Heydər Əliyev
– Azərbaycanın müasir dövlət qulluğu sisteminin
banisi
14 iyul 1969–cu il tarixdə ulu
öndər Heydər Əliyevin Azərbaycan KP MK–nın I
katibi seçilməsi ilə ölkəmizin
yaşadığı üzücü dövrün sonu
çatdı. Heydər Əliyev respublikaya rəhbərliyi qəbul
edəndə Azərbaycan iqtisadi cəhətdən digər
müttəfiq respublikalardan geri qalırdı, dövlət, sovet və partiya strukturlarında digər
millətlərin nümayəndələri güclü
mövqeyə malik idi, yüksək ixtisaslı milli kadrlar
azlıq təşkil edirdi, rus dili tək Bakıda deyil, digər
şəhər və rayonlarda da dominantlıq edirdi.
Dövlət qulluğu Azərbaycan
SSR dövründə: 1969–1982–ci illər
Milli
dirçəlişə, milli qürur hisslərinin
oyanmasına nail olmaq və milli kadrların milli
duyğularını gücləndirmək üçün
ilk növbədə Azərbaycan dilinin dövlət dili səviyyəsinə
qaldırmaq lazım idi. Sovet hökumətinin
ruslaşdırma siyasətinin güclənməsinə
baxmayaraq məhz Heydər Əliyevin Azərbaycan KP MK–nın I
katibi olduğu dövrdə Azərbaycan dili dövlət,
sovet və partiya orqanlarında işlək dilə
çevrilməyə başladı.
Azərbaycan
dilinə dövlət dili statusunun verilməsi uğrunda
davamlı aparılan mübarizə ulu öndərin qələbəsi
ilə başa çatdı. Belə ki, 1978–ci il
Konstitusiyasında Azərbaycan dili rəsmən dövlət
dili elan edildi. Bu, milli özünüdərk yolunda atılan ən
mühüm addımlardan biri oldu. Heydər Əliyev Azərbaycan
dilinin dövlət dili statusunu almasını sadəcə dil
məsələsi kimi deyil, həm də AZƏRBAYCANÇILIQ
məsələsi kimi dəyərləndirirdi.
Heydər Əliyev dilimizi dirçəltməklə yanaşı, həm də dövlət, sovet və partiya strukturlarında milli kadrları yerləşdirirdi. Tarixə müraciət etsək görərik ki, 1960–cı illərin sonlarına qədər Bakıda milli kadrlar heç nəyi həll etmirdilər. Sovet Azərbaycanının bütün dövlət strukturlarında əsas söz sahibləri, dövlət qulluğu sistemində çalışan əksər səlahiyyətlilər qeyri millətlərin nümayəndələrindən ibarət idi. Dövlət təhlükəsizliyi orqanlarındakı vəziyyət isə o dövrü araşdıran bir çox alimlərin də nöqteyi–nəzərincə, milli mənafelər baxımından sadəcə faciəvi sayıla bilərdi. 1960–cı illərədək DTK–da çalışan zabitlərin əksəriyyətini qeyri millətlər təşkil edirdi. Belə bir zamanda Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyevin bu cür çətin və mürəkkəb strukturda milliləşdirmə siyasətinə başlaması, bütün təzyiq və təhdidlərə baxmayaraq, bu yoldan çəkinməməsi isə sözün əsl mənasında böyük qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilməlidir.
Heydər Əliyevin 1969–cu ildə Respublikanın ali rəhbərliyinə gəlişindən sonra bu istiqamətdə atdığı məqsədyönlü addımların nəticəsidir ki, Azərbaycanın bütün dövlət strukturlarında vəziyyət kökündən dəyişdi. 1980–ci illərin ortalarına doğru qeyri millətlərdən olan əməkdaşların sayı xeyli azaldı. Onların yerini azərbaycanlı kadrlar tutdu.
