Mədəni irsimiz qürur mənbəyimizdir
Yaşı minilliklərə söykənən Azərbaycan xalqının yaratdığı mədəni irs nümunələri zəngin tarixi keçmişimizlə fəxr etmək, qədim dünya xalqları sırasında qürurla dayanmaq üçün bizə sonsuz mənəvi güc verir.
Bəs ölkəmizdə maddi–mədəni irs olaraq dövrümüzə qədər gəlib çatmış abidələrimizin gələcək nəsillər üçün qorunub saxlanması istiqamətində hansı işlər görülür?
Mədəniyyət və Turizm Nazirliyinin strukturunda bu işlə məşğul olan xeyli sayda idarə və müəssisə var və onlar bilavasitə nazirliyin Mədəni İrs Şöbəsi ilə əlaqəli fəaliyyət göstərirlər.
Bəri başdan deyək ki, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıdan maksimum bəhrələnməyə çalışan Mədəniyyət və Turizm Nazirliyinin, o cümlədən Rüfət Nuriyevin rəhbərlik etdiyi Mədəni İrs Şöbəsinin əməkdaşlarının fəaliyyətindən razılıqla danışmaq olar. Görülən işlər, həyata keçirilən tədbirlər də bu fikri təsdiqləyir.
Ulu öndərimiz Heydər Əliyev və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu sahəyə aid bir sıra dövlət proqramları, fərmanlar və sərəncamlar imzalanmış, nəticədə genişmiqyaslı işlər görülmüşdür. Cari ildə isə “2013–2016–cı illərdə daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı üzrə” Dövlət Proqramının qəbul edilməsi gözlənilir. Deməli, bu istiqamətdə həyata keçirilən tədbirlər daha böyük vüsət alacaq.
Bizi maraqlandıran bu mövzu barədə nazirliyin şöbə müdiri Rüfət Nuriyev geniş məlumat verdi:
—Dünyada insanın ilk yaranma ocaqlarından biri olan Azərbaycan ərazisində—Azıx mağarasında aparılmış arxeoloji qazıntılar nəticəsində əldə edilmiş daş əmək alətləri, digər əşyalar və insan çənəsinin elmi tədqiqi sübut edir ki, hələ 350–400 min il əvvəl burada insanlar məskən salmışlar. Əlbəttə, belə qədim tarixə malik xalqın qədim və zəngin mədəni irsə malik olması da təbiidir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993–cü ildə hakimiyyətə yenidən qayıdışı, digər sahələrdə olduğu kimi, mədəni irsimizin qorunub saxlanılması istiqamətində görülən işlərin genişlənməsinə səbəb oldu, mədəniyyət abidələrinin aşkar edilməsi, bərpası, tədqiqi, istifadəsi və mühafizəsi prioritet sahələrdən birinə çevrildi.
Təsadüfi deyil ki, 2000–ci ildə Bakının İçərişəhər “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix–Memarlıq Qoruğu Qız qalası ilə birgə YUNESKO–nun “Dünya Mədəni İrs Siyahısı”na daxil edilmiş, 2002–ci ildə Azərbaycanın gözəl və möhtəşəm abidələrindən biri olan “Şəki Xan Sarayı” abidəsinin bərpadan sonra təntənəli açılışında ümummilli lider Heydər Əliyev şəxsən iştirak etmiş, 2003–cü ildə isə ulu öndərin şəxsi təşəbbüsü ilə “Şabran şəhəri” və “Çıraqqala” tarixi qoruqları yaradılmışdır.
Nazirlər Kabinetinin 2 avqust 2001–ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövlət mühafizəsinə götürülmıüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” siyahısına 6308 ədəd dünya, ölkə və yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ–park, monumental və xatirə abidələri və dekorativ–tətbiqi sənət nümunələri daxil edilmişdir. Eyni zamanda “Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısı” tərtib edilmiş və aparılan axtarış–tədqiqat işləri nəticəsində aşkarlanmış 1518 yeni abidə bu siyahıya daxil edilmişdir.
