Ali təhsil sistemi
inkişafının prioritet istiqamətləri
“Azərbaycan—2020:
Gələcəyə baxış” inkişaf konsepsiyası
Ölkə rəhbərliyi səviyyəsində qəbul olunan Dövlət Proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli icra olunması elmi üçbucağa — “nəzəriyyə, ideologiya və texnologiya”ya əsaslandığına görə ölkəmizin ictimai həyatının bütün sahələrində məqsədyönlü inkişaf əldə edilmişdir. Tam əminliklə demək olar ki, “Azərbaycan—2020: Gələcəyə baxış” inkişaf konsepsiyasının nəzəri, ideoloji və texnoloji istiqamətləri geniş və sistemli şəkildə hazırlanıb. Konsepsiyada müasir dünyada hər bir ölkənin uğurlu gələcəyinin həmin ölkədə elm və təhsilin səviyyəsi ilə müəyyən olunması xüsusi qeyd olunur.
Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil. Cənab Prezident İlham Əliyevin dəfələrlə ifadə etdiyi kimi, əsas məqsəd bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Hazırda ABŞ, Yaponiya, İngiltərə, Avstraliya, Türkiyə və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə edirlər.
Bu baxımdan Konsepsiyanın əsas prioritetlərindən birini sosial sahələrin və insan kapitalının inkişafı təşkil edir. Konsepsiya çərçivəsində təhsildə keyfiyyətin artırılması məsələsi prioritet istiqamətlərindən biridir. Bu, indiki mərhələdə ali təhsil sisteminin ən zəruri vəzifəsidir.
“Təhsil haqqında” Azərbaycan Respublikasının 2009–cu il 19 iyun tarixli 833–III Q nomrəli Qanununun qüvvəyə minməsi təhsil sistemində baş verən bütün proseslərin tənzimlənməsi, vahid qanunvericilik bazasının yaradılması və ölkədə fəaliyyət göstərən təhsil müəssisələri hüquqi statusunun dəqiq müəyyən edilməsi baxımından çox mühüm amildir. Yeni qanunun qüvvəyə minməsi ali təhsilimizin Boloniya prosesinə qoşulmasının sürətləndirilməsi və ali təhsil müəssisələrimizin bu prosesin tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin artmasına səbəb olub. Ümumiyyətlə, 2009–2010–cu tədris ili ali təhsil müəssisələrində kredit sistemi tətbiqinin genişlənməsi, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu prosesinin daha da təkmilləşdirilməsi, ali təhsil müəssisələrinin yeni maliyyələşdirmə mexanizminin tətbiqinə başlanması və s. yeniliklər ilə xarakterizə oluna bilər. “Təhsil” qanununun icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”nın, “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydaları”nın təsdiq edilməsi haqqında müvafiq qərarlar qəbul edilib və bu istiqamətdə işlər davam etdirilir.
Son illərdə ölkəmizin modernləşdirilməsinə istiqamətlənmiş sosial–iqtisadi sahədə əldə olunmuş nailiyyətlər təhsil sahəsinə ayrılan dövlət büdcə vəsaitlərinin artımına müsbət təsiri vardır. Təkcə onu demək kifayətdir ki, 2003–cü ildə təxminən 1 milyard 200 milyon manat təşkil edən Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən illərdə 12 dəfədən çox artaraq 2013–cü ildə 20 milyard manat proqnozlaşdırılır. Təhsil sahəsinə ayrılan büdcə vəsaitlərinin ümumi həcmi 2003–cü illə müqayisədə 5 dəfədən çox artaraq 2012–ci ildə 1,5 milyard manat təşkil etmişdir. Ölkəmizdə ali təhsilin məzmunca yenilənməsinə istiqamətlənmiş islahat tədbirləri görülmüş, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bununla bərabər, Azərbaycan Respublikası 2005–ci il may ayının 19–dan Boloniya prosesinə rəsmi olaraq qoşulmuş və bununla da təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasında mühüm addım atılmışdır. Məqsəd Avropa təhsil məkanına daxil olmaq imkanını genişləndirmək, təhsilin keyfiyyətini və ona olan marağı daha da yüksəltmək, tələbə və müəllimlərin mobilliyini yüksəltmək, ali təhsil məktəblərinin məzunlarına diplomla yanaşı, diploma ümumi Avropa əlavəsi vermək, bütün akademik dərəcələri və kvalifıkasiyaları Avropa əmək bazarına yönəltməklə məzunlara işlə təmin olunmaq üçün şərait yaratmaqdır.
