Böyük sənətin
böyük hamisi
“Çox
sevindirici haldır ki, Azərbaycanın böyük tarixə
malik olan incəsənəti hər il yeni istedadlar
yetişdirir. Bu, xalqımızın mədəniyyətinin,
incəsənətinin zənginliyini nümayiş etdirir”.
Heydər Əliyev
Müasir Azərbaycan dövlətinin qurucusu, müstəqilliyimizin, bütövlüyümüzün əbədi təminatçısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi yaxınlaşır. Bu fenomenal şəxsiyyətin, zəmanəmizin ən böyük azərbaycanlısının doğum gününə xalqımız böyük ruh yüksəkliyi ilə hazırlaşır. Ölkə başçısı cənab İlham Əliyevin ulu öndərin 90 illiyinin keçirilməsi barədə verdiyi sərəncam insanlarımız tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kollektivi də bu möhtəşəm yubileyə səylə hazırlaşır.
Maraqlı faktdır ki, ulu öndərimizin 90 illik yubileyi həm də müsəlman Şərqində ilk professional teatrın 140 illiyi və professional teatr təhsilimizin 90 illiyi yubileylərinə təsadüf edir. Ulu öndərimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev hər iki yubileyin dövlət səviyyəsində keçirilməsi barədə fərman imzalamışdır.
Bu yubileylərin yüksək səviyyədə keçirilməsi dövlətimizin milli mədəniyyətin inkişafına göstərdiyi böyük qayğıdan, diqqətdən xəbər verir. Bu dəst–xətt müdrik Heydər Əliyev siyasətinin müasir dövrdəki davamıdır. Mədəniyyət müəssisələrinin, teatrların yenidən qurulması, müasir avadanlıqlarla təmin olunması, respublikada davamlı olaraq beynəlxalq teatr festivallarının, konfranslarının keçirilməsi, vaxtilə ölkəmizdə peşəkar teatr təhsilinin əsasını qoyan, bu gün isə teatr təhsili ilə yanaşı, həm də müxtəlif sahələrə aid 30–dan artıq ixtisas üzrə mütəxəssis yetişdirən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yubileyinə hazırlıq bunun bariz nişanəsidir. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyevin formalaşdırdığı böyük dövlətçilik məktəbi, müdrik siyasət dayanır.
Heydər Əliyev mədəniyyətimizin, incəsənətimizin böyük hamisi idi. 1969–cu ildə respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Heydər Əliyev başqa sahələrlə yanaşı, mədəniyyət və incəsənətə də xüsusi diqqət yetirirdi. Onu tez–tez teatrlarda, konsert salonlarında, müxtəlif sərgilərin açılışında və başqa tədbirlərdə görmək olardı. Teatr sənətinə isə xüsusi önəm verərdi. Tamaşaların premyeralarına gələr, tamaşa bitdikdən sonra səhnə arxasına keçər, dramaturqla, rejissorla, ayrı–ayrı aktyorlarla bu sahənin bilicisi kimi söhbət edər, fikirlərini bildirərdi. Ulu öndərimiz ömrünün son günlərinə qədər bu ənənəni davam etdirdi.
Heydər Əliyevin teatra bağlılığı təsadüfi deyildi. Bu barədə söz düşərkən o, xatırlayırdı: “13–14 yaşlarında Naxçıvan Dövlət Teatrının tamaşalarına çox böyük həvəs və maraqla baxırdım. İbrahim Həmzəyevin ifa etdiyi rolların vurğunu idim. Sonralar eşitdim ki, İbrahim Həmzəyev dram dərnəyi təşkil edib. Mən o dərnəyə yazıldım və həvəslə iştirak etdim”. Uşaqlıq və erkən gənclik illərini xatırlayan ulu öndər həm də deyirdi: “Mən teatrla gənc yaşlarımdan məşğul olmuşam. Baş rollarda oynamışam”.
