Qadınların
IV qurultayına nümayəndələr seçildi
Azərbaycan qadınlarının cəmiyyətdə rolu getdikcə artır, onlar həyatın bütün sahələrində təmsil olunur, ən yüksək vəzifələrə irəli çəkilirlər, lakin bununla yanaşı, qadın problemi hələ də qalmaqdadır. Qadınlar bir neçə il öncə özlərinin III qurultayında da vacib məsələlərin həlli istiqamətində müzakirələr aparmış, qarşıda duran vəzifələri bir daha müəyyənləşdirmiş və bu istiqamətdə xeyli işlər görülmüşdür. İndi qadınların IV qurultayına hazırlıq işləri gedir. Bu məqsədlə qadın təşkilatlarında, ayrı–ayrı bölgələrdə konfranslar keçirilir, qurultaya nümayəndələr seçilir.
Xətai Rayon İcra Hakimiyyətində rayonun qadın fəallarının iştirakı, Ailə, Uşaq və Qadın problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirilən konfransda dövlət qadın siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərdən, qazanılan uğurlardan danışıldı.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov toplantı iştirakçılarını salamlayaraq onlara konfransın işində uğurlar arzuladı. O, sonra sözünə davam edərək dedi: “Azərbaycan qadını kəşməkəşli inkişaf yolu keçmişdir. XX əsrin əvvəllərində ölkəmizdə baş verən siyasi, iqtisadi və mədəni proseslərin fonunda qadın məsələsinin aktuallaşması Azərbaycan qadınının ictimai–sosial inkişafına təkan verdi. Qadın azadlığı uğrunda uzun əsrlər boyu mübarizə aparılsa da, qadın probleminin dövlət səviyyəsinə qaldırılması yalnız ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə mümkün olmuşdur.
Ümummilli liderimiz qadınlara daim yüksək qiymət verir, onlar haqqında xoş sözlər söyləyirdi. “Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik” — deyən ulu öndərimiz onlara həmişə arxalanır, etimad göstərirdi.
1993–cü ildə ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra yaranan sabitlik şəraitində qadın hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoydu, bir sıra mühüm fərman və sərəncamlar imzalandı. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş dövlət qadın siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbəri qadınların cəmiyyətdəki rolunu yüksək qiymətləndirərək demişdir: “Qadınlar dünya tarixinin hər bir dövründə sülhün, əmin–amanlığın və dinc yanaşı yaşamanın ən böyük təminatçısı olmuşlar”.
Xətai rayon qadınları da ölkədə baş verən ictimai–siyasi həyatda fəal iştirak edir, onlara göstərilən etimadı doğrultmağa çalışırlar. Mən qadınlarımıza uğurlar arzulayıram, inanıram ki, qadınların IV qurultayına seçiləcək qadınlarımız rayonumuzu yüksək səviyyədə təmsil edəcəklər”.
Sonra söz Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovaya verildi. O, Azərbaycan qadınlarının bugünkü vəziyyəti, mövcud problemlərdən danışarkən dedi: “Qadın mövzusu daim aktualdır, bu, həm də dünyəvi bir məsələdir. Sual olunur: bu məsələ bu qədərmi önəmlidir? Bəli! Hər şeydən öncə, ona görə ki, qadın anadır, o, övlad böyüdür, bununla da cəmiyyətin formalaşmasına kömək edir, onu tərbiyə edir. Cəmiyyətin özəyi ailədir. Ailədəki normal mühit uşaqların tərbiyəsində mühüm rol oynayır. Biz Azərbaycan ailələrinin möhkəm təməl üzərində qurulmasına çalışmalı, onu qorumalıyıq.
Rayon qadınlar şurasının sədri Aida Hüseynzadə öz çıxışında bildirdi ki, rayonda yaşayan əhalinin 50 faizini qadınlar təşkil edir. Səhiyyədə çalışanların 80, təhsildə çalışanların 50 faizi qadınlardır. Onların rəhbər vəzifələrdə də çəkisi, yeri durmadan artır. Biz qadınların IV qurultayı ərəfəsindəyik. Bir daha işlərimizi təhlil edir, görüləcək işləri müəyyənləşdiririk. İnanıram ki, bugünkü konfransda da birgə müzakirələr aparılacaq, fikir mübadiləsi ediləcəkdir.
Digər çıxış edənlər də qadınların ictimai–siyasi həyatdakı rolundan, artan nüfuzundan, dövlət qadın siyasətinin qadınların hərtərəfli inkişafı üçün açdığı imkanlardan danışdılar.
Konfransın sonunda Azərbaycan qadınlarının IV qurultayına 44 nümayəndə seçildi.
Zümrüd ABDULLAYEVA
Respublika.- 2013.- 17 aprel.- S.
13.