“Gələcək
nəsillərə ən böyük əmanət”
Azərbaycan xalqının ümummilli lideri, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ölkənin hər yerində təntənə ilə qeyd olunur. Ötən gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzində də müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına misilsiz töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə Respublika Endokrinoloji Mərkəzinin direktoru Rauf Cabbarov açdı və bildirdi ki, çox sevindirici haldır ki, Azərbaycan xalqı bu il iki dahi şəxsiyyətin–ümummilli lider Heydər Əliyevin və onun ömür–gün yoldaşı görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 90 illik yubileylərini birgə qeyd edir. Bu iki görkəmli şəxsiyyətin keçdikləri mənalı ömür yolu xalqımız üçün ən dəyərli örnək, gələcək nəsillərə ən böyük əmanətdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, səhiyyənin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.
Həyatını insanların səadətinə, Vətənin tərəqqisinə həsr etmiş böyük insan Heydər Əliyev vətəndaşlarımızın qəlbində daim yaşayır, onun zəngin irsindən bu gün hər kəs bəhrələnir. Xalqımız həyat və fəaliyyətini ölkəmizin siyasi, iqtisadi, mədəni inkişafına, Azərbaycan xalqının xöşbəxt gələcəyinə həsr etmiş bir insana olan məhəbbətini ənənəvi bayram kimi qeyd edir.
YAP–ın Respublika Endokrinoloji Mərkəzindəki təşkilatının sədri, həkim endokrinoloq Vurğun Muradov isə çıxış edərək bildirdi ki, xalqımızın ümummilli liderinin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilib. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirib. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli–mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin nəticəsidir.
Heydər Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi qiymətləndirməsi onun ömrü boyu sadiq qaldığı siyasi məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi şəraitdə təcəssümü idi. Mövcud siyasi, iqtisadi və sosial böhran müstəqilliyimizin ilk illərində Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəldiyi gün – 1993–cü ilin 15 iyunu tariximizə Qurtuluş Günü kimi daxil olub. Bu qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların gündəlik real həyatında büruzə verib.
Sonra Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Yeganə Sultanova çıxış edərək bu il 90 illik yubileyini böyük sevinclə qeyd etdiyimiz görkəmli alim oftalmoloq Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından geniş söhbət açdı. O bildirdi ki, Zərifə xanım Əliyeva 1923–cü il aprelin 28–də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 23–cü ilin yazı dövrünün görkəmli dövlət və ictimai–siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində onilliklər sonra ailənin adını daha da yüksəkliklərə qaldıracaq, Vətənə layiqli övlad olacaq, xalqına xidməti hər şeydən ümdə biləcək parlaq bir simanın gəlişi ilə yaddaqalan olmuşdu. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942–ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə–profilaktika fakültəsinə daxil olur və 1947–ci ildə institutu əla qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim–oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.
Elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür–gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb – ata–anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Zərifə xanım, istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün son anına kimi o, həyatla, gələcək planlarla yaşayırdı. Zaman onu sevənlərindən erkən ayırdı və Zərifə xanım Əliyeva 1985–ci il aprelin 15–də Moskva şəhərində vəfat etdi.
Yeganə Sultanova çıxışının sonunda onu da bildirdi ki, Respublika Endokrinoloji mərkəzi bu gündən etibarən ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 90 illik yubileylərinə həsr etdikləri aksiyanı həyata keçirəcək. Bir ay davam edəcək aksiya müddətində Mərkəzin həkim endokrinoloqlarından, oftalmoloqlarından ibarət bir qrup nümayəndə şəhərimizin poliklinikalarında, xüsusən də bölgələrdə yaşayan sakinlər üçün müayinələr təşkil edəcəklər.
Tədbirdə Respublika Endokrinoloji Mərkəzin həkim oftalmoloqu Sevinc Əsədova çıxış edərək bir gənc həkim olaraq bundan sonra da Zərifə xanım Əliyevanın layiqli davamçılarından olması üçün çalışacağını bildirdi.
Gülşən Hüseynova
Respublika.- 2013.- 16 aprel.- S. 14.