Bu böyük şəxsiyyətin Naxçıvanda keçən uşaqlıq və gənclik illərini yaxşı xatırlayan xalq artisti Zəroş xanım Həmzəyeva öz xatirələrində yazırdı: “Mənim bu dahi insanla təmiz və səmimi münasibətlərim var idi. 2001–ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olundum. Heydər Əliyev bu ali mükafatı mənə təqdim edən zaman çox həyəcanlandım. Adım çəkiləndə cənab Prezidentə yaxınlaşıb dedim: “Mən təkcə ordeni aldığım üçün həyəcanlanmıram. Sovet dövründə Lenin ordenindən başqa, bütün ordenləri almışam. Ona görə həyəcanlanıram ki, həmin fərmanlarda böyük Heydər Əliyevin imzası olmayıb. İndi isə müstəqil dövlətimizin “Şöhrət” ordenini alıram. Bu ordeni mənə 63 il bundan əvvəl mənimlə bir parta arxasında oturan Heydər, bu gün isə dünya şöhrətli prezident Heydər Əliyev təqdim edir”.
Heydər Əliyevin səhnə arxasında yaradıcı heyətlə görüşü, söhbətləri bir qayda olaraq televiziya vasitəsilə xalqa çatdırılırdı. İnsanlar böyük həvəs, maraq və heyrətlə bu görüşləri izləyirdilər. Heydər Əliyevi haqlı olaraq Mustafa Kamal Atatürklə müqayisə edir, onların ruhən bir–birinə yaxın olduqlarını deyirlər. Bu yaxınlıq mədəniyyət, mənəviyyat sahəsində də özünü büruzə verir. Mustafa Kamal Paşa həm də mədəniyyətin, xüsusən teatr sənətinin vurğunu idi. Onun bir tamaşadan sonra səhnə arxasına keçib aktyorlarla görüşünü və yanındakı məmurlara dediyi sözləri xatırlamaq yerinə düşər. Atatürk məmurlara belə demişdi: “Əfəndilər, onu bilin ki, hər biriniz nazir ola bilərsiniz, millət vəkili ola bilərsiniz, hətta cümhurbaşqanı da ola bilərsiniz. Amma sənətçi ola bilməzsiniz. Gəlin həyatını bu müqəddəs işə qurban vermiş cocuqları sevək!”
Heydər Əliyev nəinki tamaşalara gedir, yaradıcı heyətlə görüşür, sənət haqqında mülahizələrini bildirirdi, o, eyni zamanda Azərbaycanda teatr sənətinin inkişafı üçün mühüm qərarlar qəbul edir, rejissor və aktyorların həyat şəraitini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmirdi. Teatr xadimlərinə münasibətdə Heydər Əliyevin çox xarakterik, ancaq onun özünə məxsus olan bir xüsusiyyəti də var idi. Rejissorların, aktyorların yubileylərində onların evlərinə telefon açar, sənətkarları şəxsən özü təbrik edər, hal–əhval tutar və nəyə ehtiyacları olduğunu öyrənərdi. Tanınmış sənət adamı xəstələnəndə və yaxud xəstəxanaya düşəndə ona baş çəkər, bununla əlaqədar lazımi köməklik göstərirdi. Mən onun atam İlyas Əfəndiyevə göstərdiyi böyük diqqətin şahidi kimi deyə bilərəm ki, 1979–cu ildə atam ağır xəstə olarkən Heydər Əliyev onun Kommunist Partiyasının üzvü olmaya–olmaya Moskvanın Kreml xəstəxanasında müalicə almasına şərait yaratdı (orada ancaq KP–nin rəhbər işçiləri müalicə olunurdular—T.Ə.). Atam orada düzgün müalicə olunaraq sonradan 19 il də yaşadı və bir çox roman, pyes yazmış oldu. Əlbəttə, bu, həm də ulu öndərimizin o vaxt Moskvada böyük nüfuz sahibi olması faktının göstəricisidir. Atam Moskvada xəstəxanada yatarkən Heydər Əliyevin onunla dəfələrlə maraqlanması, qayğı göstərməsi bu günə qədər ailəmizin xatirindədir və biz həmişə ulu öndəri minnətdarlıqla xatırlayırıq. Bu qayğı təkcə İlyas Əfəndiyevlə bağlı deyildi. Onun Süleyman Rüstəmə, Mirzə İbrahimova, Rəşid Behbudova, Qara Qarayevə, Fikrət Əmirova, Hökümə Bülluriyə, Bəxtiyar Vahabzadəyə, Xəlil Rzaya, Yusif Səmədoğluna və başqalarına göstərdiyi qayğı xalqımızın yaddaşındadır. İlyas Əfəndiyevdən söz düşmüşkən bir faktı da xatırlatmaq istərdim. Onun “Mahnı dağlarda qaldı” tamaşasının Dövlət Mükafatı alması şəxsən Heydər Əliyevin təşəbbüsü ilə baş tutmuşdu. Dövlət Mükafatı üzrə komissiya üzvləri arasında İlyas Əfəndiyevin yaradıcılığına qısqanclıqla yanaşan bəzi şəxslər də vardı. Onların “fəaliyyəti” nəticəsində komissiyanın yekun iclasında təqdim olunan siyahıya “Mahnı dağlarda qaldı” tamaşasının adı düşməmişdi. Bu vaxt ulu öndərimiz soruşur: “Niyə həmin əsərin adı siyahıda yoxdur? Mən bu əsərə baxmışam və bəyənmişəm, o vaxt komissiya üzvlərinin bir çoxu da teatrda idi”.
