İnkişaf və
tərəqqi yolu
Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin şərəfli həyatı, siyasi, dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Ulu öndərimiz yüksək insani keyfiyyətlərinə, dövləti idarəetmə bacarığına, öz xalqına sədaqətlə xidmət göstərdiyinə görə nadir tarixi şəxsiyyətlərdəndir. Azərbaycanın bu gün müstəqil dövlət kimi yaşaması və qüdrətli ölkə kimi tanınması üçün məhz ulu öndərimiz Heydər Əliyevə borcluyuq. Heydər Əliyev xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müasir Azərbaycanı bəxş etdi.
Ulu öndərin yaratdığı müstəqil Azərbaycan dövləti ümummilli liderimizin şah əsəridir, öz xalqı qarşısında misilsiz tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
Heydər Əliyevin dövlət idarəetmə məktəbi, Azərbaycanın hərtərəfli və dinamik inkişafı üçün gördüyü möhtəşəm fəaliyyəti dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübut edən dəyərli nümunələrdən hesab edilməlidir. Tariximizin Heydər Əliyevin siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın və ölkənin xilası naminə atılan qətiyyətli addımlar, tənəzzüldən sürətli inkişafa nail olunması ulu öndərimizin möhtəşəm tarixi xidmətidir.
1993–cü il iyun ayının əvvəllərində ölkəmizdə cərəyan edən hadisələr Azərbaycanın dövlətçiliyini və müstəqilliyini təhlükə altında qoymuşdu. Siyasi və iqtisadi böhranla üzləşmiş ölkəmizdə vəziyyət olduqca ağır idi. Azərbaycan öz tarixinin çox çətin, ağır bir dövrünü yaşayırdı, ölkəmizin bir dövlət kimi mövcudluğu şübhə altına düşmüşdü. O dövrdə ölkəyə rəhbərlik edən səriştəsiz iqtidarların ucbatından respublikamızda xaos, özbaşınalıq, hakimiyyətsizlik yaranmışdı. Vətəndaş qarşıdurmasına sürüklənmiş, ölkəmizdə sabitliyin yaxın gələcəkdə bərpa olunacağına heç kimdə ümid yox idi. Respublikamızda problemlər baş alıb gedirdi. Azərbaycan xalqı belə bir ağır vəziyyətdə yenə də öz xilaskarı, böyük oğlu Heydər Əliyevə üz tutdu. Çünki yaxşı bilirdi ki, belə ağır bir vəziyyətdən öz xalqını yalnız və yalnız Heydər Əliyev dühası çıxara bilər. Ölkədəki özbaşınalıqdan cana yığılan xalq ayağa qalxdı, əldən gedən müstəqilliyini qorumaq üçün Heydər Əliyevi təkidlə Naxçıvandan Bakıya ölkə rəhbərliyinə dəvət etdi. Xalqının çağırışına biganə qalmayan Heydər Əliyev xalqının səsinə səs verdi. 1993 –cü il iyunun 9–da Bakıya gəldi və iyunun 15–də Ali Sovetin sədri seçildi. Həmin gün müstəqil dövlətçilik tarixinin ikinci dövrü başlandı. Ölkə onu gözləyən fəlakətlərdən, daxili və xarici pozucu, şər qüvvələrin qəsdlərindən, vətəndaş müharibəsindən, dövlətçiliyin məhvindən xilas oldu, Millətin itirilmiş inamı özünə qaytarıldı.
Dünyanın məşhur siyasətçiləri, dövlət xadimləri Heydər Əliyevi siyasət nəhəngi adlandırmışlar. O, tarixi perspektivləri qabaqcadan görmüş, ən çətin məqamlarda yeganə düzgün qərarlar qəbul etmək bacarığı ilə çoxlarını heyran qoymuşdur.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin uğurlu neft strategiyası xüsusi əhəmiyyət kəsb edir. 1994 –cü il sentyabrın 20–də dünyanın iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”, 1999–cu il noyabrın 18–də ATƏT–in İstanbul zirvə toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlətin müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır.
Son illər ölkəmizdə bərqərar olan sabitlik, bütün sahələrdə əldə olunan uğurlar Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Onun rəhbərliyi ilə qısa bir zamanda ölkədə sabitlik və əmin–amanlıq şəraitində genişmiqyaslı islahatlar həyata keçirildi. Avropa tələblərinə uyğun qanunvericilik aktları qəbul edildi. Uğurla həyata keçirilən iqtisadi islahatlar respublikamızın hərtərəfli və dinamik inkişafına təkan verdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev demişdir:
“İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”.
Qısa bir zamanda Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı. Azərbaycanın taleyində yeni bir inkişaf mərhələsi başladı. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdi. 1995–ci il noyabrın 12–də Azərbaycan tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi.
Yeni Konstitusiyamız hüquqi–demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu.