Lakin Heydər Əliyev tək milli kadrları önə çəkmirdi, eyni zamanda o, Azərbaycanın gələcəyini də düşünərək milli kadr potensialını yaradırdı. Bu prosesdə Heydər Əliyev istedadlı gənclərə daha çox üstünlük verirdi. Ölkəyə lazım olan mütəxəssis–kadrları yetişdirmək, respublikanın elmi–texniki və mədəni potensialını yüksəltmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni–yeni ixtisaslar üzrə fakültələr açılır, 1975–ci ildən başlayaraq ildə 900–dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi. Bunların da böyük əksəriyyəti Moskva, Leninqrad, Kiyev, Xarkov və Minskin qabaqcıl ali məktəblərinin payına düşürdü. Müqayisə üçün qeyd edək ki, 1969–cu ildə bütün SSRİ–nin ali məktəblər üzrə azərbaycanlı gənclərə cəmisi 50 yer ayrılmışdı. Heydər Əliyevin fəaliyyəti sayəsində 1970–80–ci illərdə Azərbaycandan kənarda vətənimiz üçün 15 mindən çox yüksək ixtisaslı mütəxəssis yetişdirilmişdi. Heydər Əliyevin bu siyasəti dörd cəhətdən mühüm əhəmiyyət kəsb edirdi:
Əvvəla, Azərbaycanın elmi və kadr potensialı geniş dünyagörüşlü, peşəkar və ən əsası isə milli dövlət quruculuğu dövründə yetişmiş gənclər hesabına zənginləşdi.
İkincisi, tariximizin, adət–ənənəmizin, milli–mənəvi və əxlaqi dəyərlərimizin təbliği üçün imkanlar genişləndi, yəni Azərbaycan gənclərinin oxuduğu respublikalarda ilk Azərbaycan diasporlarının əsası qoyuldu.
Üçüncüsü, ölkəmiz müstəqilliyə qovuşandan sonra yeni dövlət quruculuğu prosesində Heydər Əliyev, əsasən, bu kadrlara arxalanaraq müstəqil dövlətçiliyin qorunub saxlanması və möhkəmləndirilməsi vəzifələrini uğurla həll etdi.
Müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə Heydər Əliyev 31 avqust 1998–ci ildə 1970–1987–ci illərdə Azərbaycandan kənarda ali təhsil almış 2500–dən çox gənc mütəxəssislə görüşündə o dövrdəki vəziyyəti belə təsvir etmişdir: “Mən 1969–cu il iyulun 14–də Azərbaycana rəhbər seçiləndən sonra dərhal, birinci növbədə təhsil məsələləri ilə məşğul olmağa başladım… Araşdırmalar apararkən mənə aydın oldu ki, Azərbaycandan kənarda respublikanın özündə hazırlana bilməyən ixtisaslar üzrə ali təhsil almaq üçün respublikaya 50 nəfərlik limit verilibdir…. Mən dərhal maraqlandım ki, bəs siz kimləri seçmisiniz, kimləri oxumağa göndərirsiniz? Siyahını aldım, çox təəssüfləndim və bu məsələ ilə ciddi məşğul olmağın lazım gəldiyini bir daha dərk etdim. Çünki, birincisi, avqustun sonları idi, sentyabrın 1–də dərslər başlanmalı idi, amma hələ 50 nəfər toplaya bilməmişdilər. İkincisi, siyahıya baxanda gördüm ki, təyin olunmuş namizədlərin içərisində azərbaycanlılar azlıq təşkil edirlər, çoxluğu isə başqa millətlərdən olan gənclər təşkil edirlər… Mən bu işlə məşğul oldum… Mən istəyirdim biz özümüzün, ölkəmizin, respublikamızın ali təhsil ocaqlarının, eyni zamanda o vaxt yaşadığımız ölkənin mərkəzi və daha yüksək səviyyəli ali məktəblərinin imkanlarından səmərəli istifadə edərək Azərbaycanın gələcəyi üçün lazım olan kadrlar hazırlayaq. Bu təşəbbüsün doğulmasının səbəbi və məqsədi bundan ibarət olmuşdur”.