Bu hadisədən sonra “Mahnı dağlarda qaldı” tamaşası Dövlət Mükafatına layiq görüldü.
Heydər Əliyev bəzən heç kəsin gözləmədiyi halda həftə ərzində iki dəfə teatra gedirdi. 1972–ci il mart ayının 25–də ümummilli liderimiz Nəbi Xəzrinin “Sən yanmasan” tamaşasına baxdıqdan sonra Nodar Dumbadzenin “Darıxma ana” pyesinin premyerasına hazırlaşan rejissor və aktyorlar fikirləşdilər ki, iki gün sonra Heydər Əliyev onların tamaşasına baxmayacaq. Aktyorlar elə güman edirdilər ki, bu gün, yəni martın 25–də teatra gələn Heydər Əliyev iki gün sonra, yəni martın 27–də tamaşaya, təbii ki, gələ bilməyəcək. Amma martın 27–si səhər teatr kollektivinə xəbər çatdı ki, Heydər Əliyev Nodar Dumbadzenin o vaxt çox məşhur olan, müəyyən dairələrdə mübahisə doğuran “Darıxma ana” pyesinin tamaşasına gələcəkdir. Heydər Əliyev, həqiqətən də, o tamaşaya gəldi.
Heydər Əliyevin Azərbaycan teatrına, rejissor və aktyorlara çox böyük rəğbəti və məhəbbəti var idi. Xalq artisti Məlik Dadaşov Nəriman Həsənzadənin “Bütün Şərq bilsin” tamaşası ilə əlaqədar bunları demişdir: “Sumqayıt teatrının “Bütün Şərq bilsin” tamaşasına Heydər Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində baxdı. Mən orada Nərimanov rolunu ifa edirdim. Rəhbər tamaşa haqqında öz fikirlərini söylədi və axırda dedi: “Əgər bu gün siz Məlik Dadaşov kimi bir sənətkarla belə bir tamaşa yaratmışsınızsa, bu yaxşı haldır. Bu işi davam etdirin. Sonra kollektivə müraciətlə: “Nə arzunuz var deyin. Allah bilir belə bir fürsət bir də nə vaxt ələ düşəcəkdir”— dedi. Heç kim dinmədi. Çünki tapşırmışdılar ki, sual verməyin, heç nə deməyin. O öz sualını bir də təkrar etdi. Yenə hamı susdu. Rəhbər dönüb onunla birlikdə gələn Mərkəzi Komitə işçilərinə baxdı, sonra kollektivə: “Görünür sizə danışmamağı tapşırıblar, gözlərinizdən oxuyuram” —dedi. Yenə heç kim dinmədi. Lakin gülümsədilər. Heydər Əliyev onunla gələnlərə “nahaq belə etmisiniz” —deyə narazılığını bildirdi. İş bu yerə çatanda mən dedim:
–Xahiş edirəm bizimlə şəkil çəkdirəsiniz.
–Elə bu?
–Bəli, elə bu, ancaq, bir şərtlə. O şəkildən bizə də versinlər.
