Ölkəmizdə
bəzi binaların relokasiyası həyata keçiriləcək
Azərbaycanın daşınmaz əmlak sektorunda unikal layihə həyata keçiriləcək. Aparılan yol genişləndirilməsi və abadlaşdırma işləri ilə əlaqədar paytaxtın mərkəzində tarixi binanın yeri dəyişdiriləcək. Bu haqda layihəni həyata keçirəcək “Bresser Avrasiya” Şirkətinin rəhbəri Leon Sveyxer “Hilton” mehmanxanasında keçirilən mətbuat konfransı zamanı məlumat vermişdir. Layihə ilə bağlı L.Sveyxerlə hazırladığımız müsahibəni oxucularımıza təqdim edirik.
– Əvvəlcə təmsil etdiyiniz “Bresser Avrasiya” Şirkəti haqqında məlumat almaq istərdik. Şirkətinizin əsas fəaliyyət istiqaməti nədir?
– Məhsullarımız və xidmətlərimiz əsasən mühəndislik, konsaltinq, bina, abidələr, sənaye və infrastruktur obyektlərin köçürülməsi, yenidən hamarlanması, bərpası və təmirindən ibarətdir. Bundan əlavə, torpaqların təmizlənməsi və təkmilləşdirilməsi, eləcə də yenidən bərpa olunması kimi tədbirlər də həyata keçiririk. Əməkdaşlıq etdiyimiz qurumlar sırasında hökumətin milli və yerli nümayəndəlikləri, yol–nəqliyyat, dəmir yolu və su təsərrüfatı təşkilatları, neft–kimya sahəsində çalışan transmilli şirkətlər, mənzil assosiasiyaları və fiziki şəxslər də var.
– Şirkətinizin bina və obyektlərin köçürülməsi sahəsindəki təcrübəsi haqda nə deyə bilərsiniz? Azərbaycanda bu tədbirlərin həyata keçirilməsi gözlənilirmi?
– Qeyd edim ki, binaların köçürülmə texnologiyasını məhz “Bresser Avrasiya” şirkəti özü yaradıb və artıq 30 ildir ki, bu işləri həyata keçiririk. İndiyədək Qərbi Avropa və digər ölkələrdə 30–dan artıq sosial əhəmiyyətli binanın köçürülməsini həyata keçirmişik. Əksər hallarda köçürülmə zərurəti həmin binaların mədəni və tarixi əhəmiyyət kəsb etməsi səbəbindən onların qorunması ilə bağlı olur. Misal çəkmək istərdim. Biz, Rozental şəhərində 1904–cü ildə tikilmiş binanı 1500 metr məsafəyə çəkmişik. İndiyədək şirkətin ən uzaq məsafəyə köçürdüyü 12 km olub – böyük bir villa bu məsafəyə daşınıb. Şirkətin planlaşdırdığı layihələr arasında Niderlanddakı stadionlardan birinin köçürülməsi də var.
Hazırda Azərbaycanda da həyata keçirəcəyimiz ilk layihə çərçivəsində paytaxt Bakıda aparılan yol genişləndirilməsi və abadlaşdırma işləri ilə əlaqədar olaraq binalardan birinin yeri dəyişdiriləcək. Füzuli küçəsində yerləşən tarixi–mədəni bina hazırkı yerindən təqribən 10,6 metr kənara çəkiləcək.
Məlumatıma görə, bu bina 1908–ci ildə tikilib və vaxtilə Bakının məşhur milyonçuları sayılan Hacınski qardaşlarına məxsus olub. Aprelin 18–də bina köçürülməyə hazır olacaq, yəni bütün hazırlıq işləri başa çatacaq.
MDB məkanında ilk dəfə Bakıda baş tutan relokasiya – bina köçürülməsi əməliyyatını məhz “Bresser Avrasiya” şirkəti həyata keçirəcək.