Həmin görüşdə ümummilli lider vurğulamışdır ki, “…Dünyanın inkişaf etmiş ölkələrinin, yüksək səviyyəli universitetlərin, institutların imkanlarından Azərbaycanın gələcəyi, dəyərli kadrlar hazırlanması üçün bundan sonra da səmərəli istifadə etməliyik… Şübhəsiz ki, bu sahədə həm dövlət proqramı olmalıdır…”
Və belə bir proqram qəbul olundu. Azərbaycandan kənarda yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş siyasət bu gün gənclərimizin dünyanın ən qabaqcıl ali təhsil və elm müəssisələrinə göndərilməsi ilə davam etdirilir. Dövlətin xaricdə təhsilə qayğısının daha bir nümunəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007–ci il tarixli 2090 saylı Sərəncamı ilə təsdiq edilmiş “2007–2015–ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”dır. Möhtərəm Prezident bu proqramı təsdiq etməklə “qara qızılın insan kapitalına çevrilməsi” siyasətini ortaya qoymuşdur.
Ümumiyyətlə, Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrü tarixə milli özünüdərkin oyanması, dildə, fikirdə öz kökümüzə qayıdış, dövlət idarəçilik sistemində milliləşmə və milli kadr potensialının yaranması dövrü kimi daxil olub.
1982–ci ilin dekabrında xalqımızın böyük oğlu Heydər Əliyev SSRİ–nin ən ali orqanı olan Sov.İKP MK Siyasi Büronun üzvü seçildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev “Azərbaycan” qəzetinin 12 dekabr 2007–ci il tarixli sayında dərc edilmiş “Liderlik örnəyi ləyaqət nümunəsi” sərlövhəli yazısında ümummilli liderimizin özünün bu hadisəyə münasibətini açıqlayaraq yazır: “Sonralar mən atamdan bunları eşitmişdim:
— Andropov adamları çox gözəl tanıyırdı.
Bizim söhbətimizdən on gün sonra mən yekdilliklə
Siyasi Büronun üzvü seçildim. BU, HƏM SSRİ, HƏM
DƏ TÜRK VƏ İSLAM DÜNYASI ÜÇÜN
BÖYÜK HADİSƏ İDİ. Bundan sonra mən SSRİ Nazirlər
Soveti sədrinin birinci müavini oldum”.
1982–1987–ci illərdə Sovet İttifaqının liderlərindən
biri kimi SSRİ–nin maşınqayırma və yüngül sənaye,
nəqliyyat və rabitə, elm və səhiyyə, mədəniyyət
və təhsil sahələrinə rəhbərlik edən
ümummilli lider doğma Azərbaycanına hər cür
köməklik göstərdi.
1985–ci ildə Sov.İKP–nın başına Mixail
Qorbaçovun gəlişi ilə Azərbaycana qarşı
növbəti məkrli planlar işləndi. Lakin nə qədər ki,
ümummilli liderimiz Sov.İKP MK Siyasi Bürosunun üzvü və
SSRİ Nazirlər Sovetinin birinci müavini idi, onlar, hətta
Qorbaçovun köməyi ilə belə Azərbaycana
qarşı mənfur planlarını həyata keçirə
bilmirdilər. DTK–nın keçmiş rəhbər
işçisi kimi Heydər Əliyev Azərbaycana
qarşı hazırlanan planlar da daxil olmaqla, çox şeyi
bilirdi. Və təbii ki, Qorbaçovun bu planlara faktiki dəstək
verməsi Heydər Əliyevin SSRİ–nin rəhbəri ilə
münasibətlərini kəskinləşdirdi və nəticədə
o, 1987–ci ilin 25 oktyabrında tutduğu vəzifələrdən
istefa verdi.
