropa Birliyinin 27 ölkəsində işsizlərin sayı 76 min artaraq 26,34 milyon nəfərə çatıb və işsizliyin səviyyəsi yanvar ayının göstəricisi 10,8 faiz ilə müqayisədə fevralda 10,9 faiz təşkil edib. Avroməkan gəncləri arasında işsizlik 23,9 faiz olub. İspaniyada işsizlik orta göstəricidən iki dəfədən də artıq yüksələrək 55,7 faizə çatıb. Bu göstəricilər Portuqaliyada 38,2, İtaliyada 37,8 faizdir və s.

Hazırda Azərbaycan regional tranzit qovşağına çevrilir. Avropanı və Asiyanı birləşdirən ölkəmizdə sosial–iqtisadi proseslər dünyanın aparıcı dövlətlərinin və nüfuzlu qurumlarının diqqət mərkəzindədir. Azərbaycanda səfərdə olan Kanada–Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin: “Biz Azərbaycanın regiondakı mövqeyini, dünyəvi demokratik dövlət quruculuğu yolunda atdığı mühüm addımları qiymətləndiririk. Ölkələrimiz arasında əlaqələrin daha da yaxınlaşması üçün yaxşı imkanlar vardır. Hesab edirik ki, bütün sahələrdə əməkdaşlığımızın genişlənməsi hər iki tərəfin xeyrinə olacaqdır”. Göründüyü kimi, Azərbaycanın həm mühüm geosiyasi mövqeyi, həm ölkədəki hüquqi, demokratik dövlət quruculuğu, həm də qarşılıqlı maraqlara əsaslanan beynəlxalq əməkdaşlığı hər bir tərəf üçün çox məqbul əlaqələrə səbəb olur. Azərbaycan bu gün ölkələrin inteqrasiyasında çox mühüm rol oynayan beynəlxalq layihələrin iştirakçısı və təşəbbüsçüsüdür. Vaşinqtonda yerləşən nüfuzlu Vodro Vilson Mərkəzinin Kinan İnstitutu və Qlobal Təhlükəsizliyin Təhlili İnstitutu tərəfindən “Qafqaz yolları və boru kəmərləri” mövzusunda keçirilən konfransda “Boru kəməri siyasəti: İnteqrasiya, əməkdaşlıq, şaxələndirmə” adlı ikinci paneldə çıxış edən ABŞ Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr Ofisinin direktoru Castin Fridman Cənub qaz dəhlizinin ABŞ Administrasiyasının prioritetlərindən hesab edildiyini, bp şirkətinin beynəlxalq əlaqələr üzrə baş direktoru Qreq Sandres isə Avropa ölkələrinin enerji tələbatının ödənilməsi baxımından Azərbaycan qazının və Trans–Anadolu Təbii Qaz Kəməri (TANAP) layihəsinin mühüm əhəmiyyətini qeyd etmişdir. Biz bunlara Avropa ilə Asiyanı birləşdirən Dəmir İpək Yolu olan Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisini də əlavə etsək, dövlətimizin Avropa ilə Asiya arasında çox mühüm strateji mövqe kəsb etdiyinin şahidi oluruq. Bu mövqenin bir sübutu da bu yaxın günlərdə Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsidir.

Dünya İqtisadi Forumunun təsisatı və icraçı direktoru Klaus Svabu forumu açarkən dediyi “Dünya İqtisadi Forumunun Azərbaycanda keçirilməsi bizim üçün bir qürurdur. Azərbaycan çox böyük imkanların olduğu bir ölkədir. Ümumiyyətlə, son illər ərzində ölkədə çox böyük iqtisadi artım göstəriciləri qeydə alınmışdır” sözləri ölkəmizin davamlı və sürətli inkişafımızın beynəlxalq nüfuzlu qurumların diqqətində olmasının sübutudur.

Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq mövzusunda keçirilən forumda regionda investisiyaların perspektivləri və onun sonrakı inkişafı məsələləri müzakirə edilir.

