MÜSTƏQİL AZƏRBAYCAN ELMİNİN VƏ TƏHSİLİNİN MEMARI

 

Ümummilli lider Heydər Əliyevin ictimai–siyasi fəaliyyətində elmə və təhsilə göstərilən qayğı həmişə mühüm yer tutmuşdur. Təsadüfi deyil ki, XX əsrin son 30 ilində Azərbaycan İntibahını şərtləndirən amillər sırasında elmin və təhsilin yüksəlişi xüsusi diqqəti cəlb edir. Azərbaycanda ali təhsil ocaqlarının və elmi–tədqiqat institutlarının yaradılması, xalqın təhsilə cəlb olunması, Elmlər Akademiyasının gərgin axtarışlarla zəngin fəaliyyəti – bütün bunlar məhz XX əsrin 70–ci illərindən başlayaraq Azərbaycanda elmin və təhsilin sürətli inkişafını nümayiş etdirən təkzibedilməz faktlardır. Təkcə 1969–1982–ci illərdə Azərbaycanın şəhər, kənd və qəsəbələrində 700–ə qədər məktəb binası istifadəyə verilmiş, respublikada ali məktəb tələbələrinin sayı 70 mindən 100 min nəfərə çatdırılmışdır. Yenə də həmin illərdə Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu ən dəyərli ənənələr sırasında gərəkli ixtisaslara yiyələnmək üçün azərbaycanlı gənclərin keçmiş SSRİ–nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilməsi təcrübəsi xüsusi yer tutur.

Əgər 1969–cu il üçün Azərbaycandan kənarda təhsil almağa cəmi 67 nəfərin getməsi planlaşdırılırdısa və bunların əksəriyyəti qeyri–azərbaycanlı olurdusa, artıq 80–ci illərin əvvəllərində hər il 1000–1400 nəfər respublikadan kənarda təhsil almağa göndərilirdi ki, onların da böyük əksəriyyətini azərbaycanlı gənclər təşkil edirdi. Azərbaycanlı hərbi kadrların yetişdirilməsi sahəsində də bu siyasət həyata keçirilirdi. Təkcə 1982–ci ildə SSRİ–nin ali hərbi məktəblərinə qəbul olunan 1000 nəfərdən 550 nəfəri milliyyətcə azərbaycanlı olmuşdur.

Azərbaycan elminin gələcəyinə göstərilən hədsiz qayğı və diqqətin təzahürünü ulu öndərin ziyalılarla görüşündə dediyi sözlərdən görmək olur: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Hansı iqtisadiyyat olur–olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. 1945–ci ildə bu akademiyanı yaradan alimlər çox böyük şücaət göstərmişlər. Ötən dövrdə bu akademiyanın çərçivəsində Azərbaycan elmi çox inkişaf etmişdir. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da, institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir.” 1993–cü ilin sentyabrında deyilən bu sözlər elm və təhsilə verilmiş ən yüksək qiymət olmaqla yanaşı, həm də onların perspektivlərinin çox uğurlu olacağını göstərdi və o çətin şəraitdə bəlkə də heç kəsin ağlına gəlməyən elm və təhsil islahatlarının başlanğıcını qoydu. Beləliklə, həyatımızın digər sahələrində olduğu kimi, burada da islahatların məhz 1993–cü ilin ikinci yarısından sonra başlandığını söyləyənlər, heç şübhəsiz ki, tamamilə haqlı idilər. Lakin onu da unutmaq olmaz ki, bu gün həmin islahatları hazırlayanlar və həyata keçirənlərin çoxu 1969–1982–ci illərdə elm və kadr potensialının yüksəldilməsini təmin etmək üçün həyata keçirilmiş tədbirlər nəticəsində yetişmiş yüksək ixtisaslı elm və təhsil nümayəndələridir.

