Məhkəmə-hüquq sisteminin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

 

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb ən taleyüklü məqamlarda lider rolu oynamışlar. XX əsrin sonlarında Azərbaycanın azadlığı və müstəqilliyi də taleyüklü bir məqamla üzləşmişdi. Tarixi baxımdan böyük bir müddət olmayan bu zaman kəsiyi yaşanmış sarsıntılar və problemlər, əldə edilmiş nailiyyətlər və uğurlar, həyata keçirilmiş işlər baxımından bir əsrə bərabər yol sayıla bilər.

1991–ci ildə ölkəmiz müstəqilliyini yenicə bərpa etdikdən sonrakı dövrə nəzər salarkən həmin illər Azərbaycanın müstəqil dövlətçilik maraqları ilə üst–üstə düşməyən, bir çox hallarda isə onlara zidd olan qeyri–ardıcıl, səriştəsiz siyasətin aparılması, hakimiyyət uğrunda kəskin çəkişmələr, özbaşınalıq və anarxiyanın hökm sürməsi, respublikanın müxtəlif bölgələrində cinayətkar qrupların fəallaşması, iqtisadiyyatın dağıdılması, ölkənin maddi sərvətlərinin talan edilməsi ilə səciyyələnir. Amma bu parçalanma prosesinin, vətəndaş müharibəsinə aparan məkrli siyasətin qarşısını xalqımızın ümummilli lideri Heydər Əliyev kəsdi, Azərbaycanın müstəqilliyini daimi, dönməz və əbədi etdi.

Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətləri misilsizdir. Dahi rəhbərin müstəsna xidmətlərini gəncəlilər də heç zaman unutmur. Ona görə ki, o vaxtlar Gəncə qiyamı baş verərkən hakimiyyət kürsüsündə oturanlar hadisələri cilovlamaq, qan–qadanı yatırmaq əvəzinə odu daha da alovlandırır, qarşı–qarşıya duran qüvvələri daha da qızışdırırdılar. Və təsadüfi deyil ki, belə bir ağır gündə, Gəncədə baş verən hadisələrin gərgin çağında Heydər Əliyevin diqqətindən, qayğısından ruhlanan gəncəlilər şəhərdə baş verən xaosun, özbaşınalığın, qardaş qırğınının məhz dahi öndərin qəti səyləri sayəsində qarşısının alınacağına əmin oldular. Xalqın təkidli tələbi ilə Bakıya gələn Heydər Əliyev özünəməxsus müdrikliklə hərəkət etdi. Ulu öndər Gəncəyə gəldi və heç nəyə baxmadan həyatını təhlükə altına ataraq bilavasitə hadisə yerinə getdi. Vəziyyətlə ətraflı tanış olub hər şeyi yerli–yataqlı araşdırdı və qısa müddət ərzində ölkədə qardaş qarşıdurmasının qarşısını məntiqlə, ağlın, zəkanın qüdrəti ilə aldı.

Ulu öndər Heydər Əliyevin sərkərdə səriştəsi və komandan qətiyyəti ölkəmizi parçalanıb məhv olmaqdan biryolluq xilas etdi.

Demokratik–hüquqi dövlət quruculuğunu fəaliyyətinin əsas prioriteti kimi müəyyən edən Heydər Əliyev qısa müddətdə ölkə həyatının bütün sahələrində köklü islahatlar prosesinə başladı. Ölkədə sabitlik təmin edildi, atəşkəsə nail olundu, güclü dövlətin möhkəm təməli qoyuldu. Ölkəmizin bugünü və gələcəyi naminə son dərəcə vacib və əhəmiyyətli, habelə hüquq sisteminin mahiyyətini müəyyən edən tam yeni qanun və məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi.

Heydər Əliyev sözün həqiqi mənasında böyük islahatçı idi. Bu baxımdan demək olar ki, Heydər Əliyevin fəaliyyətinin çox mühüm əhəmiyyət daşıyan istiqamətlərindən biri də məhkəmə–hüquq islahatları ilə bağlıdır. Ölkədə aparılan mütərəqqi hüquq islahatlarının tərkib hissəsi olan məhkəmə sistemində həyata keçirilən köklü dəyişikliklər nəticəsində keçmiş sovet dövründən miras qalmış məhkəmə quruluşu tamamilə ləğv edilərək yeni — üçpilləli məhkəmə sisteminin yaradılması, məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsini təmin edən qanunvericilik bazasının hazırlanması, hakimlərin maddi təminatının yaxşılaşdırılması, hakim vəzifəsinə namizədlərin seçilməsinin və təyin edilməsinin şəffaf prosedurunun müəyyən edilməsi Heydər Əliyevin islahatçı ruhundan qaynaqlanırdı.

