Vətəndaşların
müraciətlərinə baxılması və
kargüzarlıq işinin təşkilində
İKT–nin tətbiqi
Hüquqi və demokratik dövlət quruculuğu şəraitində vətəndaşların müxtəlif dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan və vətəndaş hüquqlarının qorunmasında mühüm vasitədir. Azərbaycan Respublikası Konstitusiyasının 57–ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Vətəndaşların müraciətlərinə baxılması və sənədlərlə işin təşkili üzrə müvafiq vəzifələr kargüzarlıq işinin aparılmasını zəruri etmişdir. Bu işin düzgün təşkil olunması sənədlərin vaxtında aidiyyəti ünvanlara çatdırılması, həmçinin icra olunması deməkdir. Kargüzarlıq işinin təşkili üçün Azərbaycan Respublikasında müvafiq hüquqi baza yaradılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1998–ci il 29 dekabr tarixli 52 nömrəli fərmanı ilə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”, 27 sentyabr 2003–cü il tarixli 935 nömrəli fərmanı ilə “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair” təlimat təsdiq edilmişdir. Təlimata əsasən kargüzarlıq təşkilatın öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətdir.
Təlimatın 4–cü bəndinə əsasən daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq, sənədləri göndərmək, sənədlərin icra müddətinə nəzarət etmək, icra edilmiş sənədləri stuktur bölmələrdən tələb etmək, sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq və stenoqrafiya işlərini həyata keçirmək, sənədləri işlər üzrə formalaşdırmaq və arxivə vermək, sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etmək, kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədilə təşkilatın bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirmək, kargüzarların peşə hazırlığını artırmaq kargüzarlıq xidmətinin əsas vəzifələridir.
Bu təlimata uyğun olaraq ədliyyə naziri cənab Fikrət Məmmədov tərəfindən “Azərbaycan Respublikasının ədliyyə orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi barədə” 1 iyul 2001–ci il tarixli 21–T nömrəli əmr imzanlanmışdır. Əmrin 19–cu bəndində bütün ədliyyə orqanlarında müraciətlərin qəbulu və baxılması sahəsində mütəşəkkil qayda yaradılması, müraciətlərin vahid uçotunun aparılması, bu işdə informasiya–kommunikasiyası texnologiyalarından geniş istifadə olunması, vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq işinin müvafiq qaydalara uyğun aparılması xüsusi qeyd edilmişdir. Ədliyyə orqanlarında kargüzarlıq işinin qanunvericiliyin tələblərinə uyğun təşkili və eləcə də qeyd olunan əmrdən irəli gələn tapşırıqların icrası daim diqqət mərkəzində saxlanılmış və bu sahədə mövcud vəziyyət vaxtaşırı kollegiya iclaslarında müzakirə olunaraq kompleks tədbirlər müəyyən edən qərarlar qəbul edilmiş, kargüzarlıq sahəsində çalışan əməkdaşlar üçün mütəmadi seminarlar keçirilmiş, ədliyyə sistemində vahid məlumat bazası və elektron sənəd dövriyyəsi şəbəkəsi yaradılmışdır.
Müvafiq dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda sənədlərlə işin keyfiyyətli və yüksək səviyyədə həyata keçirilməsi üçün bu sahədə informasiya–kommunikasiya texnologiyalarını inkişaf etdirmək istiqamətində hökumət səviyyəsində işlər həyata keçirilir. İKT–nin tətbiqi sənədlərlə bağlı işin vaxtında və operativ icra olunmasını, bu sahədə nöqsan və catışmazlıqların olmamasını təmin edəcək. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013–cü il tarixli sərəncamı ilə 2013–cü il Azərbaycanda “İnformasiya–kommunikasiya texnologiyaları ili” elan edilmiş, eləcə də 4 sentyabr 2012–ci il tarixdə “İdarələrarası elektron sənəd dövriyyəsi haqqında” Əsasnamə qəbul edilmiş, dövlətimizin əsas prioritetlərindən olan informasiya–kommunikasiya texnologiyalarının dövlət orqanlarında geniş tətbiqi və əhaliyə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülmüş və gələcəkdə də görülməsi nəzərdə tutulur.