Azərbaycan Dövlət İqtisad
Universitetinin 4 fakültəsi 2006–cı ildən Boloniya prosesinə
qoşulub, digər fakültələrində isə 2008–ci
ildən kredit sisteminin tətbiqinə başlanıb. Təhsil Nazirliyi tərəfindən təsdiq
edilmiş standartlara əsaslanaraq kredit sisteminin bütün tələblərinə
cavab verən yeni tədris planları hazırlanıb və
2009–2010–cu tədris ilindən I kurslar həmin tədris
planlarına müvafiq təhsilə başlayıblar. Əvvəlki
illərdən fərqli olaraq, bu ildən tələbələr
üçün fərdi tədris planları tərtib olunub,
onların əsasında işçi tədris planları
qurulub və fənlər üzrə qruplar
formalaşdıqdan sonra dərs cədvəlləri tərtib
edilib. Eyni
zamanda kredit sisteminin əsasnaməsinə uyğun yeni jurnallar
tərtib olunaraq istifadəyə verilib. Bu jurnallarda sərbəst
işlər üçün ayrıca səhifə
ayrılaraq tələbələrin imtahana qədərki
ballarının hesablanması cədvəlləri yerləşdirilib.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu
ildən I və II kurslarda imtahanlar kompyuterlərlə təchiz
edilmiş xüsusi otaqlarda test üsulu ilə həyata
keçirilir. Hər bir fənn üzrə nəzərdə
tutulmuş test imtahanlarına ayrılan vaxt 1 saat 20 dəqiqə
olmaqla 50 sualdan ibarətdir və həı bir düzgün
cavab bir balla qiymətləndirilir. İmtahana qədərki
balların qabaqcadan proqrama daxil edilməsi nəticəsində
tələbələr imtahandan dərhal sonra öz yekun
ballarını görür və imtahanın nəticələri
dərhal çap olunur. Onu da qeyd etmək
lazımdır ki, virtual universitet bu nəticələrdə
heç bir dəyişikliklər etməyə imkan vermir.
Universitetdə imtahanlar başa çatdıqdan sonra tələbənin
təhsil proqramını mənimsəmə səviyyəsini
yoxlamaq üçün Ümumi Orta Müvəffəqiyyət
Göstəricisi (ÜOMG) hesablanır. ÜOMG kredit
sisteminin əsas atributlarından biridir. Bu
göstərici avtomatik olaraq virtual universitetin köməyi ilə
hesablanır. Məlum olduğu kimi, “Təhsil
haqqında” qanun çərçivə qanunu olduğu
üçün təhsilin ayrı–ayrı pillələri və
səviyyələri üzrə bir sıra sahəvi
qanunların da qəbul edilməsi nəzərdə tutulub.
Lakin bununla yanaşı, “bu gün Azərbaycanda universitetlər
ictimaiyyətin və iqtisadiyyatın ehtiyaclarına yetərincə
cavab verirmi” sualı ən çox müzakirə edilən
mövzular sırasındadır.
Universitetlər elmi bilikləri öyrənmək
arzusunda olanlara çatdıran və elmi
araşdırmaları fasiləsiz davam etdirən elmi mərkəzlərdir. XIX əsrdən
etibarən universitetlər daha çox araşdırmaya
yönəlik mərkəz vəziyyətinə keçdilər.
