Xüsusi rejimli vergi xidməti
Ölkədə həyata keçirilən uğurlu vergi siyasəti nəticəsində büdcə gəlirlərinin formalaşmasında vergi daxilolmalarının xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmaqdadır. Vergilər Nazirliyinin qarşısında qoyulan proqnoz–tapşırıqların yerinə yetirilməsində Xüsusi Rejimli Vergi Xidməti Departamenti müstəsna rol oynayır. Müsahibimiz departamentin rəisi Zaur Fətizadədir.
– Zaur müəllim, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin fəaliyyətini rəqəmlərlə necə səciyyələndirə bilərdiniz?
– Xüsusi Rejimli Vergi Xidməti Departamentində qeydiyyatda olan vergi ödəyicilərinin respublika iqtisadiyyatında əhəmiyyətli xüsusi çəkiyə malik olan hasilat, sənaye, rabitə, nəqliyyat, tikinti–quraşdırma müəssisələrini əhatə etdiyini nəzərə alsaq, dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasında iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələrlə aparılan işlər və onlar üçün yüksək səviyyədə vergi xidmətinin təşkili prioritet vəzifələrdəndir.
Xüsusi Rejimli Vergi Xidməti Departamenti tərəfindən dövlət büdcəsinə 2012–ci il üzrə 4 mlrd. 267,2 milyon manat proqnoza qarşı 4 mlrd. 377,7 milyon manat vəsaitin ödənilməsi təmin edilmişdir ki, bu da proqnozun 102,6% yerinə yetirilməsi deməkdir. Keçən il Vergilər Nazirliyi üzrə daxilolmaların 72,7%–i məhz bu departamentin üzərinə düşmüşdür.
İqtisadi göstəricilərə istinadən qeyd etmək olar ki, son iki ildə ümumi daxili məhsulun artımı strateji məqsədlərə uyğun olaraq, tamamilə qeyri–neft sektorunun hesabına formalaşmışdır. 2012–ci ildə qeyri–neft sektoru üzrə real artım 9,7% olmuş, ümumi daxili məhsulda payı isə 3,9 bənd artaraq 52,7% təşkil etmişdir. Bu dövrdə departament üzrə qeyri–neft–qaz sektoru sahəsində daxilolmalar 1 mlrd. 638,8 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 17,7% çoxdur.
ÜDM–in 2011–ci ildə 0,1%, 2012–ci ildə isə 2,2% artımı fonunda departament üzrə vergi daxilolmalarında müvafiq olaraq 26,4% və 9,6%; qeyri–neft sektoru üzrə ÜDM–in 2011–ci ildə 9,4%, 2012–ci ildə isə 9,7% artımı fonunda bu sektorda vergi daxilolmalarında müvafiq olaraq 14,0% və 17,7% artım qeydə alınmışdır. Müsbət tendensiya 2013–cü ilin 1–ci rübündə də davam etmişdir. Belə ki, bu dövrdə departament qarşısında qoyulan proqnoz 5,1%, o cümlədən qeyri–neft sektoru üzrə 6,9% artıqlaması ilə icra edilmişdir. Xüsusi rejimli müəssisələr tərəfindən dövlət büdcəsinə 316,6 mln. manat mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 mln. manat artım deməkdir.
– Xüsusi vergi rejimli müəssisələrə vergi nəzarəti hansı qaydada həyata keçirilir?
– Qanunvercilikdə təsbit olunmuşdur ki, vergi nəzarəti vergi orqanlarının vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədilə vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid və kompleks nəzarət sistemidir.
Xüsusi vergi rejimli müəssisələrdə vergi nəzarətinin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, bu nəzarət Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə yanaşı, hasilatın pay bölgüsü haqqında sazişlərin (HPBS) vergiqoyma maddəsinə və həmin sazişlərə əsasən qəbul edilmiş mənfəət vergisi, əlavə dəyər vergisi, əməkdaşların vergiyə cəlb edilməsi və digər vergilər üzrə protokollara uyğun olaraq aparılır.
Xüsusi vergi rejimində HPBS–lər çərçivəsində fəaliyyət göstərən əməliyyat və podrat şirkətlərinə malların təqdim edilməsi, iş və xidmətlərin göstərilməsi ilə məşğul olan yerli və xarici subpodratçı şirkətlərdə aparılan yoxlamalar zamanı gəlir və xərclərin müəyyən edilməsinin, ödəmə mənbəyində vergilərin tutulmasının, yerli və xarici əməkdaşlara hesablanmış əməkhaqqı məbləğlərindən gəlir vergisinin hesablanmasının düzgünlüyü araşdırılır. Nəzarət işləri həm kameral, həm də səyyar vergi yoxlamaları aparılmaqla həyata keçirilir.