Azərbaycan Prezidenti forumun açılışındakı çıxışında regional əməkdaşlığın Avrasiya məkanında və dünya iqtisadi inteqrasiyasında zəruri roluna diqqət çəkmiş, ölkəmizin bu prosesin daim genişləndirilməsində marağına, digər mənafeləri olan dövlətlər üçün də bu əlaqələrdə iştiraklarının çox mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir: “Azərbaycan regional əməkdaşlıqda öz rolunu oynayır.

1990–cı illərin ortalarında başladığımız layihələr nəinki Azərbaycanın iqtisadi inkişafına, o cümlədən geniş regional əməkdaşlığa yönəlmişdir. Biz Xəzər dənizini xarici sərmayələr üçün açıq elan edən ilk ölkə olduq. Biz Xəzər dənizindən Aralıq dənizinə və Qara dənizə dəhliz yaradan ilk ölkəyik. Neft və qaz dəhlizləri sonra ümumi geosiyasi və enerji dəhlizi rolunu oynamağa başladı. Hazırda biz Azərbaycan, Gürcüstan və Türkiyə arasında mühüm dəmir yolu xətti layihəsini yekunlaşdırmaq üzrəyik və bu, dostumuz cənab Starm dediyi kimi, sırf regional layihə olmayacaqdır. Bu, Avropanı Asiya ilə Azərbaycan və qonşu ölkələr vasitəsilə bağlayacaq layihə olacaqdır… Son dövrün ən mühüm nailiyyətlərindən biri TANAP–Trans–Anadolu boru kəməri layihəsi oldu… Azərbaycanın nəhəng qaz ehtiyatlarını və regiondakı potensial resursları nəzərə alsaq, bu dəhliz gələn onilliklər ərzində mühüm rol oynaya bilər. Əlbəttə ki, regional əməkdaşlıq yalnız siyasi baxımdan sabit və inkişaf edən ölkələrlə baş tuta bilər. Biz nəqliyyat, marşrutları, əməkdaşlıq və inteqrasiya haqqında danışacağıq. Bu isə yalnız prosesə cəlb olunan bütün ölkələrin eyni münasibəti olduqda mümkündür. Şadam ki, Xəzər regionu, Mərkəzi Asiya və bu regionda Azərbaycan, biz gələcəyimizi sıx münasibətlərdə və əməkdaşlıqda, xalqlarımız üçün daha yaxşı həyatı, ölkələrimiz üçün daha yaxşı gələcəyi təmin etmək məqsədilə səylərimizin inteqrasiyasında və birləşdirilməsində görürük”.

İş ondadır ki, hazırda Avropada tənəzzül davam edir, lakin ölkəmizin yerləşdiyi bu regionda Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2013–cü ildə iqtisadi artım 7 faiz təşkil edəcəkdir. Bakıda keçirilən forumda sənaye, infrastruktur, təbii sərvətlər, kənd təsərrüfatı, maliyyə və telekommunikasiya sahələrinin və s. inkişafına dair məsələlər müzakirə olunur. Təbii ki, hazırki müasir şəraitdə iqtisadi inteqrasiya davam edən tənəzzülün qarşısını almaqda mühüm şərtlərdən biridir. Azərbaycanın yüksək templə inkişafına və beynəlxalq nüfuzuna digər dəlil ötən il dekabrın 8–də Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında I Avropa oyunlarının 2015–ci ildə Bakıda keçirilməsi haqqında qərarıdır. Bu, ölkəmiz üçün tarixi bir qərardır. Belə ki, Avropa kimi inkişaf etmiş qitə dövlətlərinin ilk Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə razı olmaqları o deməkdir ki, ölkəmizdə bu yüksək səviyyəli tədbirin keçirilməsi üçün istər sosial, istər iqtisadi, istərsə də siyasi baza mövcuddur. Bu qərar böyük etimad və məsuliyyət və həm də Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdəki hərtərəfli inkişafa və o cümlədən idman sahəsindəki uğurlarımıza verilən qiymətdir.

