Azərbaycanda məhkəmə–hüquq islahatlarının banisi

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri–adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Böyük öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu müəyyənləşdirmiş, milli–mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, Azərbaycanda hüquqi dövlətin bərqərar olmasına, müstəqil dövlətlərə xas olan mütərəqqi inkişaf modelini yaratmağa, demokratikləşməyə nail olmuşdur.

Respublikamız öz dövlət müstəqilliyini bərpa etdiyi gündən keçən 20 ildən artıq bir dövr ərzində çox uğurlu dinamik inkişaf yolu keçmiş, neçə–neçə tarixi nailiyyətlərə imza atmışdır. Sözsüz ki, bugünkü inkişafın, uğurların təməlində ulu öndər Heydər Əliyevin dövlət üçün, xalq üçün misilsiz xidmətləri durur. Məhz buna görə də qədirbilən xalqımız hər zaman olduğu kimi, bu il də öz həyatını bütünlüklə xalqına xidmətə həsr etmiş Heydər Əliyevə sonsuz ehtiramlarını bildirərək dahi rəhbərin anadan olmasının 90 illik yubileyini dərin rəğbət və minnətdarlıq hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ulu öndərin anadan olmasının 90 illik yubileyi haqqında sərəncamında qeyd olunur ki, “Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ hallarla üz–üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, xarici sərmayələrə açıq olan və böyük beynəlxalq layihələrə qoşulan ölkəyə çevirə bildi… Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli–mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir”.

Bir anlığa düşünəndə görürük ki, həqiqətən də, bir ölkəni tüğyan edən anarxiya, xaos, çətin və mürəkkəb şəraitdən, kriminogen ünsürlərin baş qaldırdığı bir vəziyyətdən, tənəzzüldən xilas edib onu intibah yoluna çıxmış dövlətə çevirə bilmək, məhv olmaqda olan dövlətçiliyi, müstəqilliyi qoruyub saxlamağı və möhkəmləndirməyi bacarmaq yalnız və yalnız güclü siyasi iradəyə, fitri istedada, mükəmməl təfəkkürə, dövlətçilik və idarəçilik bacarığına malik olan və heç nədən çəkinmədən, qorxmadan belə bir taleyüklü məsələləri öz çiyinlərinə götürərək həll etməyə qadir olan şəxslər sayəsində mümkündür. Heydər Əliyev məhz belə bir şəxs idi ki, o öz xalqına ağır bir vəziyyətdə, dar məqamda kömək etdi, qarşısında duran vəzifələrin miqyasına, çətinliyinə, xeyli dərəcədə məsuliyyətli olmasına baxmayaraq, nəinki həllini gözləyən bu və ya digər problemlərin öhdəsindən uğurla gəldi, hətta ölkənin müstəqil, təminatlı gələcəyinə etibarlı zəmin formalaşdıra bildi.

Qısa müddətdə hərtərəfli islahatların aparılması, yeni işlək mexanizmlərin yaradılması, ölkədə azad vətəndaş cəmiyyətinin təşəkkülü, milli qanunvericilik bazasının formalaşdırılması, məhkəmə–hüquq sisteminin köklü şəkildə təkmilləşdirilməsi istiqamətində ən mütərəqqi addımlar atıldı, respublikamız ictimai–siyasi həyatın bütün sahələrində islahatçı, yeniliklərə, müasirliyə meyilli dövlətə çevrilməklə dünya birliyinə sürətlə inteqrasiya oldu.

Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin qayəsini təşkil edən ən mühüm məqamlardan biri qanunun aliliyinin təmin olunması, ölkədə müasir və möhkəm dövlətçilik modelinin təkmil hüquqi mexanizmlərinin formalaşdırılması idi. Sovet dövründən miras qalmış və müstəqillik dövrünün reallıqları ilə uzlaşmayan qanunlar artıq köhnəlmişdi. Bu baxımdan, 1993–cü ildən sonra Azərbaycanda genişmiqyaslı hüquqi islahatların aparılması, əfvetmə institutunun bərpası, ölüm cəzası üzərində moratorium qoyulması, 1998–ci ildə bu cəza növünün birdəfəlik ləğv olunması, İnsan hüquqları üzrə müvəkkil (ombudsman) institutunun yaradılması, hüquq–mühafizə, ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmələrin müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə test üsulu ilə seçkilərin keçirilməsi – bütün bunlar məhz Heydər Əliyevin qətiyyətli addımları sayəsində gerçəkliyə çevrilmişdir.