Görkəmli satira ustası, respublikanın xalq artisti Nəsibə Zeynalova Heydər Əliyev haqqında belə deyirdi: “Heydər Əliyevin həyat yoldaşı Zərifə xanım oğlu və qızı ilə Musiqili Komediya Teatrına tez–tez gəlirdilər. Onlar mənim iştirakımla göstərilən “Qaynana” tamaşasına da baxdılar. Tamaşa çox xoşlarına gəlmişdi. Az sonra Heydər Əliyev də “Qaynana”ya baxdı. Razı qaldı və göstəriş verdi ki, tamaşa lentə alınıb qızıl fondda saxlanılsın. Tamaşanın üçüncü pərdəsindən sonra o, teatrın müdiri Şəmsi Bədəlbəyli ilə qrim otağına gəlib məni təbrik etdi. Sonra “Qaynana” əsəri əsasında film çəkildi. Mən Dövlət Mükafatına təqdim olundum.
Belə
misalların sayını artırmaq olar. Məsələn, 1981–ci
ildə Heydər Əliyev Azərbaycan KP MK–nın büro
üzvləri ilə birlikdə İlyas Əfəndiyevin
“Xurşudbanu Natəvan” pyesinə maraqla tamaşa etmiş,
sonra əsərin müəllifinə belə demişdi: “Siz
ilk növbədə Natəvan— bu şairə
haqqındakı şayiələrə son qoydunuz. Natəvanı
təmkinli, ziyalı Azərbaycan qadını kimi bizə təqdim
elədiniz, bununla yanaşı, gözəl xan
qızının timsalında siyasi baxımdan onun xan
qızına layiq hərəkətləri ilə bizim Şərq
qadınlarının obrazını yarada bildiniz. Mən buna
görə sizə sağ ol deyirəm”.
Teatra qəlbən
bağlı olan Heydər Əliyev digər
yazıçılarımızla yanaşı, atam İlyas Əfəndiyevin
dramaturgiyasına da həssaslıqla yanaşır, onun
yaradıcılığını izləyirdi. Ulu öndər
İlyas Əfəndiyevin “Hökmdar və qızı”
tamaşasına o vaxt respublikamızda qonaq olan görkəmli
alim və ictimai xadim İhsan Doğramacı ilə birlikdə
gəlmişdi. Tamaşadan sonra Heydər Əliyev qonaqla birgə
səhnə arxasına gəlib yaradıcı heyəti təbrik
etdi. Elə həmin görüşdə Heydər Əliyev
atam İlyas Əfəndiyev haqqında bunları söylədi:
“İlyas Əfəndiyev Azərbaycan teatrına çox
böyük töhfələr veribdir, böyük xidmətlər
göstəribdir. Çox dəyərli əsərlər
yaradıbdır. İlyas Əfəndiyevin
yaradıcılığı başqa cəhətlərlə
yanaşı, bir də ona görə əhəmiyyətlidir
ki, o öz əsərlərində həm Azərbaycan
xalqının tarixinin çox mühüm səhifələrini
ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə
çatdırıbdır, həm də öz əsərlərində
müasir həyatımızın müsbət və mənfi
cəhətlərini çox gözəl təsvir edibdir”.
Heydər
Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969–1982–ci illərdə
keçmiş SSRİ–nin müxtəlif yerlərindən
Bakıya teatr kollektivləri çox böyük həvəslə
qastrol səfərlərinə gəlirdilər. Belə ki,
1969–cu ildə Sevastopol Dövlət Rus Dram teatrı, 1970–ci ildə
Leninqrad Dövlət Akademik Dram teatrı, Moskva Bədaye
Akademik Teatrının kollektivləri, habelə Xarkov, Donetsk və
başqa şəhərlərin rejissorları, aktyorları
şəhərimizə gələrək maraqlı
tamaşalarla seyrçilərin hüsn–rəğbətini
qazanmışdılar. Bu tədbirlərin çoxunda Heydər
Əliyev şəxsən iştirak və
çıxış edir, müxtəlif xalqların ədəbiyyat
və incəsənətinin qarşılıqlı zənginləşməsində
müstəsna rol oynayırdı.
1974–cü
ildə Azərbaycan teatrının 100 illiyinə həsr
olunmuş yubileydə Heydər Əliyev görülən
işlərə yekun vuran və teatr sənətimizin gələcəyini
müəyyənləşdirən dərin məzmunlu, proqram
xarakterli məruzə ilə çıxış etdi. Bu məruzədə
Azərbaycan teatr xadimləri qarşısında çox ciddi
vəzifələr qoyuldu, gənc kadrların
hazırlanması işinə xüsusi diqqət yetirməyin əhəmiyyətindən
danışıldı.
