Xalqa və dövlətə həsr olunmuş ömür

 

Türk dünyasının qüdrətli şəxsiyyəti, ulu öndərimiz Heydər Əliyevin əziz və unudulmaz xatirəsi illər, qərinələr, əsrlər keçsə də, xalqımızın ürəyində yaşayacaqdır. Müasir Azərbaycanın memarı olan Heydər Əliyevin xalqına, Vətəninə göstərdiyi xidmətlər misilsizdir. Ulu tarix belə dahi şəxsiyyətləri yüz, bəlkə də min ildən bir yetirir. Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycan iqtisadi dirçəlişə, yüksək tərəqqiyə nail olmuşdur. Zamanından, harada işləməsindən asılı olmayaraq həmişə qəlbi milli mənafe, milli təəssübkeşlik və qürurla döyünən zəmanəmizin ən böyük azərbaycanlısı, böyük şəxsiyyət Heydər Əliyev bu ölkənin — Azərbaycanın vətəndaşı olduğunu hər yerdə, hər zaman xüsusi qürurla, fəxrlə söyləmişdir.

Azərbaycanın ən yeni tarixinin qürur və şərəf hissi doğuran bütün səhifələrində ulu öndər Heydər Əliyevin imzası vardır. Onun böyük şəxsiyyəti, parlaq dühası, cahanşümul fəaliyyəti bu mərhələnin təkcə möhtəşəm nailiyyəti deyil, həm də mənası və mahiyyətidir. Ölkəmizin son – 1969–cu ildən bəri keçdiyi çətin və mürəkkəb inkişaf yolunun qüdrətli bələdçisi kimi Heydər Əliyev bütün şüurlu həyatını xalqının və vətəninin yüksəlişinə, dünya birliyində öz layiqli yerini tutmasına həsr etmişdir. Ulu öndər öz xalqının böyük oğlu kimi adı ilə həmişə fəxr etdiyi doğma Azərbaycan xalqının taleyinə cavabdehlik missiyasını şərəflə yerinə yetirmiş, möhkəm təmələ malik müasir, suveren dövlət qurmağa onun müstəqilliyinin dönməzliyi üçün bütün əsasları yaratmağa nail olmuşdur.

Heydər Əliyev dövlət idarəçiliyi sahəsində çox gənc yaşlarından işləməsinə başlayaraq öz nadir fitri istedadı ilə hər zaman öndə olmuş, ülvi arzularının zirvəsinə doğru inamla addımlayaraq daim uğur qazanmış, ən mürəkkəb, çətin sınaqlardan, siyasi mübarizələrdən üzüağ, alnıaçıq çıxaraq yenilməz bir fateh olduğunu sübut etmişdir. Xalqımızın müasir tarixinin şanlı səhifələrindən olan 1969–cu ilin 14 iyulundan – Heydər Əliyevin respublika rəhbəri seçildiyi gündən Azərbaycanın milli intibahının, sosial–iqtisadi tərəqqisinin, mənəvi yüksəlişinin təməli qoyuldu. Bu, bütün dövrlərin ən böyük azərbaycanlısı kimi adını tarixə əbədi həkk etmiş Heydər Əliyevin heç vaxt bitməyəcək erasının başlanğıcı oldu.

Azərbaycana rəhbər seçildiyi ilk gündən öz idarəçilik fəaliyyətini milli mənafelərimizin qorunmasına, iqtisadiyyatın dirçəlişinə, xalqın güzəranının yaxşılaşmasına, bir sözlə, bütün sahələrin inkişafına yönəldən ulu öndərimiz respublikamızda əsl işgüzarlıq ab–havası, quruculuq əhval–ruhiyyəsi yaratmağa nail oldu. Öz təşəbbüskar və cəsarətli rəhbərinə inanan xalqın milli ruhunda, milli özünədərkində də oyanış baş verdi, bu intibah bütün cəmiyyətdə yüksəlişə səbəb oldu. Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə görülən işlər milli dövlətçilik ideyalarının cəmiyyətdə hərəkətverici qüvvəyə çevrilməsinə rəvac verdi. Həmin dövrdə ulu öndər özünəməxsus müdriklik və uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün sanballı töhfələr hazırlayırdı. İqtisadiyyatın bütün sferalarında əldə olunan uğurlar, xalqın mədəni – intellektual səviyyəsinin sürətlə yüksəlməsi, milli kadr potensialının yaradılması və digər çoxsaylı nailiyyətlər sonralar respublikanın öz imkanları hesabına müstəqil yaşamasına zəmin oldu.