Bizim üstünlüyümüz ondadır ki, texnologiyamız binanın hansı tarixdə tikilməsindən asılı olmayaraq, əgər bina normal vəziyyətdədirsə, onu daşımaq imkanı verir.
Hazırda fəaliyyətimiz dövründən ən böyük və ən ağır binanı köçürürük. Bu dünya rekordu Azərbaycanda qeydə alınaraq “Ginnesin Rekordlar Kitabı”na düşəcək. Biz bununla fəxr edirik.
Bakıdakı abadlıq işləri baxımından bu binanın köçürülməsi nümunəvi bir iş olacaq. Binanın köçürülməsi üçün onun altında 210 ədəd hidravlik qaldırıcı qurğu quraşdırılıb. Bu qurğular vasitəsilə bina bir neçə millimetr qaldırılır və 9 hidravlik qurğu vasitəsilə lazım olan yerə çəkiləcək. Binanın köçürülməsi 5 gün davam edəcək. Bütün proses fasiləsiz olaraq videoya çəkiləcək və sonradan həmin videoyazı sürətləndiriləcək ki, binanın necə köçürüldüyü əyani olaraq nümayiş etdirilsin.
Təbii ki, bu işlər görülərkən bəzi çətinliklər oldu. Binanın bünövrəsinin həddən artıq qalın – təqribən 10 metr olması bizi təəccübləndirdi. Avropada binaların bünövrəsi belə olmur. Hazırlıq işləri çərçivəsində “Bresser Avrasiya” şirkəti bünövrəni təzələdi və nəticədə bu bina yeni yerində daha yaxşı dayanacaq. Əminliklə deyə bilərik ki, binanın bundan sonrakı ömrü indiyədək olandan uzun olacaq. Bundan əlavə, ehtiyac olarsa, binanı bir qədər çevirmək və s. də mümkündür. Bir sözlə, bizim şirkətin imkanları və texnologiyaları bina ilə istənilən hərəkəti etməyə imkan verir.
Hazırlıq işləri elə bir dəqiqlik və ehtiyatla həyata keçirilib ki, köçürülmə prosesi zamanı 8 ballıq zəlzələ olsa belə, binaya heç bir ziyan dəyməyəcək. Biz yüz faiz əminik ki, bu proses qaydasında keçəcək. Uğur əldə edəcəyimizə hətta bir faiz belə şübhəmiz olarsa, bu işə başlamırıq.
– Layihənin Prezident İlham Əliyev üçün də maraqlı olduğunu qeyd etmişdiniz. Bu barədə nə deyə bilərsiniz? Gələcəkdə Azərbaycanda yeni layihələr həyata keçirmək fikriniz varmı?
– Bəli. Binanın yerinin dəyişdirilməsi – relokasiya prosesi MDB–də ilk dəfədir ki, həyata keçirilir. Bu işlər ölkə rəhbərliyi tərəfindən diqqətlə izlənilir. Hətta ötən ilin dekabr ayının 29–da Prezident İlham Əliyev hazırlıq işləri ilə tanış olmaq üçün işlərin aparıldığı sahəyə gəlmişdi. Hazırlıq işlərinin necə aparılması Prezidentin özü üçün də maraqlı idi.
Gələcək planlarımıza gəldikdə isə, təbii ki, müəyyən ideyalarımız var. Hazırda müzakirə olunan maraqlı ideyalardan biri binalardan birinin sadəcə köçürülməsi deyil, onun müvəqqəti olaraq kənara çəkilməsi, onun altında qaraj tikilərək yenidən yerinə qaytarılmasıdır. Bakıdakı tıxacların qarşısını almaq üçün bu, çox əlverişli ola bilər. Mən özüm də indi Azərbaycanda avtomobil idarə edirəm və bilirəm ki, ən böyük problem tıxac zamanı avtomobil sükanı arxasında olmaqdır.
– Müsahibə üçün təşəkkür edirik.
Ülvi QARAYEV
Respublika.- 2013.- 17 aprel.- S. 14.