Modern universitet həm tədqiqat, həm də tədris
prosesini həyata keçirən araşdırma müəssisələridir.
Universitetlərdə bilik istehsal olunur və
burada istehsal edilən biliklər ictimaiyyətin hüquqi,
sosial–iqtisadi qərarlarına ciddi təsir edir.
Bununla əlaqədar
ali təhsil sisteminin inkişafı
üçün bütün mümkün innovasiya
potensialını və resursları zəruri inkişaf istiqamətlərinə
səfərbər etmədən mövcud vəziyyətin dəyişdirilməsinə
nail olmaq qeyri–mümkündür.
“Azərbaycan—2020:
Gələcəyə baxış” inkişaf konsepsiyasında
təhsildə keyfiyyətin yüksəldilməsi
üçün stimullaşdırıcı mexanizmlər
yaradılacağı və adambaşına maliyyələşdirmə
prinsipinin, həmçinin innovativ fəaliyyəti təşviqləndirən
qrant maliyyələşdirməsinin genişləndirilməsi
nəzərdə tutulur.
Qərb
universitetlərində ictimai elmlərin nümayəndərini
“düşüncə fabrikləri (think thanks) və ya
“düşüncə polisi” olaraq adlandırırır. Modern
Avropa universitetlərində alimlərin əməyinin ödənilməsində
üç əsas meyara ğörə qiymətləndirilir:
nəzəri biliklərə sahib alim və ya kabinet alimi; nəzəri
və praktiki biliklərə əsaslanan alim; nəzəri və
praktiki biliklərlə yanaşı, əldə etdiyi bilikləri
ictimaiyyətə çatdıra bilən və ictimai proseslərə
fikirləri ilə təsir edə bilən ekspert alim.
Ali təhsil
müəssisələrinin maliyyələşdirilməsi
mexanizminin təkmilləşdirilməsi “Təhsil haqqında”
qanunun 38–ci maddəsində nəzərdə tutulub: “Yeni maliyyələşdirmə
mexanizminin ən sadə anlamda məzmunu təhsil müəssisələrinin
hər bir təhsil alana düşən xərc
norması üzrə maliyyələşdirilməsindən
ibarətdir. Bu ildən başlayaraq sözügedən
mexanizmin hələlik ali təhsil müəssisələrində
tətbiqinə başlanacaqdır. Artıq bu barədə
Nazirlər Kabinetinin müvafiq qərarı var və Maliyyə
Nazirliyi, eləcə də Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası tərəfindən bu istiqamətdə
lazımi tədbirlər həyata keçirilir. Yeni maliyyələşdirmə
mexanizmi ali təhsil sistemində sağlam
rəqabət mübarizəsinin bərqərar olmasına,
dövlət və özəl ali məktəbləri
arasında ayrı–seçkiliyin aradan qaldırılmasına
və son nəticədə bütövlükdə ali təhsilin
keyfiyyətinin yüksəlməsinə səbəb
olacaqdır.
Artıq Azərbaycan Dövlət İqtisad Universitetində
rektorluq təhsilin keyfiyyətin yüksəldilməsi məqsədilə
nəticələrə əsaslanan diferensial əmək
haqqı və mükafatlandırma sistemini bütün
fakültələrdə tətbiq etməyə
hazırlaşır. Hazırda universitetin BİM və Maliyyə
fakültələri nəzdində açılan “Xüsusi
İstedadlar” qruplarında tələbələr tərəfindən
müəllimlərin qiymətləndirilməsi sisteminin tətbiqinə
başlanmış və bu sistemin tətbiqi müəllimlərin
öz üzərində daha da məsuliyyətlə işləməyə
məcbur edir. Dərsə çox hazırlıqlı gəlməsinə
yardımçı olur və bu isə öz növbəsində
ali məktəb rəhbərliyi ilə
müəllimlər arasında bağlanacaq müqaviləyə
təsir göstərir. XİQ–in bütün
auditoriyaları kompyuter və proyektorlarla təchiz edilmiş və
internetə çıxış əldə edilmişdir.