Heydər Əliyevin hakimiyyəti dövründə cəmiyyət daxilində qanunçuluğun və hüquq normalarının etibarlı təminatına xidmət edən mühüm islahatlar həyata keçirilərək, məhkəmə–hüquq sisteminin müasirləşməsinə, ədalət mühakiməsinin səmərəliliyinə nail olunmuşdur.

İctimai münasibətlərin tənzimlənməsində, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təmin olunmasında mühüm rol oynayan məhkəmə hakimiyyətində kompleks islahatların həyata keçirilməsi işi daim dahi rəhbər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu öndərin rəhbərliyi ilə aparılmış məhkəmə islahatının əsas istiqamətlərini ölkəmizdə qanunun aliliyinin təmin edilməsi və ədalət mühakiməsinin azad və müstəqil məhkəmə tərəfindən həyata keçirilməsi təşkil etmişdir. Məhkəmə–hüquq islahatları konsepsiyasının təməlini təşkil edən 1995–ci ildə qəbul edilmiş ilk milli Konstitusiyamızda qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyət göstərməsi və öz səlahiyyətləri çərçivəsində müstəqil olmaları təsbit edilmişdir. Eyni zamanda qanunvericilik digər hakimiyyət qollarının subyektləri tərəfindən ayrı–ayrı funksiyaların yerinə yetirilməsinin qanuniliyinə nəzarət üzrə məhkəmə hakimiyyəti orqanlarına bir sıra səlahiyyətlər vermişdir.

1997–ci ildə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması məhkəmə–hüquq islahatları sahəsində irəliyə doğru atılmış mühüm addım olmaqla müstəqil məhkəmə sisteminin fəaliyyət göstərməsi üçün tutarlı hüquqi baza yaratmışdır. Bununla da ədalət mühakiməsinin hakimlərin müstəqilliyinin təmin edilməsilə həyata keçirilməsinə təminat verilmişdir.

Məlum olduğu kimi, sovet məhkəmə sistemi ikipilləli olmaqla, əlavə olaraq işlərə məhkəmədə nəzarət qaydasında baxılmasını da nəzərdə tuturdu. Ali Məhkəmə həm birinci instansiya, həm də kassasiya instansiyası məhkəməsi funksiyalarını həyata keçirməklə yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına nəzarət qaydasında yenidən baxmaq hüququna da malik idi. Sözsüz ki, bir–birinə uyğun olmayan bu funksiyaların Ali Məhkəmədə cəmləşməsi məhkəmə–hüquq islahatlarının konsepsiyasına və ideologiyasına tamamilə zidd idi.

Aparılmış islahatlar nəticəsində belə bir ziddiyyətlər tamamilə aradan qaldırıldı və ölkəmizdə Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi məhkəmə piramidasının zirvəsində dayandı. Ölkədə yeni üçpilləli – birinci instansiya, apelyasiya və kassasiya instansiyalı məhkəmə sistemi yaradıldı.

Üçpilləli məhkəmə sisteminin üstünlüyü ondan ibarətdir ki, bu sistem hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə, həmçinin məhkəmə qərarlarından şikayət vermək hüququna təminat verir, işlərə birinci instansiya qaydasında baxılmasına, bundan sonra onların hüquqa və fakta görə apelyasiya qaydasında yoxlanılmasına, daha sonra isə məhkəmə qərarlarına hüquqa görə kassasiya qaydasında yenidən baxılmasına imkan yaradır. Bu isə, öz növbəsində, birinci instansiya məhkəməsinin buraxdığı səhvlərin yuxarı məhkəmə instansiyalarında aradan qaldırılmasına, işlərin mahiyyətcə və prosessual baxımdan düzgün və obyektiv həll edilməsinə zəmin yaradır.