Dövlət qulluğu müstəqil
Azərbaycan Respublikası dövründə: 1993–2003–cü
illər
Müstəqil Azərbaycanın 1991–1993–cü illərdə
yaşadığı sarsıntılar o vaxt iqtidarda olmuş
şəxsləri tam nüfuzdan salmışdı. Və təbii
olaraq xalq bütün ümidini görkəmli dövlət
xadimi Heydər Əliyevə bağlamışdı. Xalq Heydər Əliyevi hakimiyyətin zirvəsində
görmək istəyirdi. O dövrdə dövlətə
rəhbərlik edənlər özləri də yaxşı
bilirdilər ki, Azərbaycanı parçalanma və xaosdan
xilas edəcək tək bir qüvvə var — o da Heydər Əliyevdir.
Ulu öndərin 1993–cü il iyunun 15–də
Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi
ilə ölkə əhalisində müstəqil dövlətimizin
nəinki parçalanma və xaosdan xilas olacağına, həm
də güclənərək qüdrətli dövlətə
çevriləcəyinə inam yarandı.
1993–cü
il oktyabrın 3–də Azərbaycan xalqı
Heydər Əliyevi Azərbaycan Respublikasının prezidenti
seçdi. Onun ölkə rəhbərliyinə
ikinci gəlişi də ictimai münasibətlərin gərginləşdiyi,
dövlət idarəçiliyinin əsaslarının
dağıldığı, dözülməz sosial–iqtisadi
durum, hakimiyyətsizliklə müşahidə olunan bir zamana təsadüf
etdi. Ulu öndərimiz gərgin və məqsədyönlü
fəaliyyəti sayəsində dövlətimizi yox olma təhlükəsindən
qurtardı, ictimai–siyasi sabitliyi bərqərar etdi, dövlət
idarəçiliyinin yeni əsaslarını
formalaşdırdı və ölkəni sabit inkişaf yoluna
çıxardı. Azərbaycanın bu
gün dünyanın ən yüksək templə inkişaf
edən dövlətlər sırasına daxil olmasının
əsasında məhz ulu öndərin dövlət idrəetmə
sistemində və kadr sahəsində gördüyü tədbirlər
durur.
2 may
1995–ci ildə müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasının layihəsinin hazırlanması məqsədilə
Heydər Əliyevin sədrliyi altında 33 nəfərdən
ibarət komissiya yaradılmışdır. 15
oktyabr 1995–ci ildə komissiyanın gərgin əməyi nəticəsində
hazırlanın Konstitusiya layihəsi ümumxalq müzakirəsinə
çıxarılmışdır. 12
noyabr 1995–ci ildə Konstitusiya layihəsi ümumxalq səsverməsi
(referendum) yolu ilə qəbul edilmiş və noyabrın 27–də
qüvvəyə minmişdir. Konstitusiya ilə
Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət
kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və
hakimiyyət bölgüsünü özünün gələcək
inkişaf yolu kimi seçmişdir. Eyni zamanda,Konstitusiya müasir dövlət idarəçiliyinin
və dövlət qulluğu sisteminin yaradılmasının
hüquqi bazasının özülünü qoydu.
Bir il sonra isə, 1996–cı ildə respublika
Prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil
edilmiş Hüquqi İslahat Komissiyasının səyləri
müstəqil Azərbaycan dövlətinin qanunvericilik
bazasının yaradılmasına yönəldi. Komissiya
üzvlərinin qarşısında qoyulmuş məqsəd
Azərbaycanda Avropa və dünya ölkələrinin
hüquq sisteminə tam uyğun olan qanunvericilik
bazasının yaradılmasına nail olmaqdan ibarət idi. Komissiya yeni normativ hüquqi aktların işlənib
hazırlanması sahəsində mühüm işlər
görmüşdür. Bu qanunvericilik
aktlarının böyük bir qismi bilavasitə dövlət
idarəçiliyi sisteminin inkişafına, dövlət
qulluğunun təşkilinə və təkmilləşdirilməsinə,
dövlət qulluqçularının sosial müdafiəsinin
təmin olunmasına yönəlmişdir. Bununla da ölkəmizdə dövlət qulluğunu
tənzimləyən zəruri qanunvericilik bazası
formalaşdırılmışdır.