Heydər
Əliyev görkəmli ictimai xadim, böyük siyasətçi
olmaqla yanaşı, həm də incəsənəti, o
cümlədən incəsənətin ən mürəkkəb
növlərindən olan teatr sənətini sevən, dərindən
anlayan bir insan olmuşdur. Ulu öndərin
çıxışlarından, müxtəlif sənət
hadisələri və sənətkarlar haqqında mülahizələrindən
bəlli olur ki, o, teatr sənətini ən dərin
qatlarına qədər bilir, teatr tamaşalarını
peşəkar teatrşünas səviyyəsində qəbul
edirdi. Heydər Əliyevin peşəkar milli teatr sənətimizin
100 illik yubileyinə həsr olunmuş geniş və əhatəli
çıxışına nəzər salarkən bir daha buna
əmin oluruq. Sözügedən çıxışında
ulu öndər Azərbaycan teatr sənətinin yaranma və
inkişaf tarixini işıqlandırmış, o zamankı
100 yaşlı milli teatr sənətinə dəqiq və
dürüst qiymət vermişdi. Bu gün həmin tarixi nitqdən
40 ilə yaxın vaxt keçir. Lakin o nitq sanki dünən
edilibmiş kimi, aktuallığını itirməmiş, əhəmiyyətini,
məna yükünü qoruyub saxlamışdır. Həmin
nitqdən bəzi məqamlara diqqət yetirək:
“Yüz
il bundan əvvəl ictimai və dini köləliyin zülmət
səltənətində Azərbaycan dram sənətinin ilk
qığılcımı parladı. Mirzə Fətəli
Axundovun “Lənkəran xanının vəziri” pyesinin
tamaşası ilə Azərbaycan teatrının təməli
qoyuldu.
Şərqdə
ilk teatr olan Azərbaycan teatrı maarifçilik və
azadlıq ideyalarının carçısına çevrildi,
köhnə dünyanı dağıdıb alt–üst etməkdə
mühüm rol oynadı. O, zamanın qatı qaranlığını
yararaq parlaq gələcəyə yol açan, insanların
şüurunu, qəlbini oyadan, onları azadlıq, səadət
naminə hünərlər göstərməyə
ruhlandıran bir məşəl idi.
Azərbaycan
Dram Teatrı böyük və şanlı yol
keçmişdir. O, Azərbaycanda mütərəqqi ictimai
fikrin təşəkkül və inkişafında fəal
iştirak etmiş, öz xalqının mənəvi xəzinəsini
zənginləşdirmiş… həmişə qabaqcıl ideya
mövqeyində durmuş və indi də qabaqcıl ideya
mövqeyində durmaqdadır. Azərbaycan Dram teatrının
yaradıcılıq axtarışları və nailiyyətləri
ölkənin bütün teatr ictimaiyyəti tərəfindən
rəğbətlə qarşılanıb bəyənilmiş,
Sovet İttifaqının bir çox şəhərlərində
tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmişdir.
Məhz
buna görə Azərbaycan Dram Teatrının yüz illik
yubileyi respublikamızın həyatında böyük mədəni
və siyasi əhəmiyyətli hadisəyə, bütün
çoxmillətli sovet teatrının bayramına
çevrilmişdir…
İcazə
verin, bu təntənəli və fərəhli gündə…
respublikanın zəhmətkeşləri adından Azərbaycan
teatrının bütün xadimlərini 100 illik yubiley
münasibətilə səmimi qəlbdən, hərarətlə
təbrik edim.
Teatrımız
illər boyu enişli–yoxuşlu yollarla getmiş, ağır
sınaqlara məruz qalmış, xalqa zidd mürtəce
qüvvələrə qarşı şiddətli ideoloji
mübarizə aparmalı olmuşdu. Görkəmli mədəniyyət
xadimləri Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi,
Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy
Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyov ilk dərin şırım
açaraq Azərbaycan teatr sənətinin toxumunu səpmiş,
onun cücərtilərini hifz edib qorumuşdular.
