Gözəl bəstəkar,
səmimi insan…
“Afaq Cəfərovanın
“Simli kvartet və simfonik orkestr üçün konsert”ini
xüsusi qeyd etmək istəyirəm. Yadda saxlayın, klassik
musiqi və dünya müasir musiqi mədəniyyətində
bu janra çox nadir təsadüf olunur və belə bir əsərə
müraciət bəstəkar qarşısında bədii və
texniki cəhətdən çox mürəkkəb vəzifələr
qoyur. Mən çox şadam ki, gənc müəllif bu
problemi yüksək bədii dolğunluq və professional səviyyədə
həll edə bilmişdir”.
Qara Qarayev, 1969–cu
il.
1969–cu il Üzeyir Hacıbəyli adına Azərbacyan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin ənənəvi dövlət imtahanı zamanı səslənən “Simli kvartet və simfonik orkestr üçün konsert” respublikanın musiqi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı. Əsərin müəllifi bəstəkarlıq fakültəsinin dahi bəstəkar və gözəl pedaqoq Qara Qarayevin sinfi üzrə məzunu Afaq Cəfərova idi. Əsər Dövlət simli kvarteti və Rauf Abdullayevin dirijorluğu ilə M.F.Axundzadə adına Azərbacyan Dövlət Opera və Balet Teatrının simfonik orkestri tərəfindən ifa olunmuşdur. Afaq Cəfərovanın diplom işi kimi təqdim etdiyi bu əsər Azərbaycanın tanınmış bəstəkarları tərəfindən yüksək qiymətləndirildi və yaradıcı ictimaiyyət arasında böyük rezonansa səbəb oldu.
Gənc bəstəkarın ilk irihəcmli əsəri çox uğurlu alındı və ona o illərdə Q.Qarayev məktəbinin kiçik nümayəndəsi kimi böyük ümidlər bəslənildi. Artıq A.Cəfərova özünü yüksək istedada və daha böyük yaradıcılıq potensialına malik bir bəstəkar kimi təsdiqlədi. Az sonra 1971–ci ildə əsər Azərbayan Bəstəkarlar İttifaqının plenumunda səsləndi və bir daha böyük diskussiyalara səbəb olaraq, onun janr orijinallığı və seçimi, bədii həlli mətbuatda geniş müzakirə mövzusuna çevrildi.
“Simli kvartet və simfonik orkestr üçün konsert” A.Cəfərovanın yüksək professional kamilliyini və istedadını üzə çıxardı və parlaq şəkildə nümayiş etdirdi.
Afaq Cəfərova 22 aprel 1943–cü ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Atası tanınmış ictimai xadim, anası isə filoloq idi. Ailədə musiqiçi olmasa da, ədəbiyyat və musiqi ilə dərindən maraqlanan valideynləri onu Bülbül adına orta ixtisas musiqi məktəbinə təyin edirlər. Məktəbdə fəaliyyət göstərən uşaq yaradıcılıq sinfində onun bəstəkarlıq üzrə ilk müəllimi bəstəkar Mithət Əhmədov olmuşdur. Sonralar Afaq xanım bu dərsləri xatırlayaraq yazır: “Bu gözəl insan uşaq psixologiyasına dərindən bələd idi və istedadından asılı olmayaraq hər bir şagirdə fərdi yanaşma metodu var idi. Mithət müəllim uşaqlara qarşı çox həssas idi”.
1961–ci ildə Afaq Cəfərova Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil olur. Sonralar Afaq xanım müəllimi haqqında xatirələrində yazır: “Mənim üçün Qara müəllimin adı həyatımın ən mənalı və xoş illəri ilə bağlıdır. Bu illər ona görə xoş illərdir ki, Qara müəllim mənə bəstəkarlıq sənətinin sirlərini açaraq musiqi bəstələmək kimi ilahi bir möcüzənin qapılarını açdı”. Konservatoriyada oxuduğu illərdə o, bir çox janrlarda gözəl əsərlər bəstələmişdir – Fortepiano üçün prelüdiyalar (1961), fortepiano üçün variasiyalar (1962), fleyta və fortepiano üçün sonata (1963), 2 simli kvartet (1960, 1965). Bu əsərlər professionallar tərəfindən yüksək qiymətləndirilir.