Bütün bunlar onu deməyə əsas verir ki, dünya siyasətində özünəməxsus yeri olan, investisiya qoyulan ölkədən investisiya qoyan ölkəyə, balanslaşdırılmış siyasətdən müstəqil siyasət aparan ölkəyə çevrilən, iqtisadi, sosial, hüquqi, mədəni və digər sahələrdə genişmiqyaslı və ardıcıl islahatlar aparılmaqla müasir inkişaf yolu keçən bugünkü Azərbaycan, sözün əsl mənasında, Heydər Əliyevin şah əsəridir.

Bu il müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90–cı ildönümü tamam olmaqdadır. Dahi rəhbərin 90 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilir: “Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai–siyasi həyatımızda öz əksini tapmışdır.

Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bizim gələcək planlarımızı əks etdirməklə yanaşı, bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürəkli tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial–iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir”.

Bəli, doğrudan da, bu gün ölkəmizdə geniş vüsət alan sürətli inkişaf prosesinə nəzər salanda bu intibahın, bu yüksəlişin təməlində Heydər Əliyev dühası, zəkası görünür. Əgər o müdrik insan olmasaydı, indi bütün dünyada tanınan demokratik, müstəqil, vahid Azərbaycanın, günü–gündən şanı–şöhrəti artan Azərbaycanın taleyi müəmmalı olardı. İndi bu şərəfli yolu ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev çox böyük səriştə ilə, inamla, uğurla davam etdirir. Dövlətimiz ən qüdrətli dövlətlərdə, ən ali məclislərdə öz sözünü söyləyir, milli maraqlarına uyğun öz mövqeyini qətiyyətlə müdafiə edə bilir.

Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildiyi gündən söylədiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” sözlərinin bu gün dövlət başçısının əməlləri, xalqımızın rifahı naminə yorulmaz və fədakar fəaliyyəti, dövlətimizin qüdrətlənməsi, dünya birliyi sistemində özünə layiqli yer tutmasında atdığı qətiyyətli addımları ilə gerçəkləşdiyinin şahidi oluruq.

Ümummilli liderimiz Heydər Əliyevin islahatlar kursunu uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu gün elə bir sahə yoxdur ki, orada inkişaf olmasın, islahatlar aparılmasın, yeniliklər tətbiq olunmasın. Hər bir sahədə olduğu kimi, məhkəmə–hüquq sahəsində də islahatlar davam edir, müsbət nəticələrə nail olunur, müasirləşmə prosesi gedir.

İnsan hüquq və azadlıqlarının etibarlı təmin olunmasını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını daim nəzarətdə saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin nəinki məzmunca, həm də formaca təkmilləşdirilməsi üzrə tədbirlər həyata keçirilmişdir və bu proses hazırda da davam etməkdədir. Bu gün Azərbaycanda tikilən, müasir tələblərə cavab verən məhkəmə binaları, məhkəmə orqanlarının maddi–texniki bazasının daim inkişaf etdirilməsi buna əyani sübutdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin əsl “Ədalət Sarayı” olan və möhtəşəmliyi və müasirliyi ilə fərqlənən, yüksək zövqlə inşa olunmuş inzibati binası, eləcə də Ədliyyə Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində paytaxtımızda və regionlarda məhkəmələrin yüksək statusuna uyğun binalarla təmin edilməsi ölkə başçısının tapşırıqlarının yüksək məsuliyyətlə yerinə yetirilməsinin nəticəsidir.

Məhkəmə hakimiyyətinin real təminatçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin qeyd olunan layihə çərçivəsində Bakı şəhəri, Yasamal, eləcə də Oğuz rayon məhkəmələri üçün yeni inşa olunmuş müasir məhkəmə binalarının açılışlarında iştirakı və görülən işləri yüksək qiymətləndirməsi dövlətimizin məhkəmə sisteminə verdiyi müstəsna əhəmiyyətin təzahürüdür.

