MİLLİ TƏHSİLİMİZİN İNKİŞAFI ULU ÖNDƏRİMİZİN ADI İLƏ BAĞLIDIR

 

Xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu var. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir. Öz fəaliyyəti, həyatı və xalqı naminə göstərdiyi xidmətlərinə görə tariximizdə dərin iz buraxmış dahi şəxsiyyətin — Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir. Azərbaycanın müasir tarixinə nəzər salarkən, aydın görünür ki, ölkənin və xalqın ən çətin anlarında Heydər Əliyevə ehtiyac duyulub və üzərinə düşən böyük missiyanı uğurla yerinə yetirən ulu öndərimiz hər zaman ona bəslənilən ümidləri layiqincə doğrulda bilib.

 

Dövlət o vaxt guclü və yenilməz olur, qarşısına çıxan maneələri dəf edə bilir ki, onun rəhbəri ilə xalqı arasında birlik mövcud olsun. Məhz bu birlik və həmrəylik tarixin müxtəlif dönəmlərində ölkəmizin taleyində əvəzsiz rol oynayıb, xalqımızı başının üstünü almış bütün bəlalardan qoruyub. Dünyanın ən dahi şəxsiyyətlərindən biri olan ulu öndərimiz Heydər Əliyevin bütün mənalı ömrü və fəaliyyəti doğma xalqına və Vətəninə sədaqətlə xidmətin parlaq nümunəsidir. Böyük qürur hissi və fəxrlə “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımızın bugünü və sabahı ilə yaşamışam … Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə — bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”, — söyləyən ulu öndərimiz, sözün ən yüksək mənasında, xalqımızın müdrik və əvəzsiz lideri idi. Azərbaycan xalqının bu dahi və fədakar oğlunun bir sözü ilə, bir müraciəti ilə milyonlarla insan ayağa qalxır, öz rəhbərinin arxasınca gedir, ən çətin anlarda onun yanında olurdu. Təsadüfi deyil ki, müasir Azərbaycan tarixinin ən parlaq səhifələri, istər ötən əsrin 70–80–ci illərində, istərsə də müstəqillik dövründə əldə etdiyimiz uğurların hamısı birbaşa Heydər Əliyevin şəxsiyyətindən qaynaqlanır. Bu dahi şəxsiyyət Azərbaycanı qüdrətli bir dövlət, xalqını güclü bir millət olaraq formalaşdırmaq kimi son dərəcə çətin bir missiyanı öz üzərinə götürüb və şərəflə yerinə yetirib.

Ulu öndərimizin müstəqil Azərbaycanın prezidenti kimi onillik fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapır. Heydər Əliyev canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycan bəxş etdi. Bu gün təkcə xalqımız deyil, həm də dünyaşöhrətli siyasətçilər, tarixçilər və politoloqlar ulu öndərimiz Heydər Əliyevi müasir, müstəqil Azərbaycan dövlətinin həqiqi memarı və yaradıcısı sayır. Eraların, minilliklərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil bir dövlət kimi formalaşması ulu öndərimizin adı ilə bağlıdır.

Müasir dövrdə ən inkişaf etmiş dövlətlərin təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr hərtərəfli tərəqqiyə nail olur. Azərbaycanda bütün sahələrdə olduğu kimi, elmin və təhsilin inkişafı da ulu öndərimizin Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindəndir. İstər ötən əsrin 70–80–ci illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyev xalqımızın təkcə bugününü deyil, həm də gələcəyəni düşünərək bu sahənin inkişafına xüsusi diqqət və qayğı göstərib. Azərbaycanın siyasi, sosial–iqtisadi sahələri ilə yanaşı, elmin və təhsilin inkişafına da xüsusi diqqət və qayğı ilə yanaşıb. Xüsusən də müstəqillik illərində milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, milli–mənəvi dəyərlərə həssas münasibət Heydər Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ölkəmizdə Təhsil İslahatı Proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir. Sonrakı illərdə İslahat Proqramına uyğun olaraq müstəqil Azərbaycanın təhsil sisteminin normativ–hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub. Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. “Təhsil haqqında” qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əməkhaqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin artması bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verəcək. Milli təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilib, insan kapitalının möhkəmlənməsi və inkişafına xidmət edən ümummilli hərəkata çevrilib.