XİQ–də tələbələr uzun və
monoton mühazirə kursları yerinə, onlar professorların
tədqiqat fəaliyyətlərində iştirak edirlər.
Bu isə öz növbəsində onların gələcək
elmi–tədqiqat işlərinə olan marağını
stimullaşdıracaqdır. Təbii ki,
lazımsız və istifadə edilməyən bilikləri tələbələrə
izah etmək həm vaxt itkisi, həm də yorucu bir prosesdir.
Azərbaycanda biliklər iqtisadiyyatının
inkişafına və sosial–iqtisadi tərəqqisi kontekstində
universitet rəhbərliyi tələbələrə keçərsiz
və abstrakt nəzəri biliklər vermək yerinə onlara
həyatda keçərli nəzəri–praktiki biliklərin
öyrədilməsini məqsəd olaraq müəyyən
etmişdir.
Müasir
innovativ sistemlərə əsaslanaraq yüksək ixtisaslı
iqtisadçıların hazırlanması, fundamental və tətbiqi
elmi tədqiqatların aparılması, “Azərbaycanda biliklər
iqtisadiyyatı”nın inkişafına və
sosial–iqtisadi tərəqqiyə töhfə verilməsi məqsədilə
Azərbaycan Dövlət İqtisad Universiteti elmi–innovasiya
universitet statusu əldə etmək üçün ciddi
işlər görür. Bu strateji hədəfə nail olmaq məqsədilə
universitet rəhbərliyi professor–müəllim heyətindən
üç əsas parametrə cavab vermələrini şərt
qoyur: yaradıcı, yenilikçi və təşəbbüskar.
Bu məqsəd universitetdə daim elmi
axtarışda olan və yeni ideyalara sahib müəllimlərə
gərəkli münbüt şərait
yaradılmışdır.
KONSEPSİYA
çərçivəsində ali təhsil
müəssisələrinin ölkənin sosial–iqtisadi
inkişaf tələblərinə uyğun bilik və
bacarıqlara malik mütəxəssis hazırlanmasına dəstək
verən standartlar hazırlanması nəzərdə tutulur.
Bu məqsədlə Dövlət İqtisad Universitetində
ölkədə aparılan iqtisadi islahatlar çərçivəsində
müasir keyfiyyətli iqtisadçıların
hazırlığı məsələsi kafedralar
qarşısında mühüm vəzifə kimi
qarşıya qoyulmuş və özəlliklə dünya
maliyyə bazarlarının və xarici investisiya
axınlarının istiqamətlərini təhlil edən
mütəxəssislərin yetişdirilməsi ilə əlaqədar
ölkəmizdə ilk dəfə universitetin “dünya
iqtisadiyyatı” ixtisası nəzdində beynəlxalq maliyyə
bazarlarının fəaliyyətini öyrənən və
araşdıran “Beynəlxalq valyuta–kredit münasibətləri”
üzrə ixtisaslaşma qrupu açılmışdır. Həmin qruplara dərs deyən müəllim heyəti
əsasən beynəlxalq bankçılıq sahəsində
çalışan rəhbər və mütəxəssislərdən
təşkil olunur. Dərslərin daha da
yaxşı mənimsənilməsi üçün tələbələrin
istehsalat təcrübəsi marka və brendə malik şirkət
və banklarda keçirilir.
“Azərbaycan—2020:
Gələcəyə baxış” inkişaf konsepsiyasında
qeyd olunur: “Ali təhsil Azərbaycan təhsilinin dünya və
Avropa təhsil məkanına inteqrasiyası gücləndiriləcəkdir.