Hər bir dövlət özünün sosial–iqtisadi inkişafı, geniş, qarşılıqlı mənafelərə əsaslanan beynəlxalq əməkdaşlığı, siyasi nüfuzu ilə dünyada öz mövqeyini müəyyən edir və bu zəminə əsasən də etimad və hörmət qazanır. Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının baş redaktoru Ceyson Con nəşrin Azərbaycana həsr olunmuş növbəti xüsusi buraxılışının təqdimat mərasimindəki çıxışında dediyi: “Bu bizim Azərbaycana həsr etdiyimiz üçüncü nəşrimizdir və ölkənin iqtisadiyyatı ildən–ilə inkişaf etdiyi kimi, bizim Azərbaycan ilə bağlı nəşrimizin sayı da artır. Hər il olduğu kimi, bu il də biz Azərbaycanın gələcəyini formalaşdıran dövlət sektorunun və özəl bölmənin liderlərinin fikirlərini nəşr etməyə çalışmışıq… Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdən etibarən və Prezident İlham Əliyevin hakimiyyətdə olduğu indiki dövrdə ölkə sürətli iqtisadi inkişaf mərhələsini yaşayır. Sovet iqtisadi modelinin məhdudiyyətlərindən xilas olan Azərbaycan bazar iqtisadiyyatına doğru sürətlə irəliləyərək regional və qlobal iqtisadi və geosiyasi uğurlar qazanmışdır… İndi Azərbaycan orta gəlirli iqtisadiyyata malik bir ölkədir. Yaxın 10 ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş ölkə statusuna malik olacaqdır. Beləliklə, Azərbaycan inkişaf etmiş bazar iqtisadiyyatına malik olmağa çalışan Birləşmiş Ərəb Əmirlikləri və Qətər kimi yüksək gəlirli ölkələr sırasına qoşulur” sözləri ölkəmizin beynəlxalq ictimai rəydə qazandığı mövqenin bariz sübutudur.

Bu gün Azərbaycanın müasir elmi–texniki bazası, iqtisadi modeli və bu zəmində inkişaf edən güclü iqtisadiyyatı vardır. Dünya iqtisadiyyatına inteqrasiya heç də bu nəhəng bazarla bağlanmaqla ondan asılı olmaq deyil, əksinə, müstəqil iqtisadi siyasətlə, milli mənafeləri qorumaqla, qarşılıqlı maraqlar əsasında bu geniş məkanda bazarların tələbinə yüksək keyfiyyətli məhsullar təklif etməklə öz mövqeyini daim möhkəmlətməkdir. Bu yolla gedən Azərbaycan müasir qloballaşma prosesində çox uğurla iştirak edir. Ölkəmizin milli mənafelərə əsaslanan siyasətinin nəticəsidir ki, öz müstəqilliyini cəmi 21 il əvvəl bərpa etmiş gənc dövlətimiz tarix baxımından ən qısa zaman kəsiyində iqtisadiyyatını dirçəldərək onun çoxşaxəliliyinə nail olaraq, qlobal böhranın fəsadlarının hələ də davam etdiyi bir şəraitdə geniş tərəqqi yolunda inamla irəliləyir. İqtisadi potensialın aşkara çıxarılıraq dövriyyəyə cəlb edilməsi davamlı sürətli sosial–iqtisadi inkişafa və sosial rufahın daim yüksəlməsinə zəmin yaradıb.

Dövlətimizin iqtisadi gücü və siyasi nüfuzu daim artır. Ölkə rəhbəri yürüdülən siyasətin mahiyyəti barədə deyib: “Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndirirk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz artsın. Nəyə görə? Ona görə ki, insanlar daha yaxşı yaşasınlar. Budur əsas məqsəd”.

 

 

Ataş CƏBRAYILOV

 

Respublika.- 2013.- 14 aprel.- S. 1; 2.