“İdarələrarası elektron sənəd dövriyyəsi haqqında” Əsasnamənin əsas prinsiplərindən biri elektron sənəd dövriyyəsinin qanunvericiliklə müəyyən edilmiş kargüzarlıq standartları əsasında həyata keçirilməsidir. Yəni sənədlər təlimatda nəzərdə tutulmuş qaydalara əməl olunmaqla avtomatlaşdırılacaqdır. Əsasnaməyə görə elektron sənəd dövriyyəsi–sistemin iştirakçıları arasında elektron sənədlərin nizamlanmış hərəkətidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının və tapşırıqlarının, o cümlədən tapşırıqlara baxılması nəticəsi barədə informasiyanın, sistem iştirakçıları tərəfindən Azərbaycan Respublikası Prezidentinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciətlərin, o cümlədən hüquqi aktların layihələrinin və bu layihələr üzrə razılaşdırma prosedurlarının elektron formada həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu əsasnamə dövlət sirri təşkil edən məlumatlar dövriyyəsinə şamil edilmir.
Elektron xidmətlərin tətbiqi dairəsinin genişləndirilməsi ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın təmin edilməsində mühüm vasitədir.
Elə bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2012–ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015–ci illər üçün” Milli Fəaliyyət Planına əsasən ərizə və şikayətlərin elektron qaydada qəbulu və rəsmi cavablandırılması işinin təkmilləşdirilməsi nəzərdə tutulmuş, vətəndaşların rahatlığının təmini məqsədilə yeni şəffaf və innovativ xidmətlər, o cümlədən “ASAN xidmət” mərkəzləri yaradılmışdir.
Vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının sadələşdirilməsi, süründürməçilik hallarının qarşısının alınması məqsədilə www.justice.gov.az internet saytında nazirliyin bütün fəaliyyət istiqamətlərini, eyni zamanda qəbul qrafikini əks etdirən xüsusi “on–line” rejimdə qəbula yazılmalarının həyata keçirilməsinə başlanılmışdır. Eyni zamanda ötən illərdə də tətbiq olunan vətəndaşların elektron poçt vasitəsi cotact@justice.gov.az ilə ərizə və şikayətləri qəbul olunur.
“İdarələrarası elektron sənəd döv
riyyəsi haqqında” Əsasnamənin tələblərini yerinə yetirmək məqsədilə Ədliyyə Nazirliyində müvafiq işlər görülmüşdür. Beləliklə, yaxın gələcəkdə nazirliyin struktur qurumlarını əhatə edəcək müasir informasiya–kommunikasiya texnologiyaları tətbiq olunmaqla elektron sənəd dövriyyəsi sisteminin tətbiqi, nazirlikdə bu işin tam avtomotlaşdırılması və sistemin elektron hökumət portalına inteqrasiyası, elektron ximətlər portalında xidmət növlərinin artırılması, o cümlədən vətəndaşların müraciətləri və qəbulu işinin sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
İnformasiya–kommunikasiya texnologiyalarının inkişafı üzrə 10 illik Milli Strategiya ulu öndər Heydər Əliyevin imzaladığı 11 fevral 2003–cü il tarixli fərmanla reallaşmağa başlamışdır və dövlət başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin İKT sahəsində əldə etdiyi nailiyyətlərə yüksək qiymət verərək qeyd etmişdir: “İKT sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində böyük uğurlar əldə edibdir. Bu, həm biznes, həm zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və şəffaflığa təkan verən, xidmət göstərən bir sahədir. Biz bu imkanlardan geniş istifadə etməliyik”.
Sonda qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012–ci il tarixli fərmanı ilə təsdiq edilmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən 2020–ci ilə qədər “Elektron hökumət”in formalaşdırılması məqsədilə ardıcıl və mərhələli qaydada müvafiq tədbirlər görüləcək. Dövlət orqanlarında müasir informasiya–texnologiyalarının tətbiqi genişləndiriləcək, onların öz aralarında vahid infrastruktur əsasında təhlükəsiz informasiya mübadiləsi aparması, funksional vəzifələr üzrə əhaliyə elektron xidmətlər göstərməsi təmin ediləcək, informasiya təhlükəsizliyinin yüksəldilməsi, səriştəli istifadəçi və mütəxəssislər hazırlanması kimi məsələlər diqqətdə saxlanılacaqdır. Dövlət informasiya resurslarının və sistemlərinin vahid texnoloji standartlar əsasında inteqrasiyası təmin olunacaq və vahid informasiya məkanı formalaşdırılacaqdır.
Ülviyyə ƏHMƏDOVA,
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi Katibliyinin
rəis müavini, ədliyyə
müşaviri
Respublika.- 2013.- 17 aprel.- S. 14.