Təhsil standartlarının unifikasiyası və Boloniya
prosesinin dərinləşməsi ilə yanaşı, Azərbaycanın
təhsil ocaqlarının, xüsusilə də ali təhsil müəssisələrinin beynəlxalq
əlaqələrinin genişləndirilməsinə, təhsil
sahəsində həyata keçirilən beynəlxalq
proqramlara onların fəal cəlb olunması
üçün müvafiq şəraitin yaradılmasına
xüsusi fikir veriləcəkdir”.
İqtisad
Universitetinin xarici əlaqələrinin keyfiyyətcə
genişləndirilməsi strategiyasına bir neçə
vektorlar daxildir: Boloniya prosesi çərçivəsində
Avropanın aparıcı ali məktəbləri ilə əməkdaşlığın
genişləndirilməsi, Monpelye (Fransa) Universiteti ilə
TEMPUS layihəsinin, Maastrixt Universitetinin iqtisad məktəbi ilə
TACİS layihəsinin hazırlanması və
reallaşdırılması, İstanbul Universiteti ilə birgə
“Türk dünyası işlətmə” fakültəsinin
açılması, İndiana (ABŞ) Universiteti ilə birgə
Cənubi Qafqazda yeganə distant təhsil mərkəzinin
yaradılması, Harvard biznes məktəbinin tədris
proqramı üzrə ingilis dilli “Xüsusi İstedadlar Qrupu”
bölməsinin yaradılması, Hyuston Universiteti ilə tələbə
mübadiləsi üzrə layihənin
reallaşdırılması. İqtisad
Universitetində Moskva Dövlət İqtisadiyyat, Statistika və
İnformatika Universiteti ilə birgə MBA (Master Business
Administration) magistr hazırlığı proqramı fəaliyyət
göstərir.
Azərbaycan Dövlət İqtisad Universitetində
Dünya Bankının İctimai İnformasiya Mərkəzi,
Ümumdünya Ticarət Təşkilatının İstinad
Mərkəzi fəaliyyət göstərir. Hazırda
ADİU–da dünyanın 12 ölkəsindən olan 850–dən
çox tələbə və magistrant təhsil alır.
ADİU Avropa Universitetləri Assosiasiyası, İslam Ölkələrinin
Universitetləri Federasiyası, Avrasiya Ölkələrinin
Universitetləri Assosiasiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Ölkələrinin Universitetləri
Şurasının tamhüquqlu üzvüdür. Azərbaycan Dövlət İqtisad Universiteti Birləşmiş
Millətlər Təşkilatının Ticarət və
İnkişaf üzrə Konfransının “UNCTAD” Virtual
İnstitutunun üzvüdür.
KONSEPSİYA çərçivəsində ölkədə
innovativ iqtisadiyyatın yaradılması məqsədilə
elm və istehsal arasındakı əlaqələr gücləndiriləcək,
tətbiqi elmi araşdırmaların bazarın tələbatına
müvafiq olaraq aparılması məqsədilə zəruri
mexanizmlər yaradılması nəzərdə tutulur.
Azərbaycan
iqisadiyyatının aktual problemlərini, dünya
iqtisadiyyatının çağdaş inkişaf meyilləri
və Azərbaycanın geoiqtisadi əlaqələrinin qiymətləndirilməsi,
ictimai seçimin iqtisadi əsaslarının qiymətləndirilməsi
yönümündə elmi araşdırmaların
aparılması, geniş spektrli sosioloji tədqiqatların,
konsaltinq və audit xidmətlərinin təşkili məqsədilə
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində
İqtisadi Araşdırmalar Elmi–tədqiqat institutu fəaliyyət
göstərir. İnstitut cəmiyyətdə
baş verən iqtisadi proseslərə operativ reaksiya verir və
bilik iqtisadiyyatınm formalaşdırılması prosesində
yaxından iştirak edir.