Afaq Cəfərova Qara Qarayevin sinfində oxuduğu illəri xatırlayaraq deyir: “Qara Qarayev müxtəlif bəstəkarlıq məktəblərinə məxsus musiqi zövqünün kamilliyi, forma və üslub, yazı texnikası məsələlərinə xüsusi fikir verirdi. Tələbələrlə işləyərkən o, mövzu seçimi və onun inkişafı, məntiq və harmonik dilinin müasirliyi, təzad və proporsiyanın rolu kimi məqamlara çox ciddi yanaşırdı”. Bu gün Afaq Cəfərovanın istər irihəcmli əsərlərində, istərsə də miniatür janrda yazılmış musiqi parçalarında bütün bu xüsusiyyətlər çox aydın görünür.
Konservatoriyanı bitirdikdən sonra Afaq Cəfərova
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının bəstəkarlıq şöbəsində
aspiranturaya qəbul olunur. O, bir neçə il Qara Qarayevin sinfində assistent kimi də
uğurla çalışır. Bəstəkar o illəri
böyük fərəh hissi ilə xatırlayır: “Bu, mənim
üçün böyük bir fəxr idi. Mən bu vəzifəni
böyük maraqla yerinə yetirirdim və çalışırdım
ki, müəllimimin prinsiplərinə tam riayət edim. Mən
Qara Qarayevin sinfində oxumaq prosesinin əsl mənasını
o dövrdə daha çox anladım”.
Aspiranturada
oxuduğu illərdə Afaq Cəfərova bir–birindən
maraqlı və professional cəhətdən mükəmməl
əsərlərlə çıxış edir – üç
solist və kamera orkestri üçün oda (söz. Məhəmməd
Füzuli, Rəsul Rza, Fikrət Qoca), “Rekviyem” – dram əsəri
üçün musiqi, nəfəsli alətlər
üçün pyeslər silsiləsi, 1972–ci ildə o,
“Polifonik simfoniya” adlı diplom işi ilə aspiranturanı
bitirir və bəstəkarlıq kafedrasında pedaqoji fəaliyyətə
başlayır.
Onu da qeyd
edək ki, Afaq xanım bəstəkarlıqla yanaşı,
müəllimlik sənətinə də müqəddəs sənət
kimi yanaşır və bu işi böyük məsuliyyətlə
aparır. İlk illərdə o, orkestrləşdirmə,
polifoniya (sərbəst üsul) fənlərindən dərs
deyir, sonrakı illərdə isə bəstəkarlıq fənnini
aparır. Bu gün orta nəsil bəstəkar və
musiqişünasların böyük bir qismi vaxtilə Afaq
xanımın sinfində musiqi nəzəriyyəsinin, simfonik
partituraların, polifoniyanın və bəstəkarlıq sənətinin
sirlərinə yiyələniblər. Təsadüfi deyil ki,
Afaq Cəfərova xeyli müddət Azərbaycan Bəstəkarlar
İttifaqının gənclər şöbəsinə rəhbərlik
etmiş, gənc bəstəkarların yetişməsində
və inkişafında böyük rolu olmuşdur.
Yaradıcı gənclərdən danışanda o, müəllimi
Qara Qarayevin bu barədə olan fikrini xatırlayır: “Gənclərlə
işləmək həm çətindi, həm məsuliyyətli
və mən deyərdim ki, təhlükəlidir. Bunun həkimlik
peşəsi ilə hansısa mənada analoji
oxşarlığı var. Əgər həkim insanın
fiziki sağlamlığına görə cavabdehlik
daşıyırsa, biz isə gələcək sənətkarın
ruhunun sağlamlığı üçün məsuliyyət
daşıyırıq”. Buna görə də Afaq xanım da
müəllimi kimi onun sinfində oxuyan tələbə–bəstəkarları
həm klassik sənətlə, həm də ən müasir
düşüncə metodikası ilə tanış etməyə
çalışır və öz
yaradıcılığına xas olan bu sintezi onlara təlqin
edirdi.
