Hakimlərin obyektiv və qərəzsiz olması onların seçim prosesinin şəffaflığı ilə bağlıdır

 

Qədim yunan filosofu Epiktet yazırdı ki, özünü daxilən hakimlik yerinə layiq bilməyən insan başqaları haqqında hökm çıxarmamalıdır. Bu fikirdə bütün dövrlər üçün aktual olan böyük bir hikmət var. Hakimlik peşəsini seçən şəxs həm mənəvi, həm də peşəkarlıq baxımından bu işə tam hazır olmalıdır. Çünki onun çıxardığı qərar insan taleyini köklü şəkildə dəyişə, onun həyatının sonrakı axarını müəyyənləşdirə bilər. Hakimin fəaliyyətində ədalətlilik prinsipi onun işinin qayəsi olmalıdır. Elə dahilərin də dediyi kimi, ədalət dövlətlərin humanizm siyasətinin əsasını təşkil edir.

Azərbaycanın məhkəmə sistemində aparılan köklü islahatlar ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, insan hüquq və azadlıqlarının etibarlı qorunmasına, vətəndaşların məhkəmələrə inamının gücləndirilməsinə xidmət edən genişmiqyaslı mütərəqqi tədbirlər müasir dövrümüzdə daha geniş vüsət almış, hakimlərimizin müstəqilliyinin təmin olunması, seçimi, təyinatı, xüsusilə yüksək ədalət hissinin, peşəkarlığının artırılması üçün məqsədyönlü addımlar atılmış və tam əminliklə söyləmək olar ki, artıq bu istiqamətdə görülən işlər öz müsbət nəticəsini verməkdədir və qazandığımız nailiyyətlər beynəlxalq aləmdə də etiraf olunur.

Sözsüz ki, məhkəmə–hüquq sistemimizin bugünkü inkişafı ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqəti və verdiyi müstəsna əhəmiyyəti nəticəsində mümkün olmuşdur. Hamıya yaxşı məlumdur ki, keçmiş sovetlər dövründə məhkəmələr “cəza orqanı” təəssüratını yaradırdı və insanlar pozulmuş hüquqlarının müdafiəsi üçün digər orqanlara müraciət etməli olurdular. Bu isə, öz növbəsində, məhkəmələrin cəmiyyətdə nüfuzunun aşağı, vətəndaşların bu orqanlara inamının zəif olması ilə səciyyələnirdi.

Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən və sosialist sistemindən azad olduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin SSRİ–dən miras qalmış, totalitar rejimə xarakterik olan hüquq sistemi qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsini, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşdırılmasını tələb edirdi.

Amma unutmaq olmaz ki, müstəqilliyimizin ilk illərində xalqımız öz tarixinin mürəkkəb dövrünü yaşamışdır. Suveren dövlətdə yaşamaq arzusunu yenicə gerçəkləşdirən xalqımız o vaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi, hakimiyyət hərisliyi ucbatından ümidsizliyə düçar olmuş və müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi.

Belə bir ağır günlərdə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda rəhbərliyə qayıtması və xalqımızı düşdüyü çətin və mürəkkəb vəziyyətdən xilas etməsi ölkədə yeni dövrün başlanğıcını qoymuşdur. İlk növbədə, dahi lider müasir Azərbaycan dövlətinin qurucusu və memarı kimi ölkəmizin müstəqilliyinə əbədi həyat verdi, respublikamızı tənəzzül etmiş dövlətdən sürətli inkişaf yolu ilə inamla irəliləyən ölkəyə çevirdi, ölkədə ictimai–siyasi sabitlik bərqərar olundu, bütün sahələrdə köklü islahatlara başlandı.

Bu islahatlar ölkəmizin hüquq sistemindən də yan keçə bilməzdi. Ulu öndərimizin bilavasitə təşəbbüsü ilə inkişaf etmiş dövlətlərin məhkəmə–hüquq təcrübəsi, ümumbəşəri demokratik prinsiplər ölkəmizdə başlanılmış köklü məhkəmə–hüquq islahatlarının əsasını təşkil etdi. Bu gün tam əminliklə söyləyə bilərik ki, ölkəmizdə milli müstəqil məhkəmə sistemimizin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Dahi rəhbərimiz tərəfindən aparılmış mütərəqqi məhkəmə–hüquq islahatları nəticəsində ölkəmizdə yeni–üçpilləli məhkəmə sistemi yaradılmışdır ki, bu sistem işlərə baxılarkən onların dəfələrlə müxtəlif instansiyalarda araşdırılmasının qarşısının alınmasına, bununla da süründürməçiliyə səbəb olan, köhnə sistemdən miras qalmış nəzarət instansiyasından imtina edilməsinə, əhalinin məhkəmələrə olan inamının artmasına, dövlətin adından çıxarılan məhkəmə qərarlarının qətiliyinə, mütləqliyinə və onlara hörmətlə yanaşılmasına imkan yaratmışdır.

Qeyd etmək lazımdır ki, müstəqil məhkəmə hakimiyyətinin yaradılması üçün yeni məhkəmə sisteminin təşkili, məhkəmələrin quruluşunu və hakimlərin statusunu müəyyən edən qanunların qəbul edilməsi ilə yanaşı, açıq, ədalətli və effektli ədalət mühakiməsini həyata keçirən layiqli və peşəkar hakimlər korpusunun yaradılması da zəruri şərtlərdən biridir.

Respublikamızda ilk dəfə olaraq hakimlərin demokratik prinsiplərlə, şəffaf prosedur əsasında, aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun seçilməsi müstəqil məhkəmə hakimiyyətinin formalaşması istiqamətində mühüm addım olmaqla bərabər, həm də tarixi bir hadisədir. Belə ki, 2000–ci ildə ilk dəfə olaraq hakimlərin yeni qayda üzrə, şəffaf prosedur əsasında test üsulu ilə seçimi aparılmış, hakim korpusunun tərkibi 60 faizə qədər təzələnmişdir.