Təhsilin
keyfiyyətinin yüksəldilməsi və beynəlxalq
standartların tədrisdə tətbiqinin sürətləndirilməsi,
həmçinin təhsil ilə ali məktəb elminin vəhdətinin
formalaşdırılması, elmi–tədqiqat işlərinin
müasir iqtisad elminin tələblərinə uyğun keyfiyyətcə
daha yüksək səviyyədə həyata keçirilməsi
məqsədilə universitet üç istiqamət üzrə
fəaliyyətini davam etdirir: nazirliklər və Dövlət
komitələrindən dövlət sifarişi şəklində
daxil olmuş problem xarakterli, eimi–tədqiqat xarakterli
mövzuların işlənilməsi; universitet əməkdaşları
tərəfindən dərslik və dərs vəsaitlərinin
xarici dillərdən Azərbaycan dilinə tərcüməsi
və univeristet əməkdaşları tərəfindən dərslik
və dərs vəsaitlərinin hazırlanması.
Ölkədə elmin vəziyyətinin ən önəmli
göstəricilərindən biri də keyfiyyətli elmi nəşrlərin
yayımıdır.
KONSEPSİYA çərçivəsində Ana dili ilə
bağlı yeni–yeni dərsliklər, lüğətlər və
sanballı elmi tədqiqatların aparılması nəzərdə
tutulur. Bu isə universitetlər qarşısında ciddi vəzifələr
qoyur.
“İqtisad
universiteti” nəşriyyatı aktiv olaraq elmi monoqrafiyalar, tədris–metodoloji
materiallar, analitik icmallar buraxır və ADİU–da “İqtisadi
elmlər: nəzəriyyə və praktika” və
“Geoiqtisadiyyat” jurnalları, həmçinin də
“İqtisadçı” qəzeti nəşr olunur.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəşriyyatı
tərəfindən dünya iqtisad elmi üzrə ən
çox qəbul edilmiş dərsliklər Azərbaycan dilinə
tərcümə edilmiş və nəşr edilmişdir. Son bir neçə ildə
ana dilində Azərbaycan Dövlət İqtisad Universitetinin
professor–müəllim heyəti tərəfindən
“İqtisadiyyat fəlsəfəsi”, “Beynəlxalq valyuta— kredit
münasibətləri və xarici ölkələrin pul–kredit
sistemi”, “Pul, kredit və banklar”, “Bank işi”, “Beynəlxalq
maliyyə”, “Korporativmaliyyə”, “Maliyyə” kimi dərsliklər
nəşr olunmuşdur. ADİU–da Tələbə
Tərcümə Mərkəzi fəaliyyət göstərir.
Onun əsas məqsədi —görkəmli klassik
iqtisadçıların fundamental əsərlərinin və
müasir tanınmış alimlərin, həmçinin Nobel
mükafatı laureatlarının monoqrafiyaları vətədqiqatlarının
Azərbaycan dilinə tərcümə edilməsidir. Mərkəzin tələbələri aktual ixtisaslar
və biznes–praktikumlar üzrə tədris–metodiki ədəbiyyatın
tərcüməsi layihələrində iştirak edirlər.
DİU dünya elm məkanına aktiv inteqrasiya olunur. Hər il
dünyada məşhur olan alimlərin iştirakı ilə
iqtisadiyyatın ənənəvi və yeni aktual problemləri
üzrə beynəlxalq konfranslar, forumlar, elmi seminarlar
keçirilir. ABŞ, Avropa, MDB, Asiyanın
qabaqcıl universitetləri ilə birgə onlayn rejimdə
video konfranslar təşkil edilir. ADİU
alimləri beynəlxalq elmi konfranslarda, dünyanın
tanınmış tədqiqat mərkəzlərində məruzələrlə
fəal çıxış edir, disskusiyalar və fikir
mübadiləsi aparırlar.