Azərbaycan
teatrının 100 illiyi münasibətilə söylədiyi
tarixi məruzəsində Heydər Əliyev peşəkar
milli teatr sənətimizin yarandığı dövrə
tarixi ekskurs edir, “ilk dərin şırım açaraq Azərbaycan
teatr sənətinin toxumunu səpmiş, onun cücərtilərini
hifz edib qorumuş” Mirzə Fətəli Axundov, Həsən bəy
Zərdabi, Nəcəf bəy Vəzirov, Əbdürrəhim
bəy Haqverdiyev, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyli kimi ziyalıların zülmət
içində olan səltənətin tərəqqisi,
xalqın maariflənməsi, milli mədəniyyətin və
mənəviyyatın qorunmasındakı xidmətlərini
yüksək qiymətləndirir. O, teatr sənətimizin ilk
addımlarında onun inkişafı üçün əllərindən
gələni əsirgəməyən mədəniyyət
xadimlərinin hər birinin
yaradıcılığını, milli teatr sənətinə
töhfələrini dərin təhlilə cəlb edir, konkret
tarixi faktlara söykənən dürüst qənaətlərə
gəlir: “İncəsənət xadimlərinə divan
tutulması bütün tərəqqipərvər ictimaiyyəti,
teatrın bütün dostlarını hiddətləndirirdi.
Hüseyn Ərəblinskinin öldürülməsi onları
xüsusilə bərk sarsıtmışdı.
Hüseyn
Ərəblinski, onun həmkarları və məsləkdaşları
olan Sidqi Ruhulla, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə,
Mahmud Kazımovski, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Əbülfət
Vəli və başqaları teatrın özünü qoruyub
saxlamaq uğrunda daimi, hətta fədakarcasına mübarizə
şəraitində xalqı Azərbaycan və rus dramaturqlarının,
dünya dramaturgiyası klassiklərinin ən yaxşı əsərləri
ilə tanış edirdilər”.
Mədəniyyət
və incəsənətimizin böyük təəssübkeşi
olan Heydər Əliyev öz çıxışında teatr
sənətinin mayasını təşkil edən aktyor sənətinə
də toxunur, realist ənənəyə söykənən milli
aktyor məktəbinin görkəmli nümayəndələrinin
yaradıcılığını təhlilə çəkirdi.
Heydər Əliyevin milli aktyor məktəbinin ən parlaq
nümayəndələrindən biri —Hüseyn Ərəblinskinin
yaradıcılığı ilə bağlı söylədiyi
fikirlər, irəli sürdüyü mülahizələr
xüsusi maraq doğurur. O, haqlı olaraq, Hüseyn Ərəblinskini
“böyük faciə ustası, professional rejissor, Azərbaycan
aktyorlarının bütöv bir nəslinin tərbiyəçisi”
adlandırırdı. Ulu öndər ötən əsrin əvvəllərində
aktyorların milli teatr sənətini qoruyub saxlamaq uğrunda fədakarcasına
mübarizəsini yüksək qiymətləndirirdi: “Dram
teatrının nəcib təsiri altında Azərbaycanda səhnə
sənətinin yeni növləri yaranıb inkişaf etməyə
başladı. 1908–ci ildə Bakıda ilk milli operanın,
Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”
operasının tamaşası ilə musiqili teatr, indi məşhur
olan M.F.Axundov adına Opera və Balet Teatrı meydana gəldi.
Çox keçmədən musiqili komediyalar, vodevillər
yaradılmağa başladı”.