Təbii ki, insan potensialının formalaşdırılması sahəsində əsas ağırlıq məhz ali təhsil sisteminin üzərinə düşür. Ali təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indeksinin mühüm amillərindən biri olmaqla ölkənin sosial–iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Müstəqil Azərbaycanda bütün idarəetmə səviyyələrində, o cümlədən dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi mühüm aktuallıq kəsb edir. Ali təhsil sisteminə və kadr hazırlığına xüsusi diqqətlə yanaşılması da respublikamızda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir.

Avratlantik məkana inteqrasiya kursu seçməklə dinamik inkişaf yoluna qədəm qoymuş Azərbaycanda ali təhsilin müasirləşdirilməsi və problemlərinin mərhələli həlli inkişaf etmiş dövlətlərin bu sahədəki zəngin təcrübəsinə əsaslanır. Bu baxımdan Azərbaycanda ali təhsil sistemində həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Respublikamız yeni iqtisadi münasibətlər kursunu götürərək öz təhsil sisteminin inkişaf prioritetlərini, dünyada, o cümlədən Avropa məkanında gedən proseslərə inteqrasiya olunmaqla müəyyənləşdirir. Milli təhsil sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə Bolonya prosesi çərçivəsində qəbul olunmuş təhsil standartlarının mənimsənilməsi olduqca vacibdir. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 31 yanvar 2008–ci il tarixli sərəncamı bu baxımdan vacib əhəmiyyət kəsb etmişdir. Sərəncama əsasən, “2009–2013–cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” hazırlanıb və təsdiq olunub. Dövlət proqramında ali təhsil sistemində keyfiyyətin təmin olunması məqsədilə normativ–hüquqi bazanın, məzmunun və təlim texnologiyalarının yeniləşdirilməsi, ali təhsil müəssisələrinin strukturunun və idarə olunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, əmək bazarının tələbatına uyğun kadr hazırlığının təkmilləşdirilməsi, elmi–tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi, maddi–texniki və tədris bazasının günün tələblərinə uyğun qurulması, müasir maliyyələşdirmə siyasətinin hazırlanıb həyata keçirilməsi və digər bu kimi aktual istiqamətlər əksini tapmışdır.

Fəxrlə deyə bilərəm ki, Azərbaycanda milli təhsilin inkişafında Sumqayıt Dövlət Universitetinin də sanballı payı var. Azərbaycan Prezidenti Heydər Əliyevin 31 may 2000–ci il tarixli sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru təyin olunmağımı həyatımın ən mühüm hadisəsi sayır, bu yüksək etimadı həmişə doğrultmağa çalışıram. 2000–ci il iyunun 13–də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında imzaladığı tarixi fərmanı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət Universiteti yaradılmışdır. Bu fərman ulu öndərimizin həm də şəhər ziyalılarına, gənclərə, ümumiyyətlə, bütün sumqayıtlılara göstərdiyi qayğı və diqqətinin bariz nümunəsidir. Sumqayıt həm əhalisinin sayına, elmi, mədəni potensialına, həm də sənayesinə görə respublikanın üç ən iri şəhərləri sırasına daxildir. Həmin gündən başlayaraq qarşımıza universitetin elmi potensialını inkişaf etdirmək, Sumqayıt və sumqayıtlıların, həmçinin bazar iqtisadiyyatının tələbatını nəzərə almaqla yeni ixtisaslar üzrə kadrlar hazırlamaq və bu ali məktəbi Avropa məkanına inteqrasiya etdirmək kimi mühüm vəzifələr qoymuşduq. Əminliklə deyə bilərəm ki, rəhbərlik etdiyim universitet bu illər ərzində qarşıya qoyduğu məqsədlərə nail olub.

2000–2012–ci illər ərzində universitetdə 17 nəfər elmlər doktoru, 72 nəfər elmlər namizədi elmi dərəcəsi, 9 nəfər professor, 73 nəfər dosent elmi adı almışdır. 110 patent alınmışdır ki, onun 3–ü “Avrasiya” patentidir. 60 monoqrafiya, 140 dərslik və dərs vəsaiti, 580 proqram və metodik vəsait hazırlanmışdır. 3000 elmi məqalə (o cümlədən 600–ü xaricdə), 1600 konfrans materialı (o cümlədən 300–ü beynəlxalq konfrans və simpoziumlarda) çap olunmuş, 80 elmi konfrans (17 beynalxalq, 35 respublika, 28 universitetdaxili) keçirilmişdir.