Beləliklə, konsepsiya çərçivəsində
qarşıya qoyulan sosial–iqtisadi hədəflərə nail
olunması yüksək səmərə ilə fəaliyyət
göstərən, dünya çapında yetərli rəqabət
gücünə malik iqtisadi sistemin formalaşmasını
şərtləndirir. Ölkənin davamlı iqtisadi yüksəlişinin təminatı
ilk növbədə qabaqcıl dünya təcrübəsindən
istifadə etməklə Azərbaycanda informasiya cəmiyyətinin
tələblərinə uyğun yeni bilik və
texnologiyaların istifadəsini, mənimsənilməsini və
yayılmasını təmin edən müasir innovativ sistemlərə
əsaslanan yüksək ixtisaslı kadrların
hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların
aparılması, “Azərbaycanda biliklər
iqtisadiyyatı”nın inkişafına və sosial–iqtisadi tərəqqiyə
töhfə verəcək universitetlərin
varlığına bağlıdır. Tarixi və müasir təcrübə
göstərir ki, belə bir sistem müasir innovativ modelə əsaslanan
yüksək ixtisaslı kadrları hazırlayan, fundamental və
tətbiqi elmi tədqiqatlar aparan Azərbaycanda modern universitetlər
üç məqsəd naminə fəaliyyət göstərməlidir:
araşdırma yolu ilə bilik istehsal etmək, tədris yolu
ilə gələcək nəsillərə bilik vermək və
əmək bazarının ehtiyacına uyğun mütəxəssislər
hazırlamaqdır.
KONSEPSİYA
çərçivəsində təhsil və elm sahəsinin
müasir tələblərin ehtiyacına uyğun istiqamətdə
inkişaf etdirmək məqsədilə
aşağıdakı tədbirlərin görülməsini
vacib hesab edirik:
Ali məktəblərdə
təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə
nəticələrə əsaslanan diferensial əməkhaqqı
və mükafatlandırma sisteminə keçid;
İqtisadiyyat
elmləri sahəsində ölkəmizin xaricdə
tanınmasında təsiri olacaq məqalə və
kitabların tərcüməsini təşkil etmək;
İctimai elmlərin inkişafını gücləndirmək
məqsədilə “İctimai elmlərə dəstək
fondu” yaratmaq.
İctimai
elmlərin müasir vəziyyəti və inkişaf
konsepsiyasını hazırlamaq məqsədilə “Təhsil–elm–dövlət
və iş dünyası ilə əməkdaşlıq” I
ümumrespublika forumunun keçirilməsi məqsədəuyğundur.
İctimai elmlərin inkişafında əməyi olan elm
xadimlərinə hər il müsabiqə
yolu ilə mükafatlar vermək, ictimai elmlər sahəsində
məşğul olan elmi məktəbləri Azərbaycan
ictimaiyyətinə tanıtmaq məqsədilə KİV–lərə
onların apardığı tədqiqat işləri və əldə
etdikləri nəticələr haqqında məlumatların
ötürülməsini təşkil etmək
lazımdır.
Təhsil və elmin mülkiyyət formasından
asılı olmayaraq bütün elm və təhsil təşkilatlarının
fəaliyyətini əlaqələndirən və tənzimləyən
Şura—Prezident yanında elm şurasının
yaradılması məqsədəuyğun olardı. Müasir
universitetlər əmək bazarının tələb etdiyi
mütəxəssislərini hazırlamalıdırlar. Əhalinin iqtisadi və maliyyə cəhətdan
maarifləndirilməsi məqsədilə “xalq məktəbləri”
açılması məqsədəuyğun olardı. Bundan başqa, universitetlərin elmi və tədris fəaliyyətində
audit keçirilməli və auditin nəticəsi olaraq elmi–tədqiqat
fəaliyyəti olmayan universitetlər, kafedralar,
laboratoriyaların fəaliyyətinə yenidən
baxılmalıdır.
Beləliklə,
modern ali məktəblərin məqsədi—öyrətmək
deyil, öyrənmək olmalıdır.
Öyrənməsini
bilməyən ali məktəblər,
öyrədən müəssisə də ola bilməzlər,
yəni özü öyrənməyənin
başqasını öyrədə bilməsi
mümkünsüzdür.