Heydər
Əliyev dramatik teatrın inkişaf tendensiyalarına toxunmaqla
yanaşı, milli opera sənətimizin də yaranma və
inkişaf tarixini işıqlandırmağı unutmur. 1908–ci
ildə Bakıda ilk milli operanın — Şərqdə birinci
opera olan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”
operasının tamaşası ilə əsası qoyulan
musiqili teatrın, M.F.Axundov adına Opera və Balet Teatrının
inkişaf tarixinə nəzər salır, milli opera və
operettaların özəl səciyyələrini
araşdırır: “Milli teatr sənətinin
inkişafında müasir dramaturgiyanın rolu və əhəmiyyətini
qeyd etmək lazımdır. Müasir dramaturgiyanın
inkişafı, şübhəsiz, bilavasitə teatrın
özündən, onun bədii və estetik səviyyəsindən
asılıdır. Bununla birlikdə, qeyd etməmək olmaz
ki, özünün bütün müvəffəqiyyətlərinə
baxmayaraq, dramaturgiyamız zəhmətkeşlərin artan tələbatından
geri qalır. Dramaturqlar qabaqcıl rus dramaturgiyasının,
mütərəqqi dünya dramaturgiyasının təcrübəsini
diqqətlə öyrənib yaradıcılıqda tətbiq
etməli, müasir həyat şəraitini və ideya–estetik tələbləri
nəzərə almaqla öz bədii vasitələr xəzinəsini
yorulmadan zənginləşdirməlidirlər. Ən
başlıcası isə budur ki, dramaturqlar həmişə
xalq həyatının içərisində, nəhəng
quruculuq işlərinin qaynağında olmalı, insanların
daxili aləmini, psixologiyasını dərindən və hərtərəfli
öyrənməli, tədqiq etməlidirlər. Səthi
müşahidələr əsasında tərtib edilmiş
sxemlər üzrə soyuq ürəklə dərin məzmunlu
səhnə əsərləri, müasirlərimizin
şüuruna və qəlbinə təsir edə bilən əsərlər
yaratmaq mümkün deyildir”.
Teatr sənətinin
dərin bilicisi olan Heydər Əliyev teatr sənətinin
inkişafında müasir dramaturgiyanın rolunu və əhəmiyyətini
xüsusi vurğulayaraq dramaturgiyanın inkişafını
teatrın bədii–estetik səviyyəsinin əsas şərtlərindən
hesab edirdi: “Fərəhli haldır ki, respublika
teatrlarındakı tamaşaların əksəriyyəti
müasirlərimizə, həyatımızın ciddi, aktual
ictimai və etik problemlərinə həsr olunmuşdur.
Müasirlərimizin qaynar həyatını əks etdirən
tamaşaların xüsusi cazibə qüvvəsi vardır.
Bunlar qoyulmuş problemlərin müasirliyi,
aktuallığı ilə tamaşaçı kütləsini
həyəcanlandırır”.
Bizim
üçün olduqca fərəhlidir ki, ulu öndər
teatr təhsilini də yüksək qiymətləndirmiş,
öz çıxışlarında universitetimizin
keçdiyi tarixi yoldan bəhs etmişdir. O, qeyd etmişdir ki,
Azərbaycan teatrlarının yüksək ixtisaslı aktyor və
rejissor kadrları ilə təmin olunmasında bizim ali məktəbimizin
müstəsna rolu var. Təkcə teatr sənətini deyil, həm
də respublikamızda teatr təhsili tarixini yaxşı bilən
ulu öndər bu barədə maraq doğuran fikirlər
söyləmiş, həm də konkret tarixi faktlara istinad
etmişdir: “1923–cü ildə Şərqdə ilk dəfə
yaradılmış Teatr məktəbinə o zaman Şövkət
Məmmədova başçılıq edirdi. Sonralar o,
SSRİ xalq artisti adına layiq görüldü. M.Əzizbəyov
adına teatrın və digər Azərbaycan
teatrlarının səhnə ustalarının əksəriyyəti
bu məktəbin ilk məzunlarıdır. İndi SSRİ xalq
artistləri olan Həlimə Nəsirova, Sara
İşanturayeva, Altı Karlıyev, Özbəkistan SSR xalq
artisti Nəzirə Əliyeva və bir çox
başqaları da həmin məktəbi bitirmişlər.
Teatra istedadlı aktyorlar və rejissorlar dəstəsi
vermiş bu sənət ocağı sonradan ali məktəbin
—Azərbaycan Dövlət İncəsənət
İnstitutunun yaradılması üçün bir əsas
oldu”.
Bu gün
də mədəniyyət, teatr təhsili və ümumiyyətlə,
bədii təhsil işçiləri ulu öndərimizin
qayğısını hiss etməkdədir. Çünki onun
bizə göstərdiyi qayğı və diqqəti bu gün
möhtərəm Prezidentimiz cənab İlham Əliyev
layiqincə davam etdirir.
Timuçin Əfəndiyev,
Azərbaycan Dövlət Mədəniyyət
və
İncəsənət Universitetinin
rektoru,
Professor
Respublika.- 2013.- 16 aprel.- S. 5.