Azərbaycanda hüquqi dövlət quruculuğunun memarı

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində onun çoxşaxəli yorulmaz fəaliyyətinin canlı şahidi olan, həyatın müxtəlif sahələrinə dair dərin məzmunlu nitqlərinin təsiri altında böyüyən, ulu öndərin müasiri olan bizim nəsil illər keçdikcə Heydər Əliyev şəxsiyyətinin əzəmətini, onun Azərbaycan naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyini daha dərin dərk edir. Xalqımızın ümummilli lideri məhz bunu nəzərdə tutaraq deyirdi ki, “nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam”. Artıq hər bir Azərbaycan vətəndaşı bütün aydınlığı ilə dərk edir ki, müstəqil dövlətdə azad yaşadığına, sivil dünyanın demokratik dəyərləri əsasında formalaşan vətəndaş cəmiyyətində sərbəst fəaliyyət göstərdiyinə, sabaha, övladının xoşbəxt gələcəyinə inamla baxdığına görə məhz Azərbaycanın yeni tarixinin yaradıcısı, müstəqil dövlətçiliyimizin memarı Heydər Əliyevə borcludur.

Azərbaycan Respublikasının inkişafı və xalqımızın firavanlığı, ölkə həyatının bütün sahələrində əldə edilmiş dirçəliş və nailiyyətlər yalnız və yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Ulu öndərimizin tarixi xidmətlərinə Azərbaycan xalqı tərəfindən verilən böyük qiymətin nəticəsidir ki, 1969–cu ildən başlayaraq bugünə qədərki dövr “Azərbaycan tarixinin Heydər Əliyev dövrükimi səciyyələndirilir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndərimiz Heydər Əliyevin ictimaisiyasi fəaliyyətinin mühüm bir istiqaməti, müdrik dövlət xadimi kimi tarix qarşısında misilsiz xidmətlərindən biri də XX əsrin əvvəlində itirdiyimiz, yalnız əsrin sonunda bərpa edə bildiyimiz milli istiqlalımızın, həqiqətən də, “əbədi, dönməz və sarsılmaz” olması üçün hərtərəfli düşünülmüş, sistemli hüquq islahatlarının aparılması, məhkəmə–hüquq sisteminin müasir dünya dəyərlərinə və hüquqi dövlət prinsiplərinə əsaslanaraq tamamilə yenidən qurulmasıdır.

Dövlət quruculuğunun başqa sahələrində olduğu kimi, müstəqil Azərbaycan Respublikasının hər cür cinayətkar qəsdlərdən qorunmasında, dövlətin əsaslarını sarsıtmağa yönələn terror aktları, dövlət çevrilişi cəhdlərinin istintaqı və bu işlər üzrə məhkəmələrdə dövlət ittihamının müdafiə edilməsində prinsipial dövlətçilik mövqeyi nümayiş etdirən Azərbaycan Respublikasının Prokurorluğu da ulu öndərin daimi qayğısı və diqqəti ilə əhatə edilmiş, əməkdaşlarımızın dövlət qarşısındakı xidmətləri ümummilli liderimiz tərəfindən dəfələrlə yüksək qiymətləndirilmişdir.

Hələ 1993– il iyunun 15–də Azərbaycan dövlətçiliyinin itirilməsi təhlükəsi yaşandığı bir vaxtda Heydər Əliyevin siyasi hakimiyyətə xilasedici qayıdışından sonra respublikamızın hüquq–mühafizə orqanlarının fəaliyyətində də əsaslı dönüş yaranmış, ciddi intizam və tələbkarlıq şəraiti formalaşdırılmaqla dövlət mənafeyi ön plana çəkilmişdir. Ümummilli liderin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilməklə bütün hüquq–mühafizə orqanlarının fəaliyyəti, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə, ciddi qanunçuluq mühiti, ictimaisiyasi sabitlik yaradılmasına yönəldilmişdir.

Məhz ulu öndərin dəmir iradəsi, böyük dövlətçilik təcrübəsinə əsaslanan yorulmaz fəaliyyəti və əsl liderlərə xas olan qətiyyəti sayəsində ictimaisiyasi həyatın silahlı qruplaşmalar və “çevrilişçi polkovniklər”dən təmizlənməsi, dövlət orqanlarının səmərəli, qarşılıqlı əlaqəli fəaliyyətinin təmin edilməsi artıq 1995–ci ildə yeni dövlət quruculuğuna başlamaq üçün şəraiti təmin etdi. Ümummilli liderimizin özünün rəhbərlik etdiyi dövlət komissiyası tərəfindən hazırlanan (sonralar ulu öndər xatırladırdı ki, Konstitusiyanın hər bir maddəsi üzərində şəxsən işləyibdir), referendumla qəbul edilən, yeni respublikanın quruluş əsaslarını müəyyən edən Əsas Qanunun 133– maddəsi “Azərbaycan Respublikasının Prokurorluğu” adlanır. Bununla da yeni yaranan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluq orqanlarının təşkili və fəaliyyətinin hüquqi əsasları müəyyən edilmiş, təkcə prokurorluqda deyil, ümumiyyətlə, məhkəmə–hüquq sistemində sonrakı köklü islahatların möhkəm təməli qoyulmuşdur.