Universitetlərin professor–müəllim heyəti istənilən
sahədə elmi araşdırmalar həyata keçirə bilər
və onların nəticələrini nəşr etmək
imkanına malikdir. Ancaq bu müstəqil dövlətin varlığına
və bütünlüyü əleyhinə ola
bilməz və qəbuledilməzdir. Ümumiyyətlə
dünyanın heç bir ölkəsində universitetlər
dövlətin nəzarətindən kənar fəaliyyət
göstərmir və mümkün deyildir.
2020–ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən
inkişaf etmiş, rəqabətqabiliyyətli olması nəzərdə
tutulur. Göstərilən məqsədə çatmaq
üçün Azərbaycanda yeni bilik və
texnologiyaların istifadəsini, mənimsənilməsini və
yayılmasını təmin edən milli elmi–innovasiya
universitetin varlığına bağlıdır.
Artıq “Elm haqqında” və “Ali təhsil haqqında”
qanun layihələrinin hazırlanması məqsədilə
Milli Məclisin Elm və təhsil komitəsinin nəzdində
müvafiq işçi qrupları yaradılıb. Qanun layihəsinin
əsas məqsədi—Azərbaycan elminin inkişafını
sürətləndirmək olan “Elm haqqında” qanun layihəsi
elmin qanunvericilik bazasının yaradılmasına və elmi fəaliyyətlə
bağlı bütün proseslərin hüquqi tənzimlənməsinin
təmin olunmasına xidmət edəcək. Qanun layihəsində
elmi fəaliyyət sahəsində dövlət siyasətinin
məqsəd və prinsipləri, elmi fəaliyyətin
stimullaşdırılması mexanizmi, elmi işçilərin
hüquq və vəzifələri, elmin idarə olunması və
kordinə edilməsi sistemi, elmin maliyyələşdirilməsinin
yeni mexanizmi, innovasiyaların stimullaşdırılması,
elmi məktəblərin yaradılması və s. bu kimi məsələlər
təsbit edilib. Elmin nəticəliliyinin yüksəldilməsi,
Azərbaycan elminin dünya elmindəki çəkisinin
artırılması və elmi yeniliklərin praktikada tətbiqinin
genişləndirilməsi sözügedən qanun layihəsinin
ən ümdə keyfiyyətləri kimi qeyd oluna bilər.
Elmin
inkişafı Azərbaycanda dövlət siyasətinin
mühüm prioritet sahələrindən biridir və biliklərə
əsaslanan iqtisadiyyatı inkişaf etdirmək məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 2009–cu il 4 may tarixli 255
nömrəli sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin
inkişafı üzrə Milli Strategiya”
proqramında—fundamental elmlər üzrə tədqiqatları
genişləndirmək və fundamental elmlər üzrə
araşdırmaların müasir tələblər səviyyəsinə
çatdırılması vəzifələri təsbit
edilmişdir.
“Ali təhsil
haqqında” qanun layihəsinə gəldikdə, bu sahəvi
qanun olmaqla ali təhsil sferasında olan
münasibətlərin tənzimlənməsi
üçün hüquqi baza rolunu oynayacaq. Layihə “Təhsil
haqqında” qanunda müəyyən edilmiş ümumi prinsiplərdən
çıxış etməklə ali təhsilin təşkili
və idarə olunması sistemini, ali təhsilin hər bir səviyyəsində
(bakalavriat, magistratura və doktorantura) tədrisin təşkili
və səviyyələr arasında üzvi
bağlılığın təmin olunması mexanizmini, ali təhsil
müəssisələrinin hüquqi statusunu, ali təhsilin
yeni maliyyələşdirmə sistemini, ali təhsil müəssisələrində
elmlə tədrisin effektiv vəhdətinin bərqərar
olunmasını müəyyən edir.
Zahid MƏMMƏDOV,
iqtisad elmləri doktoru, professor
Respublika.- 2013.- 14
aprel.- S. 4.