Dünyanın nəhəng dövlətlərindən olan keçmiş SSRİ–də ali rəhbər vəzifədə çalışdığı 1982–1987–ci illərdə Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, İttifaq ərazisində yaşayan bütün türksoylu xalqların mənafeyini qorumaqla yanaşı, öz qətiyyətli siyasi mövqeyi, humanizm, qanunpərvərliyi və ədalətliliyi ilə çoxmillətli ölkənin hər yerində dərin hörmət və ehtiram qazana bilmişdi. Onun idarəçilik istedadı, tükənməz enerjisi və misilsiz işgüzarlığı sayəsində İttifaq dövlətinin bir sıra irimiqyaslı layihələri uğurla həyata keçirilmişdir.

Ulu öndərin mənalı ömür yolu vətənə sədaqət nümunəsidir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini onun dəyərli irsini örnək kimi qəbul edirlər. Çünki onlar hələ Sovetlər zamanından Heydər Əliyevin nələrə qadir olduğunun şahidi olublar. Təkrarsız təşkilatçılıq qabiliyyətinə malik olan ulu öndər milli iqtisadiyyatın dinamik inkişafından ötrü əlindən gələni edib. Xüsusən də ən müxtəlif sahələrdə işləyəcək kadr potensialı yaratmaq Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. O zamanlar ölkədə neçə–neçə böyük zavodlar və fabriklər, sosial–mədəni obyektlər tikilib istifadəyə verilmişdir. Bu müəssisələrin əksəriyyəti indi də fəaliyyətdədir və xalqın firavan həyata qovuşmasına xidmət göstərir. Bu gün hər bir Azərbaycan vətəndaşı dərin iftixar hissi ilə qeyd edir ki, müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır. Ulu öndər bölgələrə səfər edir, tikinti meydançalarında tez–tez olur, zəhmət adamları ilə səmimi görüşlər keçirir, böyük layihələrin təməlini qoyurdu. Ümummilli liderin dövründə yaradılmış istehsal və xidmət müəssisələri onun bilavasitə göstərişləri, layihələri və iradəsi sayəsində meydana gəlmişdir. Öz müdrikliyi, mübarizliyi ilə xalqın ümidlərini doğruldan, onu illər boyu can atdığı azadlığa, demokratiyaya qovuşduran Heydər Əliyevin Azərbaycan tarixində əbədi imzası vardır. Dünya xəritəsindən silinmək təhlükəsi ilə üzləşən Azərbacyan çox keçmədi ki, hüquqi dövlət quruluşunun reallaşdığı, şəxsiyyət, vətəndaş və cəmiyyət münasibətlərinin demokratik prinsiplərə əsaslandığı bir ölkəyə çevrildi. Bu gün artıq ölkəmiz beynəlxalq aləmdə siyasi nüfuzlu və söz sahibi kimi tanınır.

Ölkəmiz qısa zaman içərisində dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazandı. Müdrik dövlət xadiminin zəkasının məhsulu olan Əsas Qanunumuz – Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Ulu öndərin xarici siyasəti sayəsində Azərbaycan böhran vəziyyətindən çıxaraq bütün dövlətlər üçün açıq ölkəyə çevrildi. Azərbaycan həm də İslam dövlətlərinin arasında nüfuz, hörmət sahibi oldu. Ölkəmizə inam artdıqca, xarici sərmayədarlar, iş adamlarının ölkəmizə marağı artdı, müxtəlif sahələrə investisiya qoydular. Öz gücünə, həyat təcrübəsinə güvənən Heydər Əliyev ölkədə stabillik yaratdı və özünün dəfələrlə söylədiyi “Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır” ideyası reallığa çevrildi.