Prezident
Heydər Əliyevin 29 dekabr 1998–ci il tarixli
Fərmanı ilə dövlət idarəçiliyi sistemində
islahatların aparılması üzrə Dövlət
Komissiyası yaradılmışdır. Komissiya
dövlət quruculuğunun inkişaf etdirilməsi, dövlət
idarəetmə sisteminin təkmilləşdirilməsi və
demokratikləşdirilməsi, habelə sərbəst bazar
iqtisadiyyatı münasibətlərinə
uyğunlaşdırılması sahəsində kompleks tədbirlər
görmüşdür.
Görülən
işlər nəticəsində, habelə vətəndaşların
dövlət idarəetmə strukturlarında işə qəbul
olunmasında bəzi məmurların yaratdığı
süni əngəllərin aradan qaldırılması,
dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş
qaydada, müsabiqə və şəffaflıq əsasında
aparılması məqsədilə Prezident Heydər Əliyevin
tapşırığı ilə hazırlanan və 2000–ci il
iyulun 21–də qəbul olunan “Dövlət qulluğu
haqqında” Qanunla dövlət idarəetmə orqanlarında
çalışanlar DÖVLƏT QULLUQÇUSU
adlandırıldılar. Bu gün bu ad onu
daşıyanlara nə qədər şərəf gətirirsə,
bir o qədər də üzərlərinə məsuliyyət
qoyur. Onu da qeyd edək ki, dövlətlə
dövlət qulluqçuları arasında yaranan münasibətləri
və kadr siyasətinin əsas prinsiplərini müəyyənləşdirən
bu Qanunun özəlliklərindən biri də odur ki, o, Avropa
İttifaqına daxil olan dövlətlərin tətbiq etdikləri
prinsiplərə uyğundur.
“Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanunu dövlətlə dövlət
qulluqçuları arasında yaranan münasibətləri və
dövlət qulluqçularının hüquqi vəziyyəti
ilə bağlı məsələləri tənzimləyərək
həyata keçirilən kadr siyasətinin əsas prinsiplərini,
dövlət qulluqçularının cəmiyyətdəki
yerini, onların hüquq və vəzifələrini müəyyənləşdirir. Bu qanun
dövlət orqanlarının üzərinə düşən
funksiyaların səmərəli şəkildə yerinə
yetirilməsinə xidmət edən təcrübəli və
peşəkar dövlət qulluqçusu korpusunun
formalaşdırılması və inkişafını
stimullaşdırır.
Qanunda
dövlət qulluğu anlayışının mahiyyəti
belə əks olunmuşdur: “Dövlət qulluğu Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunvericilik
aktlarına uyğun olaraq dövlətin məqsədlərinin
və funksiyalarının həyata keçirilməsi sahəsində
dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini
yerinə yetirməsidir”.
Yəni dövlət qulluğunun əsas vəzifələri
sırasına vətəndaşların hüquq və
azadlıqlarının təmin edilməsi, dövlət
orqanlarının səlahiyyəti hüdudlarında qərarların
hazırlanması, qəbul edilməsi, icrası və icraya nəzarətin
həyata keçirilməsi, dövlət orqanlarının səmərəli
fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən
vəzifə səlahiyyətinin yerinə yetirilməsinin təmin
olunması daxildir.
Qanunvericiliyə görə, dövlət qulluğunun
qanunçuluq, hesabatlılıq, şəffaflıq,
cavabdehlik və məsuliyyət prinsiplərinə əsaslanması
dövlət idarəçiliyi sisteminin daha səmərəli
təşkilinə və ardıcıl təkmilləşdirilməsinə
xidmət edir.