İşlərə üçpilləli məhkəmə sistemi üzrə baxılması həm də onların dəfələrlə müxtəlif instansiyalarda araşdırılmasının qarşısının alınmasına, bununla da süründürməçiliyə səbəb olan, köhnə sistemdən miras qalmış nəzarət instansiyasından imtina edilməsinə, əhalinin məhkəmələrə olan inamının artmasına, dövlətin adından çıxarılan məhkəmə qərarlarının qətiliyinə, mütləqliyinə və onlara hörmətlə yanaşılmasına imkan yaratmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dahi rəhbərin müəyyən etdiyi hüquqi islahatlar kursunu daha da inkişaf etdirərək bu sahədə genişmiqyaslı tədbirlərin müasir dövrün tələbləri səviyyəsində həyata keçirilməsi istiqamətində mühüm addımlar atdı. Ölkə başçısının rəhbərliyi ilə məhkəmə–hüquq sistemi xeyli təkmilləşmiş, son illər regionlarda yeni məhkəmələr yaradılmış, hakim korpusu nəzəri cəhətdən yüksək biliyə və bacarığa malik hüquqşünaslarla komplektləşdirilmiş, məhkəmə infrastrukturu müasirləşdirilmiş, bu sahədə uğurlarımız beynəlxalq aləmdə böyük marağa səbəb olmuşdur.

Məhkəmə sistemində edilən önəmli dəyişikliklərdən biri də regional məhkəmələrin yaradılmasıdır. Məlumdur ki, əvvəllər ölkədə yalnız bir apelyasiya məhkəməsi fəaliyyət göstərirdi. Bu da, təbii ki, əhalinin məhkəmələrə müraciət imkanlarını çətinləşdirir, onların uzaq yol qət etmələrinə, vaxt itkisinə əlavə məsrəflərin xərclənməsinə gətirib çıxarırdı. Məhz bu səbəbdən də vətəndaşların ədalət mühakiməsinə çatımlılığını asanlaşdırmaq, insanların hüquq və qanuni mənafelərinin etibarlı təmin olunması, məhkəmələrdə işə daha keyfiyyətli baxılması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən yalnız paytaxtda fəaliyyət göstərən vahid apelyasiya məhkəməsi ləğv olunaraq respublikamızın bölgələrində yeni apelyasiya məhkəmələri yaradıldı. Regionların sosial–iqtisadi inkişafına dair keçirilmiş konfransda “Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır” – deyən ölkə başçısının bu istiqamətdə atdığı mühüm addımların qayəsini də məhz insan amili təşkil edir. İnsanlara keyfiyyətli xidmət, onların rahatlığının təminatı, hüquqlarının qorunması, ədalət mühakiməsinin səmərəliliyi – bütün bunlar məhkəmə–hüquq islahatlarının bünövrəsini təşkil edir.

Yeni yaradılan apelyasiya məhkəmələrindən biri də Bakı Apelyasiya Məhkəməsidir. 16 iyul 2007–ci ildən fəaliyyətə başlamış Bakı Apelyasiya Məhkəməsi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apelyasiya şikayətləri və apelyasiya protestləri üzrə işlərə baxır. Qeyd etmək lazımdır ki, bəşər tarixində ilk məhkəmənin yarandığı vaxtdan bugünümüzə qədər hakimlərin qəbul etdikləri qərarlardan narazı qalanlar hər zaman olub və bundan sonra da olacaq. Amma ədalətli mühakimənin mahiyyəti qanunun aliliyini əsas tutaraq insan hüquq və azadlıqlarının toxunulmazlığına riayət etməklə düzgün qərar qəbul etməkdən ibarətdir. Məhz bu baxımdan Bakı Apelyasiya Məhkəməsinin fəaliyyəti bu və ya digər səbəblərdən aşağı instansiya məhkəmələrində hüquqlarının təmin olunmadığını iddia edən vətəndaşların etirazlarına yenidən baxılması yönümündən böyük əhəmiyyət kəsb edir.