Ölkədə yaranan yeni iqtisadi–sosial şərait, həyata keçirilən mürəkkəb islahatlar elmi fəaliyyətin canlanmasını və baş verən böyük dəyişikliklərə adekvat cavab verilməsini tələb edir. Bu gün ölkəmiz dünyanın sürətlə inkişaf edən dövlətləri sırasındadır, onun elmi də bu səviyyəyə yüksəlmişdir. Dövlət bu gün elmdən idarəçilik sistemində qəbul edilən siyasi qərarların elmi bazasını yaratmağı, həyata keçirilən digər qərarların nəticəsinin düzgün təhlilini, cəmiyyətimizin öyrənilməsi ilə bağlı tədqiqatların aparılmasını gözləyir. Qlobal elm məkanına uğurlu inteqrasiya üçün alimlərimiz ölkədə elmin nüfuzunu və əhəmiyyətini yüksəltməlidirlər. Bunun üçün elmi tədqiqatların elmi və praktiki əhəmiyyəti, həqiqi aktuallığı təmin olunmalı, elmi işlər elm naminə, cəmiyyətin inkişafı naminə aparılmalı, elmin, alimin adının təmizliyi qorunmalıdır.

Heydər Əliyev ziyalılarla görüşündə elmi tədqiqatların səviyyəsinin aktuallığını, əhəmiyyətini artırmağı, onları müasir dövrün tələbləri səviyyəsinə qaldırmağı, bu yönümdə ciddi müzakirələr keçirməyi elmi araşdırmaların mövzuların yenidən baxılmasını zamanın qarşıya qoyduğu problemlər nöqteyi–nəzərindən təhlil edilərək, yeni tədqiqat istiqamətlərini müəyyənləşdirməyi bir vəzifə kimi qarşıya qoymuşdur. Ulu öndər elmi mühitin formalaşması üçün elmi informasiya mübadiləsinin müxtəlif formalarından geniş istifadə edilməsinin əhəmiyyətini qeyd etmişdir. Dünya elmində gedən proseslər, aktual mövzular, böyük elm mərkəzlərinin həyata keçirdiyi tədqiqatların məzmunu və nəticələri – bütün bu məsələlər barədə informasiya ilə tanışlıq alimlərimizin, elmi müəssisələrimizin işinin yenilənməsi üçün çox vacibdir. Dünya elminə inteqrasiya yolunda qarşımızda duran ən ciddi problemlərdən biri dillə bağlıdır. Bu faktor geniş informasiya toplamağımızı, elmi əlaqələr yaratmağımızı, aparıcı elm mərkəzlərinin keçirdiyi konfranslarda fəal iştirak etməyimizi çətinləşdirən bir maneədir. Bunu nəzərə alan ulu öndərimiz rusdilli məkanında yaşayan yaşlı nəsildən fərqli olaraq orta, yaşlı və gənc alimlərimizin ingilis dilinə, Avropa dillərinə yiyələnməsi üçün şərait yaradılmasına xüsusi diqqət yetirmişdir.

Heydər Əliyev qarşıda duran vəzifələrin böyük və məsuliyyətli olacağını dəfələrlə vurğulamış, onların uğurlu həlli üçün elmi fəaliyyətin təşkilinin müasir tələblərə cavab verməsini qeyd etmişdir: “Milli Elmlər Akademiyası ilə ali məktəblər arasında əlaqələr və işbirliyi yeni əsaslar üzrə daha da səmərəli qurulmalıdır. Universitetlərdə fəaliyyət göstərən alimlər elmi tədqiqatların koordinasiya şuralarına cəlb edilməlidirlər”.

