BAYTARLIQ SAHƏSİNDƏ
OLAN PROBLEMLƏRİN HƏLLİNƏ DÖVLƏT DƏSTƏYİ
Müstəqil Azərbaycan 2013–cü
ilin ikinci rübünə
uğurlarla qədəm qoyub.
Ölkə başçısı İlham
Əliyevin yorulmadan apardığı daxili və xarici siyasət
bu uğurların təməl
daşını təşkil edir. Bölgələrdə həyat qaynayır, əmək
adamları görülmüş işlərdən
fərəhlənir, qarşıdakı mübariz
vəzifələrin yerinə yetirilməsi uğrunda
səyləri artırırlar. Ərzaq təhlükəsizliynin
təmin olunması aparılan gərgin işlərin
mayasını təşkil edir. Bu işdə baytarlıq xidməti
işçilərinin rolu və məsuliyyəti
olduqca böyükdür.
Rayonlarda olarkən sahənin
işçiləri ilə söhbət etdik.
Hamı bir nəfər kimi
qazanılmış nailiyyətlərdən gələcəyə
inam hissi ilə
söhbət açdı.
Nizami Bayramov, Beyləqan rayon
Baytarlıq İdarəsinin rəisi:
—Kənd adamları ölkə rəhbərliyinin aqrar sahə qarşısında qoyduğu vəzifələrin mahiyyətini yetərincə dərk edirlər, ona görə də ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında var qüvvəylə çalışırlar. Cənab İlham Əliyev son tədbirlərdə, habelə Beyləqana səfəri zamanı kənd əməkçilərinin ünvanına xeyli gərəkli söz söyləmişdir. Bir daha əyani şəkildə görürük ki, dövlət başçısı kənd adamlarının əməyinə necə böyük qiymət verir, onların işlərinin irəli getməsindən ötrü necə böyük qayğı və diqqət göstərir. Torpaq sahiblərinə və aqrar sahənin digər sahələrində çalışan insanların normal fəaliyyəti üçün normal şərait yaradılır. Onlar da möhtərəm Prezidentimizin dediklərindən ruhlanaraq yalnız yenilik həvəsi ilə işləyirlər. Bütün bunlar göstərir ki, müəyyən problemlərə baxmayaraq, onlar dövlətin və onun başçısının müəyyən etdiyi vəzifələrə cavab olaraq öz sözlərini daha böyük əzmkarlıqla deyəcək, Vətəni əmək nailiyyətləri ilə sevindirəcəklər.
Bizim rayonun iqlimi, su, torpaq və relyefi mal–qara və davar bəsləmək üçün daha səmərəlidir. Bu, elə bir ənənəvi sahədir ki, gərək heyvanlara hər zaman yaxşı baxasan, yemini–suyunu bol eləyəsən, xəstəliklərdən qoruyasan. Bizim müəssisə bu işdə həmişə nümunə, uzun illər boyu təcrübə məktəbi olmuşdur. Kənd zəhmətkeşlərinin gərgin zəhmətinə verilən yüksək qiymət və göstərilən dəstək rayonumuzun zəhmət adamlarının əmək əzmini günbəgün artırır.
2012–ci ildə kollektivimizin əməksevər üzvləri 24747 baş iribuynuzlu, 4312 baş xırdabuynuzlu heyvanlarda qan nümunələrinin yoxlanılmasını həyata keçirmiş, bruselyoza yoluxmuş heyvanlar zərərsizləşdirilmişdir. Qarayara xəstəliyinə qarşı 59996 baş iribuynuzlu, 282871 baş xırdabuynuzlu, 2000 təkdırnaqlı heyvanlarda əməli profilaktik tədbirlər aparılmışdır. 107000 baş iribuynuzlu, 146000 baş xırdabuynuzlu heyvanda dabaq, 14694 baş iribuynuzlu, 15663 baş xırdabuynuzlu heyvanlarda leptospiroz xəstəliklərinə, 88146 baş heyvanda brusellyoz xəstəliyinə, 287000 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyi əleyhinə, 383500 ev quşlarında Nyukasl xəstəliyinə qarşı peyvəndləmə işləri görülmüşdür. Hazırda profilaktik tədbirlər epizootik plana uyğun olaraq davam etdirilir. Baytarlıq mütəxəssisləri tez–tez yerlərdə olur, xəstəliklərə qarşı mübarizənin təşkilində fermerlərə və fiziki şəxslərə əməli kömək göstərirlər. Müntəzəm olaraq seminarlar keçirilir, əhaliyə lazımi təlimat və izahat verilir.
Şübhəsiz ki, görülmüş işlər son hədd deyildir, xüsusən mal–heyvan saxlanılan binaların daha yüksək səviyyədə sahmana salınması, yoluxucu xəstəliklərə qarşı dezinfeksiya tədbirlərinin yaxşılaşdırılması üçün hələ xeyli əmək sərf etmək lazımdır.