Departament üzrə qeydiyyatda olan 271 xüsusi vergi rejimli müəssisə tərəfindən təqdim edilmiş vergi bəyannamələrinin kameral yoxlanması nəticəsində 2012–ci ildə büdcəyə əlavə olaraq 18,8 milyon manat, o cümlədən əməkdaşların gəlir vergisi üzrə 11,1 milyon manat, mənfəət vergisi üzrə 7,3 milyon manat, digər vergilər üzrə 0,4 milyon manat vəsait hesablanmışdır. Hesablanmış əlavə vəsaitin 2,2 milyon manatı büdcəyə ödənilmiş, qalan məbləğ isə vergi ödəyicilərinin artıq ödəmələri hesabına əvəzləşdirilmişdir.
Ötən il ərzində departament tərəfindən aparılmış səyyar vergi yoxlamaları ilə ümumilikdə 19,8 milyon manat məbləğində əlavə vəsait hesablanmışdır ki, bu da bir yoxlama ilə büdcəyə orta hesabla 431 min manat əlavə vəsaitin hesablanması deməkdlir.
Əlavə vəsaitlərdən 12,1 milyon manatı HPBS çərçivəsində fəaliyyət göstərən əməliyyat və podrat şirkətləri üzrə, qalan 7,8 milyon manatı isə şirkətləri mal, iş və xidmətlərlə təchiz edən yerli və xarici subpodratçılar üzrə hesablanmışdır.
Qeyd etməliyəm ki, Vergi Məcəlləsindən fərqli olaraq, HPBS–lərdə zərərlərin növbəti illərə məhdudiyyətsiz keçirilməsi nəzərdə tutulmuşdur. Aparılmış yoxlamalarla ümumilikdə 18,4 milyon manat məbləğində balans zərərinin artıq göstərildiyi müəyyən edilərək azaldılmışdır ki, bu da nəticə etibarilə mənfəət əldə edilən dövrü yaxınlaşdırmışdır.
– Cari ilin əvvəlində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, 13–cü maddəyə iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən olunması meyarları əlavə edilmişdir. Bu dəyişiklikliyin əsas məqsədi nədir?
– Məlum olduğu kimi, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərdən əvvəl iri vergi ödəyicilərinin və xüsusi rejimli müəssisələrin müəyyən edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş meyarlar əsasında həyata keçirilirdi. Həmin meyarlara görə, vergi ödəyicisinin son üç ildə mülkiyyətində olan əsas vəsaitlərinin hər ilin sonuna qalıq dəyəri 1 mln. 100 min manatdan, əvvəlki üç ildə orta illik dövriyyəsi (ƏDV–siz) 550 min manatdan və son üç vergi ilində müəssisə tərəfindən vergi qanunvericiliyi ilə müəyyən edilmiş vergi və digər ödənişlərin hesablanmış məbləğləri hər ildə 198 min manatdan çox olduqda həmin ödəyicilər iri vergi ödəyicilərinə aid edilirdi. Bundan başqa, qanunvericiliyə uyğun olaraq, inhisarçı subyektlərə aid olunan vergi ödəyiciləri və onların tabeçiliyindəki müəssisə və təşkilatlar iri vergi ödəyiciləri hesab edilirdilər.
Son illərdə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində əldə olunan müsbət göstəricilər vergi ödəyicilərinin biznes sahələrinin genişlənməsinə və onların maliyyə–iqtisadi göstəricilərinin yüksəlməsinə gətirib çıxarmışdır ki, bu da, öz növbəsində, 2004–cü ildə həmin dövrdə mövcud olmuş iqtisadi göstəricilər əsasında müəyyən edilmiş meyarların iqtisadiyyatın hazırkı durumuna uyğunlaşdırılmasını zəruri etmişdir. Bu səbəbdən də Vergi Məcəlləsinə iri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin müəyyən edilməsi meyarları artırılmış və məcəllənin 13–cü maddəsinə əlavə edilmişdir. Bu dəyişiklik qanunvericiliyin sistemləşdirilməsi və vergi ödəyicilərinin vergi qanunvericiliyinin tətbiqi imkanlarının genişləndirilməsi, vergi hüquq münasibətlərinin tənzimlənməsinin vergi ödəyicilərinin marağına uyğun daha səmərəli təşkili məqsədlərinə xidmət edir. Vergi münasibətlərini tənzimləyən normaların vahid normativ aktda cəmləşməsi ondan istifadəni daha da asanlaşdırır.