Belə ki, qeyd olunan prinsiplər dövlət
orqanlarının qərarlarının qanuna və digər
normativ hüquqi aktlara söykənməsini, görülən
işin nəticəsinin subyektiv meyarlara əsasən deyil,
keyfiyyətə görə qiymətləndirilməsini,
işə qəbulla bağlı açıq prosedurların
və müsabiqənin tətbiqini, qəbul edilmiş qərarlar
haqqında ictimaiyyətə ətraflı məlumat verilməsini,
hər hansı vəzifəni tutarkən hüquq bərabərliyinin
təmin olunmasını, qulluq borcunun yerinə yetirilməsi
zamanı dövlət qulluqçusunun və onun
çalışdığı dövlət orqanının
cavabdehlik daşımasını ehtiva edir. Eyni
zamanda belə bir mühüm cəhəti də vurğulamaq
lazımdır ki, dövlət qulluqçularının sosial
və hüquqi müdafiəsi, onların özləri və
ailələri üçün ləyaqətli
yaşayış səviyyəsinin təmin edilməsi
müddəasının dövlət qulluğunun prinsipləri
sırasında əksini tapması dövlət
qulluqçularının öz vəzifələrini daha səmərəli
şəkildə yerinə yetirməsinə və məsuliyyət
hissinin artmasına ciddi təsir göstərir.
Birbaşa
dövlət qulluqçularının sosial statusunun gücləndirilməsini
nəzərdə tutan “Dövlət qulluqçularının
icbari sığortası haqqında”, “Dövlət
qulluqçusu üçün hakimiyyət səlahiyyətinin
icrasına görə əlavə haqqın təyin edilməsi
haqqında”, “Dövlət qulluqçularının vəzifə
maaşlarına yerli əmsalların müəyyən edilməsi
haqqında” qanunlar və daha 6 qanun, habelə18 fərman da məhz
ulu öndərin hakimiyyəti illərində qəbul
olunmuşdur.
Heydər
Əliyevin 3 yanvar 1999–cu il tarixli Fərmanı
ilə Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
yaradılması ölkəmizin çağdaş siyasi tarixinə
çox əhəmiyyətli faktlardan biri kimi daxil olmuşdur.
Bu Fərman Heydər Əliyevin dövlətçiliyimizin
möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi
işinə diqqət və qayğısının daha bir təzahürü
kimi ortaya çıxdı.
Azərbaycana
ilk rəhbərlik etdiyi dövrdə olduğu kimi, ölkəmizin
müstəqilliyi dövründə də Prezident Heydər Əliyev
milli kadrların yetişdirilməsinə yenə xüsusi
önəm verdi, gənc nəslin və
qadınların dövlət orqanlarında daha çox təmsil
olunması istiqamətində işlər
görmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin qeyd etdiyi kimi “Müstəqil Azərbaycan
Respublikasında müasir dövlət qulluğu sisteminin
formalaşması və inkişafı ümummilli liderimiz Heydər
Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin
ali siyasi hakimiyyətə
qayıdışından sonra ölkədə xaos və
anarxiyanın qarşısı alındı, dövlət
nizamı və sabit dövlət idarəçiliyi bərpa
edildi, demokratik, hüquqi dövlət quruculuğu prosesi
başlandı. Onun rəhbərliyi altında həyata
keçirilən idarəçilik fəaliyyəti
insanlarımızda dövlətçilik şüurunu
gücləndirdi, hakimiyyət və idarəetmə
orqanlarının işinə inamı artırdı”.
2003–cü
il 15 oktyabr tarixdə keçirilən
prezident seçkilərində cənab İlham Əliyevə
səs verməklə xalqımız Heydər Əliyevin
bütün sahələrdə olduğu kimi milli dövlət
quruculuğu və dövlət qulluğu sahəsində də
siyasətinin dinamik inkişaf etdirilməsinə səs verdi.
