BÖYÜK TARİXİ ŞƏXSİYYƏT

 

Azərbaycanın çox zəngin və şərəfli tarixi var. Bu tarix öz yaddaşında xalqın taleyini müəyyənləşdirmiş nadir şəxsiyyətləri əbədi yaşadır. Təkcə Azərbaycanın deyil, bütün dünyanın taleyinə həlledici təsir göstərən nəhəng siyasətçilər və dövlət xadimləri arasında ulu öndərimiz Heydər Əliyev öz dühası, müdrikliyi ilə müstəsna yer tutmuş, hələ sağlığında ikən əfsanəyə dönmüş, bəşəri miqyas kəsb etmişdir. Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır!

Heydər Əliyev canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycan bəxş etdi. Ən yeni tariximizin 30 ildən artıq bir dövrü ümummilli liderimizin şərəfli adı və siyasi fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu illərdə ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli mənliyinin formalaşması Heydər Əliyev dühasının bəhrəsidir. Xoşbəxtik ki, qismətimizə onun kimi dahi və nadir şəxsiyyətlə, qüdrətli lider və dövlət rəhbəri ilə eyni dövrdə yaşamaq və çalışmaq səadəti düşmüşdür.

Ulu öndərimiz dahi şəxsiyyət kimi zamanın yaddaşında həm də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib, hər şeydən öncə, xalqın xilaskarı olub. Ulu öndərimiz Heydər Əliyev sanki dünyaya elə xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu.

1993–cü ildə Azərbaycanın müstəqilliyi təhlükə qarşısında qalarkən ulu öndərimiz xalqın təkidli xahişi ilə Bakıya qayıtdı və iyunun 15–də Ali Sovetin sədri seçildi. Həmin gün çağdaş tariximizə Qurtuluş Günü kimi əbədi daxil olub. O, özünü odun–alovun içinə atdı, qısa müddətdə vətəndaş müharibəsinin alovlanmasının və dövlət çevrilişlərinə cəhdlərin qarşısını aldı. Bu yolda öz canını və bacarığını əsirgəmədi. Xalqımızın böyük oğlu Heydər Əliyev qarşıya çıxan bütün çətinliklərə sinə gərib, müstəqilliyimizi nəinki qoruyub saxladı, onu əbədiləşdirdi. Odur ki, müstəqil dövlətçiliyimizin həqiqi tarixi, dönüş anı məhz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı və Vətənin taleyi üçün məsuliyyəti öz üzərinə götürdüyü vaxtdan başlanır. Təsadüfi deyil ki, Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl ümummilli liderimiz Heydər Əliyevi “Azərbaycan xalqının nicatı üçün bir şans, canını vətəni və xalqı yolunda sipərə çevirən qeyrətli oğul” adlandırıb. Haqlı olaraq dünyanın ən böyük azərbaycanlısı adını daşımağa layiq olan Heydər Əliyev xalqımızın inkaredilməz qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin səbəbkarı, uğurlu gələcəyimizin təməlini qoyan dahi şəxsiyyətdir. O, ölkəmizin zəfərlərinin sonrakı onilliklərdə də davam etməsi, müəllifi olduğu milli inkişaf strategiyasının bəhrələrinin gələcək nəsillər üçün daha əlamətdar olması naminə fədakarlıqla çalışıb. Azərbaycanın dünyadakı nüfuzunu artırıb, onu regionun aparıcı dövlətinə çevirib.

Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik qarşısında ən böyük, misilsiz xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994–cü ildən uğurla həyata keçirilməsidir. Miqyasına görə XX əsrin analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ enerji mənbələri axtarışında olan müasir dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə əsaslı təsir göstərən “Əsrin müqaviləsi” Azəbaycanın siyasi və iqtisadi cəhətdən möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər sisteminə sürətli inteqrasiyasına da təkan vermişdir. Çox qısa zaman kəsiyində bir çox inkişaf etmiş dövlətlərin əsrlərlə keçdiyi inkişaf yolunu inamla qət edən respublikamızın inanılmaz iqtisadi və siyasi nailiyyətlərinin bazisinə çevrilən bu layihə, eyni zamanda, Azərbaycanın yüksək siyasi iradəsini, milli maraqlarını sonadək müdafiə etmək, təbii sərvətlərinə sahib çıxmaq əzminin təntənəsi kimi tarixə düşmüşdür. “Əsrin müqaviləsi” çərçivəsində 1999–cu il noyabrın 18–də ATƏT–in İstanbul zirvə toplantısında Bakı–Tbilisi–Ceyhan əsas neft–ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynadı. Bu gün qlobal mənada istər neft, istərsə də qaz boru kəmərlərinin reallaşması Azərbaycanı dünyanın mühüm enerji təminatçısına çevirib.

Azərbaycanın yeni tarixinin mühüm reallıqlarından biri də ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sabitliyin ölkədə sosial sahələrin, xüsusən də səhiyyə və təhsilin dinamik inkişafında mühüm rol oynamasıdır. Ulu öndərin müdrik siyasi kursuna uyğun olaraq qısa müddətdə sosial sahədə möhtəşəm uğurların qazanılması, Azərbaycan səhiyyəsinin sürətli tərəqqi mərhələsinə qədəm qoyması hərtərəfli inkişafımızın dinamikasını şərtləndirdi.

Ulu öndərimizin apardığı uğurlu siyasətin

mühüm istiqamətlərindən biri də məhz səhiyyənin möhkəmləndirilməsi və inkişafı idi. Həkim sənətinə böyük məhəbbət və hörmətlə yanaşan, ölkənin inkişafının və çiçəklənməsinin bünövrəsini insanların rifahı və sağlamlığında görən Heydər Əliyev daim xalqın səhhəti haqqında düşünür və onun qayğısına qalırdı. Xalqımızın dahi oğlu ölkə səhiyyəsində islahatların aparılmasına xüsusi önəm verir, xalqımızın sağlamlığı və rifahı naminə bir çox tədbirlər həyata keçirirdi. Onun rəhbərliyi altında ölkəmizdə qanunvericilik səhiyyə bazası əhəmiyyətli dərəcədə təkmilləşdirilib. 1994–cü ildən başlayaraq Heydər Əliyevin göstərişi ilə dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitinin durmadan artırılması üçün konkret tədbirlər planı həyata keçirilirdi. Məhz bu dahi şəxsiyyətin sayəsində səhiyyə sahəsində əsaslı islahatlar konsepsiyası hazırlanıb, vahid dövlət siyasəti formalaşdırılıb, əhaliyə göstərilən tibbi xidmətin miqyası genişləndirilib, dünya standartları səviyyəsində tibbi mərkəzlər və müasir əczaçılıq sənayesi yaradılıb.

Bu gün ölkəmizdə ən çox diqqət göstərilən və müasir səviyyədə yenilənən sahələrdən biri də səhiyyədir. Azərbaycan səhiyyəsi indi özünün ən yüksək inkişaf dövrünü yaşayır. Ölkəmizdə bütün xəstəxanalar və tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi–texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqla zənginləşdirilir. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır. Bütün bunlar dövlətin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Ölkəmizdə bütövlükdə səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük islahatlar aparılır, böyük işlər görülür. Hər bir bölgədə yeni, müasir xəstəxanalar tikilməkdədir.

Xalqımız ulu öndərimizin 90 illik yubileyini böyük iftixar hissi ilə qeyd edir. Bu dahi insanın zəngin irsi, müdrik siyasi kursu Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.

 

 

Şahnaz BAXŞALİYEVA,

Respublika Dəri–Zöhrəvi

Dispanserinin baş həkimi

 

Respublika.- 2013.- 18 aprel.- S. 11.