Respublikamızda elmin, təhsilin inkişafı sahəsində mövcud ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin çağdaş dövrün tələbləri səviyyəsində inkişafı, istisnasız olaraq müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan elminin, təhsilinin, ümumilikdə mədəniyyətin inkişafında əvəzsiz xidmətləri olmuş, ulu öndər ölkəyə rəhbərliyinin bütün dövrlərində bu sahələrə diqqət və qayğısını əsirgəməmiş xalqın rifahını məhz intellektual fəal tərəqqidə görmüşdür. Elmin, təhsilin inkişafı milli–mənəvi dəyərlərə həssas münasibət müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini, leytmotivini təşkil etmişdir. Dövlət müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik etmiş naşi qüvvələrin biganə münasibəti ilə üzləşərək tənəzzülə uğrayan bu sahələr məhz Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra böhrandan çıxmışdır.

Heydər Əliyevin fərmanı ilə Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilmiş və bununla da akademiyanın elmimizin inkişafında əldə etdiyi nailiyyətlər, Azərbaycan xalqının mədəni və mənəvi təşəkkülündə oynadığı rol respublika ictimaiyyətində olan nüfuzlu və akademik elmin ölkənin inkişafının əsas təminatçılarından olması fikri bir daha təsdiqlənmişdir. AMEA–nın çoxminli kollektivinin əməyinə verilən yüksək qiymət onun təzahürüdür ki, 90–cı illərin bütün çətinliklərinə baxmayaraq, akademiyanın fəaliyyəti bir an belə dayanmadı, riyaziyyat, fizika, neft kimyası, geologiya və biologiyanın müasir sahələri üzrə yaradılmış elmi məktəblər daha da inkişaf etmişdir; keçmiş ideologiyanın strukturlarından azad olmuş tarix, ədəbiyyat, dil, iqtisadiyyat, fəlsəfə və hüquq elmləri yeni demokratik, hüquqi dövlətin möhkəmlənməsinə, Azərbaycan xalqının mədəniyyətinin və incəsənətinin inkişafına öz layiqli töhfələrini vermişdir.

Fundamental tədqiqatlar əsasən respublikamızın sosial, iqtisadi inkişafı məqsədi və elmin məntiqi inkişaf tələblərinə cavab verən istiqamətlərində aparılmışdır. İlk növbədə, yeni fundamental elmi biliklər əldə etmək zəminində respublikamızın yanacaq–enerji kompleksinin yenidən qurulması, neft–kimya, metallurgiya, maşınqayırma komplekslərinin inkişafı, aqrar və torpaq islahatlarının səmərəliliyinin və sürətinin artırılması ilə bağlı problemlərin həlli əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

İctimai elmlər sahəsində müstəqillik illərində xeyli nailiyyətlər qazanılmışdır – arxeoloqlarımız, şərqşünaslarımız, filosoflarımız xeyli işlər görmüşlər. İqtisadçı alimlərimiz müasir şəraitdə respublika iqtisadiyyatının inkişafı, onun iqtisadi təhlükəsizliyinin təmin edilməsi və əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmiş ən mühüm sosial–iqtisadi məsələlərlə bağlı, o cümlədən bazar iqtisadiyyatına keçidlə əlaqədar yeni iqtisadi münasibətlərin formalaşması demokratik inkişafın və məşğulluğun sosial–iqtisadi problemləri, ölkə sənayesində struktur–investisiya problemləri, Azərbaycanda elmin potensialından səmərəli istifadə edilməsi, sahibkarlığın formalaşması və inkişaf məsələləri, aqrar münasibətlərin bazar iqtisadiyyatı tələblərinə uyğun tənzimlənməsi və s. aktual mövzularda tədqiqat işləri aparılmış və mühüm elmi nəticələr əldə olunmuşdur.

Milli münasibətlər üzrə ixtisaslaşmış alimlərimizin tədqiqat işləri, ictimai–siyasi problemləri araşdıran alimlərimizin əsərləri diqqəti cəlb edir. İnsan hüquqları sahəsində fəaliyyət göstərən alimlərimiz qiymətli tədqiqatlar aparmaqla yanaşı, BMT, Avropa Şurası, ATƏT–in Demokratik Təşkilatlar və İnsan Hüquqları Bürosu kimi beynəlxalq qurumlarla bir sıra xarici ölkələrin müvafiq elmi–tədqiqat müəssisələri, dövlət və qeyri hökumət təşkilatları ilə əməkdaşlıq edirlər.

