“AZƏRBAYCAN RESPUBLİKASINDA İSTEHLAKÇI HÜQUQLARININ QORUNMASI SAHƏSİNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ROLU”

 

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları müşavirədən əvvəl ümummilli lider Heydər Əliyevin Gəncə şəhərindəki abidəsini ziyarət etmiş, komitə rəsmiləri, şəhər ictimaiyyətinin nümayəndələri, sahibkarlar ulu öndərə hörmət və ehtiramlarını bildirmişlər.

Müşavirənin işində komitənin texniki tənzimləmə şöbəsinin aparıcı mütəxəssisi Murad Fərzəliyev iştirak və çıxış etmişdir. Müşavirəni giriş sözü ilə açan komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsinin rəisi Elxan Qədimov “Azərbaycan Respublikasında istehlakçı hüquqlarının qorunması sahəsində ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.

Natiq demişdir ki, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri olmuş, milli dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ölkə miqyasında geniş şəkildə qeyd olunmaqdadır. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Gəncə Ərazi İdarəsinin təşkilatçılığı ilə keçirilən bu tədbir də ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramın sonsuz ifadəsidir.

Bu gün Azərbaycan xalqı böyük iftixar hissi ilə müstəqilliyimizin nailiyyətləri ilə fəxr edir, bu nailiyyətlər gündən–günə artır, dünya iqtisadiyyatına, mədəniyyətinə öz töhfələrini verir, nüfuzlu beynəlxalq təşkilatlarda ləyaqətlə təmsil olunur, bu təşkilatlar vasitəsilə dünyada öz sözünü deyə bilir. Bütün bunların təməlində isə ümummilli lider Heydər Əliyev dühası, onun uzaqgörənliyi və doğma vətənə, xalq işinə sonsuz sədaqəti dayanır.

Məruzəçi demişdir ki, ölkə iqtrisadiyyatında istehlakçıların hüquqlarının müdafiəsi prioritet istiqamətlərdən biridir. Bu siyasətin əsasları da ulu öndər tərəfindən işlənib hazırlanmışdır. Azərbaycanda istehlakçı hüquqlarının qorunması, əhalinin keyfiyyətli, standartların tələbinə uyğun mal və məhsullarla təminatı və bu sahədə yeni texnologiyaların, beynəlxalq standartların müəssisələrdə tətbiq imkanlarının artırılması ümummilli liderin təməlini qoyduğu uğurlu iqtisadi siyasətin məntiqi davamıdır.

E.Qədimov bu siyasətin hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdiyini xüsusi vurğulayaraq Azərbaycanın dünyada ən dinamik inkişaf edən ölkələrdən biri olduğunu xüsusi vurğulamışdır.

Tədbirə dəvət olunmuş sahibkarlar çıxış edərək ümummilli lider Heydər Əliyevin keçdiyi kəşməkəşli həyat yolunun hər bir vətəndaş üçün örnək olduğunu qeyd etmişlər.

Müşavirədə müzakirə olunan məsələ ətrafında maraqlı fikir mübadiləsi aparılmışdır.

Müşavirənin işində komitənin texniki tənzimləmə şöbəsinin aparıcı mütəxəssisi Murad Fərzəliyev iştirak və çıxış etmişdir.

Axırda tədbir iştirakçıları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Gəncə şəhərində yerləşən laboratoriyalarının fəaliyyəti ilə tanış olmuşlar.

 

 

Y.TANRIVERDİYEV

 

Respublika.- 2013.- 18 aprel.- S. 15.