Azərbaycanda milli diaspor quruculuğu prosesinin reallaşdırılması da ulu öndərin adı ilə bağlıdır. Ölkənin beynəlxalq imicinin formalaşmasında, mövqelərinin güclənməsində, milli diaspor hərəkatının geniş vüsət almasında Heydər Əliyevin əvəzsiz xidmətləri olmuş, bu mühüm sahəyə xüsusi diqqət yetirmişdir. Ulu öndər çıxışlarında hər zaman qeyd edirdi ki, xarici ölkələrdə güclü diaspor və lobbi formalaşdırmadan xarici siyasətdə qarşıya qoyulmuş strateji hədəflərə çatmaq mümkün deyil.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan dövlətinə demokratik dəyərləri hər şeydən uca tutan dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran və qonşularıyla dinc şəraitdə yaşamağa üstünlük verən sülhsevər imicini qazandırmışdır. Məhz Heydər Əliyevin gərgin səyləri və yenilməz iradəsi nəticəsində Azərbaycan bütün dünya birliyi tərəfindən tükənməz təbii sərvətlərə, iqtisadi imkanlara, elmi, intellektual yaradıcı potensiala malik ölkə kimi qəbul olunur. Dünyanın qüdrətli dövlətləri regionla bağlı bir çox məsələlərin həllində ölkəmizin dəstəyinə arxalanır və onunla etibarlı tərəfdaş kimi hesablaşır. Azərbaycanın dünyada qazandığı böyük nüfuzunun bariz göstəricisidir ki, ölkəmiz dünyanın əksər dövlətlərinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına Qeyri–daimi üzv seçilmişdir, dünyada söz sahiblərindən birinə çevrilmişdir. Bütün bunlar Heydər Əliyev siyasi kursunun böyük təntənəsidir.
Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında mühüm xidmətlərindən biri də elmin və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmasıdır. Müstəqillik illərində milli təhsilimizi Qərb standartları səviyyəsinə yüksəltmək, milli–mənəvi dəyərlərə həssas münasibət Heydər Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətini təşkil edib. Ölkəmizdə təhsil islahatı Proqramının hazırlanması və uğurla reallaşması da Heydər Əliyev siyasətinin parlaq nümunəsidir. Heydər Əliyev Azərbaycanın davamlı inkişafının yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görürdü. Ötən əsrin 70–80–cı illərində Heydər Əliyevin rəhbərliyi altında təhsil müəssisələri şəbəkəsinin yaradılması, respublika hüdudlarından kənarda yüksək ixtisaslı kadrların yetişdirilməsi bugünkü müstəqilliyimiz üçün zəruri intellektual zəmin yaratmışdır. Onun böyük xidmətlərindən biri o dövrlər azərbaycanlı gənclərin keçmiş Sovetlər ittifaqının ayrı–ayrı ölkələrinin ali məktəblərinə təhsil almağa göndərilməsi və Azərbaycan dövləti üçün yüksək ixtisaslı kadr potensialının hazırlanmasıdır. Ölkədə bütün sahələrdə böyük nailiyyətlərin əsasını qoyan ulu öndərimiz gələcək həyatı hərtərəfli təmin edən təhsil sistemi yaratdı.
Bu gün
respublikamızda təhsil islahatları uğurla davam etdirilir.
Müəllimlər dərsin keyfiyyətinin yüksəldilməsi
və şagirdlərin təlim–tərbiyəsi işinin
öhdəsindən layiqincə gəlirlər. Məktəblərdə
müəllim və şagird arasında yaranan doğma
münasibət tədrisin keyfiyyətinin yüksəldilməsinə
imkan yaradır. Bugünkü təhsilin əsas məqsədi
şagirdlərdə təhlil və tətbiq, kommunikasiya
texnologiyalardan istifadə, həyati bacarıqlara əsaslanmaqdan
ibarətdir. Respublikamızda gedən təhsil islahatı ilə
bağlı təhsilin humanistləşdirilməsi, hərbi vətənpərvərlik
tərbiyəsi, dərsin məzmunu və digər məsələləri
müəllimlər uğurla həyata keçirirlər.
Ulu
öndərimizin əsasını qoyduğu təhsil
islahatları Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir və islahatların əsas
istiqamətlərindən biri də dünya təhsil sisteminə
inteqrasiyanın təmin edilməsidir. Milli təhsilimizin
müasir tələblərə
uyğunlaşdırılması məqsədilə Bolonya
prosesi çərçivəsində qəbul olunmuş təhsil
standartlarının mənimsənilməsi olduqca vacibdir.
Prezidendt İlham Əliyev hər bir dövlətin gələcəyini
onun intellektual potensialından asılı olduğunu önə
çəkərək qeyd edib ki, inkişaf etmiş ölkələrin
təcrübəsinə nəzər salsaq görərik ki, o
ölkələr inkişaf edir ki, orada elm, tərəqqi
sürətlə inkişaf edir, orada təhsilə, elmə
böyük miqdarda investisiyalar qoyulur. Ölkəmiz də bu
yolu seçib.
Ölkəmizdə
həyatımızın mənzərəsi günbəgün
dəyişir. Bu inkişaf bütün sahələrdə
olduğu kimi təhsil sahəsində də özünü
qabarıq şəkildə göstərir. Bütün bunlar
təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş möhkəm təmələ söykənir. Bu
gün Heydər Əliyevin ideyaları yaşayır və
xalqımıza düzgün yol göstərir. Bu yol Azərbaycanın
milli müstəqillik yoludur, inkişaf, tərəqqi, sabitlik
və əmin– amanlıq yoludur. Bu yolu Azərbaycan xalqına
göstərən Heydər Əliyevin nurlu xatirəsi qəlblərdə
əbədi yaşayacaqdır.
Nailə Rzaquliyeva,
Bakı şəhəri üzrə
Təhsil İdarəsinin
müdiri, əməkdar
müəllim
Respublika.- 2013.- 18 aprel.- S. 10.