1997–ci il yanvarın 31–də ziyalılarla görüşən Heydər Əliyev elm sahəsində islahatların aparılmasının vacibliyini təsdiqləmiş, Azərbaycanda elmi inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirmişdir. Bu görüş elmin nüfuzunu yenidən artırdı. Onun cəmiyyətdəki rolu və mövqeyini möhkəmləndirdi.

Ulu öndər Heydər Əliyevin imzaladığı: “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin onuncu ildönümü haqqında” fərmanda ölkəmizin milli dövlətçilik kontekstində irəli sürülən konseptual müddəalar işığında müstəqil dövlətimizin təsisatlarının təməl sahələrindən olan milli təhsil sistemindən, ötən dövrdəki nailiyyətlərimizdən, nöqsanlarımızdan, təhsil quruculuğu və islahatların gedişində YUNESKO tərəfindən “Təhsil əsri – intellektual əsr” elan edilmiş XXI əsrdə təhsilimizin üstün istiqamətlərindən, perspektivlərindən ətraflı bəhs edilmişdir.

Bu gün iftixarla demək olar ki, xalqımızı müstəqil inkişaf yoluna hazırlayan bütün sahələrdə olduğu kimi, milli təhsil sahəsində qazanılmış böyük nailiyyətlərdə də Azərbaycanın rəhbəri missiyasını 30 ildən artıq bir dövrünü öz qüdrətli çiyinlərində uğurla üçüncü minilliyə daşımış böyük şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətləri vardır. Təəssüf ki, Azərbaycan təhsilinin böyük himayəçisi Heydər Əliyevin yüksək dövlət vəzifələrindən uzaqlaşdırılması ilə onun başladığı və on ildən artıq bir müddətdə uğurla həyata keçirdiyi quruculuq işləri 80–ci illərin sonu – 90–cı illərin əvvəllərində dayandırılmışdı.

1985–ci ildən başlanan uydurma “yenidənqurma” siyasəti ölkədə gedən ictimai–siyasi proseslər, sonra isə Qarabağ müharibəsi təhsilin inkişafında geriləməyə, böhrana geniş yol açdı. Bu proses müstəqilliyin ilk illərində daha da dərinləşdi. Təhsildə böhranlı vəziyyətin yaranmasına 1992–ci ilin sonunda qəbul olunan “Təhsil Qanunu” da təsir etdi. Heydər Əliyev bu barədə demişdir: “Təəssüflər olsun ki, Azərbaycanda bu mühüm sahəyə 1992–ci ildə qəbul olunmuş “Təhsil Qanunu” ilə böyük zərbə vurulmuşdur.” 1991–1993–cü illər milli müstəqilliyimizin qorunması yolunda digər sahələrdə olduğu kimi təhsil sferasında itirilmiş illər sayılır. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu tənəzzülə son qoyuldu.

Heydər Əliyevin tarixi qayıdışından sonra ölkədə hazırlanan və həyata keçirilən strateji xətt təhsil müəssisələrini normal vəziyyət halına gətirməklə təhsilin milli tərəqqisinin həqiqi, güclü amilinə çevrilməsi üçün bu sahədə geniş islahatlar proqramının işlənib hazırlanması və həyata keçirilməsi vəzifəsini irəli sürdü. Təhsil sahəsində islahatlar aparılmasına dövlət təminatını gücləndirdi. Bu məqsədlə ölkə Prezidenti 1998–ci ilin martında “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə dövlət komissiyası yaradılması haqqında” sərəncam imzaladı. Dövlət komissiyası tərəfindən qısa müddətdə “Azərbaycan Respublikasının təhsil sahəsində islahatlar proqramı” hazırlandı, hərtərəfli müzakirələrdən sonra təkmilləşdirilmiş variantda 1999–cu ilin iyununda dövlət başçımız tərəfindən imzalandı və qüvvəyə mindi. Həmin proqram Azərbaycanda təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib saysa da, eyni zamanda milli təhsil ənənələrimizə sədaqətin və varisliyin də parlaq təzahürünə çevrildi, respublikamızda heç bir başqa ölkənin təhsil sisteminin olduğu kimi tətbiq edilməsinin yolverilməzliyini göstərdi.