Hər bir hakim qərar qəbul edərkən dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməsini və məhkəmə qərarlarının dövlətin adından qəbul edilməsini əsas meyar kimi rəhbər tutmaqla ədalət məhkəməsinin nümunəvi şəkildə həyata keçirilməsini müəyyənləşdirən hüquq normalarına riayət edilməsinə əməl etməlidir. İşlərə baxılması zamanı hakimlər öz peşəkar biliklərindən səmərəli istifadə edərək, Avropa İnsan Hüquqları Konvensiyasının, Azərbaycan Respublikası Konstitusiyasının və mövcud prosessual qanunvericiliyin tələblərini yerinə yetirərək və beynəlxalq hüquq təcrübəsindən istifadə ilə maddi və prosessual hüquq normalarını pozmadan qanuni və əsaslı qərarlar qəbul etməlidirlər. İşlərə baxan hər bir məhkəmə instansiyası yaddan çıxarmamalıdır ki, hər hansı bir qanunsuz qərar Avropa İnsan Hüquqları Məhkəməsinin araşdırma predmetinə çevrilə bilər ki, bu da respublikanın məhkəmə sisteminin, bütövlükdə Azərbaycanın beynəlxaq imicinə xələl gətirə bilər.

Bakı Apelyasiya Məhkəməsində baxılan işlərə dair qəbul edilən qərarların işin faktiki hallarına uyğun, qanuni və əsaslı olması, vətəndaşların pozulmuş hüquqlarının bərpası, qanuni mənafelərinin təmin olunması məqsədilə işlərə hər zaman obyektiv, qanunun tələbləri çərçivəsində düzgün baxılmasına daim xüsusi diqqət yetirilir.

Dinamik inkişaf edən bir cəmiyyətdə məhkəmə fəaliyyətinin düzgün təşkili, ədalət mühakiməsinin effektiv həyata keçirilməsi layiqli və peşəkar hakimlər korpusundan da çox asılıdır. Bu gün əvvəlki illərin təcrübəsindən fərqli olaraq hakimlər ən mütərəqqi üsullarla aparılan seçimdən sonra hakim vəzifəsinə təyin olunurlar. Təsadüfi deyil ki, Azərbaycanda hakimlərin seçim prosesi öz şəffaflığına, açıqlığına, obyektivliyinə və saflığına görə Avropada örnək kimi dəyərləndirilir, digər dövlətlərə tövsiyə edilir.

Respublikamızda hakimlərin demokratik prinsiplərlə, şəffaf prosedur əsasında, aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun seçilərək hakim vəzifəsinə təyin olunmaları müstəqil məhkəmə hakimiyyətinin formalaşması istiqamətində mühüm addım olmaqla bərabər, həm də tarixi bir hadisədir.

Məhkəmə islahatlarının həyata keçirilməsi nəticəsində ədalət mühakiməsinə hər kəsin maneəsiz müraciət etməsinə və qanuna müvafiq qaydada mübahisələrə baxılması üçün şərait yaradılaraq ölkəmizdə müstəqil məhkəmələrin fəaliyyətinə təminat verilmişdir. Sözsüz ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sosial–iqtisadi inkişafıyla paralel gedən məhkəmə–hüquq islahatları bundan sonra da öz real bəhrəsini verəcəkdir.

Respublikamızın bugünkü dinamik iqtisadi inkişafı onu söyləməyə əsas verir ki, ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı və əbədi həyat verdiyi Azərbaycan Respublikası dövlətimizin güclü siyasi iradəsi sayəsində daha da qüdrətlənəcək, dünya xəritəsində inkişaf etmiş dövlətlərdən birinə çevriləcəkdir.

 

 

Mehdi ƏSƏDOV,

Bakı Apelyasiya Məhkəməsi

Mülki Kollegiyasının sədri vəzifəsini icra edən

 

Respublika.- 2013.- 18 aprel.- S. 9.