Xüsusilə vurğulanmalıdır ki, ümummilli liderimiz Heydər Əliyev 2000–ci ilin sentyabrında ABŞ–a rəsmi səfəri zamanı respublikamızda aparılan islahatlar barədə danışarkən ölkəmizdə hakimlərin demokratik üsullarla seçilməsinin nəticəsini yüksək qiymətləndirmişdir.

Bu il 90 illik yubileyini dövlət səviyyəsində geniş qeyd etdiyimiz əbədiyaşar liderimiz Heydər Əliyevin məhkəmə–hüquq sisteminin inkişafında xidmətləri danılmazdır. Şərəflidir ki, 20 illik hakimlik fəaliyyətimin ilk illərində dahi rəhbərimizin təşəbbüsü ilə həyata keçirilən məhkəmə–hüquq islahatlarının şahidi olmuşam. Bizim bu gün ən vacib vəzifələrdən biri məhz fəaliyyətimizi ümummilli liderimizin müəyyən etdiyi yüksək tələblərə uyğun qurmaqdan ibarətdir. Mənəvi saflıq, yüksək mənəvi keyfiyyətlərə malik hakim kimi ədalət mühakiməsini səmərəli həyata keçirmək, insan hüquq və azadlıqlarını etibarlı müdafiə etmək, şərəfli hakim adını daim uca tutmaq hər birimizin borcudur.

Məhkəmə sisteminin islahatı hər bir dövlətdə əsas prioritetlərdən biridir. Ölkəmizin də iqtisadi və sosial həyatının sürətli inkişafı məhkəmə sisteminin təkmilləşdirilməsi işini daim gündəmdə saxlayır. Bu gün məhkəmə islahatları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilərək müasir mərhələyə keçmiş, ədalət mühakiməsinin inkişafında keyfiyyətcə yeni dəyişikliklər baş vermişdir.

Məhkəmələrin işinin təkmilləşdirilməsi və onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə 2004–cü ildə “Məhkəmə–Hüquq Şurası haqqında” qanun qəbul olunmuş, “Məhkəmələr və hakimlər haqqında” qanuna hakimlərin seçim prosedurunun yeni dəyərlər əsasında müəyyənləşdirilməsini, məhkəmələrin işində şəffaflığın təmin edilməsini nəzərdə tutan dəyişikliklər edilmişdir. Eyni zamanda, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni qurum — Məhkəmə–Hüquq Şurası təşkil edilmiş, ilk dəfə yaradılmış Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim vəzifələrinə namizədlərin seçilməsi prosesinə başlanılmışdır.

Ölkəmizdə hakimlərin seçilməsi prosesinə böyük önəm verilərək Avropada ən qabaqcıl təcrübə tətbiq olunmuşdur. Mürəkkəb və çoxmərhələli imtahanlardan ibarət olan seçim prosedurları nəticəsində son illər ərzində 235 nəfər hüquqşünas yüksək hakim adına layiq bilinmişdir. Bu, mövcud hakim korpusunun yarısı deməkdir.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son dövrlər əhalinin məhkəmələrə müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə regional apelyasiya, inzibati–iqtisadi məhkəmələr, ağır cinayətlərə dair işlər üzrə məhkəmənin əsasında isə ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələri yaradılmışdır.

Yeni yaradılan məhkəmələrdən biri də Şəki Ağır Cinayətlər Məhkəməsidir. İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Yevlax, Ağdaş, Mingəçevir, Göyçay rayonları üzrə fəaliyyət göstərən məhkəmə həmin ərazi yurisdiksiyası çərçivəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə ağır və xüsusilə ağır cinayət hesab olunan əməllər üzrə cinayət işlərinə baxır, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət törətmiş şəxslərin verilməsi məsələsini həll edir.

Məhkəmənin fəaliyyətinin yüksək tələblər səviyyəsində, müasir standartlara uyğun qurulması üçün məqsədyönlü tədbirlər görülür. Ötən ilin sonunda ədliyyə naziri, Məhkəmə–Hüquq Şurasının sədri Fikrət Məmmədovun iştirakı ilə Şəkidə yeni Məhkəmə Kompleksinin təməlinun qoyulması bizim üçün olduqca əlamətdar olmuşdur. Bölgənin 4 məhkəməsini birləşdirəcək bu komplesə, eyni zamanda Şəki Ağır Cinayətlər Məhkəməsi də daxil olacaqdır. Kompleks həmçinin, ən müasir rabitə və informasiya texnologiyaları ilə təchiz olunmaqla vətəndaşlara lazım olan informasiyanı asanlıqla əldə etməyə, habelə məhkəmə iclaslarında audio–video yazılışlarını və videokonfransları aparmağa imkan yaradacaqdır. Sözsüz ki, məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzunun ən mühüm göstəricilərindən biri məhkəmə binalarının onların yüksək statuslarına uyğunluğudur. Müasir məhkəmə infrastrukturunun yaradılması bu sahədə aparılan islahatların tərkib hissəsidir.

Ümumilikdə həyata keçirilən islahatlar göstərir ki, Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, peşəkar hakim korpusunun formalaşdırılması və digər konseptual məsələlərin həlli dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Tam əminliklə söyləmək olar ki, ölkə Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi məhkəmə–hüquq islahatları bundan sonra da uğurla davam etdirilərək yeni–yeni nailiyyətlər əldə olunacaqdır.

 

 

Elxan SÜLEYMANOV,

Şəki Ağır Cinayətlər

Məhkəməsinin sədri

 

Respublika.- 2013.- 14 aprel.- S. 3.