İslahat proqramının 3 mərhələdə (1999, 2000–2003–cü illər, 2004–cü ildən sonrakı dövr) həyata keçirilməsi və bu mərhələlərdə 130–a qədər konkret tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur.

Azərbaycan təhsil tarixində ilk dəfə ümumi orta təhsilin dövlət standartları və bazis tədris planı 1999–cu ildə hazırlanıb təsdiq edildi. Ümumtəhsil məktəblərinin yeni milli dərsliklərinin yaradılması istiqamətində ciddi addımlar atıldı, yeni əlifbaya keçildi. Prezidentin “Bizim bu günümüz, gələcəyimiz məhz latın əlifbası ilə bağlıdır” tarixi çağırışı o vaxt təhsil sistemində özünün tam həllini tapdı.

Müstəqillik illərində ali təhsil pilləsi həm məzmun, həm struktur, həm də kəmiyyət baxımından inkişaf yolu keçmişdir. Azərbaycan ali təhsil tarixində ilk dəfə olaraq 1993–1994–cü dərs illərindən etibarən iki pilləli ali təhsilə — 4 illik bakalavriat və 2 illik magistraturaya keçilmişdir. Dövlət ali məktəblərinin sayı 17–dən 2001–ci ildə 30–a çatdırılmışdır. Qeyri–dövlət ali təhsil müəssisələrinin sayı artmışdır. Ali təhsil sahəsində yeniliklərdən biri də “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Prezidentin 13 iyun 2000–ci il tarixli fərmanı ilə ölkənin aparıcı ali məktəblərinə — Bakı Dövlət Universitetinə, Azərbaycan Dövlət Neft Akademiyasına, Azərbaycan Tibb Universitetinə və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına maliyyə müstəqilliyi, bəzi ali məktəblərə “Universitet” statusu verilmişdir. Bu fərmanla təhsil sistemində indiyədək ölkəmizdə analoqu olmayan ali tədris müəssisəsi – Azərbaycan Müəllimlər İnstitutu və onun 12 bölgədə regional filiallarının yaradılması islahat istiqamətində atılan uğurlu addımlardandır.

Təhsil sahəsində beynəlxalq əlaqələr genişlənmişdir — dünyanın inkişaf etmiş 40–a yaxın ölkəsində 160–a yaxın ixtisas üzrə 3000–dən artıq azərbaycanlı gənc təhsil alır. Təxminən 50 xarici ölkədən Azərbaycanın müxtəlif ali məktəblərində 2000–dən çox bakalavr, magistr, doktorant təhsil alır. Azərbaycan Respublikası dünyanın 30–dan çox ölkəsi ilə ali təhsil sahəsində genişmiqyaslı əməkdaşlıq edir.

Müasir Azərbaycan təhsili zəngin mütərəqqi ənənələrinə, milli–mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq milli təhsil quruculuğu sahəsində başladığı lazımi islahatları uğurla başa çatdıracaq, təhsil islahatlarının memarı və qurucusu Heydər Əliyevin müdrik tövsiyələrini əzmlə həyata keçirəcəkdir.