Ümumdünya İrs Komitəsinin 2007–ci il iyun ayının 29–da Yeni Zellandiyanın Kristcore şəhərində keçirilən 31–ci sessiyasında Qobustan Tarix–Bədii Qoruğu YUNESKO–nun “Dünya Mədəni İrs Siyahısı”na salınmış, 2012–ci ildə qoruğun müasir standartlara cavab verən yeni inzibati binası, ən yeni texnologiya və avadanlıqlarla təchiz olunmuş ekspozisiyalar ziyarətçilərin istifadəsinə verilmişdir.
Ümummilli liderin müəyyən etdiyi yolu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın tarixi ərazilərinin qorunması və burada yerləşən tarixi abidələrin mühafizəsi məqsədilə Bakının Suraxanı qəsəbəsində “Atəşgah məbədi” Dövlət Tarix–Memarlıq, Abşeron rayonunda “Yanar dağ” Dövlət Tarix–Mədəniyyət və Quba rayonunda “Xınalıq” Dövlət Tarix–Memarlıq və Etnoqrafiya qoruqları yaradılmışdır.
Onu da qeyd edək ki, hazırda ölkəmizdə 27 tarix–mədəniyyət qoruğu fəaliyyət göstərir ki, bunların da 13–ü məhz müstəqillik dövründə yaradılıb.
Əsasən 2001–ci ildən başlayaraq tarix və mədəniyyət abidələrinin bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində 40–a qədər abidədə bərpa və konservasiya aparılmış, 50–dən çox abidənin bərpa və konservasiya layihəsi isə hazırlanmışdır.
Xüsusilə qeyd etməliyik ki, bu mühüm və şərəfli işlərin həyata keçirilməsinə Heydər Əliyev Fondu və onun prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri, millət vəkili xanım Mehriban Əliyeva böyük qayğı ilə yanaşır. Məhz Heydər Əliyev Fondu tərəfindən Buzovna kəndindəki Cümə məscidinin bərpası, Qala Dövlət Tarix–Etnoqrafiya Qoruğunun ərazisində Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksinin yaradılması layihələri reallaşdırılmışdır.
2011–ci ilin son günlərində ölkə Prezidenti cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva Qobustan Milli Tarix–Bədii Qoruğunda olmuş, qoruğun ərazisində aparılan yenidənqurma işləri, yeni inzibati binanın tikintisi və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyalarla yaxından tanış olmuşlar.
Ötən il may ayının 16–19–da Portuqaliyanın Penofil şəhərində keçirilmiş Avropa muzeylər forumunda Qobustan Milli Tarix–Bədii Qoruğu “Avropanın ən yaxşı muzeyi” nominasiyasına təqdim edilmişdir.
İSSROM–un Bas direktorunun xüsusi məsləhətçisi Yukka Yokilehtonun “Yuxarı Baş” Dövlət Tarix–Memarlıq Qoruğunun Dünya İrsi Siyahısına daxil edilməsi üçün nominasiya faylının hazırlanması ilə əlaqədar iyunun 12–19–da Azərbaycanda işgüzar səfərdə olmuşdur.
İyulun 4–də Şəki Xan Sarayının 250 illiyi münasibətilə keçirilən tədbirlərdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə bərabər, 26 ölkənin Azərbaycandakı səfiri də iştirak etmişdir.
Ötən il sentyabr ayının 9–da isə Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birgə Şəki Xan Sarayı və Kiş məbədi abidələrində fəxri qonaq olmuşlar.
İslam tarixi və mədəniyyətini özündə əks etdirən Bərdə şəhərindəki “Allah–Allah”, Füzuli rayonundakı “Şeyx Babı” türbələrinin, Bakı şəhərində Nardaran tarix mədəniyyət və Hacıqabul rayonunda “Pir Hüseyn Xanəgahı” tarix–memarlıq qoruqlarının İslam İrs Siyahısına daxil edilmələri üçün təkliflər verilmiş və bu istiqamətdə ilkin işlərə başlanmışdır.
Ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı “Atəşgah məbədi” Dövlət Tarix–Memarlıq Qoruğunda geniş miqyasda bərpa–konservasiya, yenidənqurma və abadlaşdırma işləri aparılır. “Yuxarı baş” Tarix–Memarlıq Qoruğunda Şəkixanovların evində, Xınalıq Dövlət Tarix–Memarlıq və Etnoqrafiya Qoruğunun Əbu–Müslüm və Xıdır Nəbi məscidlərində, Gəncədə, Şah Abbas karvansarayında və digər tarixi abidələrdə bərpa və konservasiya işləri aparılmaqla bərabər, Lahıc qəsəbəsində Tarixi–Mədəniyyət Qoruğunun yeni inzibati binasının tikintisi, Qəbələ rayonunun Nic kəndində “Bulun” və “Göyün” məbədlərinin bərpası, Qəbələ Dövlət Tarix–Mədəniyyət Qoruğunun ərazisindəki “Səlbir” qalasının bərpa–konservasiyası, Abşeron yarımadasının şimal–şərq istiqamətində yerləşən mayakların və abidələrin bərpası, “Şabran” Tarix–Mədəniyyət Qoruğundakı abidələrin konservasiyası və qoruğun turizm inkişaf planı üzrə layihə–smeta sənədlərinin hazırlanması işləri həyata keçirilir.
Rüfət Nuriyevlə söhbətimizdən məlum oldu ki, mədəni irsimizin xarici ölkələrdə təbliğ olunması istiqamətində də mütəmadi tədbirlər görülür. Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq turizm sərgilərində fəal iştirak edir, müxtəlif mədəni–kütləvi tədbirlər keçirir.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ötən il fevralın 13–dən aprelin 10–na qədər İtaliyanın Roma şəhərində “Azərbaycan–Odlar Yurdu İpək Yolunda” adlı, 14 noyabr–5 dekabr tarixlərində isə Vatikanda Azərbaycanın tarixini, mədəni irsini və dini tolerantlığını əks etdirən sərgilər, Türkiyənin Uşak şəhərində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycanın Mədəni İrsi” elmi–praktik konfrans və sərgi keçirilmiş, “Keşikçidağ” qoruğu ərazisindəki abidələr haqqında “Qədim yurdun daş kitabəsi” adlı sənədli film çəkilmiş, qoruğun 3 dildə internet saytı yaradılmış, Qobustan, Şəki Xan Sarayı, Keşikçidağ, Pir Hüseyn Xanəgahı, Avey, Xınalıq, Qəbələ abidələri haqqında bukletlər hazırlanıb çap olunmuşdur.
Qeyd edək ki, Azərbaycanın mədəni irsinin özünəməxsusluğunun qorunub saxlanması, tarixi abidələrinin öyrənilməsi, bərpası və mühafizəsi istiqamətində görülən işləri bir yazıya sığışdırmaq mümkün deyil. Əsası odur ki, tariximiz itmir, qədim və zəngin mədəni irsimiz dövlət səviyyəsində qorunur.
Xalqımızın ümummilli lideri, böyük vətənpərvər Heydər Əliyevin xüsusi diqqət və qayğı göstərdiyi bu sahədə görülən işlər, dövlət başçısının imzaladığı bir sıra sərəncamlar və dövlət proqramları, Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti birmənalı şəkildə deməyə əsas verir ki, Azərbaycanın olduqca zəngin tarixi mədəni irsi göz bəbəyi kimi qorunacaq və yüz illər sonra da gələcək nəsillərin qürur mənbəyi olaraq qalacaqdır.
Camaləddin DOSTƏLİ
Respublika.- 2013.- 18 aprel.- S. 15; 16.