Xalqa və dövlətə xidmətetmə yolunda
özünə qarşı tələbkar olan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin hər
bir vəzifəli şəxs və dövlət
qulluqçusu qarşısında da qoyduğu əsas tələb
xalq və dövlətçiliyə sədaqətlə xidmət
etməkdən, vətəndaşların hüquq və
azadlıqlarını qorumaqdan, əxlaqı, mənəviyyatı,
insanlarla rəftarı, qəbul etdiyi qərarları ilə rəsmi
orqanlara hörmət qazandırmaqdan, vətəndaşların
və dövlətin maraqlarını uzlaşdırmaqdan ibarətdir.
Eyni zamanda, çağdaş, sivil, demokratik vətəndaş
cəmiyyətinin tələblərinə tam cavab verən
dövlət idarəçiliyi sisteminin daim inkişaf etdirilməsi
üçün cənab Prezidentin dövlət
qulluqçularından tələbləri sırasında
dünyada gedən qlobal proseslərdən xəbərdar olmaq,
informasiya texnologiyalarını, demokratik idarəçilik
metodlarını mənimsəmək, müasir
düşüncə sahibi olmaq kimi tələbləri də
var. Ölkə başçısının bütün
dövlət qulluqçularına münasibəti də,
kadrları dövlət qulluğu sistemində yerləşdirməsi
də, ilk növbədə, onların bu meyarlara və vəzifə
öhdəliklərinə nə dərəcədə cavab
vermələri ilə müəyyən olunur.
“Mən xalq üçün işləyirəm, xalq
üçün çalışıram, xalqa xidmət edirəm. Dəfələrlə
demişəm ki, Prezident başda olmaqla, bütün məmurlar
xalqın xidmətçiləridir. Bizim vəzifəmiz
ondan ibarətdir ki, xalqa xidmət edək, xalqla birlikdə
olaq, xalqın qayğıları ilə yaşayaq. Mən
buna çalışmışam, bundan sonra da
çalışacağam, heç kim və
heç nə məni bu yoldan döndərə bilməz” —
deyən cənab İlham Əliyev hər hansı bir dövlət
vəzifəsinin hər hansı bir məmura əlavə
imtiyaz vermədiyini də dəfələrlə
vurğulayıb.
Cənab Prezidentin apardığı dövlət
qulluğu siyasətinin əsas məqsədi ölkəmizdə
məsuliyyətli və demokratik idarəçiliyin
yaradılmasından, dövlət orqanlarının fəaliyyətində
şəffaflığın və hesabatlılığın
gücləndirilməsindən, vətəndaşların
qayğı və ehtiyaclarının daha dolğun təmin
edilməsindən ibarətdir.
Dövlət başçısının rəhbərliyi
altında aparılan islahatlar nəticəsində dövlət
idarəetmə orqanlarının işinin dövrün tələblərinə
uyğun yenidən qurulması, keyfiyyətli kadr korpusunun
yaradılması istiqamətində zəruri tədbirlər
görülüb və bu gün dəgörülməkdədir.
Bu gün cənab İlham Əliyevin apardığı
siyasət nəticəsində ölkəmiz inkişaf tempinə
görə dünyada öncül sırada gedir. Etibarlı investisiya
mühiti həm daxili, həm də xarici iş
adamlarını ölkəmizdə sərmayə qoymağa və
yeni iş yerləri açmağa sövq edir. Buna
görə də iqtisadi durumu yüksək olan dövlətlərdə
olduğu kimi Azərbaycanda da özəl sektorla dövlət
sektoru arasında peşəkar kadrlar uğrunda rəqabət
gedir. Yüksək ixtisaslı mütəxəssislərin
özəl sektoru deyil, dövlət qulluğunu seçməsi
üçün cənab Prezidentin rəhbərliyi altında
Azərbaycan hökuməti kompleks tədbirlər
görür.