Afaq
xanımın yaradıcılıq üslubunun
formalaşdığı dövr Azərbaycan mədəniyyətinin
bütün sahələrində olduğu kimi, musiqi mədəniyyətinin
də çiçəkləndiyi dövrə təsadüf
edir. Məhz həmin illərdə – Azərbaycan professional
musiqisinin çağlayan dövründə musiqidə yeni bir
söz demək o qədər də sadə məsələ
deyildi və elə həmin illərdə Afaq Cəfərova
müxtəlif janrlarda bəstələnmiş hər yeni əsəri
ilə musiqi peşəkarlarının daha çox diqqətini
cəlb edir. 70–80–ci illərdə Afaq Cəfərova bir–birinin
ardınca bir çox əsərlər bəstələyir,
bunlardan nəfəsli kvintet üçün pyeslər (1974),
simfoniya N–2 (1979), fortepiano, fleyta və violonçel
üçün “Eskizlər” adlı trio, müasir Azərbaycan
şairlərinin sözlərinə bəstələnmiş
bir çox vokal əsərləri, a capella xor
üçün musiqi və s. Bundan əlavə, Afaq Cəfərova,
Qara Qarayevin 3 saylı simfoniyasının 2 fortepiono
üçün köçürülməsinin, Sevda
İbrahimovanın “Əhval–ruhiyyələr” adlı fortepiano
silsiləsinin simli orkestri üçün aranjimanının,
Məmməd Quliyevin “Fortepiano üçün albom” silsiləsinin
simli orkestr üçün aranjimanının müəllifidir.
Qeyd etmək
lazımdır ki, Afaq Cəfərova geniş elmi–metodik fəaliyyətlə
də məşğuldur. Onun “Vokal” əsərlərində
orkestr müşayiəti məsələlərinə dair
tövsiyələri” (1980), “Konservatoriyanın bəstəkarlıq
şöbəsində sərbəst üslublu praktik polifoniya
proqramına dair metodik tövsiyələr” (1983), “Polifoniya fənni
üzrə magistr dərəcəsi alanlar üçün
proqram” (1998) və s. tövsiyə və proqramları
mövcuddur.
Afaq Cəfərova
Azərbaycan bəstəkarlıq məktəbinin parlaq
nümayəndələrindən biridir. O, zərif lirik
istedada malik musiqiçidir və lirika bütün incəliklərinə
qədər onun yaradıcılığında əks
olunmuşdur. Afaq xanımın əsərlərində fəlsəfi
dərinlik, ciddi və lakonik düşüncə tərzi
aydın gözə çarpır. Sənətkarın yaratdığı
əsər onun daxili aləminin, zəkasının məhsulu,
qəlbinin, ürəyinin güzgüsüdür. Afaq
xanımın musiqisi onun nəcib insani keyfiyyətlərinin və
şəffaf qəlbinin təzahürüdür. Onun musiqi
dili müasir yazı texnikasına, yeni ifadə vasitələrinə
daha çox meyilliliyi ilə seçilsə də, eyni zamanda
səlis, aydın fikir əsərin özəyini təşkil
edir. Onun yaratdığı musiqi obrazları emosinal, parlaq və
yaddaqalandır. O, musiqidə daha çox intellektuallığa
üstünlük verir. Afaq xanımın əsərlərində
lirik mövzular daha dolğun təqdim olunaraq insan qəlbinin dərinliklərinə
yol tapır. Bütün bunların arxasında isə zərif
və nəzakətli, son dərəcə həssas və səmimi,
ziyalı bir azərbaycan xanımı durur.
Bu gün
Afaq Cəfərova yaradıcılığının kamil
dövrünü yaşayır. O, Azərbaycan musiqi mədəniyyətini,
Azərbaycan bəstəkarlıq məktəbini Türkiyədə
təmsil edir. Azərbaycan musiqi pedaqogikasının görkəmli
nümayəndəsi kimi o, öz pedaqoji fəaliyyətini
Kayseri şəhərinin Erciyez Universitetində davam etdirir və
Azərbaycanda olduğu kimi, Türkiyədə də dərin
hörmətə nail olaraq xüsusi məhəbbət
qazanmışdır. Afaq xanım Vətəndən uzaqda
yaşadığı illərdə də Azərbaycan bəstəkarlarının
əsərlərini böyük sevgi ilə təbliğ edir,
onun tələbələri dünya bəstəkarları ilə
yanaşı, Azərbaycan musiqi mədəniyyətinin ən
gözəl nümunələri ilə yaxından
tanış olurlar.
Afaq
xanımı 70 illik yubileyi münasibətilə Azərbaycan
musiqi ictimaiyyəti adından təbrik edir, ona möhkəm
cansağlığı, uzun ömür və yüksək
yaradıcılıq nailiyyətləri arzulayırıq.
Arzu Rzayeva,
Üzeyir Hacıbəyli adına
Bakı
Musiqi Akademiyasının dosenti
Respublika.- 2013.- 18 aprel.- S. 15.