Bahar fəsli
qayğılarımızı daha da artırmışdır, işçilərimizin
boş vaxtı, demək olar
ki, yoxdur. Xidməti
yüksək səviyyədə təşkil etməkdən ötrü mühüm
işlər görülür. Buna əsaslanaraq
qəti əminliklə deyə bilərəm ki,
üzümüzə gələn illərdə də üzərimizə
düşən vəzifələri uğurla
həyata keçirəcək, sosial–iqtisadi inkişafa dair Dövlət Proqramının yerinə
yetirilməsinə layiqli töhfələr
verəcək, baytarlıq tədbirlərini daha yüksək səviyyədə aparacaq, əhalinin keyfiyyətli və sağlam ərzaq məhsulları ilə təminatını
daha da
yaxşılaşdırmaq işinə daha
böyük kömək göstərəcəyik.
Əbülfəz
Məlikov, Neftçala rayon
Baytarlıq İdarəsinin rəisi:
—Neftçala rayonunun kənd təsərrüfatı işçiləri həmişə olduğu kimi, 2013–cü ilin ilk aylarında da yeni qüvvə və ruh yüksəkliyi ilə işləyirlər. Rayonda kənd təsərrüfatını daha da inkişaf etdirmək, məhsul istehsalını artırmaq, ərzaq təhlükəsizliyini təmin etmək sahəsində layihələr yüksək səviyyədə həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş islahatlar nəticəsində torpağın əsl sahibi olan insanlar həmişə olduğu kimi, ilk bahar günlərində də yeni qüvvə və ruh yüksəkliyi ilə çalışırlar. Bütün təsərrüfat sahələrində olduğu kimi, heyvandarlar da həmişəki kimi iş üstündədirlər.
Baytarlıq işçilərinin ruh yüksəkliyi də olduqca yüksəkdir. Bunun əsas səbəblərindən biri odur ki, Vətənimiz son vaxtlar böyük nailiyyətlərə, dünya miqyasında çoxlarını heyrətə salan nailiyyətlərə imza atmışdır. Qlobal layihələr, insanların rifah halının daha da yüksəldilməsinə yönəldilmiş tədbirlər ardıcıl olaraq yüksələn xətlə həyata keçirilir.
İdarəmizin işçiləri 40 min baş iribuynuzlu mal–qaraya, 142 min baş xırdabuynuzlulara, 650 baş təkdırnaqlılara, 230 min başdan çox quşlara xidmət edirlər. Bunun üçün rayon ərazisində 12 baytarlıq sahəsi, diaqnostika kabineti, baytar–sanitar ekspertiza mərkəzi fəaliyyət göstərir.
2012–ci ildə və cari ilin ilk iki ayı ərzində 28 min baş iribynuzlu heyvandan, 2536 baş qoçdan qan alınaraq brusellyoza qarşı seroloji müayinə aparılmış, aşkar olunmuş xəstə hevanlar dərhal çıxdaş edilmişlər. Vərəm xəstəliyi əleyhinə 14280 müayinə aparılmışdır.
Məlum olduğu kimi, yazın gəlişi ilə əlaqədar olaraq mal–qarada qarayara xəstəliyinə düçarolma riskləri artır. Bununla bağlı 76912 baş iribuynuzlu, 115 min baş quşlarda profilaktiki peyvəndləmə aparılmışdır. 80800 baş iribuynuzluda, 59327 baş xırdabuynuzlularda dabaq əleyhinə vaksinasiya işi görülmüşdür. Quşlarda tauna, itlərdə quduzluğa qarşı vaksinasiya işləri müntəzəm olaraq aparılır. 4205 baş quş, 1204 baş iribuynuzlu, 4117 baş xırdabuynuzlu heyvan kaproloji müayinədən keçirilmişdir. Heyvanlarda leptospiroz, çiçək əleyhinə mübarizə tədbirləri xeyli gücləndirilmişdir. Bundan başqa, 42566 kvadratmetr sahədə dezinfeksiya tədbirləri görülmüşdür. Hazırda quş qripinə qarşı qabaqlayıcı tədbirlər görülür,
Rayon baytarlıq xidməti
idarəsi müfəttişlik xətti ilə 173 baş iribuynuzlu, 191 baş xırdabuynuzlu heyvan
əti, 81 dəfə balıq məhsulları, 560 dəfə
süd məhsulları üzrə ekspertizalar aparmış, bir
sıra hallarda həmin məhsullar
insanın qidalanmasından ötrü
yararsız olduqlarına görə satışdan
çıxarılmışlar. “Baytarlıq haqqında” qanunun tələblərini pozduqlarına
görə 7 nəfər inzibati qaydada cərimə olunmuş,
10 nəfərə xəbərdarlıq edilmişdir.
Bu sahədə yerli icra strukturları və bələdiyyələrlə,
ictimai təşkilatlarla əlbir iş böyük fayda verir.