Azərbaycan Respublikası Prokurorluğunun dövlətçilik üçün həlledici sınaq məqamlarında prinsipial mövqe nümayiş etdirməsi, vətəndaşların hüquq və azadlıqlarının, dövlət mənafelərinin və ictimaisiyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunması sahəsində ardıcıl fəaliyyəti, prokurorluq əməkdaşlarının dövlətçiliyə sədaqətlə xidmət etməsi kimi amillərin ulu öndər tərəfindən yüksək qiymətləndirilməsinin daha bir təzahürü məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998–ci il 17 iyul tarixli sərəncamı ilə oktyabrın 1–nin Prokurorluq İşçilərinin Peşə Bayramı Günü elan olunmasıdır. Elə həmin il unudulmaz rəhbərin şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi. 1998–ci il noyabrın 28–də bu yubileyə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində ulu öndərimiz Heydər Əliyev bəyan etdi ki, “Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Bu nitqində ümummilli liderimizin prokurorluğun fəaliyyətinə yüksək qiymət verərək hər bir əməkdaşa dövlətçiliyə sədaqətinə görə təşəkkür etməsi prokurorluq işçilərinin üzərinə daha böyük məsuliyyət qoymuşdur.

Prokurorluğun çağdaş demokratik cəmiyyətdə, müstəqil Azərbaycan Respublikasının yeni yaranan dövlət orqanları sistemində yeri, səlahiyyət hədləri və fəaliyyət istiqamətləri barədə bir neçə il ərzində aparılan ictimai müzakirələrdən sonra 1999–cu ildə məhz ulu öndərin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim etdiyi layihə əsasında Azərbaycanın dövlətçilik tarixində ilk dəfə “Prokurorluq haqqında” mükəmməl qanun qəbul edildi. Bu günprokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən həmin qanunda Konstitusiyanın müəyyən etdiyi prinsiplər əsasında Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin əsas prinsip və istiqamətləri, prokurorluq orqanlarının sistemi və təşkilinin əsasları, prokurorluq işçilərinin hüquqi və sosial müdafiəsi kimi məsələlər həllini tapmışdır.

Yeni qanunda prokurorluğun totalitar rejimə xas funksiyalardan azad olub fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması nəzərdə tutulsa da, bu islahatlar müəyyən mühafizəkar qüvvələrin müqaviməti ilə üzləşmiş və dövlət rəhbərliyinin tələb etdiyi səviyyədə keçirilməmişdir. Buna görə də 2000–ci il aprelin 26–da Baş Prokurorluğun rəhbərliyində əsaslı dəyişiklik etdikdən sonra prokurorluğun rəhbər işçiləri ilə görüşdə dərin məzmunlu, proqram xarakterli nitq söyləyən ulu öndər Heydər Əliyev prokurorluq orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş nöqsanların aradan qaldırılması, sağlam atmosferinin, işgüzar mühitin yaradılması, dərin, sistemli islahatlar aparılması barədə tapşırıqlar vermişdir.

Prokurorluğun özündə illərlə yığılan problemlərin, həm yerlərdə, həm də mərkəzi aparatda yol verilən nöqsanqanun pozuntularının, müxtəlif sui–istifadə və intriqaların yaratdığı, 2000–ci ilin əvvəlinə doğru ciddi miqyas alan və məlum naqis təzahürlərlə özünü göstərən böhranın həllində də dövlət rəhbərliyinin qətiyyəti, məsələni açıq ictimai müzakirəyə çıxarmaqla prokurorluqda artıq vaxtı çatmış islahatlar və yeniləşmə prosesinə ciddi təkan verməsi, bu məqsədlə bütün rəhbərliyin dəyişdirilməsi, yeni rəhbərliyin qarşısında fəaliyyət istiqamətləri və vəzifələri dəqiq müəyyən edən proqram xarakterli çıxış edilməsi hadisələrin sonrakı istiqamətini müəyyən edən güclü impuls oldu. Xoşbəxtlikdən prokurorluğun sonrakı taleyində cox mühüm hadisələrlə zəngin olan bu kritik zaman kəsiyində daha bir uğurlu addım atıldı. Prokurorluğun “xəstə orqanizminə cərrahi müdaxilə” olunanda, yəni bütün rəhbərliyi bir gündə dəyişdiriləndə bura kənardan şəxs təyin olunmadı. Yeni təyin olunan Baş prokurorun, onun hər iki müavininin məhz prokurorluğun özündə yetişmiş, işə və kadrlara, yaranmış böhranlı vəziyyətin səbəb və nəticələrinə yaxşı bələd olan, prokurorluqda radikal islahatların zərurətini təkcə başa düşməklə qalmayan, belə islahatlar ücün məsuliyyətli, bəzən riskli və ağır addımları qətiyyətlə atmağa, bu yolda hər cür təsir və təzyiqlərə dözməyə hazır olan şəxslərdən seçilməsi çox uğurlu, düşünülmüş, ölçülübbiçilmiş qərar oldu. Nəticədə yeni rəbbərliyə vəziyyəti öyrənməyə, fəaliyyət proqramı hazırlamağa, islahatlar komandası toplamağas. çox vaxt lazım gəlmədi. Ötən illərin təcrübəsi göstərdi ki, islahatların sonrakı uğurlarında bu amil həlledici rol oynadı.