Hazırda universitetdə 4400–ə yaxın tələbə riyaziyyat; fizika və elektroenergetika; kimya; mühəndislik; iqtisadiyyat və idarəetmə; tarix və filologiya fakültələrində 26 istiqamət üzrə bakalavr, 53 ixtisas üzrə magistr təhsil alır. Universitetin 41 kafedrasında 5 nəfər Azərbaycan MEA–nın müxbir üzvü, 38 elmlər doktoru, professor; 160 elmlər namizədi, dosent; 193 nəfər baş müəllim və assistent, 15 aspirant, 65 dissertant, 10 doktorant fəaliyyət göstərir. 5 elmi–tədqiqat laboratoriyasında 35 elmi işçi elmin müxtəlif problemləri ilə məşğul olur. 2001–ci ildən SDU–nun “Elmi xəbərlər” (təbiət və texniki elmlər seriyası) məcmuəsi nəşr olunur. Universitetin alimləri MDB ölkələrinin aparıcı universitetləri və elmi–tədqiqat mərkəzləri ilə, Fransanın Nitse, Sorbonna universitetləri, Türkiyənin İstanbul Texniki Universiteti, Bursadakı Uludağ Universiteti, Pakistanın Sidli və Mehran universitetləri ilə qarşılıqlı əməkdaşlıq edirlər.

SDU–nun 3 tədris korpusu, 2 yataqxanası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya–hesablama mərkəzi, nəşriyyat–poliqrafiya şöbəsi, idman kompleksi və yeməkxanası vardır.

Son illər Sumqayıt Dövlət Universiteti ilə ABŞ–ın Yuta Ştatının Yuta Valli Universiteti arasında təcrübə mübadiləsinə başlanılıb. Belə ki, rektorluğun təşəbbüsü ilə ABŞ–ın Yuta Ştatının Yuta Valli Universitetinin tədris işləri üzrə prorektoru, professor Loretta Palmer SDU–nun professor–müəllim heyətinə mühazirə və seminarlar keçmək üçün dəvət edilib. Təcrübə mübadiləsi ABŞ Dövlət Departamentinin “Fulbrayt” proqramı çərçivəsində reallaşdırılır. İki həftə ərzində davam edən təlim proqramında “Təhsilin qiymətləndirilməsi” mövzusunda silsilə xarakterli mühazirə və seminarlar təşkil olunub.

Universitetdə xarici dillərin tədrisinə də xüsusi diqqət yetirilir. Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən geniş çeşidli ədəbiyyat və müasir texniki ləvazimatlarla təchiz olunmuş xarici dillər öyrədən mərkəz, “Statoil” və “Unocal” neft kompaniyalarının sponsorluğu ilə xüsusi “İqtisadiyyat” kitabxanası yaradılmışdır. “İnternet Mərkəzi” və “İngilis dilli resurs mərkəzi” fəaliyyət göstərir. 2006–cı ildə universitetdə “Əcnəbi tələbələrin hazırlıq mərkəzi” yaradılmışdır. 2012/2013–cü il tədris ilində SDU–da təhsil alan xarici tələbələrin sayı 100–dən artıqdır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev 16 noyabr 2012–ci ildə Sumqayıt Dövlət Universiteti ilə bağlı 2 sərəncam imzalayıb. Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə universitetin 10 əməkdaşına “Əməkdar Müəllim”, 1 əməkdaşına “Əməkdar Jurnalist” fəxri adları verilmiş və 8 əməkdaş “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Digər sahələrdə olduğu kimi, milli təhsilimizin də inkişafında əldə olunan möhtəşəm nailliyyətlər ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır və sevinirik ki, bu gün onun ən layiqli siyasi varisi, Azərbaycanın və bütövlükdə regionumuzun yeni parlaq lideri, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan dövləti hazırda milli təhsil sahəsində nailliyyətləri ilə də dünyada tanınır. Bütün bunları bizə dünyanın ən görkəmli dövlət rəhbərlərindən, dahi şəxsiyyətlərindən olan xalqımızın ümummilli lideri Heydər Əliyev bəxş edib. 90 illik yubileyini böyük iftixar hissi və təntənə ilə qeyd etdiyimiz Heydər Əliyevin siyasi kursu, zəngin irsi ölkəmizin gələcək uğurlarının da təməl prinsipi olaraq qalacaqdır.

 

 

Nadir QƏHRƏMANOV,

Sumqayıt Dövlət Universitetinin

rektoru, fizika–riyaziyyat elmləri

doktoru, professor

 

Respublika.- 2013.- 16 aprel.- S. 6.