Məhkəmə sistemində aparılan islahatlardan danışarkən, ilk öncə, qeyd etmək lazımdır ki, bu islahatlar ədalət mühakiməsinin çatımlığına, vətəndaşların müraciətlərinin asanlaşdırılmasına, cəmiyyətdə məhkəmələrə olan inamın yüksəldilməsinə xidmət edir.

Təsadüfi deyil ki, son illər ölkə Preziden

ti cənab İlham Əliyevin tapşırıqlarına əsasən məhkəmə sistemində xeyli dəyişikliklər olmuş, yeni regional məhkəmələr yaradılmış, hakimlərin sayı 2 dəfə artırılmış, onların Avropada ən şəffaf seçimi qaydası müəyyən edilmiş, maddi–texniki baza və infrastruktur əsaslı şəkildə yenilənmişdir.

Respublikamızın ikinci böyük şəhəri olan Gəncədə əvvəllər yalnız birinci instansiya və hərbi məhkəmələr fəaliyyət göstərirdisə, hazırda bunlarla yanaşı apelyasiya, inzibati–iqtisadi və ağır cinayətlər regional məhkəmələri də fəaliyyət göstərir. Gəncə şəhərində məhkəmə şəbəkəsinin belə geniş şəkildə əhatə olunması, sözsüz ki, vətəndaşların rahatlığına xidmət edir, əlavə vaxt itkisinin və məsrəflərin qarşısını alır.

Gəncə şəhəri, Nizami Rayon Məhkəməsi də bu islahatlar nəticəsində xeyli təkmilləşmiş, fəaliyyəti qabaqcıl metodlar əsasında qurulmuş, infrastrukturu tamamilə müasirləşmişdir. Belə ki, 2012–ci il 22 noyabr—Ədliyyə İşçilərinin Peşə Bayramı Günü ərəfəsində ədliyyə naziri, Məhkəmə–Hüquq Şurasının sədri Fikrət Məmmədovun iştirakı ilə Nizami Rayon Məhkəməsi üçün ən müasir informasiya–kommunikasiya texnologiyaları, rabitə və təhlükəsizlik avadanlıqları ilə təchiz olunmuş yeni inzibati binasının açılışı olmuş, hakimlərin və məhkəmə işçilərinin istifadəsinə verilmişdir. Bizim üçün olduqca fərəhlidir ki, bu gün belə bir yeni, müasir binada fəaliyyət göstəririk.

Məhkəmənin binası müasirliyi və bir çox yenilikləri ilə fərqlənir, vətəndaşlarla qeyri–prosessual münasibətlərin qarşısının alınması üçün bina inzibati və ictimai zonalara bölünmüşdür. Məhkəmənin binasında, o cümlədən konfrans və iclas zallarında videokonfransları və audio–video yazılışlarını aparmağa imkan yaradan müasir qurğular quraşdırılmışdır. Təsadüfi deyil ki, məhkəməyə gələn vətəndaşlar da burada yaradılmış yüksək şəraitdən, onların müraciətlərinə baxılması işinin xeyli sadələşdirilməsindən və müasir metodların, informasiya–kommunikasiya texnologiyalarının tətbiqindən məmnunluqlarını bildirirlər. Sözsüz ki, bütün bunlar da cəmiyyətdə məhkəmələrə olan inamın daha da artmasına öz müsbət təsirini göstərir.

Hər birimizin də vəzifəmiz ədalət mühakiməsini daha səmərəli şəkildə həyata keçirmək, insan hüquq və azadlıqlarına daim hörmətlə yanaşmaq, işlərə baxarkən ədalətlilik, qərəzsizlik, obyektivlik, vicdanlılıq prinsiplərinə dönmədən əməl etmək, vətəndaşlara hər zaman xidmət göstərmək, şərəfli hakim adını uca tutmaqdır. Bizim üçün belə gözəl, müasir məhkəmə binasının inşa olunaraq istifadəyə verilməsinə, hakimlər və məhkəmə işçiləri üçün yüksək şəraitin yaradılmasına görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk.

Sonda onu da qeyd etmək istərdim ki, məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi üzrə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər və əldə olunan yüksək nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan genişmiqyaslı islahatların məntiqi nəticəsidir.

 

 

Əli Tağıyev,

Gəncə şəhəri, Nizami Rayon

Məhkəməsinin sədri

 

Respublika.- 2013.- 19 aprel.- S. 6.