Müstəqil Azərbaycanın son illərdə davamlı tərəqqi və yüksəliş dövrünü yaşaması, elmi təmələ söykənən iqtisadi siyasət nəticəsində keçid dövrünü inamla başa vurması ulu öndərimiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək, ardıcıl və tarazlı tərəqqinin təmin edilməsi üçün elmin və təhsilin rolunu yüksək dəyərləndirməsi və bu sahəyə xüsusi qayğı göstərməsi nəticəsində mümkün olmuşdur. Elmə, təhsilə yüksək dəyər verən, bu sahələrin saflığını təmin edən ziyalı, alim adının ucalığını saxlamaq üçün qətiyyətli addımlar atan Heydər Əliyev respublikanın elmi prinsiplər üzərində inkişafının təməlini qoymuş, yeni–yeni ali məktəblər, elmi–tədqiqat institutları açmış, ali məktəblərə qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmiş, gələcək naminə azərbaycanlı kadrların hazırlanması üçün minlərlə gənci xarici ölkələrin aparıcı mərkəzlərində təhsil almağa göndərmişdir.

Azərbaycanda təhsilin, pedaqoji fikrin, təlim–tərbiyə ocaqlarının tarixi qədim dövrlərlə bağlı olsa da, müasir, yeni tipli məktəblərin əsası, çağdaş milli təhsilimizin təməli XIX əsrin sonlarında qoyulmuş, XX əsrin əvvəllərində genişlənmiş, Xalq Cümhuriyyəti dövründə milli təhsil quruculuğu dövlət siyasətinə çevrilmiş, Sovet hakimiyyəti illərində milli dəyərlərin kifayət qədər nəzərə alınmaması ilə bağlı müəyyən nöqsanlar olmasına baxmayaraq, güclü təhsil sistemi formalaşmış, Respublikanın zəngin intellektual potensialı yaranmış, xüsusən 70–ci illərdə, sözün əsl mənasında, ölkəmizdə Azərbaycan məktəbi yaranmışdı. Doğma Azərbaycan dilində gənclərə mükəmməl təhsil verən orta və ali məktəblərin yaranması, güclü intellektual potensialın formalaşması milli müstəqilliyə gedən yolda əldə etdiyimiz ən böyük tarixi nailiyyətlərdəndir.

Müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi elm və təhsilin səviyyəsi ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafınıın əsas göstəricisi deyildir. Bu sərvətlər cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına keçidi təmin etməlidir. Bir sıra aparıcı ölkələr malik olduqları maddi resurslardan daha çox, təhsil sisteminin yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə edirlər.

Müstəqillik dövründə ali məktəblərin kadr potensialı və müəllimlərin ixtisasartırma təhsili müasir tələblərə uyğunlaşdırılmış, kadr hazırlığında informasiya–kommunikasiya texnologiyalarından istifadə işi genişləndirilmiş, ali məktəblərin maddi–texniki bazası müasir tələblər səviyyəsinə qaldırılmışdır. Elmin inkişafı və iqtisadiyyatın texnoloji baza səviyyəsinin yüksəldilməsini nəzərdə tutan bir sıra sənədlərin qəbulu dövlət səviyyəsində elmə göstərilən qayğının təcəssümüdür.

Ulu öndərin siyasətini bütün sahələrdə inamla davam etdirən Prezident İlham Əliyev elmə, təhsilə qayğını ilk gündən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş və qeyd etmişdir ki, “iqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində quran, hər zaman mütərəqqi ənənələrə istinad edən dövlətlər dinamik inkişafa nail olur, dünya arenasında layiqli yerlərini tuturlar”. Bu gün hər bir dövlətin gücü və qüdrəti təkcə onun təbii sərvətləri ilə deyil, məhz elmi–intellektual potensialı, insan kapitalı ilə müəyyənləşir. Respublikamızda da bu reallıq nəzərə alınır, neftdən əldə olunan gəlirlər elmin, təhsilin inkişafına yönəldilir.