Ramin Əmrahov, Salyan
rayon Baytarlıq İdarəsinin rəisi:
—Müstəqil respublikamızda son illər həyata keçirilən iqtisadi və sosial siyasətin uğurları hamı kimi, rayonumuzun sakinlərini də ürəkdən sevindirir, onların qoluna qüvvət gətirir, həyatlarını daha firavan etmək üçün əməyə ruhlandırır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dövlət quruculuğu, iqtisadi və sosial islahatlar gözəl bəhrə vermişdir. Dövlət proqramlarının layiqincə yerinə yetirilməsi sayəsində mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə olunmuş, aqrar sektorda islahatlar sürətlənmiş, əhalinin məşğulluğu artırılmış, infrastrukturu yeniləşdirmək və yeni iş yerləri yaratmaq sahələrində sistemli iş aparılmışdır.
Mən 2009–cu ildən rayonda baytarlıq nəzarətinə rəhbərlik edirəm. Bu dövrdə mal–qara arasında elə bir böyükmiqyaslı, kütləvi xəstəliklər baş verməmişdir. Rayonda epizootik durum sabitdir. Amma bununla belə, harada olursa olsun, istənilən vaxtda bu xidməti zəiflətmək olmaz. Müdrik insanlar haqlı olaraq deyiblər ki, əgər həkim insanı müalicə edirsə, baytar xidmətçisi bəşəriyyəti bəlalardan xilas edir. Bu sözlərdə dərin hikmət və həqiqət vardır və bunu hər birimiz yaxşı başa düşürük. Hazırda rayonun yaşayış məntəqələrində 60333 baş iribuynuzlu mal–qaraya, 182 min çox davara, 900 baş təkdırnaqlıya, 500 min quşa baytarlıq xidməti göstərilir. 16 baytarlıq xidməti məntəqəsi fəaliyyətdədir, onların hamısında ali və orta ixtisas təhsilli mütəxəssislər çalışırlar. İşçilər vaxtaşırı olaraq fermalarda, otlaqlarda, örüşlərdə yoxlamalar aparır, vaksinasiya və peyvəndləmə tədbirlərini həyata keçirirlər. Son vaxtlar Şorsulu, Qızılağac, Çuxanlı, Kürqaraqaşlı, Qarabağlı, Xələc, Yenikənd, Noxudlu kəndlərində keçirilmiş qabaqlayıcı tədbirlər yaxşı nəticə vermişdir.
Ötən il 30 min əvəzinə 30024 baş iribuynuzlu mal–qarada, 5 min əvəzinə 5025 baş qoçda brusellyoz xəstəliyinə qarşı seroloji müayinələr aparılmış, xəstə heyvanlar baytarlıq qaydalarına müvafiq surətdə çıxdaş olunmuşdur. Vərəmə qarşı 16000 baş əvəzinə 16200 baş, qarayara əleyhinə 60 min əvəzinə 60030 baş heyvanda müayinə işi aparılmış, dabaq, leptospiroz, nyukasl, çiçək, quduzluq kimi xəstəliklərə qarşı peyvəndləmə işləri gücləndirilmişdir. Müntəzəm qabaqlayıcı tədbirlər sayəsində heç bir iti infeksion xəstəlik aşkar olunmamışdır. Quş qripi xəstəliyinə qarşı 4 dəfə monitorinq aparılmışdır, bu xəstəliyin əlamətləri qeydə alınmamışdır.
Bazar iqtisadiyyatının inkişaf etdiyi hazırkı şəraitdə insanlar və heyvanlar üçün ümumi olan yoluxucu xəstəliklərin baş verməsinin qarşısını almaq məqsədilə daha ciddi tədbirlər həyata keçirilmişdir. Bir qayda olaraq, satış üçün kəsilmiş heyvanlar və heyvan mənşəli məhsullar dəqiq təhlil edildikdən sonra ət dükanlarına və bazarlara çıxarılır. Rayon baytarlıq idarəsi yanında sanitar–ekspertiza laboratoriyasının bu sahədəki fəaliyyəti xüsusilə qeyd olunmalıdır.
Fermerlərlə birbaşa əlaqədə işləyirik, çalışırıq ki, faydalı məsləhətlərimizlə bir–birimizə kömək edək. Elə fermerlər var ki, yüzlərlə qoyun–quzu bəsləyirlər. Belə təsərrüfatları nəzarətsiz buraxmaq olmaz. Məsələn, “Nurgün”, “Hacı Camalxan” kimi iri fermer təsərrüfatlarında baytarlıq tədbirləri müntəzəm olaraq aparılır, vaksinasiya işləri dəqiqliklə həyata keçirilir. 47 nəfərdən ibarət işçi kollektivimiz məhz bu məqsədə xidmət edir.
Biz, ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin bundan sonra da uğurla həyata keçirilməsinə çalışacaq, insanların həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına yönəldilmiş tədbirlərin miqyasını genişləndirəcək, müvafiq Dövlət proqramlarının müddəalarını layiqincə yerinə yetirəcəyik.
Sabir MUSTAFAYEV
Respublika.- 2013.- 14 aprel.- S. 7.