Ötən 13 ildə prokurorluqda aparılan islahatlar və yeniləşmə prosesi barədə ictimaiyyətə müntəzəm məlumat verilsə də, həqiqətən, inqilabi dəyişikliklərin miqyası, bu qısa müddətdə hardan haraya gəldiyimiz barədə müəyyən təsəvvür yaranması üçün, qısa da olsa, bəzi əsas nəticələri yada salmaq istərdim.

13 il bundan əvvəl prokurorluğun bir orqan kimi qalıb–qalmaması məsələsinin ciddi müzakirə olunduğu, bu orqanın daxilində bir ruh düşkünlüyüqeyrisağlam atmosferin hökm sürdüyü, cəmiyyətdə və dövlət rəhbərliyində prokurorluğa qarşı, yumşaq desək, tənqidi münasibətin hakim olması hər birimizin xatirindədir. İctimai fikirdə prokurorluq köhnəliyin qalığı, islahatlara müqavimət göstərən, azad sahibkarlığın inkişafına mane olan, öz korporativ maraqlarını ictimai və dövlət maraqlarından üstün tutan bir orqan imici qazanmışdı. Prokurorluğun perspektivsiz bir orqan olduğu qənaəti möhkəmlənməkdə idi. Yeni rəhbərlik qısa müddətdə stereotipləri qətiyyətlə qırıb, digər hüquq–mühafizə orqanları, dövlət və ictimai təşkilatlarla sağlam qarşılıqlı münasibətlər qurub, hərtərəfli struktur islahatlarını ardıcıl aparıb, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə ştatların dörddə birini real ixtisar edib, təkcə Baş Prokurorluqda idarə və şöbələrin sayını 20–dən 12–yə endirib, çağdaş dünya dəyərlərinə uyğun olmayan bəzi səlahiyyətlərindən imtina edib, qanun pozuntusuqulluq mövqeyindən sui–istifadə faktlarına adı bulaşmış şəxslərdən cəsarətlə azad olub, dövlətçilik tariximizdə ilk dəfə şəffaf prosedurlarla açıq müsabiqə əsasında işə qəbul keçirib, islahatların və yeniləşmiş prokurorluğun fəaliyyətinin hüquqi bazasını təşkil edən 60–dan çox normativhüquqi aktlar hazırlayıb icraya yönəltməklə nəinki pessimistləri, hətta islahatları mümkün hesab edən və ona inananları da, yaxşı mənada, təəccübləndirdi.

Prokurorluğun madditexniki bazasının əsaslı şəkildə yenilənməsi, çağdaş üsulları və kompyuter texnikasının geniş tətbiqi, prokurorluq əməkdaşlarının şəraiti və sosial təminatının köklü yaxşılaşdırılması, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında qətiyyət və ictimai həyatda fəal iştirak prokurorluğun yenilikçi, çağdaş dünya dəyərlərini mənimsəyən orqan obrazını yaratdı. Artıq inamla deyə bilərik ki, Azərbaycan Prokurorluğu bir ictimaisiyasi sistemdən digərinə keçidin, bununla üst–üstə düşən müxtəlif sui–istifadə və qanunsuzluq hallarının doğurduğu, fəaliyyət istiqamətləri və təyinatının köklü şəkildə dəyişməsi ilə müşayiət olunan böhranlı vəziyyətdən çoxdan çıxmışdır.

İslahatlar prokurorluğun simasını köklü surətdə dəyişmiş, onu qanunun aliliyinə, insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən orqana çevirmişdir. Prokurorluq öz işini mahiyyətcə yenilənmiş hüquq sistemində düzgün qura bilmiş, hərtərəfli strukturkadr dəyişikliklərini uğurla başa çatdırmış, cəmiyyətdə nüfuzunu daha da artırmışdır.