Bu gün Bakı Metropoliteninin inkişafı, əsl mədəniyyət və memarlıq abidəsi kimi xadqımızın maddi–mənəvi sərvətləri sırasında yer alması məhz ümummilli lider, müdrik və uzaqgörən rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. “Paytaxtda” metro stansiyalarının hər biri memarlıq abidəsidir” deyən ulu öndərimiz respublikamıza ilk dəfə rəhbər seçildiyi vaxtdan tikintisi aparılan bütün stansiyaların məhz milli memarlıq üslubunda layihələndirilməsinə və inşa olunmasına şəxsən rəhbərlik etmişdir. Onun xüsusi diqqət və qayğısı sayəsində Bakı Metropoliteninin tikintisinə başlanmış, böyük canlanma 1970–ci ildə “Ulduz” stansiyasının, 1972–ci ildə “8–ci kilometr” yaşayış sahəsini şəhərin mərkəzi ilə birləşdirən “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Q.Qarayev”) və “Neftçilər” stansiyalarının istifadəyə verilməsi ilə nəticələndi. 1976–cı ildə isə əsl memarlıq abidəsi kimi inşa edilmiş “Nizami” stansiyası istifadəyə verilmişdir. 1979–cu ildə “Bakmil” stansiyası ilk sərnişinlərini qəbul etdi. 1983–1987–ci illərdə SSRİ rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də Heydər Əliyev Bakı Metropoliteninin tikintisi ilə bağlı problemlərin həllinə əvəzsiz diqqət və qayğı göstərirdi. Məhz bunun sayəsində 1985–ci ildə “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar” (“Qızıl Ordu”), “Memar Əcəmi” stansiyaları hazır oldu. 1989–cu ildə “Xalqlar dostluğu” və “Əhmədli” stansiyaları təhvil verildi. Həmin dövrdə tikintisi yarımçıq qalmış “Həzi Aslanov” stansiyasında işləri isə bir də ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə bərpa etmək mümkün oldu. Xalqımızın milli sərvəti olan metropolitenin dövlət müstəqiliyyimizin bərpasından sonrakı ilk illərdə qorunub saxlanmasında burada çalışan insanların fədakarlığı həlledici rol oynamışdır.

Ulu öndərimiz Heydər Əliyev metronun 35 illik yubileyində çıxış edərək metropoliten kollektivinin hünərini, fədakar əməyini yüksək qiymətləndirərək demişdir: “Vətəndaşlarımız, ümumiyyətlə, xalqımız bilməlidir ki, bizim millətimizin əlində nə kimi böyük və nadir bir sərvət var. Bu sərvət müstəqil Azərbaycan dövlətinə yaxın keçmişdən miras qalıbdır. Ancaq eyni zamanda bu sərvət Azərbaycan xalqının zəhmətkeş insanlarının böyük əməyi, əzmi nəticəsində yaranıbdır və belə bir möcüzəli şəkil alıbdır. Ona görə də Bakı Metropoliteni Azərbaycan xalqının milli sərvətidir. Deyə bilərəm ki, ən dəyərli sərvətidir”.

Bu gün metropolitenin inşasının davam etdirilməsi ulu öndərimizin arzusu idi və o hətta bu işi ondan sonra da mütləq həyata keçiriləcəyinə inamını da bildirmişdi. Prezident cənab İlham Əliyevin metropolitenin inkişafına diqqət və qayğı göstərməklə müdrik və unudulmaz rəhbərimizin bu inamını doğruldur. Dövlət başçımızın göstəriş və tapşırıqları əsasında Bakı Metropoliteni genişləndirilir, yenidən qurulur, yeni müasir standartlara uyğun stansiyalar inşa olunur.

Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müasir Azərbaycan dövlətinin daha da çiçəklənməsi və qüdrətlənməsi üçün bu vətənə sədaqətlə xidmət göstərməkdir.

Xalqımız ümummilli lider Heydər Əliyevin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, dünya siyasətində özünəməxsus yer tutan möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişdir və əminliklə deyə bilərik ki, onun rəhbərliyi ilə dövlətimizin qarşısında duran bütün taleyüklü məsələlər öz həllini tapacaqdır.

 

 

Biləndər MƏSİYEV,

“Azərtunelmetrotikinti” SC–nin

3 saylı tuneltikinti idarəsinin rəisi,

respublikanın əməkdar mühəndisi

 

Respublika.- 2013.- 18 aprel.- S. 9.