Akademik Zərifə xanım Əliyevaya
həsr olunmuş tədbir keçirilmişdir
Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, akademik Zərifə xanım Əliyevanin 90 illik yubileyi paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda geniş qeyd olunur. Rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir.
Yubiley tədbirləri çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta məktəblərinin şagirdlərinin iştirakı ilə əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin məktəblilər üçün daha maraqlı və yaddaqalan olması üçün onun keçirilmə məkanı Xəzər dənizinin Bakı buxtası seçilmişdir. Məktəblilər əvvəlcə Dənizkənarı Milli Parkda “Yaxt–klub”a gəlmiş, burada “Vətən” gəmisinə minərək Bakı buxtasına səyahətə çıxmışlar. Qeyd etmək lazımdır ki, onların bir çoxu ilk dəfə idi ki, belə gəzintiyə çıxırdılar.
Gəminin göyərtəsində akademik Zərifə xanım Əliyevaya həsr olunmuş foto, kitab və nəşrlərin, həmçinin rayon məktəblilərinin rəsmlərinin, müxtəlif materiallardan hazırlanmış əl işləri, inşa yazı nümunələrinin nümayiş olunduğu səyyar sərgi ilə tanış olmuşlar.
Məktəblilər qarşısında çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdir. Qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi–pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
Ümummilli lider Heydər Əliyevin ömür–gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.
Məktəblilər Zərifə xanım Əliyevaya, Azərbaycan qadınına, Azərbaycanımıza həsr olunmuş şeir və mahnılarla, bədii kompozisiyalarla çıxış etmiş, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunmuş, musiqiçilərin şən ifaları altında uşaqlar rəqs etmişlər.
Bakı buxtasında keçirilən dəniz gəzintisi zamanı məktəblilər və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, “Kristall–Xall” zalını, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə etmişlər.
Keçirilən tədbir və dəniz gəzintisi məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.
Məhəmməd VƏLİYEV
Respublika.- 2013.- 17 aprel.- S. 13.