İqtisadiyyatla elmin səmərəli vəhdətinə nail olmaq, idarəçilikdə yeni texnologiyalara, innovasion yeniliklərə istinad etmək, biliklərə əsaslanan iqtisadi inkişaf modeli formalaşdırmaq, gənclərdə elmə marağı gücləndirmək bu siyasətin əsasını təşkil edir. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı regionda lider dövlətə çevirmişdir. Azərbaycan cəmiyyətinin bütün sahələrində mənəvi intibah və tərəqqi duyulur, infrastruktur yeniləşir. Bütün bunların nəticəsi kimi respublikamız dünyada səsi, sözü eşidilən dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və “Azərbaycan Respublikasında 2009–2015–ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət proqramı” təsdiqlənmişdir. Bu sənədlərdə elmin mövcud durumu, yaranmış vəziyyət, habelə nöqsanların, çatışmazlıqların aradan qaldırılması üçün vəzifələr nəzərdə tutulur. Prezident İlham Əliyev 26 aprel 2011–ci ildə AMEA–nın illik yığıncağında çıxış edərək demişdir: “Bu gün Azərbaycan iqtisadiyyatı qarşısında duran çağırışlar elmin inkişafı ilə bilavasitə bağlı olmalıdır”.

Prezidentin 21 oktyabr 2009–cu il sərəncamı ilə Prezident yanında Elmin İnkişaf Fondunun yaradılması ölkədə elmin inkişafı istiqamətində atılmış mühüm bir addımdır. Bu fondun yaradılmasında məqsəd “Azərbaycan Respublikasında fundamental elmi tədqiqatların stimullaşdırılması, ölkəmizin təbii resurslarının, mədəni və tarixi irsinin öyrənilməsinin gücləndirilməsi, elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılması və dünya elm məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasının təmin edilməsi” kimi ifadə edilmişdir. Bunlar bütövlükdə elmi tədqiqatlar və onların səmərəliliyinin artırılmasına yönələn mütərəqqi niyyətləri qarşıya qoyur. Elmə ayrılan xərclərin 80–90 faizdən çoxu birbaşa və dolayı şəkildə dövlət büdcəsi hesabına formalaşır. Özəl sektorun payı çox cüzidir, həmçinin elmə ayrılan xərclərdən istifadənin də 60–70 faizi dövlət sektorunun payına düşür.

Bu gün elmin, təhsilin maddi–texniki bazası inkişaf etdirilir, yeniləşir, ən müasir, qabaqcıl texnologiyalar ölkəmizə gətirilir, onların əhalinin geniş kütlələri tərəfindən mənimsənilərək ümumi işin səmərəsi üçün tətbiq edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Dövlət təşkilatlarının, Heydər Əliyev Fondunun vasitəsi ilə təhsil müəssisələrinin şəbəkəsi genişləndirilir, bazası möhkəmləndirilir. Ölkəmiz təhsilin, səhiyyənin, bütövlükdə sosial sahənin inkişafına dövlət qayğısına görə dünyanın ən qabaqcıl ölkələri ilə bir sırada dayanır. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu gün ölkə qarşısında duran vəzifələr prioritet əsasında müəyyən edildiyi kimi, elm qarşısında duran məsələlər də eyni qaydada həll olunmalıdır.

Heydər Əliyevin elmin inkişafı ilə bağlı söylədiyi “Gələcək bilikli, elmli, istedadlı insanların çiyinləri üzərində qurulur” fikri cənab İlham Əliyev tərəfindən “Biz neft gəlirlərinin insan kapitalına çevrilməsini təmin etməliyik” müddəası ilə daha da zənginləşdirilmişdir. XXI əsrdə davamlı insan amilinin inkişafına yönələn bu çağırış məhz gələcək nəslə ünvanlanmış təhsil sisteminin özəyini təşkil etməlidir.

 

 

Siyavuş Qarayev,

ADNA–nın rektoru,

əməkdar elm xadimi,

akademik

 

 

Respublika.- 2013.- 18 aprel.- S. 8.