Birincisi,
dövlət qulluğunda çalışmağın hər
bir insan üçün son dərəcə şərəfli
iş olmasını və ona müstəqil, demokratik dövlət
və vətəndaş cəmiyyəti quruculuğunun ön
sıralarında durmaq imkanı verməsini təbliğ etməklə
dövlət qulluğuna milli ruhu yüksək olan mütəxəssislər
cəlb edilir. “Vətənə xidmətə
görə” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi
barədə”, “Dövlət qulluğunda fərqlənməyə
görə medalının Əsasnaməsinin və təsvirinin
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikasının qanunlarının qəbul edilməsi də
bu amala xidmət edir.
İkincisi,
dövlət qulluqçularının sosial və hüquqi
müdafiəsini, özləri və ailələri
üçün ləyaqətli yaşayış səviyyəsinin
təmin edilməsini dövlət qulluğunun prinsipləri
sırasına daxil etməklə, habelə onların iş
şəraitini yaxşılaşdırmaqla dövlət
qulluğunun iqtisadi cəhətdən də səmərəli
olması önə çəkilir. Bunun
üçün “Korrupsiyaya qarşı mübarizə
haqqında”, “Dövlət qulluqçularının etik
davranış qaydaları haqqında” qanunlar və dövlət
qulluqçularının vəzifə maaşlarına bir
sıra əlavələrin müəyyən edilməsi
haqqında normativ–hüquqi aktlar qəbul edilib və bu istiqamətdə
işlər davam edir.
Üçüncüsü,
birbaşa cənab İlham Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə Azərbaycan gənclərinin
dövlət hesabına xarici ölkələrin ən
nüfuzlu ali məktəblərində təhsil
alması və sonradan dövlət qulluğuna cəlb edilməsi
üçün “2007–2015–ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə dövlət
proqramı” qəbul edilib. Bu proqram çərçivəsində
təhsil alanların dövlət qulluğuna müsabiqə və
müsahibədən kənar qəbul edilməsi qanunvericiliklə
təsbit edilib.
Dördüncüsü,
dövlət qulluğunun daha yaxşı təşkili və
idarə olunması, dövlət qulluğu sahəsində
vahid dövlət siyasətinin formalaşdırılması,
dövlət qulluqçularının ixtisas dərəcələrinin
artırılması, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş
qaydada müsabiqə və şəffaflıq əsasında
həyata keçirilməsi üçün Azərbaycan
Respublikası Prezidentinin Fərmanı ilə 2005–ci ildə Azərbaycan
Respublikası Prezidentinin yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiya yaradılıb. 2007–ci ildən
başlayaraq dövlət qulluğuna qəbul Komissiya tərəfindən
bu prinsiplər əsasında həyata keçirilir. Qeyd edək ki, 2007–2012–ci illər arasında
keçirilən müsabiqə və müsahibə nəticəsində
3000–dən artıq vətəndaş dövlət
qulluğuna qəbul edilmişdir. Onların
85 faizdən çoxunu gənclər, 30 faizə qədərini
isə qadınlar təşkil edir.
Beşincisi,
respublikamızda demokratik dövlət və vətəndaş
cəmiyyəti quruculuğu prosesində dövlət
qulluğunun rolunu və Birləşmiş Millətlər Təşkilatı
Baş Məclisinin tövsiyəsini nəzərə alan Azərbaycan Respublikasının Prezidentinin
sərəncamı ilə hər il iyun ayının 23–ü
dövlət qulluqçularının peşə bayramı
günü kimi təqvimə daxil edilib.
Dövlət
qulluqçuları isə ölkə
başçısının bu diqqətini daha səmərəli
iş, onlara göstərilən etimada məsuliyyətli
münasibət, müstəqil dövlətimizə, vətəndaşlarımıza
layiqli xidmətlə doğrultmalı, xalqımızın
ümummilli lideri Heydər Əliyevin
formalaşdırdığı dövlətçilik dəyərlərinə,
müstəqil respublikamızın dövlət atributları
qarşısında içdikləri anda sadiq
qalmalıdırlar.
Bəhram XƏLİLOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
Qulluğu
Məsələləri üzrə
Komissiyanın sədri
Respublika.- 2013.- 17 aprel.- S. 8.