Azərbaycan Milli Kulinariya Komandası Beynəlxalq Kulinariya Çempionatının qalibi olub

 

Bu ilin aprel ayında Azərbaycan Milli Kulinariya Komandası Rusiyanın Kislovodsk şəhərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında iştirak edib. Çempionata Azərbaycan, Rusiya, Qazaxıstan, Kabardin–Balkar, Dağıstan və s ölkələri təmsil edən 15 komanda qatılmışdı. Yarışda 6 fərdi və 1 komanda sinfində çıxış edən milli komandamız 1 kubok, 1 gümüş, 1 bürünc medal və 2 diplom olmaqla 6 sinifdə 4 nəticə əldə etmişlər. Belə ki, Azər Qədirov gümüş medal, Araz Əhmədov bürünc medal, Anar Qubatov diplom, komanda yarışında isə Azər Qədirov, Anar Qubadov, Araz Əhmədov və Rodin Roman kubok qazanmışlar. Milli komandamıza həm də Moskvada “Ekskluziv” Kulinariya Sənəti Akademiyasında bir həftəlik təhsil almaq hüququ verən sertifikat da tədim olunub.

Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Emma Abdullayevanın rəhbərliyi altında 4 nəfər aşpazdan ibarət Azərbaycan Milli Kulinariya Komandası bu dəfə də yarışmada yerli ərzaqlardan istifadəyə üstünlük vermişlər. Onlar çempionata “Azərsun Holdinq” şirkətinin istehsalı olan “Super Sun” və “Zeytun bağları” bitki yağlarını, “Bizim süfrə” moyonezlərini və “Tovuz–Baltiya” şirkətinin keyfiyyətli içkilərini özləri ilə götürmüşlər. Çempionatda müstəqil ekspert kimi çıxış edən AMKM–nin baş direktoru Tahir Əmiraslanov qazanılan uğurlarda yerli məhsulların keyfiyyətinin müsbət təsirini qeyd edərək “Azərsun Holdinq” və “Tovuz–Baltiya” şirkətlərinə keyfiyyətli məhsullarına və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə milli komandaya verdiyi dəstəyə görə öz minnətdarlığını bildirmişdir.

 

 

Mehparə Əliyeva

 

Respublika.- 2013.- 17 aprel.- S. 16.