Nəticələr isə artıq göz qabağındadır. İctimai rəydə və dövlət orqanları arasında prokurorluğun nüfuzunun artmasının, onun dövlətçilik ideallarına sədaqətinin, ardıcıl uğurlu fəaliyyətinin nəticəsidir ki, 2000–ci ildən bəri qəbul edilən bütün normativhüquqi aktlarda prokurorluğun statusumövqeyinin möhkəmlənməsinə, dövlət həyatında onun rolunun artmasına yönələn normalar nəzərdə tutulur. 2002–ci ilin avqust ayında keçirilən ümumxalq səsverməsi ilə Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilərkən Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququnun verilməsi də bir tərəfdən son illər prokurorluğun qanun yaradıcılığı prosesində fəal iştirakının məntiqi nəticəsidirsə, digər tərəfdən, ölkə rəhbərliyinin prokurorluğun dövlət həyatındakı roluna verdiyi yüksək qiymətin təzahürüdür.

Həmin tarixi müşavirədən sonra Azərbaycan Prokurorluğunda həyata keçirilən hərtərəfli islahatlar prosesində bu mühüm dövlət hakimiyyəti orqanının səlahiyyətləri və fəaliyyət istiqamətləri ilə yanaşı, onun yeni strukturu müəyyənləşmiş, müasir tələblər səviyyəsində işləməyə qadir kadr korpusunun formalaşdırılması, dövlətçilik maraqlarına xidmət edən təkmil nəzarət mexanizminin yaradılması istiqamətində böyük uğurlar əldə edilmişdir. Prokurorluq qanun pozuntuları və ciddi nöqsanlara yol vermiş onlarca əməkdaşını orqandan xaric etməklə yanaşı, ilk dəfə test üsulu ilə açıq müsabiqə elan edərək ictimaiyyətin və beynəlxalq təşkilatların nümayəndələrinin müşahidəsi altında ən layiqli gənc mütəxəssislərin şəffaf prosedurlarla qulluğa qəbulunu həyata keçirdi. Son illərdə prokurorluğun yeni dövrdə fəaliyyətini nizama salan çoxsaylı normativhüquqi aktlar hazırlanaraq icraya yönəldilibdir. Prokurorluğun digər dövlət orqanları, ictimai təşkilatlar və mətbuatla münasibətləri yenidən qurulub, işimizdə aşkarlığın təmini üçün əlavə tədbirlər görülüb, müasir informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilib. Əməkdaşlarımızın maddisosial təminatının yaxşılaşdırılması, yeni prokurorluq binalarının tikilməsi, digərlərinin isə müasir üslubda təmir edilməsi, müasir şəraitinin yaradılması xüsusi qeyd edilməlidir. Fərəhlə demək olar ki, “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşməsinə dair 2009–2011–cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi nəticəsində prokurorluq orqanlarında işin təşkili ən müasir dünya standartları səviyyəsinə çatdırılıbdır.

Bu faktlar aydın şəkildə göstərir ki, müstəqil Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə və insan hüquqlarının müdafiəsinə xidmət edən sivildemokratik bir qurum kimi formalaşması yalnız ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasəti, onun qayğı və dəstəyi sayəsində mümkün olubdur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və müdrik dövlətçilik siyasəti nəticəsində bu gün dünya dövlətləri birliyində Azərbaycan öz layiqli yerini tutubdur.

Ölkəmizdə dönməz və dayanıqlı ictimaisiyasi sabitlik əldə edilməklə qanunun aliliyinə, insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşıbdır. Bütün dünyanın diqqətini cəlb edən, Azərbaycanı regionun lider dövlətinə çevirən bu inkişafböyük uğurlar isə ulu öndərimizin yoluna sədaqətin, onun ideya və arzularının həyata keçirilməsinin nəticəsidir.

Azərbaycan Prokurorluğunun əməkdaşları ulu öndər Heydər Əliyevin göstərdiyi qayğı və diqqəti heç vaxt unutmayacaqlar. Bu gün prokurorluq işçiləri üzərlərinə düşən məsuliyyəti aydın dərk edərək onlara göstərilən yüksək etimadı ulu öndərimizin yoluna sədaqətlə, xidməti vəzifələrinin icrasına daim vicdanlı münasibət bəsləməklə doğrultmağa çalışırlar. Möhtərəm Prezidentimiz İlham Əliyevin haqlı olaraq bəyan etdiyi kimi, müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Bu qiymətli mirası qorumaq isə hər bir Azərbaycan vətəndaşının şərəf borcudur.

 

 

Firdovsi Nemətli,

Salyan rayon prokuroru,

baş ədliyyə müşaviri

 

Respublika.- 2013.- 17 aprel.- S. 10.