– İnzibatçılığın təkmilləşdirilməsi üzrə prioritet istiqamətlərdən biri olan e–auditin tətbiqi ilə bağlı nə deyə bilərsiniz?
– Bildiyiniz kimi, ölkəmizdə e–auditin tətbiqi Niderland
Krallığının Vergi
Administrasiyası ilə birgə həyata keçirilir
və Avropa Qonşuluq
Siyasəti çərçivəsində qəbul edilmiş “Avropa
İttifaqı–Azərbaycan Fəaliyyət Planı”ndan vergi sahəsində irəli gələn
öhdəliklərin icrası məqsədini
daşıyır. Layihə “Kompyuter
əsaslı audit sistemi
sahəsində Azərbaycan Respublikasına dəstəyin
göstərilməsi” tvinninq layihəsi
çərçəvəsində aparılır. E–auditin tətbiqi iki aspekt: həm vergi
inzibatçılığı, həm də vergi
nəzarəti üzrə təkmilləşməyə şərait
yaradır. Bu sahədə zəruri hüquqi bazanın hazırlanması, proqram təminatı paketinin
seçilməsi, məlumat bazasının yaradılması,
metodologiyanın hazırlanması kimi mərhələlər
artıq yekunlaşmışdır. Vergi Məcəlləsindəki
məlumatların elektron formada
təqdim edilməsi barədə vergi
ödəyicilərinin öhdəliklərini müəyyən
edən dəyişikliklər artıq qüvvəyə minmiş, vergi
orqanlarının 3–cü şəxslərdən
zəruri məlumatları tələb etmək hüququ təsbit olunmuşdur.
Hazırda layihənin altıncı komponenti olan “E–audit sisteminin tətbiqi” mərhələsi
icra olunur. Bu mərhələ 2012–ci ilin
iyul ayında başlamışdır və
artıq birbaşa səyyar vergi yoxlamaları gedişində
tətbiq edilir.
Qeyd etmək
istərdim ki, e–audit layihəsi Xüsusi Rejimli Vergi Xidməti
Departamenti üçün
çox böyük əhəmiyyətə malikdir. Ona görə
də 5 əməkdaşımız
həm treninq prosesinə, həm də layihənin komponentlərinin icrasına
fəal şəkildə
cəlb edilmişlər.
Artıq
e–auditin tətbiqi məqsədilə şirkətlər
seçilmişdir. Bundan başqa,
e–auditin səmərəli
tətbiqi ilə bağlı departamentdə
geniş müzakirələr
aparılaraq prosesin icrası ilə bağlı əldə olunmuş biliklərə əsaslanan tövsiyələr,
testlər hazırlanmış,
skriptlər tərtib olunmuşdur. Hazırda departamentdə
işləyən digər
yoxlayıcılara ACL proqramının
(e–audit) əsaslarının öyrənilməsi və
mənimsənilməsi istiqamətində
məşğələlər keçirilir.
Məlumat üçün bildirim
ki, e–auditin tətbiqi ilə aparılmış səyyar
vergi yoxlamaları üzrə nəticələr
müsbət olmuşdur:
adam–saat göstəricisi
40% azalmaqla, yəni səyyar vergi yoxlamalarına sərf edilən vaxta qənaət olunmaqla əlavə hesablanmış
məbləğ 3 mln.
421,71 min manat təşkil etmişdir ki, bu da
36,5% artım deməkdir.
E–audit müasir informasiya texnologiyalarının audit prosesində
istifadə olunması
ilə məhdudlaşmır,
audit prosesində yeni yanaşmalara imkan yaradır. Vergi ödəyicisi və
vergi orqanı vergilərin ödənilməsi
ilə bağlı inzibati yükün azaldılması məqsədilə
elmi–statistik seçim
tətbiq etməklə
azsaylı sənədlərin
yoxlanması sayəsində
təxmin edilən vergidən yayınma məbləğini qiymətləndirə
bilərlər.
– Müsahibəyə görə
təşəkkür edirik.
Ülvi QARAYEV
Respublika.- 2013.- 18 aprel.- S. 14.